Məhkəmə qərarları › İş №1(008)-187/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-187/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-187/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 1,276 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 iyul 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsində fərdi evin qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gətirilib inzibati otaqda üzərinə aparılmış şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,276 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində psixotrop maddə olmamış, onu küçədən yox işlədiyi yerdən polis əməkdaşları aparmış, onu apararkən günorta saatları olmuşdur, polis bölməsində olan zaman psixotrop maddəni ona verərək bildirmişlərki, psixotrop maddənin ona məxsus olmasını desin. Əslində isə üzərində psixotrop maddə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 263.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,19 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sonuncu dəfə isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09 dekabr 2022-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 5 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, qeyd etdiyi kimi əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməklə istifadə etdiyinə görə iki dəfə məhkumluğu olmuşdur. 05 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə özünün istifadə etməyi üçün psixotrop maddə almaq məqsədi ilə getmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi kişi cinsindən olan şəxsdən 15 (on beş) manata psixotrop maddə «şüşə» alıb üzərində özü istifadə etməsi üçün saxlamış, 05 iyul 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi R.Qədimov küçəsi ilə piyada hərəkət edən zaman mülki geyimdə olan iki nəfər şəxsi görmüş, onlar ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və üzərində psixotrop maddə olduğu üçün ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmış, lakin polis əməkdaşları onun hərəkətlərindən şübhələnib Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmiş, şöbədə barəsində şübhəli şəxs qismində tutulmağı ilə əlaqədar qərar qəbul edilmiş, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla tanış edilmişdir. O, üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmiş, üzərindəki psixotrop maddəni təqdim edərkən müdafiəçisinin görməməsini, gələcəkdə onu istənilən formada, yaxşı müdafiə etməsini düşünmüş, ona görə də, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videoçəkilişlə şəxsi axtarış başlanılmış, üzərinə şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşularaq, olduğu halda təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini və sol cibindən isə «Samsung» və «KGtel» markalı mobil telefonları çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş həmin bükümü kimdən, haradan və nə məqsədlə əldə etməyi barədə soruşduqda, bu barədə əvvəl göstərdiyi kimi məlumat vermişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılmış, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən bir ədəd zərfdə, həmçinin təqdim etdiyi özünə məxsus bir ədəd «Samsunq» və bir «KGtel» markalı mobil telefonlar digər bir zərfdə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, yalnız özü istifadə edir.Onun günorta vaxtı aparılmasını təsdiq edən əlavə şahidlər gətirə bilər, həmin vaxtı üzərində 070 *** ** ** mobil telefon nömrəsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 05 iyul 2023-cü il tarixdə saat 18 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsində fərdi evin qarşısında inzibati ərazidə xidmət aparan zaman bir nəfər şəxsin onları görən kimi yayınmağa çalışmaqla özünü şübhəli apadığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib, onunla bir qədər söhbət etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda həmin şəxs özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirməklə, onlardan yayınmağa çalışmışdır. Həmin şəxsin üzərində nəsə gizlətməsi onlarda şübhə yaratmışdır. Həmin şəxsin onlara dağınıq cavablar verərək, nədənsə narahat olduğunu, tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüşlər. Həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşıması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etdikdə o, etiraz etməmişdir. Onlar Şöbənin növbətçi hissəsi ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən Şöbəyə gətirilməsini bildirmişlər. Bundan sonra, tanımadıqları şəxslə birlikdə 12-ci polis şöbəsinə getmişlər. Şöbədə həmin şəxs Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı ona təqdim edilmiş müdafiəçinin iştirak etməməsini xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Şəxsi axtarışın keçirilməsində polis serjantı Şahid2 ilə birlikdə iştirak etmişdir. Bundan sonra şəxsi axtarış başlanılmış və Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, o da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü surətdə təqdim etməsi bildirilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində kristall formalı maddəni və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı və bir ədəd «KGtel» markalı mobil telefonları çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində psixotrop maddə «şüşə» olduğunu, həmin maddəni həmin gün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 (on beş) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə və iki ədəd mobil telefonlar təhqiqatçı tərəfindən ayrı-ayrı zərflərdə qablaşdırılmış, həmin zərflərin üzərini o və digər iştirakçılar imzalamışlar. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə iclasında verdiyi ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.17); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürməni aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə həmin şalvarın sol yan cibindən bir ədəd Samsung bir ədəd KGtel markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkoti vasitə “Şüşə” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 5 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malil ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3646 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksləri olan, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 1,276 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v.33-36); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.70-71); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.72-74); Baxış keçirmə haqqında 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü olan diskə baxış zamanı müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddəni və həmin şalvarın sol yan cibindən iki ədəd mobil telefonları təqdim etdiyi və Təqsirləndirilən şəxs soruşulduqda həmin maddənin «şüşə» olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata alaraq istifadə etməsi üçün üzərində saxladığını, 5 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixi zolakılığın olmadığını bildirməsi, götürülən maddənin bir ədəd zərfə qoyularaq qablaşdırılması və üzərinin möhürlənərək iştirakçılar tərəfindən imzalanması müəyyən edilir (i.v.76); Əşyanın maddi sübut kimi tanınması və həlli barədə 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,276 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalan qalıq, yəni təmiz çəkisi 1,226 qram psixotrop maddə metamfetamin təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.77-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sabunçu rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-də dəyişikliklə əlaqədar olaraq 263.1-ci maddəsindən 263-1.1-ci maddəsi ilə əvəz edilərək 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2022ci il tarixli qərarı ilə 18 mart 2022-ci il tarixli hökm dəyişdirilərək, cəzası 01 il 06 ay müddətinə endirilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, 23 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v.81-83; 85-87); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.116-117); sübutların qiymətləndirilməsi haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.120-126); Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyul 2023-cü il tarixli protokola uyğun olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-331/2014 saylı, 28 avqust 2014cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhfum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona Sabunçu Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi : 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 01 il 11 ay 17 gün azadlıqdan məhrum etmə cəzaları hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə, qəti olaraq üzərində 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların yoxlanması məqsədilə istifadəsində olan mobil telefonun hadisə vaxtı antenn dairəsinin müəyyə edilməsi üçün Azerfonn MMC-yə sorğu göndərilmiş, onun ifadəsində göstərdiyi mobil nömrənin Qusar rayonu Ənig kəndində istifadə edildiyi aşkar edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,276 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli, Sabunçu rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 avqust 2014-cü il tarixli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilsə də, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,276 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,226 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar