Məhkəmə qərarları › İş №1(008)-170/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-170/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-170/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndələri Müdafiəçi2 və X2, müdafiəçi - Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Cəlilabad rayonu Pərdi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühafizəçi işləmiş, Cəlilabad rayonu, Xanəgah Ərazi Dairəsi, Pərdi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının 26-dan 27-nə keçən gecə, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs arvadı Şahid1 dəvəti ilə sonuncunun ailəsi ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında olduğu zaman, 27 noyabr 2023-cü il tarixdə, saat 00:30-da Zərərçəkmiş şəxs evinə gəldiyini bilib evin eyvanında ondan gizlənərək, Zərərçəkmiş şəxs eyvana daxil olduğunu görüb, artıq ifşa olunduğunu dərk edərək, özünə qarşı edilə biləcək hər hansı bir hərəkətlərinin qarşısının alınması üçün çıxış yolu kimi Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər yetirərək bununla onun müqavimətini aradan qaldırıb mənzildən qaça biləcəyini düşünüb orada olan təsərrüfat-məişət təyinatlı mətbəx baltasını əlinə alıb qəsdən sağlamlığa zərər vurmaq niyyətini inadla həyata keçirərək onların səsinə Zərərçəkmiş şəxs övladı Şahid2 və arvadı Şahid1 gəlmələrini görərək hərəkətlərini artıq xüsusi amansızlıqla qəsdən sağlamlığa zərər vurulmasına yönəldərək yaxın qohumlarının gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib həmin balta ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq ona zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sol İX qabırğanın yerdəyişən qapalı sınığı, döş qəfəsi nahiyəsinin qançır-sıyrığı, qarnın ön səthinin cızığı, sağ əl nahiyəsinin səthi kəsilmiş yarası və sağ baldır nahiyəsinin qançırı ilə müşayiət olunan umumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətləri yetirməklə xüsusi amansızlıqla qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Pərdi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, "xxxx" MMC-də mühafizəçi işləmişdir. 2023-cü ilin oktyabr ayında Şahid1 ilə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, onunla sosial şəbəkədə yazışmışdır. 27 noyabr 2023-cü il tarixdə Şahid1 “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq təcili borc pula ehtiyacı olduğunu bildirmiş, Şahid1 ilkin olaraq etiraz etmiş, lakin, sonradan mesaj vasitəsi yaşadığı ünvanı ona yazaraq pul götürməsini bildirmişdir. O, saat 00:30 radələrində pulu götürmək üçün Şahid1 yaşadığı mənzilə getmiş, Şahid1 ona bal verəcəyi üçün dəhlizdə gözləməsini bildirmişdir. Bir neçə dəqiqə sonra qapının zəngi çalınmış, Şahid1 gələn şəxsin əri Zərərçəkmiş şəxs olduğunu bildirmiş, vəziyyəti ərinə izah edə bilməyəcəyi üçün ondan eyvana çıxmasını xahiş etmişdir. O, dərhal həyəcanlı şəkildə eyvana çıxaraq oturmuş, eyvanda ondan təxminən 20 santimetr aralıda yerdə balta olduğunu görmüşdür. Zərərçəkmiş şəxs evə daxil olaraq otaqlara baxmış, daha sonra mətbəxə keçib bir qədər dayandıqdan sonra eyvanın qapısını açmış, onu oturulu vəziyyətdə görərək qışqırıb kim olduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs vəziyyəti izah edə bilməyəcəyini anladığı üçün qorxmuş, oradan uzaqlaşmaq istəsə də, həmin vaxt Zərərçəkmiş şəxs eyvanın qapısının qarşısında durduğu üçün qaçmaq imkanı olmamışdır. Zərərçəkmiş şəxs qışqıraraq onun üstünə gəlmək istəmiş, o, əli qüsurlu olduğu üçün özünü qorumaq və Zərərçəkmiş şəxs qorxutmaq məqsədi ilə baltanı əlinə götürmüş, həmin vaxt, Zərərçəkmiş şəxs qorxaraq geri çəkilmişdir. Zərərçəkmiş şəxs geri çəkildiyi üçün qapını qarşısı açılmış, o, qaçmağa cəhd etmişdir. Onun qaçmaq istədiyini görərək Zərərçəkmiş şəxs onu tutaraq baltanı əlindən almağa çalışmış, Zərərçəkmiş şəxs baltanı alaraq onu öldürəcəyindən qorxduğu üçün baltanı buraxmamağa çalışmış, həmin vaxt, Zərərçəkmiş şəxs bir əli baltadan tutmuş digər əli ilə onun üz nahiyəsinə zərbələr vurmuşdur. Onlar çəkişə-çəkişə evin dəhlizinə çıxmış, o, qışqıraraq Şahid1 qapını açmasını xahiş etmişdir. Şahid1 qapını açdıqdan sonra o, baltanı buraxaraq qaçmış, Zərərçəkmiş şəxs balta əlində onun arxasınca gəlmişdir. O, blokdan çıxaraq oradan uzaqlaşdığı zaman arxasınca avtomobilin gəldiyini görmüş, çöllük əraziyə girərək orada qaçmağa davam etmişdir. Bir qədər qaçdıqdan sonra yorularaq yerə yıxılmış, avtomobildən düşən iki nəfər şəxs onu saxlamışdır. Həmin şəxslərdən biri polis əməkdaşı, digər isə avtomobildəki dustaq olmuşdur. O, saxlanıldıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 yaşayış kompleksinə gətirilmiş, Zərərçəkmiş şəxs polis əməkdaşları ilə mübahisə edərək onu döyməsi üçün şərait yaratmalarını tələb etmişdir. O, özünü pis hiss etdiyi üçün yerə qusaraq yerə yıxılmış, yerdə olduğu zaman Zərərçəkmiş şəxs onun baş nahiyəsinə yumruq zərbələri vuraraq cibindən ona məxsus mobil telefonu götürmüşdür. Daha sonra Sabunçu RPİ-nin 14-cü PŞ-yə aparılmış, Zərərçəkmiş şəxs polis şöbəsinə gələrək digər saxlanılan şəxslərin içərisində nalayiq ifadələrlə təhqir etmişdir. O, Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə onun yaşadığı ünvana getməmiş və ya balta ilə ona hansısa xəsarət yetirməmişdir. Sadəcə tutaşdıqları vaxt ola bilsin ki, Zərərçəkmiş şəxs xəsarət almışdır. Bununla əlaqədar barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayıb. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də təhqiqatçı vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. O, 26 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də əməliyyat qrupunda xüsusi geyimdə xidmətdə olmuşdur. 26 noyabr 2023-cü il tarixdə, saat 23:03 dəqiqədə xidməti avtomobili idarə edən sürücü ilə birlikdə Abşeron rayonuna icraatında olan materialların araşdırması ilə bağlı gedərkən, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən axtarışa verilən şəxsin X11 Hava Limanında saxlanıldığı bildirilmişdir. X11 Hava Limanına gedilərək tərəflərindən saxlanılan şəxs təhvil alınmış, yolda olarkən Şahid1 uşaqları ilə birlikdə dəfələrlə ona “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə görüntülü zəng edərək qorxduqlarını bildirərək evə gəlməsini xahiş etmişdir. O, xidmətdə olduğu üçün evə gələ bilməyəcəyini, qorxmamalarını bildirmişdir. X11 Hava Limanında saxlanılan şəxsi polis şöbəsinə apardıqları zaman evlərinin yaxınlığından keçərkən sürücüyə uşaqlarını zəng edərək qorxduqlarını bildirdiklərini demiş, ondan avtomobili saxlamasını xahiş etmişdir. 27 noyabr 2023-cü il tarixdə, saat 00:34 radələrindən sürücü onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 yaşayış kompleksi, ev 10 ünvanın qarşısında avtomobili saxlamış, o, avtomobildən enərək binanın 3-cü mərtəbəsinə yaşadığı mənzilə qalxmışdır. O, mənzilə çatdıqdan sonra qapı zəngini basmış, təxminən 2 dəqiqə keçməsinə baxmayaraq qapını açan olmamışdır. O, digər vaxtlarda evə getdiyi zaman ailə üzvləri qapını tez açdıqları üçün bu hal onda şübhə yaratmışdır. Bir neçə dəqiqə sonra Şahid1 qapını açmış, əynində şortik və kofta olmuşdur. O, evə daxil olaraq otağa keçib çay istəmiş, lakin, qapının gec açılma səbəbini soruşmamışdır. Şahid1 mətbəxə gedərək geri qayıtmış, hazır çay olmadığını bildirmişdir. Daha sonra Şahid1 televizorun səsin yüksəltmiş, o, gecə saatları olduğu üçün televizoru söndürmüşdür. O, su içmək üçün mətbəxə keçmiş, masa üzərində 3 ədəd boşqab olduğunu görmüş, Şahid1 boşqablarda uşaqların yemək yediyini bildirmişdir. Su götürmək üçün soyuducunun qapısını açmış, geridə nəfəs səsi eşitdiyi üçün eyvanın qapısını açmış, Təqsirləndirilən şəxs əlində olan balta ilə ona zərbə endirməyə başlamışıdır. O, dərhal eyvanın qapısını bağlayaraq Şahid1 eyvanda olan şəxsin kimliyini soruşmuş, Şahid1 həmin şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs əlində olan balta qapını arasında ilişərək qalmış, daha sonra, Təqsirləndirilən şəxs onu şüşəyə tərəf itələyərək əlində olan balta ilə evin mətbəxində ona zərbə endirməyə davam etmiş, o, geri çəkilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında ara məsafəsi çox olacağı təqdirdə Təqsirləndirilən şəxs balta ilə onu öldürə biləcəyini anladığı üçün özünü Təqsirləndirilən şəxs üzərinə yıxmış, Şahid1 qapını açaraq qonşuları köməyə çağırmasını xahiş etmişdir. Şahid1 onun sözlərinə əhəmiyyət verməyərək hər hansı köməklik etməmişdir. O, Təqsirləndirilən şəxs dəhlizə çıxararaq zərərsizləşdirməyə çalışmış, lakin, Şahid1 arxadan onun köynəyini dartaraq mane olmağa çalışmışdır. O, özü qapını açmağa çalışmış, lakin, Təqsirləndirilən şəxs ona balta ilə zərbə endirərək qapını açmasına mane olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs qaçmaq üçün Şahid1 qapını açmasını işarə etmiş, Şahid1 qapını açmasına baxmayaraq Təqsirləndirilən şəxs qolundan tutduğu üçün o, qaça bilməmişdir. O, baltanın kəsici hissəsindən tutaraq baltanı Təqsirləndirilən şəxs almağa çalışmış, lakin, ala bilməmiş, Şahid1 baltanı dartaraq onlardan almışdır. O, Təqsirləndirilən şəxslə mübahisə edərkən səs-küyə oyanan oğlu Novruz hadisənin bilavasitə şahidi olmuşdur. Həmin vaxt müvazinətini itirmiş, Təqsirləndirilən şəxs onun əlindən çıxaraq qaçmış, onun arxasınca gedərək həmin şəxsi tutmalarını qışqırmışdır. O, pilləkənlər ilə yuxarı qalxmış, hər üç övladının pilləkənlərdə dayandığını görmüşdür. Evə daxil olub Şahid1 həmin şəxsin kim olduğunu soruşmuş, Şahid1 həmin şəxsi tanımadığını, yaşadıqları mənzilə hansı məqsədlə gəldiyi barədə məlumatının olmadığını bildirmişdir. O, qardaşına zəng edərək çağırmış, yaşadıqları evlər yaxın məsafədə yerləşdiyi üçün bir neçə dəqiqə sonra qardaşı onun yaşadığı ünvana gəlmiş, hadisə barədə ona məlumat vermişdir. Onlar birlikdə evin həyətinə enmiş, həyətdə dayanan polis avtomobilinin sürücüsü ona yaxınlaşaraq blokdan qaçaraq uzaqlaşan şəxsin hərəkətləri şübhə yaratdığı üçün həmin şəxsi saxladıqlarını bildirmişlər. O, Sabunçu RPİ-nin 14-cü PŞ-yə zəng edərək hadisə barədə məlumat vermiş, əməliyyat qrupu çağırmışdır. Bir müddət sonra hadisə yerinə X24 Alayının əməkdaşları gəlmiş, o, yenidən Sabunçu RPİ-nin 14-cü PŞ-yə zəng edərək əməliyyat qrupunun göndərilməsini xahiş etmiş, hadisə yerinə gəlmiş əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Hadisə zamanı Şahid1 mətbəxin qapısının çıxış hissəsində dayanmış, 2 dəfə Təqsirləndirilən şəxs zərərsizləşdirmək imkanı yaranmasına baxmayaraq Şahid1 ona mane olmuşdur. Cinayət işinin təhqiqatı və istintaqı düzgün aparılmamış, cinayət işi materialları təhrif edilmiş, ifadələr dəyişdirilmiş, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir. Həmçinin, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Əfsun Əzimov tərəfindən eyni cinayət işi materialı üzrə 29 noyabr 2023-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə iki fərqli qərar qəbul edilmiş, tərəflərin ifadələri dəyişdirilmiş, təqdim edilmiş sübutlar cinayət işi materiallarından çıxarılmışdır. O, cinayət işinin istintaqı zamanı müstəntiqə iş üzrə sübutlar təqdim etməsinə baxmayaraq, müstəntiq tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs hadisə vaxtı əlində olan balta evin eyvanına necə düşməsi barədə məlumatı yoxdur. Göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, onun əməli xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə birlikdə nikahdan üç övladları var. Zərərçəkmiş şəxs ilə ilk vaxtlar münasibətləri normal olmuş, lakin, sonradan Zərərçəkmiş şəxs daim ona şübhə ilə yanaşmış, əsassız olaraq qısqanclıq etmişdir. Təqsirləndirilən şəxs ilə 2024-cü ilin oktyabr ayında “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, şəhid və qazi ailələrindən bəhs edərkən Təqsirləndirilən şəxs əlinin olmadığını, qaziləri daha yaxşı anladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs əlinin olmadığı üçün onun qazi olduğunu düşünmüş, lakin, qazi olub-olmasını ondan soruşmamışdır. Təqsirləndirilən şəxs ilə mesajlaşarkən sonuncu maddi vəziyyətinin yaxşı olmadığını, işlədiyi yerdən əmək haqqını ala bilmədiyini demiş, Təqsirləndirilən şəxs yazığı gəldiyi üçün ona köməklik etmək istəmişdir. Zərərçəkmiş şəxs onun yardıma ehtiyacı olan şəxslərə köməklik etməsinə etiraz etdiyi üçün bununla bağlı ona məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs yardım etmək məqsədi ilə dəqiq xatırlamadığı tarixdə oğlunun müəllimigilə gedərkən blokda yerə 100 manat pul atmış, Təqsirləndirilən şəxs həmin pulu götürmüşdür. O, 27 noyabr 2023-cü il tarixdə, saat 1-ə işləmiş “instagram” sosial şəbəkəsinə qoşulmuş, Təqsirləndirilən şəxs ona mesaj yazaraq 50 manat pula ehtiyacı olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs gec olduğunu növbəti gün ona köməklik edəcəyini bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs təkidlə təcili pula ehtiyacı olduğunu bildirərək ona köməklik göstərməsini xahiş etmişdir. O, məcbur qalaraq Təqsirləndirilən şəxs ilə razılaşmış, yaşadığı ünvanı izah edərək gəldiyi zaman rayondan gətirilən bal vermək üçün yuxarı qalxmasını bildirmişdir. Təqsirləndirilən şəxs gələrək qapını döymüş, o, işi olduğu üçün qapını bir qədər gec açmışdır. Təqsirləndirilən şəxs qapıda dayandığı zaman blokun giriş hissəsində səs gəldiyini eşidərək, insanlarda yanlış düşüncə yaranmaması üçün Təqsirləndirilən şəxs evə girməsini, həmin şəxs keçdikdən sonra çıxmasını bildirmişdir. Təqsirləndirilən şəxs içəri daxil olduqdan sonra 1-2 dəqiqə sonra qapı döyülmüş, o, qapının gözlüyündən baxdığı zaman qapını döyən şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs yanlış anlayacağından və vəziyyəti izah edə bilməyəcəyindən qorxduğu üçün Təqsirləndirilən şəxs eyvana çıxmasını bildirmiş, onun sözündən sonra Təqsirləndirilən şəxs eyvana çıxmışdır. Zərərçəkmiş şəxs evə daxil olduqdan sonra qonaq otağına girmiş ətrafa nəzər yetirdikdən sonra yemək üçün mətbəxə keçərək soyuducunu açmış, həmin vaxt, uşaqlar bir qədər əvvəl yemək yediyi üçün mətbəx stolunun üzərində boşqablar olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs evin eyvanın qapısını açmış, Zərərçəkmiş şəxs eyvanda Təqsirləndirilən şəxs görərək qışqırmağa başlamış, həmin şəxsin kimliyini soruşmuşdur. Təqsirləndirilən şəxs balkonda olan atasının ona verdiyi taxta saplı baltanı götürmüş, Zərərçəkmiş şəxs baltanın digər hissəsindən tutaraq çəkişdirməyə başlamış, həmin vaxt, Zərərçəkmiş şəxs qarın naiyəsindən xəsarətlər almışdır. O, mübahisə edən şəxsləri sakitləşdirməyə çalışmış, lakin, əllərində balta olduğu üçün müdaxilə edə bilməmiş, onlar çəkişə-çəkişə dəhlizə keçmişlər. O, insanların yanlış anlayacağın qorxduğu üçün qonşuları köməyə çağıra bilməmiş, Təqsirləndirilən şəxs qaçaraq uzaqlaşması üçün evin qapısını açmış, Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs qaçaraq evdən çıxarkən Zərərçəkmiş şəxs baltanı onun əlindən almışdır. Zərərçəkmiş şəxs evə girən şəxsin kim olduğunu ondan soruşmuş, o, qorxduğu üçün həmin şəxsi tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs zəng edərək öz qardaşını yaşadıqları ünvana çağırmış və Zaminin qardaşı onların yaşadığı ünvana gəldikdən sonra baş vermiş hadisənin onunla aidiyyəti olacağı təqdirdə onu öldürəcəyini bildirmişdir. O, ölümlə hədələndiyindən ilkin izahatını fərqli vermişdir. Həmin gün, evin əşyalarının yerini dəyişdirdikləri üçün uşaqlarla birlikdə Zərərçəkmiş şəxs videogörüntülü zəng edərək evin yeni formasını göstəmiş, lakin, danışıq zamanı o, və ya uşaqlar qorxduqları üçün onu evə çağırmamış, Zərərçəkmiş şəxs xidmətdə olduğu zaman evə gəldiyi üçün uşaqları ifadələri alınarkən qorxduqlarına görə onu evə çağırdıqlarını bildirmələrinə məcbur etmişdir. Hadisə zamanı hər üç övladı yatmış, səs-küyə oyanmamışdır. Zərərçəkmiş şəxs hadisədən sonra dəfələrlə ona zəng edərək Təqsirləndirilən şəxs üzünə durmasını, Təqsirləndirilən şəxs onu şantaj etdiyini bildirməsini tələb etmişdir. Sabunçu RPİ-nin İŞ-də müstəntiq tərəfindən oğlu Şahid2 ifadəsi onun iştirakı ilə alınmış, təhqiqat zamanı verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətin yaranmasının oğluna problem yaradacağından ehtiyyat etdiyi üçün istintaq zamanı onun iştirakı ilə oğlunun ifadəsi alınarkən hər hansı müdaxilə etməmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, valideynləri və qardaşları ilə birlikdə Bakı şəhəri, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayıb. Zərərçəkmiş şəxs onun atasıdır. 26 noyabr 2023-cü il tarixdə yaşadıqları ünvandakı əşyaların yerini dəyişdikdən sonra anası və qardaşları ilə birlikdə anasına məxsus mobil telefondan atası Zərərçəkmiş şəxs “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə zəng edərək evin əşyalarının yeni formasını göstərmiş, görüntülü danışıq zamanı balaca qardaşı atasından evə gəlibgəlməyəcəyini soruşmuşdur. Atası Zərərçəkmiş şəxs xidmətdə olduğu üçün evə gələ biməyəcəyini bildirmişdir. O, qardaşları ilə birlikdə mətbəxdə yemək yedikdən sonra yatmış, gecə saatlarında səs-küy eşidərək oyanmış, yatdıqları otağın içərisinə həyətdə olan avtomobilin sayrışan işıqları düşdüyü üçün pəncərədən həyətə baxmış, həyətdə polis avtomobilinin və arxasında adamın saxlanıldığını görmüşdür. O, daha sonra qardaşları ilə birlikdə otaqdan çıxmış, evin dəhlizində anası ilə atasının olduğunu görmüşdür. Həmin vaxt, atası Zərərçəkmiş şəxs əyninə göy uzunqol köynək və qara şalvar geyinmiş, əynində olan köynəyin üzərində qan ləkələri olmuşdur. Atası evin dəhlizində əlində balta ilə dövrə vurmuş, təkrar-təkrar “kimdir o şəxs” sözlərini işlətmişdir. Bir müddət sonra atası həmin şəxsin şəklini ona göstərərək həmin şəxsin anasından pul almaq üçün onların yaşadığı mənzilə gəldiyini bildirmişdir. O, atasının hansısa şəxslə əlbəyaxa olmasını görməmiş, hadisə zamanı atasının əlində olanda balta adətən evin eyvanında olmuş, babası tərəfindən onlara hədiyyə edilmişdir. O, ilkin izahatını nənəsigildə olduğu zaman öz xətti ilə atasının diktəsi ilə yazmış, həmin vaxt, orada tanımadığı polis əməkdaşı da olmuşdur. İlkin izahatı alınarkən atası ona izahatında hadisənin şahidi olduğunu qeyd etməsini tapşırmışdır. Daha sonra Sabunçu RPİ-də anasının iştirakı ilə ifadəsi alınmış, ifadəsinin doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı 810 YYK ünvanında yaşayır. Zərərçəkmiş şəxs bir neçə ildir qonşu olaraq tanıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. 27 noyabr 2023cü il tarixdə, gecə saatlarında dava-dalaş səsi eşidərək yuxudan oyanmış, səs-küyün hansı mərtəbədən gəldiyini müəyyən etmək məqsədi ilə yaşadığı ünvanın eyvanına çıxmış, həmin vaxt bir nəfər şəxsin ona məxsus mənzilin eyvanının qarşısından qaçaraq keçdiyini görmüşdür. Həmin vaxt binanın qarşısında polis avtomobili olmuş, avtomobilin içərisində olan polis əməkdaşları ilk öncə həmin şəxsin qaçmasına reaksiya verməmiş, lakin, sonradan polis avtomobili qaçan şəxsin arxasınca getmişdir. O, evə girərək üst paltarlarını geyinib yenidən eyvana çıxmış, həmin vaxt, eyvanında qarşısında dayanmış polis əməkdaşları ondan evinə oğrunun girib-girməməsini soruşmuş, o, evinə oğru girmədiyini, lakin, yuxarı mərtəbədən səs-küy gəldiyi üçün həmin şəxsin oradan qaçdığını ehtimal etdiyini bildirmişdir. O, daha sonra həyətə enmiş, qonşuların həyətə toplaşdığını görmüşdür. Zərərçəkmiş şəxs blokdan çıxaraq onu vuranın kim olduğunu soruşmuş, orada olan polis əməkdaşları həmin şəxsi saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs avtomobildə olduğu zaman qusduğu üçün o, evə qalxaraq su gətirmişdir. Təqsirləndirilən şəxs həyətdə olduğu zaman polis şöbəsinə aparıldıqdan sonra hər şeyi danışacağını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs bir neçə ildir qonşu olaraq tanıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. 27 noyabr 2023-cü il tarixdə səs-küy eşidərək yaşadığı mənzilin eyvanına çıxmış, həmin vaxt binada yerləşən mənzillərdən birindən dava-dalaş səsi gəldiyini, kişi cinsli şəxsin qışqıraraq “kimsən sən?, mənim evimə niyə gəlmisən?, məni öldürmək istəyirsən?” sözlərini dediyini eşitmiş, lakin, qısa müddət sonra səs-küy dayanmışdır. O, evə girdikdən bir müddət sonra yenidən eyvana çıxaraq ətrafa baxmış, həyətdə dayanmış polis avtomobilinin yaxınlıqda olan marketə tərəf getdiyini, marketin yaxınlığında hansısa şəxsi avtomobilə mindirərək binanın həyətinə geri qayıtdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs əlində balta ilə təngnəfəs şəkildə blokdan çıxaraq qaçan şəxsin hara getdiyini soruşmuş, avtomobildə olan polis əməkdaşı Zərərçəkmiş şəxs həmin şəxsi saxladıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs əlində olan baltanı göstərərək saxlanılan şəxsin balta ilə ona xəsarət yetirdiyini demişdir. Binanın həyətinə səs-küyə çıxan qonşular toplanmış, Təqsirləndirilən şəxs qusduğu üçün polis avtomobilindən endirilmiş və ona su verilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə getdiyi zaman hər şeyi danışacağını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs qohumları onun yaşadığı ünvana gələrək ifadə verməməsi üçün onu təhdid etmişlər. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yaşayır. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2024-cü ilin yanvar ayının 10-11-i aralığında Zərərçəkmiş şəxs digər iki oğlu ilə birlikdə yaşadıqları binanın qarşısında dayandığını, əhvalının yaxşı olmadığını görərək onlara yaxınlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs böyük oğlu Novruz da onlara tərəf gəlmişdir. Zərərçəkmiş şəxs oğlundan hadisənin şahidi olduğu üçün düzgün ifadə verməsini xahiş etmiş, lakin, oğlu gördüklərini danışa bilməyəcəyini, düzgün ifadə verərsə anasının pis vəziyyətdə qalacağını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. Zərərçəkmiş şəxs qonşu olaraq tanıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2024-cü ilin yanvar ayının 10-13-ü aralığında Zərərçəkmiş şəxs yaşadıqları binanın qarşısında digər iki oğlunu qucaqlayaraq ağladığını, əhvalının yaxşı olmadığını görərək onlara yaxınlaşmış, həmin vaxt digər qonşuları X9 da, orada olmuş, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır. Qısa müddət Zərərçəkmiş şəxs böyük oğlu Şahid2 onların yanına gəlmiş, atasına ifadəsi alınarkən hadisə necə baş verdiyini danışa bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs gördüklərini danışmamasının səbəbini oğlu Novruzdan soruşduqda, Novruz hər şeyi olduğu kimi danışacağı təqdirdə, anasının pis vəziyyətdə qalacağını və anasının tutulmasından qorxduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yaşayır. Zərərçəkmiş şəxs qonşu olaraq tanıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. 27 noyabr 2023-cü il tarixdə gecə saatlarında binanın həyətində olan polis avtomobilinin sayrışan işıqları onun evinə düşdüyü üçün o, həyətə təcili tibbi yardım avtomobilinin gəldiyini düşünərək yaşadığı mənzilin eyvanına çıxmış, ətrafa baxdığı zaman həyətdə olan polis avtomobilinin kompleksdə yerləşən 3-cü binanın qarşısına getdiyini, daha sonra geri qayıtdığını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs xidməti geyimdə blokdan çıxmış, əlində hansısa əşya olmuşdur. O, nə baş verdiyini öyrənmək üçün həyətə düşmüş, ətrafa insanların toplaşdığını, Təqsirləndirilən şəxs üzünü tutaraq yanı üstə uzandığını, Zərərçəkmiş şəxs xəsarətli şəkildə, əlində balta ilə dayandığını görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs əlindəki baltanı göstərərək yerdə yanı üstə uzanan şəxsin balta ilə onu öldürmək istədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs yerdə uzanan Təqsirləndirilən şəxs yaxınlaşaraq evinə gəlməsinin, ona balta xəsarət yetirməsinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpik ataraq özündən uzaqlaşdırmağa çalışmışdır. O, Təqsirləndirilən şəxs yaşayış kompleksinə gəlməsinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs deyiləni etdiyini, hər şeyi polisə danışacağını bildirmişdir. Məhkəmə iclasında ekspert X4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X8» X25 məhkəmə-tibb eksperti vəzifəsində çalışır. Tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X8» X25 Sabunçu rayon şöbəsinin 2923 nömrəli, 29 noyabr 2023-cü il tarixli ekspert rəyi verilmiş, ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs İX qabırğanın yerdəyişən qapalı sınığı, döş qəfəsi nahiyəsinin qançır-sıyrığı, qarın səthinin cızığı, sağ əl nahiyəsinin səthi kəsilmiş yarası və sağ baldır nahiyəsinin qançırı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs müəyyən edilmiş qabırğanın az yerdəyişən qapalı sınığı insanın nəfəs almasına çətinlik yaratmasına baxmayaraq, onun hərəkətini məhdudlaşdırmır və az yerdəyişən sınıq xəsarəti almış şəxsin hərəkət etməsi mümkündür. X18 rentgen şöbəsində Zərərçəkmiş şəxs rentgenoloji müayinəsi zamanı İX qabırğanın az yerdəyişən qapalı sınığı müəyyən edilmiş və ekspert rəyində İX qabırğanın yerdəyişən qapalı sınığı qeyd olunmuşdur. Rentgenoloji müayinədən keçirilmiş şəxsin rentgen şəkilləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X8» X21 saxlanılır. Xəsarətlər almış şəxsdə sınıq izlərinin keçməsi sağalma prosesindən asılı olan bir şeydir. Qeyd olunan rəyi müdafiə edir. Cinayət işinin 14-ci vərəqəsində olan Şahid2 27 noyabr 2023-cü il tarixli izahatından görünür ki, o, 26 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixə keçən gecə evdə yatarkən atasının, anasının və tanımadığı şəxsin səsinə oyanaraq yataq otağından dəhlizə çıxdıqda evin giriş hissəsinin qarşısında tanımadığı, hündürboylu, üzü tüklü bir kişinin əlində balta ilə atası Zamini vurduğunu görmüşdür. Cinayət işinin 15-ci vərəqəsində olan 27 noyabr 2023-cü il tarixli izahatdan görünür ki, həmin tarixdə Rzayev X15 RPİ-nin 14-cü polis şöbəsinə aparılaraq izahat vermişdir. Cinayət işinin 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 28 noyabr 2023-cü il tarixli, 7779 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 20-ci vərəqəsində olan 28 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Rzayev X15 RPİ-nin 14-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə inzibati qaydada tutulmuşdur. Cinayət işinin 21-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X8» X25 Sabunçu rayon şöbəsinin 2923 nömrəli, 29 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs İX qabırğanın yerdyişən qapalı sınığı, döş qəfəsi nahiyəsinin qançır-sıyrığı, qarın səthinin cızığı, sağ əl nahiyəsinin səthi kəsilmiş yarası və sağ baldır nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlərdən sol İX qabırğanın yerdəyişən qapalı sınığı, döş qəfəsi nahiyəsinin qançırsıyrığı və sağ baldır nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, qarının ön səthində cızıq və sağ əl nahiyəsinin səthi kəsilmiş yarası iti uca və kənara malik əşya (alət) təsirindən törənmiş, qərarda göstərilən və şəxsin qeyd etdiyi 27 noyabr 2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 28-ci vərəqəsində olan 29 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-85-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-883/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanılmaqla 01 (bir) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 134-139-cu vərəqəsində olan 15 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 27 noyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi təsərrüfat-məişət təyinatlı mətbəx baltası iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 dekabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 103-104-cu vərəqələrində olan Şahid1ə Mətləb qızı 04 dekabr 2023-cü il tarixli ifadəsindən göstərmişdir ki, Zamin Şamonun qarşısını kəsərək baltanın kəsəcək hissəsindən tutaraq baltanı Şamonun əlindən almağa çalışdığı zaman Şamo Zaminin baltanın ondan götürməsinə imkan verməyərək zərbə ilə Zaminin müxtəlif yerlərinə vuraraq xəsarət yetrimişdir. Cinayət işinin 108-110-cu vərəqələrində olan qanuni nümayəndə Şahid1ə Mətləb qızının iştirakı ilə dindirilmiş Şahid2 06 dekabr 2023-cü il tarixli ifadəsindən görünür ki, o, 26 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində qardaşları ilə otaqda yatarkən, anasının və tanımadığı şəxsin səs-küyünə oyanaraq dəhlizə keçəndə atasının evə gəlməsini və dəhlizdə evin giriş qapısının qarşısında tanımadığı hündür cavan oğlanla əlbəyaxa olmasını və tanımadığı şəxsin əlində olan balta ilə atasını vurmasını görmüşdür. Atası Zaminin ağrıyaraq almış olduğu xəsarətlərin təsirindən əzab çəkməsini gördükdə bu hal bir övlad kimi ona həddindən artıq pis təsir göstərmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyası 23 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 3-xx-xx/25394/2024 nömrəli, 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs 01 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək qısa müddətli, 01 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024cü il tarixədək 2024-cü ilin hesabına əsas məzuniyyətdə, 15 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək və 29 yanvar 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixədək «Hipertoniya xəstəliyi İİ Kriz gedişli» diqanozu ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli Poliklinikaya müraciət edərək ambulator müalicədə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Sabunçu RPİ-nin 14cü PŞ-nin təhqiqatçı polis kapitanı Əfsun Əzimovun 29 noyabr 2023-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi” barədə təsdiq olunmuş qərarından görünür ki, Şahid1 Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-də verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, xx.xx.2023-cü ıl tarixdə, təxminən 12-yə işləmiş yaşadığı evdə olan zaman evdə səs gəldiyindən, bu barədə həyat yoldaşına zəng edərək qorxduqlarını evə gəlməsini bildirmiş, bundan sonra, o övladları ilə yataq otağına keçərək yatmışdır. Gecə saat 1 radələrində həyat yoldaşı Zamin evə gəlmiş, həyat yoldaşı evə gələn zaman o evdə çay içmiş və evin mətbəx otağına keçmişdir. Həyat yoldaşı evin mətbəx otağına keçdikdən bir neçə dəqiqə sonra mətbəx otağında səs gəldiyini və evin eyvanında olan bir nəfər şəxsin həyat yoldaşının üzərinə balta ilə hücum edərək evdən qaçıb çıxdığını görmüşdür. Bundan sonra həyat yoldaşı onun arxasınca bayıra çıxaraq onun əlindəki baltanı alaraq yenidən evə qayıtmışdır. Həyat yoldaşı Zamin evə qayıdan zaman onun qarın nahiyəsində xəsarət olduğunu görmüşdür. O, həmin şəxsi tanımamış, ilk dəfə görmüşdür. Həmin şəxsin onların yaşadığı evə daxil olması barədə qeyd etmişdir ki, o gecə evin giriş qapısını gec bağlamış, həmin vaxtda daxil olmasını güman edir. Naməlum şəxsin həyat yoldaşı Zaminə balta ilə xəsarət yetirdiyini görmüşdür. Lakin məhkəmə tərəfindən cinayət işinin materialları tədqiq edilərkən cinayət işinin 23-cü vərəqəsində olan Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçı polis kapitanı Əfsun Əzimovun 29 noyabr 2023-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi” barədə qərarın zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçı polis kapitanı Əfsun Əzimovun 29 noyabr 2023-cü il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi” barədə təsdiq olunmuş qərardan fərqli olduğu, cinayət işinin materiallarında olan qərarda Şahid1 izahatının qərardan çıxarıldığı müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə onun xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ona ittiham elan oluna əməldə özünü təqsirli bilməməsi barədə ifadəsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyi, protokollar, həmçinin digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Belə ki, hazırkı cinayət işi üzrə mübahisəsiz hal ondan ibarətdir ki, 27 noyabr 2023cü il tarixdə, saat 00:30 radələrində ünvan 1 ünvanda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs əlində balta olmuşdur. Bu hal həm zərərçəkmiş şəxsin, həm şahidlərin, həm də təqsirləndirilən şəxsin ifadəsi ilə birmənalı təsdiq olunur. İş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi ilə isə Zərərçəkmiş şəxs İX qabırğanın yerdyişən qapalı sınığı, döş qəfəsi nahiyəsinin qançırsıyrığı, qarın səthinin cızığı, sağ əl nahiyəsinin səthi kəsilmiş yarası və sağ baldır nahiyəsinin qançırı xəsarətləri müəyyən edilmişdir. Xəsarətlərdən sol İX qabırğanın yerdəyişən qapalı sınığı, döş qəfəsi nahiyəsinin qançır-sıyrığı və sağ baldır nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, qarının ön səthində cızıq və sağ əl nahiyəsinin səthi kəsilmiş yarası iti uca və kənara malik əşya (alət) təsirindən törənmiş, qərarda göstərilən və şəxsin qeyd etdiyi 27 noyabr 2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurma əməlinin məhz xüsusi amansızlıqla törədilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin oğlu Şahid2 və arvadı Şahid1 yanında hərəkətlərini artıq xüsusi amansızlıqla qəsdən sağlamlığa zərər vurulmasına yönəldərək yaxın qohumlarının gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək balta ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Belə ki, mübahisə zamanı Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədilə baltanı Təqsirləndirilən şəxs almaq istəməsinə baxmayaraq sonuncu əz əməlini başa çatdırmaq məqsədilə inadkarcasına baltanı verməkdən imtina etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında verdiyi “Onun atasının hansısa şəxslə əlbəyaxa olmasını görməməsi” barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, Şahid2 27 noyabr 2023-cü il tarixdə təhqiqat zamanı atasının iştirakı ilə təhqiqatçıya verdiyi izahatında “onun 26 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixə keçən gecə evdə yatarkən atasının, anasının və tanımadığı şəxsin səsinə oyanaraq yataq otağından dəhlizə çıxdıqda evin giriş hissəsinin qarşısında tanımadığı, hündürboylu, üzü tüklü bir kişinin əlində balta ilə atası Zamini vurduğunu görməsini” göstərmişdir. Eləcə də həmin izahatdan sonra 9 gün sonra, yəni 06 dekabr 2023-cü il tarixdə Şahid2 anası (qanuni nümayəndə) Şahid1 iştirakı ilə müstəntiqə verdiyi ifadsəində göstərmişdir ki, o, 26 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində qardaşları ilə otaqda yatarkən, anasının və tanımadığı şəxsin səs-küyünə oyanaraq dəhlizə keçəndə atasının evə gəlməsini və dəhlizdə evin giriş qapısının qarşısında tanımadığı hündür cavan oğlanla əlbəyaxa olmasını və tanımadığı şəxsin əlində olan balta ilə atasını vurmasını görmüşdür. Atası Zaminin ağrıyaraq almış olduğu xəsarətlərin təsirindən əzab çəkməsini gördükdə bu hal bir övlad kimi ona həddindən artıq pis təsir göstərmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X7 ifadələrində Şahid2 onların yanında atasına “gördüklərini danışa bilməyəcəyini, düzgün ifadə verərsə anasının pis vəziyyətdə qalacağını bildirməsini” göstərmişlər. Bütün bu göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şahid2 həm təhqiqat zamanı verdiyi izahat, həm də ibtidai istintaq zamanı verdiyi ifadə bir-birinə, o cümlədən hadisənin baş vermə şəraitinə uyğun olmaqla daha inandırıcıdır. Bununla yanaşı məhkəmə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd kimi tövsif edilməsi üçün cinayət işinin materiallarının daha ağır ittiham irəli sürülməsi məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə zərərçəkmiş şəxsin vəsatətinə münasibət bildirərək qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən, eləcə də cinayət işinin materiallarında qeyd olunan hala dair mötəbər sübutlar aşkar edilmədiyindən həmin vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs ikinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün, yəni 27 noyabr 2023-cü il tarixdə saat 00:30-da 14-cü polis şöbəsinə aparılaraq azadlığının faktiki məhdudlaşdırılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı azadlığının məhdudlaşdırıldığı 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, 27 noyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi təsərrüfat-məişət təyinatlı mətbəx baltası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhdudlaşdırıldığı 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, 27 noyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi təsərrüfat-məişət təyinatlı mətbəx baltası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar