Məhkəmə qərarları › İş №1(008)-175/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-175/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-175/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Xüsusi ittihamçı X7, müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsill, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X9 xüsusi ittihamçı X11 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, F.A.Qəniyeva 17 yanvar 2025-ci il tarixdə “Tiktok” sosial şəbəkəsində canlı yayım əsnasında “Q_va” istifadəçi adı olan profildən “Miron_551” istifadəçi adlı profilə xüsusi ittihamçı barəsində “amma peysərsən ağzıvada mən vermişən”, məzmunlu təhqiramiz və ədəbsiz sözlər işlədərək sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onları təhqir etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, belə bir etikadan kənar, onun bir kişi olaraq şəxsiyyətini alçaldan, heysiyyatına toxunan cümlənin kimin tərəfindən yazıldığını öyrənmək üçün “Q_va” istifadəçi adı ilə olan profilə yazmış və həmin profilin sahibi X9 olduğunu öyrənmişdir. Sözügedən şəxs onun keçmiş həyat yoldaşı X3 dayısı qızıdır. Fəridə Qəniyeva “TikTok” sosial platformasında “Q_va” istifadəçi adı ilə (@farida9_9 adlı hesab) qeydiyyatdan keçmiş, şəxsi yazışmada ona cavab vermişdir ki, “mənəm Fəridə, gör nə deyirəm bu mənim səhifəmdir, dünən Səbinə mənim səhifəmdən sənə yazıb smslərin yarısını silib, yarısı qalıb” və “Dünən telefonu əlindən ala bilmədim”. Bununla da X9 özü birbaşa etiraf etmişdir ki, “Q_va” istifadəçi adı ilə olan profil ona məxsusdur, lakin yuxarıda qeyd olunan təhqiramiz ifadə ona məxsus profil vasitəsilə X8 tərəfindən yazılmışdır. Lakin o, hesab edir ki, bu Fəridə Qəniyevanın özünümüdafiə xarakterli dediyi bir şeydir, məsuliyyətdən yaxa qurtarmaq üçün təhqiramiz rəylərin başqası tərəfindən yazıldığını bildirir. Çünki mobil telefon şəxsi bir alətdir və sosial şəbəkə profilindən də başqası tərəfindən istifadə edilməsi ağlabatan deyil. Bildirir ki, “TikTok” sosial platformasında “Miron 551” istifadəçi adı ilə olan profil ona məxsusdur, o, həmin profildən özünə, hobbilərinə aid videolar çəkib paylaşır, həmçinin ara-sıra canlı yayımlar açır. Sözügedən profil 5.297 nəfər izləyici profili tərəfindən izlənilməkdədir. O, hər zaman cəmiyyətdə, dostları və çevrəsindəki insanlar tərəfindən nümunəvi, tərbiyəli bir şəxs olaraq tanınmış, həmçinin “TikTok” sosial platformasında da hər zaman əxlaqa və etik normalara uyğun məzmunlu paylaşımlar etmişdir. Yuxarıda qeyd olunan məzmunda təhqiramiz bir rəyin yazılmasını canlı yayımı izləyən şəxslər də müşahidə etmişlər və bu hal ona çox böyük stres yaşatmış, əsəbləri tarıma çəkilmişdir. Bundan başqa, sözügedən “Q_va” istifadəçi adı ilə olan profildən onun canlı yayımını izləyən @zuzununmaması adlı istifadəçiyə də təhqiramiz ifadələr yazmışdır. Həmin rəylərdə də onun ünvanına söyüşlər yazılmağa davam edilmişdir. Bütün bu təhqiramiz ifadələrdən ötrü onun əsəb və stresdən səhhəti pozulmuş, həkimə də müraciət etmişdir. X6 məxsus “Q-va” istifadəçi adı ilə olan “TikTok” profilindən istifadə edilməklə ünvanına əxlaqsız və təhqiramiz ifadə yazılması sözügedən şəxs tərəfindən şəxsiyyətini təhqir etmək və onu izləyən şəxslər qarşısında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdmüşdür. Bu hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “Təhqir” əməlinin tərkibini yaratmışdır. Bu da bir daha təsdiqləyir ki, X9 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. “TikTok” sosial platformasında olan canlı yayıma yazılmış rəyin, eləcə də X9 tərəfindən sözügedən təhqiramiz cümlənin X3 yazmasını deməsi barədə ekran görüntüləri şikayətə əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X11 şikayəti müdafiə edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X9 xüsusi ittihamçın onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, X11 onun bibisi qızının keçmiş həyat yoldaşıdır. Əvvəllər Əli ilə olan münasibəti yaxşı olsa da, lakin bibisi qızı ilə aralarındakı nikah pozulduğu üçün münasibət dəyişmiş və ədavət yaranmışdır. xx.xx.2025-ci il tarixdə “Tiktok” sosial şəbəkəsində olarkən Əliyə məxsus “Miron_551” istifadəçi adlı profilin canlı yayımına girmiş və orada Əlinin izləyiciləri ilə söhbət etdiyini görmüşdür. O da Əliyə qarşı aqressiv olduğu üçün şikayətdə qeyd edilən sözləri yazsa da, məqsədi Əlini təhqir etmək olmamışdır. O, bu sözləri adi söz kimi işlətmişdir və hesab edir ki, həmin sözlər şərəf və ləyaqəti alçaldan ifadələr deyil. Sonda təqsirləndirilən şəxs X9, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X9 ünvan 2 ünvanında qeydiyyatadır. Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışın “Məhkumlar və həbs edilmiş şəxslər barədə məlumatlar” bölümündən görünür ki, X5 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “TikTok” sosial şəbəkəsində açılan canlı yayımdan qeydə alınmış ekran görüntüsündən görünür ki, “Q_va” istifadəçi adlı profildən “Miron_551” istifadəçi adlı profilin ünvanına “amma peysərsən ağzıvada mən vermişəm” rəyi yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2025-ci il tarixli, 4/924 nömrəli rəyindən görünür ki, mətnlərin linqvoüslubi baxımdan təhlili göstərir ki, ekspertizaya təqdim olunmuş nitq materiallarında X10 aid edilərək işlədilən ifadələr olduqca kəskin və aşağılayıcı çalara malik olması ilə diqqət çəkir. Odur ki, bu məlumatlar aid edildiyi şəxsin şərəf və ləyaqətinin ləkələnməsinə, şəxsiyyətinin mənfi qiymətləndirilməsinə, insanlar arasında nüfuzdan salınmasına səbəb olur. Şərəf qanunvericiliklə qorunan şəxsi, qeyri-əmlak xarakterli mənəvi keyfiyyət olmaqla şəxsiyyətin sosial normalara uyğun davranışı, insanın sosial cəhətdən müsbət qiymətləndirilməsi, onun haqqında formalaşan ictimai fikirlə, ləyaqət isə şəxsiyyətin özünün şəxsi keyfiyyətlərini dəyərləndirmə sistemi ilə bağlı mənəvi keyfiyyətdir. Linqvistik ekspertizaya təqdim olunmuş mətndə Əli Əhmədov ilə bağlı nəqativ semantikaya malik məlumatın mövcudluğunu, bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımdan yanaşdıqda təqdim olunmuş mətndə onun şərəf və ləyaqətini ləkələməyə xidmət edən aşağıdakı məlumatlar mövcuddur: -Peysər - is.[fars.] Başın arxa tərəfi [Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, Şərq-Qərb. 2006] - kimi izah olunsa da, son zamanlarda el arasında invektiv leksikona daxil olmuş ifadə kimi “namussuz, qeyrətsiz” mənasında işlənir. Qeyd olunan mətndə “amma peysərsən ağzıvada mən vermişəm” ifadələrində nəzərdə tutulan fikir son dərəcə nalayiq xarakterə malik olub, onun şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən məlumatlardır. İstifadəçi tərəfindən ifadə olunanların tərzi və ardıcıllığı adresatı təhqir etmək niyyətini aydınlaşdırır. Tədqiqat materialının linqvistik təhlilindən görünür ki, materialda öz əksini tapmış informasiya bütövlükdə və birmənalı olaraq yönəldiyi şəxsə qarşı açıqdan-açığına aşağılayıcı və mənfi münasibət sərgiləmək yönündə ifadə olunmuşdur. Ekspertiza üçün təqdim edilən materialda invektiv leksikanın formalarından biri sayılan məişət-danışıq səviyyəsində invektiv ifadələr işlədilmişdir. Linqvistik ekspertizaya təqdim olunmuş materialda cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normalarının pozulması ilə müşayiət olunan etik normalardan kənar və ictimai yerlərdə işlənməsi, dilə gətirilməsi məqbul sayılmayan ifadələr yer almışdır. Beləliklə, ekspertizaya təqdim olunan mətndə verilmiş məlumatlar mənfi dəyərləndirmə təəssüratı yaratmaqla X7 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, cəmiyyətdə, insanlar arasında nüfuzadan salan söz və ifadələr hesab edilir. Ekspertizaya təqdim olunmuş “Tiktok” sosial şəbəkəsində 17 yanvar 2025-ci il tarixdə X11 özünə məxsus “Miron_551” isitfadəçi adı olan profilindən canlı yayım açdığı zaman videonun altındakı rəylər hissəsində X6 məxsus “Q_va” profilindən Fəridə Qəniyeva tərəfindən yazılmış ifadələr X7 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, cəmiyyətdə, insanlar arasında nüfuzdan salan məlumatlar hesab olunur. Beləliklə, təqsirləndirilən şəxs X9 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş fotoşəkillərdən və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, öz mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Məhkəmə bildirir ki, qanunverici şərəf və ləyaqətin məhz nalayiq formada alçaldılmasını təhqir anlayışı ilə əhatə edir və formalaşmış hüquqi mövqe bundan ibarətdir ki, təhqiredici hərəkətin nalayiq olub-olmaması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində əsasən, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin Qərarın 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Təhqirlə bağlı ittiham tərəfinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qeyd edir ki, “Q_va” istifadəçi adlı profildən “Miron_551” istifadəçi adlı profilə xüsusi ittihamçı barəsində “amma peysərsən ağzıvada mən vermişən”, məzmunlu təhqiramiz və ədəbsiz sözlər yazılmışdır. X1 nümayiş etdirilən internet informasiya ehtiyatında – “TikTok” sosial şəbəkəsində yaydığı yazılarda xüsusi ittihamçı X7 şərəf və ləyaqətini nalayiq formada alçaldıb-alçaltmadığını müəyyən etmək üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 1(008)- 175/2025 saylı qərarı ilə iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2025-ci il tarixli, 4/924 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan mətndə verilmiş məlumatlar mənfi dəyərləndirmə təəssüratı yaratmaqla X7 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, cəmiyyətdə, insanlar arasında nüfuzadan salan söz və ifadələr hesab edilir. Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyini işin digər faktiki halları ilə məcmu şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X5 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi mövcuddur, o cümlədən “Q_va” istifadəçi adlı profildən “Miron_551” istifadəçi adlı profilə xüsusi ittihamçı barəsində “amma peysərsən ağzıvada mən vermişən”, məzmunlu təhqiramiz və ədəbsiz sözlər xüsusi ittihamçı X7 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar hesab olunmalıdır. Məhkəmə, bundan başqa qeyd edir ki, xüsusi ittihamçı X7 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar, yayılmış məlumatlardır. Belə ki, həmin məlumatlar kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, yəni “TikTok” sosial şəbəkəsi tərəfindən tanınmış “Q_va” profili adı altında yayılmışdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlarla tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X9 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X5 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X6 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X5 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X6 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi, ümumilikdə 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat X4 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar