Məhkəmə qərarları › İş №1(008)-173/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-173/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-173/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,534 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 27 iyul 2024-cü il tarixdə saat 12:50 radələrində Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) bükümdə xeyli miqdarda təmiz çəkisi 0,534 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında “Ayaz” adlı şəxslə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Saxlanılma zamanı və sonrakı müddətdə polis əməkdaşlarının fiziki təzyiqlərinə məruz qalmış, o cümlədən döyülmüş, barmağı sınmasına baxmayaraq, bu xəsarət heç bir tibb müəssisəsində qeydiyyata alınmamışdır. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə cinayət işi başlanmışdır. Bununla belə, o, irəli sürülmüş ittihamla razılaşmadığını, üzərində hər hansı narkotik vasitənin aşkar edilmədiyini bildirmişdir. Polis şöbəsində olarkən başı yapışqanlı sarğı ilə sarılmış vəziyyətdə olub və üzərində narkotik vasitə olmadığı halda, əməliyyat müvəkkilləri tərəfindən təhdid və zor tətbiq edilərək ittihamı qəbul etməyə məcbur edilmişdir. "Elmar" adlı polis əməkdaşı tərəfindən fiziki zorakılığa məruz qalaraq qol və bədən nahiyələrinə xəsarət yetirilmişdir. O, təxminən 4 gün müddətində polis şöbəsində saxlanılmış, bu müddət ərzində yemək və su ilə təmin edilməmiş, yalnız bir dəfə dönər verilməsi ilə kifayətlənilmişdir. Həmin müddətdə vəkilinin məlumatlı olduğu bildirilsə də, vəkilin iştirakı zamanı hər hansı döyülmə və ya təzyiq halı baş verməmişdir. Prokurorluqda dindirilmə zamanı ona qarşı tətbiq olunmuş fiziki zorakılıq və təzyiqlər barədə məlumat vermiş, lakin sonradan izahatı dəyişdirilmişdir. bu barədə araşdırma Sabunçu Rayon Prokurorluğunda "Samir" adlı əməkdaş tərəfindən aparılmış, lakin aparılmış araşdırmanın nəticəsi barədə ona hər hansı məlumat təqdim olunmamışdır. O, onu saxlayan və döyən polis əməkdaşları tərəfindən əvvəlki vaxtlarda 4-5 dəfə saxlanılmış, həmin əməkdaşlar videoçəkilişlərdə də əks olunmuş, həmçinin “ələ-ayağa dolaşırsan” kimi ifadələrlə davamlı psixoloji təzyiqlərə məruz qalmışdır. O, narkotik vasitədən istifadə etdiyini qəbul etsə də, bu səbəbdən heç bir tibbi və ya reabilitasiya yönümlü rəsmi müalicə almadığını qeyd etmiş, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin qeydiyyat kitabında onun saxlanması ilə bağlı müvafiq qeydlərin mövcud olduğunu bildirmişdir. O, vəkilinə və istintaq orqanına fiziki zorakılıq və qeyri-insani rəftar barədə məlumat vermiş, lakin hüquqi prosedurlar barədə məlumatı olmadığına görə rəsmi şikayət təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, 4 aya yaxın müddətdə psixotrop maddə olan metamfetamini (şüşə) şəxsi istifadəsi üçün qəbul edir. O, heç bir dövlət orqanında işləməyərək fərdi əmək fəaliyyəti ilə ailəsini dolandırır. 27 iyul 2024-cü il tarixində, səhər saatlarında, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi şəxsdən 30 manat müqabilində 1 büküm metamfetamin alaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, almış olduğu maddəni başqasına satmaq niyyətində olmamışdır. 27 iyul 2024-cü il tarixində, saat 12:50 radələrində, ünvan 3 ünvanında, mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş, lakin o, üzərində psixotrop maddə olduğunu bildiyindən polislərdən yayınmağa çalışmışdır. Nəticədə, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş və burada şübhəli şəxs kimi saxlanılmışdır. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi axtarış keçirilməsi barədə xəbərdarlıq edilmişdir. O, üzərində psixotrop maddə olduğunu bildiyi üçün, vəkilin axtarışda iştirak etməsini istəməmiş, vəkil otaqdan çıxdıqdan sonra, təqsirləndirilən şəxs üzərində video çəkilişi ilə şəxsi axtarış keçirilmiş və qara rəngli cins şalvarının sağ yan cibində metamfetamin aşkar edilmişdir. Aşkar olunmuş maddə tədqiqat üçün ekspertizaya göndərilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol və zərf imzalanaraq təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, tutulduğu an və üzərində şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı heç bir zor tətbiq edilməmişdir. Eyni zamanda, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. O, 27 iyul 2024-cü il tarixdə saat 12:50 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan, polis leytenantı Şahid2 ilə birlikdə xidməti ərazidə, yəni, ünvan 3 ünvanında xidmət apararkən həmin küçədə bir nəfər şəxsin piyada hərəkət etdiyini müşahidə etmiş, həmin şəxs onları gördükdə tələsməyə başlamış, həmin şəxsin davranışları şübhə doğurduğundan, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib saxlanılma səbəbini izah etmişlər. Şəxsə üzərində şəxsiyyət vəsiqəsinin olubolmaması barədə sual ünvanlandıqda, o, sənədin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Saxlanılan zaman şəxsin yanında heç kim olmamış, qaçma cəhdi müşahidə edilməmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsində, təhqiqatçının xidməti otağında ona qanunvericiliyə uyğun olaraq hüquqları izah edilmiş, təhqiqatçının iştirakı ilə şəxsə, vəkil olmadan üzərinə baxış aparılmasına razılıq veribvermədiyi soruşulmuş, o isə bu prosesi vəkilin iştirakı olmadan aparılmasına etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetamini könüllü şəkildə çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə olan büküm zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilərək həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Saxlanılan şəxs əvvəllər müxtəlif oğurluq və xırda talama hallarına cəlb olunmuşdur. Lakin, bu əməliyyatla bağlı olaraq hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir qərəzli münasibət olmadığından, yalnız müvafiq hüquqi prosedurlar yerinə yetirilmişdir. Saxlanılan şəxsin ifadəsi əsasında hadisə yerində heç bir zorakılıq tətbiq olunmamışdır, həmçinin barmağının sındırılması ilə bağlı hər hansı bir şübhə mövcud deyil. Şəxs yalnız özü narkotika istifadə etdiyini etiraf etmiş və digər mövzularla bağlı heç bir əlavə izahat verməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin Sabunçu RPİ-nin 13-cü PŞ CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan, polis leytenantı Şahid2 Sərkəz oğlu ifadəsində göstərmişdir ki, 27 iyul 2024-cü il tarixdə saat 12:50 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışan, polis baş leytenantı Şahid1 birlikdə xidməti ərazidə, yəni, ünvan 3 ünvanında xidmət apararkən həmin küçədə bir nəfər şəxsin piyada hərəkət etdiyini müşahidə etmiş, həmin şəxs onları gördükdə tələsməyə başlamış, həmin şəxsin davranışları şübhə doğurduğundan, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib saxlanılma səbəbini izah etmişlər. Şəxsə üzərində şəxsiyyət vəsiqəsinin olubolmaması barədə sual ünvanlandıqda, o, sənədin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsində, təhqiqatçının xidməti otağında ona qanunvericiliyə uyğun olaraq hüquqları izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının cibindən psixotrop maddə metamfetamini könüllü şəkildə çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman və üzərinə şəxsi axtarış aparılması zamanı ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şübhəli şəxsin tutulması haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə, saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.16). "Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkilləri Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) bükümdə ağ rəngli, kristal formada maddə aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 27-28). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. (i.v.37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/3854 nömrəli, 27 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 160” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) ” yazısı və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,534 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,484 qramdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir (i.v.38-40). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 29 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi X2 vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.72-75). “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.77- 79). "Maddi sübut kimi tanıma haqqında” 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,484 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə və mənzilinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v.97-99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 08 avqust 2024-cü il tarixli, 5423 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.107-108). "Sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 130-135). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 31 yanvar 2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 dekabr 2018-ci il tarixdə cəzadan azad edilmişdir. (i.v. 104-105). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin 49-2/2-2538 nömrəli, 15 mart 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş və bu barədə qeydiyyat kitabında qeyd aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin 3-13- 44-1/2-1101/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə baxışında polis əməkdaşları tərəfindən Sabunçu RPİ 13-cü PŞ-yə aparılaraq orada 4 gün qanunsuz olaraq ac-susuz saxlanıldığını bildirməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığınız məktubunuza baxılmışdır. Aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə göstərilən xüsusatlar təsdiqlənməmişdir. “Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-173/2025 saylı, 25 aprel 2025ci il tarixli” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması” haqqında 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası”nın 19 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 14 iyun 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin 49-2/2-6575 nömrəli, 04 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs PŞ-nə gətirilən zaman və saxlanıldığı müddət ərzində hər hansı bir xəsarəti olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib - verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi təzyiq edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, və ümumi sözlərlə polis əməkdaşı tərəfindən fiziki və psixi təsirə məruz qaldığını iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, şahid ifadələrini, nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Təqsirləndirilən şəxs “…Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında “Ayaz” adlı şəxslə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Saxlanılma zamanı və sonrakı müddətdə polis əməkdaşlarının fiziki təzyiqlərinə məruz qalmış, o cümlədən döyülmüş, barmağı sınmasına baxmayaraq, bu xəsarət heç bir tibb müəssisəsində qeydiyyata alınmamışdır. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə cinayət işi başlanmışdır. Bununla belə, o, irəli sürülmüş ittihamla razılaşmadığını, üzərində hər hansı narkotik vasitənin aşkar edilmədiyini bildirmişdir. Polis şöbəsində olarkən başı yapışqanlı sarğı ilə sarılmış vəziyyətdə olub və üzərində narkotik vasitə olmadığı halda, əməliyyat müvəkkilləri tərəfindən təhdid və zor tətbiq edilərək ittihamı qəbul etməyə məcbur edilmişdir......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, məhkəmə tərəfindən verilmiş sorğulara cavablarla və digər iş materialları ilə, eləcə də sonuncu məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə təkzib olunmaqla rədd edilir. Cinayət prosesi qanunvericiliyinə görə, təqsirləndirilən şəxsin ifadələri, xüsusilə özünü müdafiə xarakterli ifadələr, müstəqil sübut kimi qəbul edilmir və təkbaşına obyektiv həqiqətin müəyyən olunması üçün kifayət sayılmır. Bu baxımdan, Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə metamfetaminin üzərində olmadığını iddia etməsi subyektiv açıqlamadır və sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz şəkildə, heç bir qanuni əsas olmadan, 4 gün müddətində ac-susuz saxlanılmasını bildirmiş, buna dair Bakı Şəhər Baş Polis İdarəsinin apardığı xidməti yoxlama nəticəsində polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyinə dair faktların tapılmadığı bildirilmişdir. Bu, deməkdir ki, polis əməkdaşları tərəfindən şəxsin qanunsuz saxlanması ilə bağlı heç bir konkret sübut təqdim olunmayıb. Xidməti yoxlama, bir tərəfdən, polis əməkdaşlarının fəaliyyətinin hüquqi çərçivəyə uyğunluğunu qiymətləndirmək üçün həyata keçirilən bir prosesdir. Bu zaman müvafiq şahid ifadələri, sənədlər, kamera görüntüləri və digər sübutlar nəzərdən keçirilir. Əgər xidməti yoxlama nəticəsində polis tərəfindən qanunsuz hərəkətlərə dair sübutlar tapılmırsa, bu, o deməkdir ki, hüquqi baxımdan polis əməkdaşlarının hərəkətləri düzgün qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin, saxlanıldığı zaman fiziki təzyiqə məruz qalması və döyülməsi barədə verdiyi ifadələr, xüsusilə barmağının sınması məsələsi işin digər sübutları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin 49-2/2-6575 nömrəli, 04 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs PŞ-nə gətirilən zaman və saxlanıldığı müddət ərzində hər hansı bir xəsarəti olmamışdır. Saxlanılma zamanı və sonrakı dövrlərdə təqsirləndirilən şəxsin tibbi müayinə olunmaması, həmçinin heç bir tibb müəssisəsində xəsarətinin qeydiyyata alınmaması, bu iddiaların düzgünlüyünü sual altına alır. Bundan başqa Təqsirləndirilən şəxs barmağının sındırılmasının şəxsi-axtarış və baxış keçirilməsinədək baş verməsini bildirsə də, şəxsi axtarış və baxış keçirilməsi zamanı aparılmış video çəkilişə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs əllərini şalvarın dar ciblərinə çox rahat şəkildə saldığı və çıxardığı, əllərini və barmaqlarını rahat şəkildə hərəkət etdirdiyini açıq aşkar görmək mümkün olmuşdur. Bütün bu amillər, onun verdiyi ifadənin əsassız olduğunu göstərir. Məhkəmə, bu ifadəni əsassız və hüquqi baxımdan etibarsız sayır. İbtidai istintaq zamanı və sonrakı məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadələri, iş üzrə digər protokollarla, eləcə də istintaq orqanlarının təqdim etdiyi sənədlərlə uyğunlaşdırılaraq rədd edilir. Bu cür etirafedici ifadələr, onun təzyiq altında olduğuna dair təqdim olunan müdafiə arqumentləri ilə ziddiyyət təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin özünün təzyiqə məruz qaldığını bəyan etməsini, işin materialları ilə təkzib etdiyi üçün əsaslı hesab etmir. Məhkəmə, iş üzrə təqdim olunan bütün sübutları diqqətlə qiymətləndirərək, ittihamın təsdiqlənməsini təmin edir. Təsdiqləyici sübutlar, o cümlədən əməliyyat zamanı toplanmış materiallar və təqsirləndirilən şəxsin başqa ifadələri, cinayət işi üzrə ittihamı dəstəkləyir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı toplanan sübutlar, təqsirləndirilən şəxsin müdafiə xarakterli iddialarının əsassız olduğunu göstərir. Nəticə olaraq, məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadələri hüquqi baxımdan etibarsız sayır və onun müdafiə xarakterli iddialarını rədd edir. İş üzrə təqdim olunan faktiki sübutlar, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət əməlini törətdiyini təsdiq edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək, tarixədək şübhəli şəxs qismində tutulduğu, 13 iyun 2025-ci il tarixdən 04 iyul 2025-ci il tarixədək həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 13 iyun 2025-ci il tarixdən 04 iyul 2025-ci il tarixədək həbsdə olduğu 22 (iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə 02 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 01 (bir) ay 18 (on səkkiz) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,484 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar