Məhkəmə qərarları › İş №1(008)-180/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-180/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-180/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 avqust 2022-ci il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalan ünvanında yerləşən 265 nömrəli yaşayış olmayan bağ evinin həyətinə hasardan aşaraq, daha sonra isə evə qanunsuz daxil olub, oradan 01 ədəd 80 manat dəyərində “Karma” markalı su motorunu, 01 ədəd 30 manat dəyərində “Karma” markalı su motorunu, hər biri ayrılıqda 90 manat, ümumi dəyəri 180 manat olan 02 ədəd Rusiya istehsalı olan samovarları, 01 ədəd 100 litrlik 50 manat dəyərində alüminium materialdan olan su çənini, 01 ədəd 15 manat dəyərində İran istehsalı olan 10 litrlik qaz balonunu, 02 ədəd ümumi dəyəri 20 manat dəyərində Rusiya istehsalı olan elektrik sobasını, 03 ədəd ümumi dəyəri 15 manat olan baltanı, 25 manat dəyərində 25 metr uzunluqda 2,5-lik elektrik naqilini və 03 ədəd 40 manat dəyərində 8-lik dəmir boruları gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 455 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbsdən azad olunduqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamış, ilk vaxtlar işi olduğu üçün narkotik vasitələri rahatlıqla əldə etmiş, lakin, sonradan işsiz qaldığı üçün narkotik vasitələri əldə etməkdə çətinlik çəkmişdir. O, narkotik vasitə əldə etmək üçün rabitə kabellərini kəsərək onları satmağı qərara almışdır. Bu məqsədlə, 12 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalan ərazisində gəzərək oğurluq etmək üçün uyğun olan ev axtarmağa başlamış, bir müddət sonra yaşayış olmayan bağ evi müəyyən edərək həmin evdən oğurluq etməyi qərara almışdır. O, ilk öncə ətrafda heç kəsin olmadığını müəyyən etmiş, daha sonra hasardan aşaraq Zərərçəkmiş şəxs məxsus bağ evinin həyətinə enmişdir. Həyəti bir qədər axtardıqdan sonra satacaq əşya tapa bilməmiş, bu səbəbdən evə daxil olaraq oradan oğurluq etməyi qərara almışdır. O, evin qapısına yaxınlaşmış, həmin vaxt, mətbəxin nəfəsliyinin açıq olduğunu görərək həyətdə olan nərdivan vasitəsi ilə nəfəslik yerindən evə daxil olmuşdur. O, mətbəxdə olan 02 ədəd samovarı, 02 ədəd su nasosunu, 10 litr həcmli qaz balonunu, 02 gözlü elektrik sobasını, 03 ədəd baltanı, 03 ədəd dəmir borunu və 25 metr elektrik naqilini götürərək mətbəxin qapısını içəridən açıb onları evin kənarına toplamış, daha sonra evin həyətində olan 100 litr həcmli alüminium çəni də götürərək oradan uzaqlaşmışdır. 13 avqust 2022-ci il tarixdə oğurladığı əşyaları “Qazel” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən metal qəbulu məntəqələrindən birinə 150 manat müqabilində satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Törətdiyi əməldən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalan ünvanında yerləşən 265 nömrəli bağ evi ona məxsusdur. Ona məxsus bağ evində daimi yaşayış olmamasına baxmayaraq, o, oğurluq hallarının baş verməməsi üçün mütəmadi olaraq bağ evinə gedərək nəzarət etmişdir. O, 13 avqust 2022-ci il tarixdə, saat 12 radələrindən özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 11-ci dalan ünvanında yerləşən 265 nömrəli bağ evinə getmiş, qapını açarla açaraq həyətə daxil olmuşdur. Evin mətbəxinin qapısının açıq vəziyyətdə olduğunu görərək, evdən oğurluq edildiyini düşündüyü üçün evə baxış keçirmiş, baxış zamanı 01 ədəd 80 manat dəyərində “Karma” markalı su motorunun, 01 ədəd 30 manat dəyərində “Karma” markalı su motorunun, hər biri ayrılıqda 90 manat, ümumi dəyəri 180 manat olan 02 ədəd Rusiya istehsalı olan samovarların, 01 ədəd 100 litrlik 50 manat dəyərində alüminium materialdan olan su çəninin, 01 ədəd 15 manat dəyərində İran istehsalı olan 10 litrlik qaz balonunun, 02 ədəd ümumi dəyəri 20 manat dəyərində Rusiya istehsalı olan elektrik sobasının, 03 ədəd ümumi dəyəri 15 manat olan baltanın, 25 manat dəyərində 25 metr uzunluqda 2,5-lik elektrik naqilinin və 03 ədəd 40 manat dəyərində 8-lik dəmir boruların oğurlandığını müəyyən etmişdir. O, baş vermiş oğurluq faktı ilə bağlı polisə məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra izahat və ərizəsi alınmışdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona ümumilikdə 455 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Biləh qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır və yaşadığı evin yaxınlığında metal qəbulu məntəqəsi işlədir. 2022-ci ilin avqust ayında metal qəbulu məntəqəsində olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “Qazel” markalı avtomobilin yük yerində olan əşyaları göstərərək özünə məxsus olduğunu, yenilərini alacağı üçün satmaq istədiyni bildirmişdir. O, “Qazel” markalı avtomobilin yük yerində olan əşyalara baxdıqdan sonra həmin əşyaları 100 manat müqabilində ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşdıqdan sonra “Qazel” markalı avtomobilin yük yerində olan əşyaları ona məxsus metal qəbulu məntəqəsinə yığmışdır. O, “Qazel” markalı avtomobilin sürücüsünü və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aldığı əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Cinayət işinin 74-87-ci vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-737/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 aprel 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli tutulduğu 07 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 103-107-ci vərəqəsində olan 14 dekabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini düzgünlüyü və dəqiqliyi yoxlanılmaq məqsədi ilə ifadəsi onun iştirakı ilə hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 71-73-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Şahbazov X1 Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 62 və 66.3-cü maddələri ilə təqsirli bilinib şərti misli vahidinin 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,177.2.1, və 29,177.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə və zərərçəkmiş şəxsin ifadəsi, digər iş materialları ilə onun yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli cinayət işi üzrə azadlığının 30 aprel 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-213/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar