Məhkəmə qərarları › İş №1(008)-18/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-18/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-18/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikasının Quqarx rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Yaris» markalı, «az ** LZ ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində yerləşən «Bolmart» marketin yaxınlığında hərəkətdə olduğu zaman həmin ünvanda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai Sonata» markalı, «az ** UT ***» dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə toxunduğuna görə avtomobili saxlayıb düşərək ictimai yerdə Zərərçəkmiş şəxsla uca səslə mübahisə edib onun idarə etdiyi avtomobilə yol verməməsini cüzi səbəb kimi bəhanə edib qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə insanlar arasında bərqərar olmuş davranış qaydalarını, etik normaları, yəni ictimai qaydanı kobud surətdə pozub, həmin ünvanda avtomobil və piyada formada hərəkətdə olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesində yerləşən «Bolmart» marketin yaxınlığında Zərərçəkmiş şəxs qəsdən yumruqla zərbə endirib, ona sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması, əzilmiş yarası və subkonyuktivaya qansızma kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, habelə burun sümüyünün yerinidəyişən qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarət yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi «Toyota Yaris» markalı, «az ** LZ ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə dostu Nadir ilə Nardaran qəsəbəsi istiqamətində hərəkət etmişlər. Yol üstü Nadirin sevgilisi Elviranı Sabunçu qəsəbəsində yerləşən avtobus dayanacağından götürəcəkdilər. Elvira onun idarə etdiyi avtomobilə əyləşmişdir. Özü, Nadir və Elvira Nardaran qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olduqları zaman «Hyundai Sonata» markalı avtomobilin sürücüsü avtomobil ilə onun idarə etdiyi avtomobili sıxmışdır. Qəsdən idarə etdiyi avtomobil ilə sürücüsünü sonradan öyrəndiyi hərbi formada olan Vüqarın idarə etdiyi avtomobilin güzgüsündən vurmuşdur. Bundan sonra hər ikisi avtomobili yolun sağ hissəsinə vermişlər və aşağı enərək söhbət etməyə başlamışlar. Bu zaman Vüqar onu təhqir edərək «sən evdə özün üçün yatdığın zaman, mən müharibədə iştirak edirdim» demişdir. O, cavab olaraq «mən də Vətən müharibəsində iştirak etməyə hazıram» deyə bildirmişdir. Bundan sonra Vüqar onu təhqir etməyə davam etmişdir və əsəbini cilovlaya bilməyərək sağ əli ilə yumruq zərbəsini Vüqarın sol gözətrafı daxil olmaqla burun nahiyəsinə vurmuşdur. Bundan sonra mübahisəyə toplanmış insanlar onları aralamışdır. Baş vermiş mübahisəyə ətrafda toplanmış insanlar baxmışdır. Həmin insanlardan tanımadığı 4 nəfər onları ayırmışdır. İnsanlar onları ayırdıqdan sonra idarə etdiyi avtomobilə əyləşərək hadisə yerini tərk etmişdir. Vüqar idarə etdiyi avtomobil ilə onun arxası ilə gəlmişdir. Vüqar nə qədər onun arxası ilə gəlsə də Vüqarı azdırmağı bacarmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində qərargah bölük komandiri vəzifəsində, kapitan rütbəsində xidmət edir. 23 oktyabr 2021-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsində özünə məxsus «Hyundai Sonata» markalı, «az ** UT ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə doğru yəni, Maştağa qəsəbəsi istiqamətində hərəkət etmişdir. Markasını, dövlət qeydiyyat nişanını və sürücüsünü sonradan öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Yaris» markalı, «az ** LZ ***» dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə astaca toxunaraq öz yolunu getməyə davam etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Yaris» markalı, «az ** LZ ***» dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində yerləşən «Bolmart» marketin yaxınlığında sağ kənarda saxlamışdır. Öz idarə etdiyi «Hyundai Sonata» markalı, «az ** UT ***» dövlət qeydiyyat nişanlı avtomobili Ümüdün avtomobilinin sol yan hissəsində saxlamışdır. Avtomobilin şüşəsini aşağı endirərək Ümüdə «sən neynirsən?» demişdir. Ümüd isə ona cavab olaraq kobud formada «işinlə məşğul ol» bildirmişdir. Bir zabit kimi bu söz ona pis təsir etmişdir. Ümüdə «avtomobildən aşağı düş, söz deyəcəm» söyləmişdir. Bundan sonra Ümüd avtomobildən aşağı düşmüşdür. Ümüdə «sən görürsən ki, mən formadayam və sən mənimlə kobud danışırsan, mən bir çox döyüşlərdə iştirak etmişəm» demişdir. Ümüd onun bu sözlərinə ironiya ilə cavab verərək təhqiredici sözlər işlətmişdir. Səs tonunu yüksəldərək onu təhqir etməməsini bildirmiş və Ümüdə acıqlaqmışdır. Lakin Ümüd qəflətən sağ əlini yumruq şəklinə gətirərək sol gözətrafı daxil olmaqla burun nahiyəsinə bir tək yumruq zərbəsi endirmişdir. Ətrafda olan insanlar və Ümüdün yanında olan bir nəfər kişi cinsindən olan şəxs onları ayırmışdır. Baş vermiş mübahisə zamanı çoxlu insanlar onlara tamaşa etmişdir. Mübahisə yeri avtomobil və piyadaların hərəkət etdiyi küçə olmuşdur. Onu ancaq Ümüd vurmuşdur. Ümüddən başqa onu vuran olmamışdır. Ümüd idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə dəyməsi nəticəsində avtomobilə heç bir maddi ziyan dəyməmiş, sol yan güzgüdə heç bir əzilmə olmamışdır. Güzgü güzgüyə dəydiyi zaman səs eşitmişdir. Ümüd onu hərbi formada olduğu zaman vurduğu üçün insanlar onları ayırdıqdan sonra avtomobil ilə Ümüdün idarə etdiyi avtomobili təqib etmişdir. Nə qədər Ümüdün arxası ilə getsə də ona çata bilməmişdir. Son çarə kimi polisə müraciət etmişdir. Hal-hazırda o təqsirləndirilən şəxslə barışmışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində avtoyuyucu kimi işlədiyi Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində yolun kənarında yerləşən avtoyuma məntəqəsinin qarşısında olduğu zaman yolun kənarında iki avtomobilin dayanmasını və sürücülərin mübahisə etməsini görmüşdür. Həmin sürücülərdən biri hərbi formada olmuşdur. Onların arasında mübahisənin şiddətlənməsini və sürücünün birinin digərini vurduğunu görmüşdür. Sürücülərdən vurulan hərbi formada olmuşdur. Hərbi formada olan sürücünü vuran şəxsin idarə etdiyi avtomobil gümüşü rəngdə olmuşdur. Özü və ətrafda olan insanlar onları ayırdıqdan sonra hər ikisi avtomobilinə əyləşərək onların olduqları yerdən uzaqlaşmışdırlar. Onu Bakı şəh., Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Yaris» markalı, «az ** LZ ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Nardaran qəsəbəsi istiqamətində hərəkət etmişlər. Yol üstü onun tanışı yalnız adını bildiyi Elviranı Sabunçu qəsəbəsində yerləşən avtobus dayanacağından götürəcəkdilər. Elvira Ümüdün idarə etdiyi avtomobilə əyləşmişdir. Özü, Ümüd və Elvira Nardaran qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olduqları zaman «Hyundai Sonata» markalı avtomobilin sürücüsü avtomobil ilə Ümüdün idarə etdiyi avtomobili sıxmağa başlamışdır. Ümüd idarə etdiyi avtomobil ilə sürücüsünü sonradan öyrəndiyi hərbi formada olan Vüqarın idarə etdiyi avtomobilin güzgüsündən vurmuşdur. Bundan sonra Ümüd və Vüqar avtomobili yolun sağ hissəsinə vermişlər. Aşağı enərək söhbət etməyə başlamışlar. Bu zaman Vüqar Ümüdü təhqir edərək demişdir ki, «sən evdə özün üçün yatdığın zaman mən müharibədə iştirak edirdim». Ümüd cavab olaraq demişdir ki, «mən də Vətən müharibəsində iştirak etməyə hazıram». Özü Vüqara demişdir ki, «cənab kapitan, Siz bizə nümunə olmalısız». Bundan sonra Vüqar Ümüdü təhqir etməyə davam etmişdir. Ümüd əsəbini cilovlaya bilməyərək sağ əli ilə yumruq zərbəsini Vüqarın sol gözətrafı daxil olmaqla burun nahiyəsinə vurmuşdur. Özü və mübahisəyə toplanmış insanlar Ümüd və Vüqarı aralamışdır. Baş vermiş mübahisəyə ətrafda toplanmış insanlar baxmışdır. Həmin insanlar Ümüd və Vüqarı ayırmışdır. Ümüd Vüqarı vurduğu zaman Vüqar hərbi formada olmuşdur. İnsanlar Ümüd və Vüqarı ayırdıqdan sonra Ümüdün idarə etdiyi avtomobilə əyləşərək hadisə yerini tərk etmişlər. Vüqar idarə etdiyi avtomobil ilə onların arxası ilə gəlmişdir. Vüqar nə qədər onların arxası ilə gəlsə də Vüqarı azdırmağı bacarmışlar. Özü Vüqarı və ya başqa bir şəxsi vurmamışdır, ancaq Ümüd və Vüqarı sakitləşdirməyə çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1723 saylı, 27 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs burun dəlikləri vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən, qapalı sınığı, sol gözyuvasıətraf nahiyənin dərialtı hematoması və əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 23 oktyabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş T 17/2022 saylı, 25 yanvar 2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerinidəyişən qapalı sınığı, sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması və əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən 23 oktyabr 2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə burun sümüyünün yerinidəyişən qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sol gözyuvası ətraf nahiyənin dərialtı hematoması, əzilmiş yarası və subkonyuktivaya qansızma isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 24 oktyabr 2021-ci il tarixli, 1723 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Ekspertiza zamanı tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli 07 saylı əmri ilə qüvvəyə minmiş sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertiza qaydalarına söykənir. Belə ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlə əlaqədar 26.10xx.xx.2021-ci il tarixədək MN-in Baş Klinik Hospitalında stasionar müalicədə olunduğundan əmək qabiliyyətini 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirdiyindən onda aşkar edilmiş xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 yanvar 2022-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib, 06 ay, 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 03 aprel 2020-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilmə və xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikmə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Beləliklə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik d ərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 03 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,38). Cinayət işinin materiallarında olan 05 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,53). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəmsinin 4(008)879/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «03» noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (səh.,69). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəmsinin 4(008)950/2021 saylı, 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz olunmuşdur (səh., 91). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun dəfələrlə əvvəllər məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdən «həbsdə», 27 noyabr 2021-ci il tarixdən «ev dustaqlığında» olduğu müddət nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 163.1-ci maddsinə əsasən «ev dustaqlığı» qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Həmin Məcəllənin 163.4-cü maddəsinə əsasən «ev dustaqlığı», onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o dərhal məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli «03» noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsinə əsasən «01» (bir) il müddətinə, Cinayət Məcəlləsinin 221.1-ci maddəəsinə əsasən «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «05» (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «03» noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirdləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar