Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-17/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Bəxditarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsində fəaliyyət göstərən “REST” adlı kafedə olarkən özgənin əmlakını qanusuz və əvəzsiz ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə istifadəsində olan 1.700 manat dəyərində “İPhone 12” markalı mobil telefon aparatını danışmaq adı ilə ələ keçirib oradan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 1.700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəllərində hazırda görüşmədiyi tanışının səhhətində yaranmış problemlə bağlı onunla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “X1 İnstitu”na getdiklərini, orada təsadüfən xəstəxananın girişində xidmət aparan polis əməkdaşı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Sonuncu ilə bir qədər səmimi söhbətlər etmiş, bu səbəbdən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini götürmüşdür. Bundan sonra bir neçə dəfə zəngləşib Zərərçəkmiş şəxslə görüşüb birlikdə çay içmişlər. Sonuncu ilə aralarında səmimi dostluq münasibətlərinin yaranmışdır. xx.xx.2023-cü il tarixdə “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs doğum gününün olduğunu bildirib ad gününü onunla birlikdə keçirməyini xahiş etmiş, həmin tarixdə, saat 19:20 radələrində Zərərçəkmiş şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 nömrəli orta məktəbin yaxınlığında yerləşən “REST” adlı kafedə görüşmüşlər birlikdə çay içmişlər, həmin vaxt digər tanışına zəng etmək istəmiş, lakin özünə məxsus mobil telefonunun enerjisinin bitdiyini görmüşdür. Bu səbəbdən tanışı ilə danışmaq üçün Zərərçəkmiş şəxs ona məxsus “İphone 12” markalı mobil telefonunu istəmişdir. Sonuncu mobil telefonunu danışmaq üçün ona vermişdir. Həmin telefonla tanışı ilə danışa-danışa kafedən çıxmışdır. Tanışını qarşılamaq məqsədi ilə hazırda markasını və dövlət qeydiyyat nömrəsini xatırlamadığı taksiyə əyləşib Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığına getmişdir. Orada taksidən düşdükdən bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs məxsus “İphone 12” markalı mobil telefonu taksidə unutduğunu aşkar etmişdir. Lakin axtarmağına baxmayaraq həmin avtomobili və sürücünü müəyyən edə bilməmişdir. Bu səbəbdən utandığına görə Zərərçəkmiş şəxs yanına qayıtmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsə dəymiş zyan ödənilmişdir. Təqsirləndirilən şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı şəhəri, Nizami rayon mühafizə idarəsinin polis nəfəri vəzifəsində işləyir. Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “X1 İnstitu”nda xidmətə təhkim olunmuşdur. 2023-cü ilin iyul ayının əvvəllərində xidmət apardığı İnstituta əvvəllər tanımadığı 2 şəxsin gəldiyini, onlardan birinin səhhəti ilə bağlı həkimə müraciət etdiyini, digər şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə tanış olaraq bir qədər söhbət etdiklərini, sonuncunun onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini götürüb gələcəkdə zəng edib onu birlikdə çay içməyə dəvət edəcəyini bildirmişdir. Sonra bir neçə dəfə Təqsirləndirilən şəxsla zəngləşərək görüşüb birlikdə çay içmişlər. 23 sentyabr 2023cü il tarixdə sonuncu “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə mesaj yazıb həmin gün doğum günü olduğunu və ad gününü onunla qeyd etmək istədiyini bildirmişdir. Həmin tarixdə, saat 19:20 radələrində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 nömrəli orta məktəbin yaxınlığında yerləşən “REST” adlı kafedə görüşmüşlər. Birlikdə çay içdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonunun enerjisinin bitdiyini bildirmişdir. Bu səbəbdən tanışı ilə danışmaq adı ilə ona məxsus “İphone 12” markalı mobil telefonunu istəmişdir. Sonuncuya inanaraq özünə məxsus “İphone 12” markalı mobil telefonunu tanışı ilə danışması üçün Təqsirləndirilən şəxs vermişdir. Ceyhun onun telefonu ilə tanımadığı şəxslə danışa-danışa kafedən çıxmışdır. Təxminən 10-15 dəqiqə kafedə tək oturub onu gözləmiş, lakin Təqsirləndirilən şəxs geri qayıtmamışdır. Ceyhunun həmin vaxt istifadəsində olan mobil telefon nömrəsinə dəfələrlə zəng etməyinə baxmayaraq onun zənglərinə cavab verməmişdir. Bu səbəbdən aidiyyəti üzrə Sabunçu RPİ 15-ci PB-yə müraciət etmişdir. Qeyd edilən “İphone 12” markalı mobil telefonu xx.xx.2023-cü il tarixdə, metronun “Nərimanov” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Worldtelecom” mağazasından 1.700 (min yeddi yüz) manata almışdır. Göstərilən hadisədən sonra Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir. Qeyd edilən hadisə nəticəsində ona 1.700 (min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. onunla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 oktyabr küçəsində fəaliyyət göstərən “Rest” adlı çay evidir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 331.2, 332.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 62 və 66.2-ci maddələrinə əsasən 06 ay müddətinə azadlığın məhdudlaşdırılması və 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2020-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarına əsasən xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 331.2, 332.1-ci maddələri ilə məhkum olunmuş cinayət işi üzrə əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran “AR CM dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar əməlində cinayət tərkibi olmadığından cəzadan azad olunmuş və məhkumluğu olmayan hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixdə daxil olmuş məktubda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-17/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-17/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver