Məhkəmə qərarları › İş №1(008)-185/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-185/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-185/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx xxxxxx 2008-ci ildə Beyləqan rayonu, Tatalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 və Şahid1 ilə bir qrup şəxs halında 03 fevral 2023-cü il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən “Halal” marketin qarşısında özlərinin müstəsna şəxsiyyət olmasını və digərlərindən əsaslı fərqlənmələriini təsdiq etmək niyyəti ilə insanların çoxluq təşkil etdiyi, ictimai yerdə ətrafdakıların gözü qarşısında heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına kobud ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qarşısını kəsib əsassız olaraq bir daha bu ünvandan keçməməsini tələb edərək Şahid2 sağ yumruğu ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən, vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hemotaması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Şahid1 üst dodaq nahiyəsindən vuraraq üst dodağın qançırı və əzilmiş səthi yarası kimi, özü isə sol təpəənsə nahiyəsindən vuraraq sol təpə-ənsə nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, hadisə axşam çağı baş vermişdir, o hazırlıqdan çıxanda Turalla rastlaşmış, Tural ona demişdir ki, gəl oturaq çay içək, o da Turalla çay içməyə getmiş, Tural Elcanı yanına çağırıb siqaret istəmişdir. Elcan Turala “get al cibinə qoy” kimi bir cavab vermiş, onunla sərt danışmışdır. Bir az danışandan sonra Tural Musanı çağırmış, Musa Elcanı vurmuşdur, Elcan da Musanı vurmuşdur. Onlar dalaşandan sonra Tural davaya qarışmış, o, ilk olaraq davaya qarışmamış, araya girsə idi ona da yumruq dəyəcəyini düşünmüş, ona görə də kənarda durub baxmışdır, Tural Elcanı təpiklə arxadan vuranda Tural onun arxasına keçmiş, o da Elcanı itələmiş və qaçmışdır, ama Elcan yerə yıxılmamışdır, Elcan o qaçandan sora arxasınca gəlmiş, onu yerə yıxmışdır,davadan sonra tanımadığı bir kişi gəlib onlara demişdir ki, onları polisə verəcəklər, onlar da oradan qaçmış, dava Tural, Musa və Elcan arasında baş vermiş, nə onun nə də Tural və Musada bıçaq olmamışdır, Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Musanı əvvəlcədən tanımamış, hadisə zamanı tanımışdır. O, dava zamanı Elcana xəsarət yetirməmişdir. Elcanı əvvəlcədən tanımamış, Tural ondan siqaret istəmiş, Elcan vermədi deyə dava düşmüşdür, Elcanın əlində siqaret olmuşdur, onu itələyən zaman xəsarət alıb-almağından məlumatı yoxdur. O davada iştirak etdiyi üçün özünü təqsirli bilir, Elcanı vurmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 271 saylı orta məktəbin 10-cu sinif şagirdidir.Şahid1 və Şahid2 adlı şəxslərlə 2022-ci ilin oktyabr ayından Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində tanış olaraq yoldaşlıq etmişdir. Hadisə günü, yəni 03 fevral 2023-cü il tarixdə saat 16 radələrində Tural və Musayla görüşmüş, saat 17 radələrində Zabrat qəsəbəsi, yeni yaşayış massivində “Halal” marketin yanında olarkən əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs oraya gəlmiş, onların yanından ötərkən onun qabağını o, Turalla kəsmiş və burada nəyə görə onun gəzdiyini soruşmuş sonra onu kənara hər üçü çəkmiş və Elcana lotu olmağını deyib, bir də buralara gəlməməsini tələb etmiş, Musa Elcanın sağ göz nahiyəsindən bir yumruq zərbəsi vurmuş, bu an Tural sağ yumruğuyla Elcanın üst dodağından zərbə vurmuş , sonra isə o, sol yumruğu ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir yumruq vurmuş, nəticədə Elcan yerə yıxılmış, xəsarət almış, onlar bu an dərhal oradan qaçıb çıxıb getmişlər. Hadisə saat 17 radələrində xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində “Halal” marketin qarşısında baş verib, heç bir səbəb olmadan o, Şahid1 və Şahid2 Elcan adlı şəxsi döyüb xəsarət yetirmişlər. Ona bıçaq çıxarmamışlar, üzərində həmin an bıçaq olmayıbdır.Onların bu əməli etməkdə məqsədi başqalarından üstünlüyünü sübut etməkdir.(i.v. 225-227); Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisəyədək nə Şahid1, nə də ki, Şahid2 eləcə də Okanı tanımamışdır. 03 fevral 2023-cü il tarixdə saat 17 radələrində evdən çıxıb Zabrat qəsəbəsi, yeni yaşayış massivində olan kimya fənnindən olan hazırlıq dərslərinə getmiş, orada olan Halal marketin yaxınlığında olarkən adını bilmədiyi şəxs və Şahid1 qarşısını kəsmiş, ona hər ikisi salam vermiş, hər ikisi “burada nə gəzirsən” demiş, o isə hazırlığa getməyini demişdir, sonra Tural kənarda olan şəxsi Musa adıyla çağırmış, oraya Musa gəlmiş və adıyla Turalı səsləmiş, hər üçü onu kənara dəvət etmişlər, orada ondan nə istəməklərini soruşmuş, onlar kənara keçməyini bildirmişlər, sonra o, Turalla üzbəüz dayanmış o, ona heç nə deməmiş, bu an kənardan gələn Musa heç bir səbəb olmadan sağ yumruğu ilə onun sağ göz nahiyəsindən, ardıyca Tural onun üst dodağından sağ yumruğu ilə və Okan isə sol yumruğu ilə sol təpə-ənsə nahiyəsindən vurmuş, o, yerə yıxılmış, aldığı zərbələrdən xəsarət almış, üstəlik hər üçü onu küçə söyüşləri ilə söyüb burada onların “lotu” olmalarını deyib bir daha bu məhəllədən keçməməsini bildirmişlər və oradan çıxıb getmişlər. Sonra dərhal o, mobil telefonu ilə atasına zəng etmiş, hadisə barədə məlumat vermiş, sonra polis bölməsinə gedib ərizə yazmışlar. Onu heç bir səbəb olmadan Zabrat qəsəbəsi, yeni yaşayış massivində Halal marketin yanında Tural, Musa və Okan döyüb xəsarət yetirmişlər, hadisə 5-6 dəqiqə aralığında baş vermiş, ətrafda çoxlu sayda şəxslər olmuşdur, ona tanımadığı şəxslər yaxınlaşıb su vermişlər, yardım etmişlər. Hadisə 03 fevral 2023-cü il tarixdə saat 17 radələrində baş vermişdir. Şahid2 sağ yumruğu ilə onun sağ göz nahiyəsindən, ardıyca Şahid1 onun üst dodağından sağ yumruğu ilə və Okan isə sol yumruğu ilə başından vuraraq xəsarət yetirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ümumiyyətlə siqaret çəkmir, ondan təqsirləndirilənlərdən heç biri siqaret istəməmiş, heç birinə siqaret verməmişdir. Hər üç şəxs onu döymüşdür, ətrafdakı şəxslər onları aralamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid1 ifadəsində göstərdi ki, Elcanın atasını və qohumu Vüsalı tanıyır. Elcanla arasında hər hansı ədavət ya da düşmənçilik olmayıb. O, Okanla birlikdə durmuş amma Musa onların yanında olmamışdır, Musa kafedən aşağı düşmüş, onların yanına gəlmişdir, Elcanı görəndə artıq Musa yanlarında olmuşdur, Elcanın əlində siqaret olmuş, əvvəlcə onunla salamlaşmışlar, Musa Elcandan siqaret istəmiş, Elcan Musa ilə aqressiv danışmış, əlini atıb Musanın yaxasından tutanda Musa onu vurmuş, aralarında nəsə mübahisə yaranmışdır, dalaşmağa başlamışlar, Elcan Musanı yerə yıxıb döyməyə başlamış, o, onları ayırmaq istəmiş, Elcan onun saçından tutub çəkmiş, Okan da ayırmaq istəmiş, onu da vurmuşlar. Okanın günahı olmamış, onunla birlikdə ayırmaq istəmişdir. Okan dava zamanı yerə yıxılmış, Elcan da onun üstünə düşmüşdür, ətrafda kənar şəxslər gələtək davanı ayırmışlar, ayıranlar arasında adını bilmədiyi, üzdən tanıdığı şəxslər də olmuşdur, sonra 15-ci PB-dən zəng edib onu bölməyə çağırmışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Musa siqaret istəmiş Elcandan, o da vermədiyi üçün dalaşmışlar. O siqaret çəkmir, siqaretidə o istəməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, 03 fevral 2023-cü il tarixdə saat 16 radələrində Orxan və Musayla görüşmüş, sonra oralarda birlikdə gəzmiş, saat 17 radələrində Zabrat qəsəbəsi, yeni yaşayış massivində Halal marketin yanında olarkən əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı oğlan oraya gəlmiş, onların yanından ötərkən onun qabağını Okanla birlikdə kəsmiş və burada nəyə görə gəzdiyini soruşmuş, sonra onu kənara hər üçü çəkmiş və Elcana lotu olmağını ona deyib, bir də buralara gəlməməsini tələb etmiş, Musa Elcanın sağ göz nahiyəsindən bir yumruq zərbəsi vurmuş, bu an o, sağ yumruğuyla onun, yəni Elcanın üst dodağından zərbə vurmuş, sonra isə Orxan sol yumruğu ilə Elcanın baş nahiyəsindən bir yumruq vurmuş, nəticədə Elcan yerə yıxılmış, xəsarət almış, onlar bu an dərhal oradan qaçıb çıxıb getmişlər. Hadisə xx.xx.2023-cü il tarixdə 17 radələrində Zabrat qəsəbəsi, yeni yaşayış massivində Halal marketin qarşısında baş verib, heç bir səbəb olmadan Elcan adlı şəxsi döyüb xəsarət yetirmişlər. Ona bıçaq çıxarmamış, üzərində həmin an bıçaq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid2 ifadəsində göstərdi ki, kafedə oturub çay içmişlər, Okan yuxarı qalxıb demişdir ki, aşağı düşək, onlarda aşağı düşdmüşlər, Tural Elcandan siqaret istəmiş, Elcanda ona siqaret vermişdir. O da Elcandan siqaret istəmiş, onada vermişdir, Elcanın əlində ağ siqaret qutusu olmuşdur, səbəbini bilməsə də Elcanla Tural dalaşmağa başlamışlar. O kafedən aşağı düçəndə nəsə mübahisə edirmişlər, ilk zərbəni o vurmuş Elcana. Davada Elcanı o vurmuş, digərləri vurmamışdır, sadəcə onları ayırmağa çalışmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, 03 fevral 2023 tarixdə saat 16 radələrində Okan və Şahid1 ilə Zabrat qəsəbəsində görüşmüş, sonra oralarda birlikdə gəzişmiş, saat 17 radələrində Zabrat qəsəbəsi, yeni yaşayış massivində “Halal” marketin yanında olarkən əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı oğlan 17-18 yaşlı oraya gəlmiş, o, onların yanından ötərkən onun qabağını Turalla Okan kəsmiş və burada nəyə görə gəzdiyini soruşmuş, sonra onu kənara üçü də çəkmiş və Elcana “lotu” olmağını deyib, birdə buralara gəlməməsini tələb etmiş, o, Elcanın sağ göz nahiyəsindən bir yumruq zərbəsi vurmuş, bu an Tural sağ yumruğuyla onun, yəni Elcanın üst dodağından zərbə vurmuş, sonra isə Okan sol yumruğu ilə Elcanın baş nahiyəsindən bir yumruq vurmuş, nəticədə Elcan yerə yıxılmış, xəsarət almış, onlar bu an dərhal oradan qaçıb çıxıb getmişlər. Hadisə 17 radələrində xx.xx.2023-cü il tarixdə Zabrat qəsəbəsi, yeni yaşayış massivində Halal marketin qarşısında baş verib, heç bir səbəb olmadan Elcan adlı şəxsi döyüb birlikdə xəsarət yetirmişlər. Ona bıçaq çıxarmamış, üzərində həmin an bıçaq olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının 04 fevral 2023-cü il tarixli, 244 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hemotoması, üst dodağın qançırı və əzilmiş səthi yarası, sol təpə-ənsə nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, yetirilmə müddəti qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir.Dərəcəsinə görə xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq nahiyəsinin dərialtı hemotoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, üst dodağın qançırı və əzilmiş səthi yarası, sol təpə-ənsə nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir(i.v.33-34); 19 noyabr 2023-cü il tarixli ittiham aktından və məktubun surətindən görünür ki, Şahid2 CM-nin 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2, 221.2.1-ci maddələri, Şahid1 CM-nin 185.2.1, 185.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir(i.v.133-155, 256); Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ MSY-ə təhvil verilmişdir(i.v.180); xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrindən 16:00 radələrinədək şahid qismində dindirilmişdir(i.v.192-194); xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:45-dən saat 18:40-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir(i.v.225-227); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.195); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır(i.v.232-234); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.235-236); İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək bir daha təsdiq etmişdir(i.v.242-244); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik- Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın 13 dekabr 2023-cü il tarixli, 3548 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir(i.v.251-254); Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində özünü qismən təqsirli bilərək mübahisənin siqaret üstündə olmasını, onun Elcanı vurmamasını göstərməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən şübhəli, təqsirləndirilən şəxs qismində ifadələrində özünü CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilərək törətdiyi əməli etiraf etmiş, dindirmə protokolları özü, qanuni nümayəndəsi və müdafiəçisi tərəfindən imzalanmışdır. Həmçinin, Zərərçəkmiş şəxs həm məhkəmə istintaqı zamanı həm məhkəməyədək icraat zamanı vermiş olduğu eyniməzmunlu ifadələrində Təqsirləndirilən şəxs və hazırki cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərilən xüsusatları təkzib edərək göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə saat 17 radələrində evdən çıxıb Zabrat qəsəbəsi, yeni yaşayış massivində olan kimya fənnindən olan hazırlıq dərslərinə getmiş, orada olan Halal marketin yaxınlığında olarkən adını bilmədiyi şəxs və Şahid1 qarşısını kəsmiş, ona hər ikisi salam vermiş, hər ikisi “burada nə gəzirsən” demiş, o isə hazırlığa getməyini demişdir, sonra Tural kənarda olan şəxsi Musa adıyla çağırmış, oraya Musa gəlmiş və adıyla Turalı səsləmiş, hər üçü onu kənara dəvət etmişlər, orada ondan nə istəməklərini soruşmuş, onlar kənara keçməyini bildirmişlər, sonra o, Turalla üzbəüz dayanmış o, ona heç nə deməmiş, bu an kənardan gələn Musa heç bir səbəb olmadan sağ yumruğu ilə onun sağ göz nahiyəsindən, ardıyca Tural onun üst dodağından sağ yumruğu ilə və Okan isə sol yumruğu ilə sol təpə-ənsə nahiyəsindən vurmuş, o, yerə yıxılmış, aldığı zərbələrdən xəsarət almış, üstəlik hər üçü onu küçə söyüşləri ilə söyüb burada onların “lotu” olmalarını deyib bir daha bu məhəllədən keçməməsini bildirmişlər və oradan çıxıb getmişlər. Sonra dərhal o, mobil telefonu ilə atasına zəng etmiş, hadisə barədə məlumat vermiş, sonra polis bölməsinə gedib ərizə yazmışlar. Onu heç bir səbəb olmadan Zabrat qəsəbəsi, yeni yaşayış massivində Halal marketin yanında Tural, Musa və Okan döyüb xəsarət yetirmişlər, hadisə 5-6 dəqiqə aralığında baş vermiş, ətrafda çoxlu sayda şəxslər olmuşdur, ona tanımadığı şəxslər yaxınlaşıb su vermişlər, yardım etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahidlər Şahid1 və Şahid2 ziddiyətli ifadələr verərək bir birinin ifadəsində göstərdiyi xüsusatları təkzib etmişlər. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmşdir ki, “...Tural Elcanı yanına çağırıb siqaret istəmişdir. Elcan Turala “get al cibinə qoy” kimi bir cavab vermiş, onunla sərt danışmışdır...Tural ondan siqaret istəmiş, Elcan vermədi deyə dava düşmüşdür, Elcanın əlində siqaret olmuşdur, onu itələyən zaman xəsarət alıbalmağından məlumatı yoxdur...”. Şahid1 ifadəsində göstərmişdir ki, “...Musa siqaret istəmiş Elcandan, o da vermədiyi üçün dalaşmışlar. O siqaret çəkmir, siqaretidə o istəməmişdir...”. Şahid2 ifadəsində göstərmişdir ki, “..Tural Elcandan siqaret istəmiş, Elcanda ona siqaret vermişdir. O da Elcandan siqaret istəmiş, onada vermişdir, Elcanın əlində ağ siqaret qutusu olmuşdur, səbəbini bilməsə də Elcanla Tural dalaşmağa başlamışlar...”. Lakin, hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə verərkən hadisə barədə ətraflı ifadə verərək zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, şahidlər Şahid1 və Şahid2 barəsində hazırki cinayət işinin ayrıldığı cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilərək X1 saxlanılırlar. Məhkəmə hesab edir ki, şahidlər Şahid1 və Şahid2 hazırda digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiklərindən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda ifadə vermişlər. Odur ki, məhkəmə hesab edir ki, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi daha mötəbər sübut kimi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.2.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini(CM-59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs orta məktəbin 11-ci sinifində təhsil almasını, işləməməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri(CM-86.1) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 11 dekabr 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yeni tikili ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdən 12 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, yeni tikili ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar