Məhkəmə qərarları › İş №1(008)-183/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-183/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-183/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,978 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 1,311 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış massivinədək daşımış, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30-da həmin ərazidə yaşadığı evin yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxardığı şəffaf sellofan torbadan içərisində ayrıayrılıqda təmiz çəkisi 0,150 qram, 0,233 qram, 0,187 qram, 0,160 qram, 0,172 qram, 0,076 qram olmaqla ümumi təmiz çəkisi 0,978 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan 06 ədəd gümüşü rəngli bükümlər, içərisində ayrı-ayrılıqda təmiz çəkisi 0,216 qram, 0,171 qram, 0,089 qram, 0,177 qram, 0,088 qram, 0,056 qram, 0,104 qram, 0,137 qram, 0,109 qram, 0,066 qram, 0,098 qram olmaqla ümumi təmiz çəkisi 1,311 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan 11 ədəd gümüşü rəngli bükümlər və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Narkotik vasitə və psixotrop maddələrdən bir neçə müddətdir istifadə edir. O, 22 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu «Sovetski» adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 35 manat müqabilində 9-10 büküm narkotik vasitə və pzixotrop maddə almışdır. Həmin gün saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış massivində, yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərəsində bükümlər olan şəffaf sellofan torbanı, 01 ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş içərisində narkotik vasitə və psixotrop maddə olan bükümlər, 01 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. O, şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməmiş, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmamışdır. Polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, elektron tərəzini özünün gündəlik istehlak normasını tənzimləmək və narkotik vasitə alarkən aldanmaması üçün istifadə etmişdir. O, əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat qrupu yaradılmış, o, qrup rəhbəri, Şahid2 Suliddin oğlu qrup üzvü təyin edilmişdir. 22 avqust 2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi. Sovxoz Ramana yaşayış massivinədə Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar olaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis Şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz olmadığını bildirdikdən sonra, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 17 ədəd gümüşü rəngli büküm və 01 ədəd elektron tərəzi aşkar olunuraq götürülmüşdür. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin Cinayət-Axtarışı üzrə kiçik inspektoru Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 8-ci vərəqəsində olan 22 avqust 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqəsində olan 22 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 17 ədəd gümüşü rəngli büküm və 01 ədəd elektron tərəzi aşkar olunuraq götürülmüşdür. Cinayət işinin 33-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 34-35-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2/2-6/4495 nömrəli, 23 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 06 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,150 qram, 0,233 qram, 0,187 qram, 0,160 qram, 0,172 qram, 0,076 qram ümumi təmiz çəkisi 0,978 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,216 qram, 0,171 qram, 0,089 qram, 0,177 qram, 0,088 qram, 0,056 qram, 0,104 qram, 0,137 qram, 0,109 qram, 0,066 qram, 0,098 qram ümumi təmiz çəkisi 1,311 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1.091 qram, psixotrop maddə metamfetaminin qalıq çəkisi 0.858 qramdır. Cinayət işinin 73-74-cü vərəqəsində olan 24 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi İlqar Həmidovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 75-76-cı vərəqəsində olan 24 avqust 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan 24 avqust 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan 24 avqust 2023-cü il tarixli mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq gütürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonun yaddaşındakı fayllara baxış keçirilmiş, lakin, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hanı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan 24 avqust 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.091 qram olan heroin və 0.858 qram psixotrop maddə metamfetamin və elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 114-115-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 7271 nömrəli, 06 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 86-87-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işi materiallarıda olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-183/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2022-cii il tarixdən xx.xx.2023-cü il tarixədək kimin adına və hansı müddətdə aktiv balansda olması, həmin dövrdə qeyd olunan mobil telefonlardan hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması, həmin nömrənin kimlərə məxsus olması barədə məlumatlar, həmçinin həmin nömrə olan mobil telefona daxil və xaric olmuş SMS mətnləri və anten dairəsi barədə məlumatların əldə edilməsi qərara alınmışdır. Cinayət işi materiallarıda olan Bakcell MMC-nin BKC/LGL-4831/20 nömrəli, 27 mart 2024cü il tarxili məktubu birlikdə məhkəməyə daxil olmuş 01 ədəd CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə digər GSM nömrələri arasında «Xalamoglu bir partiya keçə bilerem oyana», «Menem əhliman qaqa yarım qramla var eleli verirsen istiyen var yarı»,«qram pulu nedi verirler Varsa xeber ele bilim», «Qaqas.imkan.varsa.gelim.mene.bew.tocka.veresen.berk agriyiram», «Gel vatsapa qardaş» məzmunlu sms yazışmalar aparılmşdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdara narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlayıb daşıması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadə üçün əldə etdiyini.......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, həm psixotrop maddənin həm də narkotik vasitənin cəmi 17 bükümdə olması, təqsirləndirilən şəxsin mobil telefonuna daxil olmuş SMS mətnləri, üzərindən elektron tərəzinin aşkar edilməsi və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin bükümlərinin sayı, onun istifadəsində olmuş mobil nömrələrə daxil olan sms-lərin məzmunu, şahid ifadələri və digər hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin deyil, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi çəkisi 1,091 qram narkotik vasitə heroin və ümumi qalıq çəkisi 0,858 qram psixotrop maddə metamfetamin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1,091 qram narkotik vasitə heroin və ümumi qalıq çəkisi 0,858 qram psixotrop maddə metamfetamin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar