Məhkəmə qərarları › İş №1(008)-182/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-182/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-182/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində dibçəklərdə əkib onlara aqrotexniki qaydada qulluq göstərək qanunsuz olaraq ümumi sayı 07 (yeddi) ədəd, çəkisi 1200 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, həmçinin həmin bitkilərin hissələrindən toplayıb qurudmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında təmiz çəkisi 4,678 qram olan kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 19:40 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən “Xaş Xaş 2022 tədbirlər planına” əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində axtarış aparılarkən dibçəklərdə olmaqla ümumi sayı 07 (yeddi) ədəd, çəkisi 1200 qram, xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kultivasiya olunması aşkar edilərək çıxarılıb götürülmüş, həmçinin həmin evin mətbəx otağından əkib yetişdirməklə kultvasiya etdiyi tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə bitkilərinin hissələrindən toplayıb qurudmaqla qanunsuz olaraq hazırladığı şəxsi istehlak miqdarında təmiz çəkisi 4,678 qram olan kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir və narkotik vasitəni tanımadığı şəxslərdən alır. Bir neçə ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsi ilə gedərkən yerdən bir ədəd kağız bükümdə 7 ədəd çətənə bitkisinin toxumlarını tapmış və həmin bükümdəki toxumları əkərək onlara qulluq etməklə narkotik vasitə qurudulmuş marixuanaya olan tələbatını ödəmək qərara almışdır. O, tapdığı toxumların hər birini ayrı-ayrı dibçəklərə basdırmaqla həyətindəki istixana ilə həyət hasarının arasındakı boş əraziyə yerləşdirmiş, mütəmadi olaraq əkdiyi toxumlara inkişaf etmələri üçün qulluq etmişdir. Təxminən 2 ay sonra əkərək qulluq etdiyi toxumlar inkişaf edərək 80-110 sm hündürlüyə çatmış, o, çətənə bitkisinin yarpaqlarını dərərək qurutmuş, şəffaf sellofana yığaraq yaşadığı evin mətbəxində gizlətmişdir. 26 iyul 2022-ci il tarixdə, saat 19:00 radələrində o, yaşadığı evin yaxınlığında, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Dəniz küçəsində olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu RPİ-nin 14-cü PB-nin polis əməkdaşları olduqlarını bildirərək onu Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, polis bölməsinin inzibati binasında o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilib hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Ona yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin əkilməsi bağlı onlara məlumat daxil olduğu, məlumatın yoxlanılması məqsədi ilə həyətyanı sahəyə baxış keçirilməsi zərurəti yarandığını bildirmişdir. O, baxışın keçirilməsinə etirazı olmadığını bildirərək buna dair ərizə təqdim etmiş, baxış zamanı, müdafiəçinin iştirakına zərurət olmadığını bildirmişdir. Bundan sonra, o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana yollanmış, polis əməkdaşları tərəfindən dəvət olunmuş aqronomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ondan yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-əkmədiyi soruşulmuş, əkdiyi halda yerini könüllü şəkildə göstərməyi təklif edilmişdir. Bundan sonra o, evinin həyətyanı sahəsində istixana ilə həyət hasarını arasında yerləşdirdiyi hər birində 1 ədəd olmaqla 7 ədəd dibçəklərdə yetişdirdiyi çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun yaşadığı fərdi evə də baxış keçirilmiş, baxış zamanı yaşayış evinin mətbəxində saxladığı 01 ədəd şəffaf sellofana yığdığı çətənə bitkisinin qurudulmuş yarpaqları aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi və oradan əkilmiş çətənə bitkilərinin aşkar olunub götürülməsinə dair protokol tərtib olunaraq baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 14-cü PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün, yəni, 26 iyul 2022-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin 14-cü PB-yə dəvət edilmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Ona yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin əkilməsi bağlı onlara məlumat daxil olduğu, məlumatın yoxlanılması məqsədi ilə həyətyanı sahəyə baxış keçirilməsi zərurəti yarandığını bildirilmiş, Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazı olmadığını bildirərək buna dair ərizə təqdim etmiş, baxış zamanı, müdafiəçinin iştirakına zərurət olmadığını bildirmişdir. Bundan sonra birlikdə yaşadığı ünvana yollanılmış, daha sonra polis əməkdaşları tərəfindən aqronom mütəxəssisin iştirakı ilə ondan fərdi evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ondan yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-əkmədiyi soruşulmuş, əkdiyi halda yerini könüllü şəkildə göstərməyi təklif etmişlər. Bundan sonra o, həyətyanı sahəsində istixana ilə həyət hasarını arasında yerləşdirdiyi hər birində 1 ədəd olmaqla 7 ədəd dibçəklərdə yetişirdiyi çətənə bitkilərini təqdim etmişdir. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı fərdi evə də baxış keçirilmiş, baxış zamanı yaşayış evinin mətbəxində saxladığı 01 ədəd şəffaf sellofana yığdığı çətənə bitkisinin qurudulmuş yarpaqları aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün tərəflərindən polietilen torbalara yığılaraq möhürlənərək götürülmüş, buna dair protokol tərtib edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PB-nin əməkdaşı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 7-ci vərəqəsində olan 26 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 35-36-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin həyətdə istixana ilə daş hasarın arasında yerləşdirilən 7 ədəd dibçəklərin hər birində bir ədəd olmaqla təxminən 30-110 sm arasında müxtəlif ölçülərdə yaşıl rəngli bitkilər aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmış, axtarış zamanı mənzilin mətbəx otağından bir ədəd şəffaf sellofana bükülü halda qurudulmuş marixuanan bənzər bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 37-ci vərəqəsində olan 26 iyul 2022-ci il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəyə tərəfindən aqronomik baxış keçirilərkən fərdi evin həyətində dibçəklərdə əkilmiş 30-110 sm müxtəlif hündürlüklərdə 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunduğu müəyyən edilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 56-57-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2022-ci il tarixli, 7/831 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 07(yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1200,0 qram olan bitkilər, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Vət. Təqsirləndirilən şəxs Əlizahib oğlunun yaşadığı evin mətbəx otağından götürülmüş təmiz çəkisi 4,678 qram olan kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana və yeddi ədəd çətənə bitkiləri tərkibinə görə eynidirlər. Tədqiqata sərf edildikdən sonra marixuananın qalıq çəkisi 4.658 qram, çətənə bitkilərinin qalıq çəkisi 1199.55 qramdır. Cinayət işinin 75-78-ci vərəqələrində olan 28 iyul 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin Əli Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan 28 iyul 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-101-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 19 oktyabr 2022-ci il tarixli, 6139 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-114-cü vərəqəsində olan 20 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1199.55 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmçinin həmin evin mətbəxindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 4.658 qram olan marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 105-106-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailəni dolandıran yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 1199.55 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 4.658 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 1199.55 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 4.658 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar