Məhkəmə qərarları › İş №1(008)-171/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-171/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-171/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı X2, Müdafiəçi iştirakı ilə xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi ev 61-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Müşviq küçəsi ev 34-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi olmadan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.393 qram, 0.203 qram ümumi təmiz çəkisi 0.596 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, 05 may 2023-cü il tarixdə Sabunçu st.XPŞ-in əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində saxlanılaraq, saat 22:20 radələrində ünvan 1 ünvanda yerləşən Sabunçu st.XPŞ-in növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 23:40 radələrində üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.393 qram, 0.203 qram ümumi təmiz çəkisi 0.596 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə olan heroindən istifadə edir və həmin narkotik vasitəni də «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün alırdı. O, narkotik vasitə satan şəxsin kimliyi barədə dəqiq məlumata sahib deyildir. 04 may 2023-cü il tarixdə «Kubinka» adlanan əraziyə gedərək orada həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manat ödəməklə iki bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə etsə də, qalan hissəsini lazım olsa yenidən istifadə etmək üçün üzərində saxlamışdır. 05 may 2023-cü il tarixdə, saat 21:30 radələrində tanışı İlham adlı şəxslə birlikdə Nəsimi rayonu, H.Əliyev küçəsində olarkən iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, onları X10 Polis İdarəsinin Sabunçu st.XPŞ-yə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə polis əməkdaşlarının iştrakı ilə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş içərisində kakos olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəisndə göstərmişdir ki, 05 may 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsinə getmişlər, orada xarici əlamətləri Zaur adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin bir nəfər başqa şəxslə birlikdə dayandıqlarını görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsləri Sabunçu st.XPŞ-yə dəvət etmişlər. XPŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra ilk əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Z.S.Qurbanova üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Z.S.Qurbanov əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümlərin hər birində içərisində açıq qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Z.S.Qurbanov bildirmişdir ki, təqdim etdiyi bükümlərinin içərisindəki kakosdur, həmin narkotik vasitəni tanımadığı İran vətəndaşlarından almış və üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məəzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, tanıyır, o da onun kimi narkotik vasitə aludəçisidir, bir neçə dəfə onlar birlikdə narkotik vasitələri istifadə etmişlər. Hətta Zaur onu «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxslə tanış etmiş və o, özünə narkotik vasitə lazım olduqda həmin əraziyə gedərək həmin şəxsdən narkotik vasitə alırdı. 04 may 2023-cü il tarixdə o, saat təxminən 21:00 radələrində «Kubinka» adlanan əraziyə gedərək həmin şəxslə görüşüb 200 manat müqabilində beş büküm kakos, beş büküm metamfetamin və bir kibrit qutusunda marixuana satın alıb yaşadığı evə qayıtmışdır. Evdə olarkən gecədən səhərədək aldığı narkotik vasitələr olan kakosdan və marixuanadan bir qismini istifadə etmiş və iki büküm narkotik vasitə olan kakosu, üç büküm metanfetamini yaşadığı evdə saxlamış, bir büküm narkotik vasitə marixuana, üç bükümdə narkotik vasitə heroini və iki bükümdə metamfetamini isə «Winston» markalı siqaret qutusunun içərisinə qoyaraq əl çantasına qoymuşdur. 05 may 2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində evdən çıxıb Suraxanı qəsəbəsinə tanışı ilə görüşmək üçün gedərkən bir gün əvvəl aldığı narkotik vasitələr və psixotrop maddələrin qeyd olunan hissəsini də üzərində götürmüşdür ki, imkan olan yerdə istifadə edib ağrıdan çıxar. Suraxanı dəmir yolu stansiyasının yaxınlığında taksidən düşmüş, dəmir yolu xəttinin kənarında yerləşən mağazaya girib su və saqqız alıb çıxan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Şəxsiyyət vəsiqəsi üzərində olmadığından onlara heç bir sənəd təqdim etməmişdir. Bununla əlaqədar onu X11 Polis İdarəsinin Sabunçu st XPŞ-yə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə polis əməkdaşları və dəvət edilmiş bir nəfər qadının iştirakları ilə baxış keçirilərkən əlində olan qəhvəyi rəngli əl çantasının içərisində «Winston» markalı siqaret qutusunun içərisindən altı ədəd büküm aşkar olunmuş və həmin bükümlərdən birində ota bənzər yaşımtıl rəngli maddə, üçündə açıq qəhvəyi rəngli toz şəklində maddə, ikisində isə ağ kristal dənəciklər şəklində maddə aşkar olunaraq götürülmüşdür. Daha sonra o, polis əməkdaşlarına bildirmişdir ki, üç bükümdəki narkotik vasitə heroin, iki bükümdə psixotrop maddə metamfetamin və bir bükümdə narkotik vasitə qurudulmuş marixuanadır, şəxsi istifadəsi üçün guya Zaurdan 200 manata əldə etdiyini, narkotik vasitə və psixotrop maddələrin bir hissəsi isə yaşadığı mənzildə olmasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur və Zaur bir dəfə taksi sifariş etdikdə onu gedəcəyi ünvana aparmışdır. Sonra Zaur birbaşa ona zəng edib çağırırmış. 05 may 2023-cü il tarixdə axşam vaxtı Zaur ona zəng edib Mehdiabad qəsəbəsinə çağırmışdır. O, Zauru Mehdiabad qəsəbəsindən götürüb «İnqilab» deyilən yerə aparmışdır. Sonra onlar H.Əliyev küçəsi tərəfdə olarkən Zaur ona bildirmişdir ki, bir nəfər onu gözləyir. Bir qədər sonra iki nəfər mülki geyimdə şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, onu X12 Polis İdarəsinin Sabunçu st. XPŞ-yə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə polis əməkdaşlarının iştrakı ilə baxış keçirilmiş, baxış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2726 saylı, 06 may 2023-cü il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikasının D.İ.N N.B.P.İ D.Y.N.P.İ Sabunçu XPŞ-nə məxsus Zərflər üçün möhür əksi, «... Şübhəli şəxs Təqsirləndirilən şəxs....» və s yazılar soyadlar imzalar olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.393 qram, 0.203 qram, ümumi təmiz çəkiləri 0.596 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki bükümdəki heroin kütlələri kimyəvi komponenti tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1). Heroinin təmiz çəkisi-0.596 qram, tədqiqata sərf edildi-0.1 qram, qalıq-0.496 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji X13 Şəxsi X6 Tibbi Yoxlamanın 4295 saylı, 10 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda adstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertiza X13 Şəxsin 3260 saylı, 04 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 may 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilərək təyin edilmiş cəza «01» (bir) il, «06» (altı) ay müddətinə endirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzanın çəkilməmiş «07» (yeddi) ay, «11» (on bir) gün müddətindən əvvəl şərti olaraq azad edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. X4 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 05 may 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,66). Cinayət işinin materiallarında olan 06 may 2023-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,170). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)359/2023 saylı, 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 may 2023-cü il tarixdən hesablanmaqla «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,211). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)675/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 05 noyabr 2023-cü il tarixə kimi uzadılmışdır (cild 02, səh.,134). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmaması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)813/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunmuş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan 02 noyabr 2023-ci il tarixli yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona yenidən ittiham elan edimişdir (cild 02, səh.,211). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residivin olmasını, əvvəllər məhkum olunmasını, analoji cinayətə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, törədilmiş əməldə təqsirinin olmasını, alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji X13 Şəxsi X6 Tibbi Yoxlamanın 4295 saylı, 10 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda adstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. X5 cəza çəkmə müddətinin başlanğıcı «22» aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından «həbs» edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.496 qram heroin məhv edilməli, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X7 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il, «03» (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs «05» may 2023-cü il tarixdən «02» noyabr 2023-cü il tarixə kimi «05» (ay) beş, «27» (iyirmi yeddi) gün həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «09» (doqquz) ay, «03» (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «22» aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.496 qram heroin məhv edilsin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 110 manat ekspertiza xərci təqsirləndirilən şəxs X3 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından «həbs» edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar