Məhkəmə qərarları › İş №1(008)-172/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-172/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-172/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Gözəlov Fəxrəddin Əhməd oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əzimzadə Habil Mirzəbala oğlunun və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Əliyev Akif Zakir oğlunun iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Gözəlov Fəxrəddin Əhməd oğlunun Əzimzadə Habil Mirzəbala oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Gözəlov Fəxrəddin Əhməd oğlu xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Əzimzadə Habil Mirzəbala oğlunun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində, 35-ci dalanın sonunda yerləşən, tarix və mədəniyyət abidələri kimi siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüş “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” yerləşir. Tarix və mədəniyyət abidəsinin ərazisini zəbt etmək məqsədilə 12.12.2023-cü il tarixdə Fərəcov Həsən Zahid oğlu, Babayev Ramin Ramiz oğlu, Əzimzadə Habil Mirzəbaba oğlu və qeyriləri tərəfindən qeydiyyatda və mühafizədə olan qədim iki qəbir, 266 il yaşı olan 100 ədəd əncir ağacları ağır texnika vasitəsilə məhv edilmiş və kurqan abidəsinin ərazisinə müdaxilə edilmişdir. Bununla da onların məqsədi tarix və mədəniyyət abidələri yerləşən abidələr kompleksi ərazisini zəbt etmək cəhdi olmuşdur. Şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun aidiyyəti əməkdaşları tərəfindən əraziyə baxış təyin edilmişdir. Bu baxışda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində yerləşən (35-ci dalanın sonunda) “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” yerləşən abidələr kompleksinin ərazisinin dağıdılması və zəbt etmə faktını araşdırmaq üçün əraziyə toplanmışdıq. Onlar əraziyə gələndə bizdən qabaq Əzimzadə Habil Mirzəbaba oğlunun idarə etdiyi qara rəngli, 77-BP-975 dövlət nömrə nişanlı “NİVA” minik markalı avtomobillə artıq ərazidən geri qayıtdığını gördük. O bizi görən kimi, maşını geri sürmək üçün dairə vurub geri qayıtdı. Komissiya əraziyə çatıb tanışlıq üçün ərazinin giriş hissəsinə daxil olmaq istəyərkən görmüşdür ki, Əzimzadə Habil Mirzəbaba oğlu qara rəngli, 77-BP-975 dövlət nömrə nişanlı “NİVA” minik markalı avtomobili bir az uzaqda saxlayıb ona komissiya üzvlərinin eşidə və görə biləcəyi tonda söyüş söyməyə başlamışdır. O komissiyanın tərkibində iştirak edən şəxslərin gözü qarşısında şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək təhqir etməyə başlamışdır. Bu hərəkətlər video çəkilişdə öz əksini tapmışdır. AR CM-nin 148-ci maddəsinə əsasən, şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formada həyata keçirilə bilər: şifahi, yazılı, bədən hərəkətləri və s.. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyüşlərlə, haqqında alçaldıcı ifadələr işlətməklə və s. törədilə bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrin ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Təhqir cinayətini ifadə edərkən, təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Cinayətin motivi müxtəlif ola bilər: intiqam və s. AR Konstitusiyasının 46-cı maddəsinə əsasən: Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göstərilənlərə əsasən Əzimzadə Habil Mirzəbala oğlunun AR CM-nin 148-ci maddəsi ilə təqsirli bilinməsi və onun altı ayadək müddətdə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Gözəlov Fəxrəddin Əhməd oğlu xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək bildirmişdir ki, Əzimzadə Habil Mirzəbala oğlu ona qarşı təhqiredici ifadələr işlətmişdir. Şikayətin icraata qəbul edilməsini və yazılı vəsatətlə müraciət edərək məhkəmədən şahid qismində dəvət etmək istədiyi Gözəlov Pərvin Fəxrəddin oğlunun və Məmmədov Orxan Zakir oğlunun məlumatlarını, şahidlərin təhlükəsizliyinin qorunması proqramına uyğun olaraq onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs Əzimzadə Habil Mirzəbala oğlunun müdafiəçisi Əliyev Akif Zakir oğlu etirazını təqdim edərək bildirmişdir ki, Gözəlov Fəxrəddin Əhməd oğlu xüsusi ittiham qaydasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə ərizə verərək AR CM-nin 148-ci maddəsi ilə Əzimzadə Habil Mirzəbaba oğlunu təqsirli bilərək onun 1 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilməsini xahiş edir, lakin Gözəlov Fəxrəddin Əhməd oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayət AR CPM-nin 293 və 302-ci maddələrinin tələblərinə cavab vermir. Filan yerdə filan hadisənin baş verdiyini şikayət ərizəsində qeyd etmiş olsa da, hadisə ilə əlaqədar şahidlərin kim olduğu göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs Gözəlov Fəxrəddin Əhməd oğlu şahidlərin iştirakını özü təmin edə bilməyəcəyindən, məhkəmədən şahid qismində həmin şəxslərə bildiriş göndərilməsini xahiş edərək həmin şəxslərə məhkəmə vasitəsilə təsir göstərilərək işdə iştiraklarınının təmin edilməsinə nail olmaq istəmişdir. Həmçinin şahid qismində dəvət etmək istədiyi şəxslərdən biri öz oğlu olan Pərvin Gözəlovdur ki, o Gözəlov Fəxrəddin Əhməd oğlunun Əzimzadə Habil Mirzəbala oğlu barədə eyni məzmunlu öncəki şikayəti üzrə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində iştirak etmişdir. Bu səbəbdən həmin şəxsin şahid qismində çağırıla bilməyəcəyini bildirmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. CPM-in 293.3.1-ci maddəsində şikayət verənin barəsində qeyd olunan məlumatlar tam olaraq əks olunmamışdır. Belə ki, şikayət verənin məşğuliyyət növü və vəzifəsi qeyd edilməyib. Eyni zamanda CPM-nin 293.2-ci maddəsində qeyd edilən cinayətin nə vaxtı törədilməsi də göstərilmir. Bununla belə ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əzimzadə Habil Mirzəbala oğlunu təqsirləndirilən şəxs kimi qeyd edib ki bu da ərizənin formasına cavab vermir. Bundan başqa CPM-in 293.3 və 293.4-cü maddəlıərində göstərilən halları da təsdiq edən məlumatlar və sübutlar yəni, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi ərizədə qeyd edilməmişdir. Ərizəyə əlavə edilmiş CD diskdə olan videogürüntüyə baxış keçirilən zaman Əzimzadə Habil Mirzəbaba oğlunun kimi söydüyü müəyyən olunmur. Videogörüntüdə “Nə söyüş söyürsən” sözləri deyən şəxsə Habil Əzimzadə olduğu iddia edilən şəxsin söyüldüyü anlar qeydə alınmamış, həmin şəxsin sözlərindən isə kimə ünvanlandığı da bəlli deyil. Bundan başqa, AR CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət yəni, təhqirkütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi əməldir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarın 5-ci bəndində qeyd olunur ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Gözəlov Fəxrəddin Əhməd oğlu iddia kütlə hesab etdiyi şəxsləri şahid qismində məhkəməyə təqdim edə bilmir. Beləliklə qeyd edilənlərdən məlum olur ki, şikayət qanunverriciliklə müəyyən edillən formaya cavab vermir yəni, şikayətdə Əzimzadə Habil Mirzəbala oğlu əsassız olaraq təqsirləndirilən şəxs kimi göstərilir, şikayətdə Gözəlov Fəxrəddin Əhməd oğlu hansı tarixdə təhqir olunduğu, məhz onun kütlə qarşısında Habil Əzimzadə tərəfindən təhqir olunmasına dair tutarlı sübut və şahid təqdim etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, AR CPM-nin 302.1.3 və 293.3-cü maddələrini rəhbər tutaraq, məhkəmədən Gözəlov Fəxrəddin Əhməd oğlu tərəfindən verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs Əzimzadə Habil Mirzəbala oğlu bildirmişdir ki, o, Gözəlov Fəxrəddin Əhməd oğlunu söyüb təhqir etməmişdir. Ona görə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Bundan başqa Gözəlov Fəxrəddin Əhməd oğlu şikayətdə digər şəxslərin gözü qarşısında Əzimzadə Habil Mirzəbala oğlu tərəfindən şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Gözəlov Fəxrəddin Əhməd oğlu şikayət ərizəsində cinayətin törədilmə hallarının şahidlərinin olduğunu qeyd etsə də həmin şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş eyniləşdirmə məlumatlarını (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) şikayət ərizəsində qeyd etməmişdir. Bununla əlaqədar olaraq Gözəlov Fəxrəddin Əhməd oğluna əlavə şərait yaradılmış və o, 14 fevral tarixli ərizə təqdim edərək hadisənin şahidlərinin Gözəlov Pərvin Fəxrəddin oğlunun və Məmmədov Orxan Zakir oğlunun olduqlarını qeyd etmişdir. Gözəlov Pərvin Fəxrəddin oğlunun məlumatları məhkəməyə təqdim olunsa da, qanunvericiliklə şahid üçün nəzərdə tutulmuş məlumatlar Məmmədov Orxan Zakir oğluna münasibətdə məhkəməyə tam təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.4-cü bədində şahidin adı, soyadı, ata adı və yaşayış yeri barədə məlumat verilməsi tələb olunduğu halda Gözəlov Fəxrəddin Əhməd oğlu tərəfindən şəxsin yaşayış yeri barədə məlumat təqdim edilməmişdir. Bundan başqa, ərizədə adları qeyd olunan şəxslərin məlumatlarının məhkəməyədək gizli saxlanılması və şahidlərin qorunması proqramına uyğun olaraq onların təhlükəsizliyini təmin etmək üçün qanunamüvafiq tədbir görülməsi xahiş edilmişdir. Şahidlərin kimliyinin açıqlanmaması barəsində şikayət verilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnə biləcəyindən və şahidlərin həyatları üçün şikayətçinin iddia etdiyi kimi real təhlükə olması üçün hər hansı əsas olmadığından müdafiə tərəfi şikayətçinin şahidlərin adlarını qeyd etdiyi ərizə ilə tanış edilmişdir. Məmmədov Orxan Zakir oğlunun eyniləşdirmə məlumatları natamam təqdim olunduğundan onun şahid kimi qəbul edilməsi mümkün olmamışdır. Digər şahid Gözəlov Pərvin Fəxrəddin oğlu isə eyni hadisə ilə bağlı daha öncə Gözəlov Fəxrəddin Əhməd oğlu tərəfindən Əzimzadə Habil Mirzəbala oğlu barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə Sabunçu Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında və həmin qərardan verilmiş apellyasiya şikayətinə baxılan zaman Apellyasiya məhkəməsində keçirilən iclasda iştirak etmiş, hər iki instansiyada aparılmış müzakirələri dinləmiş və iş üçün əhəmiyyət kəsb edən hallardan artıq məlumatlı olmuşdur. Gözəlov Pərvin Fəxrəddin oğlunun eyni hadisə ilə bağlı xüsusi ittiham qaydasında daha öncə verilmiş şikayət üzrə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməsi faktı Gözəlov Fəxrəddin Əhməd oğlu tərəfindən də təsdiqlənmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Məhkəmə hesab edir ki, şikayət əsassızdır və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən təqdim olunmuş CD disklə tanış olarkən Əzimzadə Habil Mirzəbala oğlu olduğu iddia edilən şəxsin işlətdiyi ifadələrin konkret olaraq kimə ünvanlanması bəlli deyil. Halbuki şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Əzimzadə Habil Mirzəbala oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Gözəlov Fəxrəddin Əhməd oğlunun xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar