Məhkəmə qərarları › İş №1(008)-188/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-188/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-188/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 24 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi ev 96-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda küçəsində fərdi nömrəsiz evdə yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sabunçu rayon məhkəməsinin 4(008)-40/2024 saylı, 20 yanvar 2024-cü il tarixli qərarına əsasən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,837 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq ünvan 1 ünvanınının yaxınlığına daşımış, 08 sentyabr 2023-cü il tarixdə saat 00:05 radələrində həmin ünvanda Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq gətirildiyi 13-cü PŞ-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,837 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar- üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi 11 ünvanının qarşısında olan zaman iki nəfər polis geyim formasında olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman polis əməkdaşları onu saxlayıb ad, soyadını və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O polis işçilərinin suallarında yayınmaq istəyərkən onlar onu saxlayıb 13-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş, o da gələcəkdə onu daha yaxşı müdafiə etməsi və qanunsuz maddənin üzərindən aşkar edilməsinə şahid olmaması üçün axtarış zamanı müdafiəçinin iştirakından imtina etmişdir. PŞ-də xidməti otaqların birində video görüntü vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış və götürmə aparılmışdır. Axtarış zamanı ona təhqiqatçı tərəfindən təklif olunmuşdur ki, üzərində hər hansı qanunla qadağan edilmiş əşya predmet və ya maddə varsa onları özü təqdim etsin. Həmin vaxt o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir, həmin maddənin nə olduğu soruşulduqda “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:30 radələrində Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin PPXB-nin 3-cü tağımında polis nəfəri vəzifəsində, polis serjantı xüsusi rütbəsində xidmət edir. 08 sentyabr 2023-cü il tarixdə iş yoldaşı PPXB-nin serjantı Şahid2la birlikdə xidmətdə olan zaman ünvan 1 ünvanında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə həmin şəxsin suallara qeyri-adekvat cavab verməsindən və nədənsə narahat olaraq yayınmaq istəməsini görüb, həmçinin onun narkotik istifadəçisi olmasında şübhələri yaranması səbəbindən bu şübhələrin yoxlanılması məqsədi onu saxlayaraq Sabunçu RPİnin 13-cü PŞ-nə müşayiət altında gətirib raportla təhvil vermişlər və şəxsiyyəti yoxlanılarkən məlum olmuşdur ki, saxlanılan şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Faktla bağlı araşdırmanın aparılması PŞ-nin təhqiqatçısına tapşırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təyin edilərək onların iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, üzərində videoçəkiiiş aparılmaqla axtarış keçiriləcəyi elan edilmişdir. Sonra Təqsirləndirilən şəxs özünün istəyi ilə müdafiəçinin iştirakı olmadan o və iş yoldaşı Şahid2 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əvvəlcə təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu-sual zamanı o həmin “kakos” adlanan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilərkən başqa heç bir qanunsuz maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və 13-cü PŞ-də olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:05 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2 tərəfindən özünü şübhəli aparması səbəbindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmiş və şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs üzərinə PŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu-sual zamanı o həmin “kakos” adlanan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanaraq zərfdəki narkotikin ekspertizaya göndəriləcəyi elan edilmiş və Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmişdir. Üzərindən axtarış zamanı başqa heç bir qanunsuz maddə, predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri “Zərflər üçün” 160 nömrəli möhürlə möhürlənmiş və tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir(i.v.31-32); məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4779 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm...” yazı və imzalar olan zərfdə 01 ədəd süllofan kəsiyi bükümdə təmiz çəkisi 0,837 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının əraizisində dövriyyəsi qadağan edilmiş narkotik vasitlər”-in siyahısında (Siyahı İ) daxildir.Qeyd : Heroinin təmiz çəkisi 0,837 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq 0,787 qram (i.v.37-40); DVD diskinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu-sual zamanı o həmin “kakos” adlanan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir(i.v.56); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.78-80); qətimkan tədbirinin seçilməsi barədə 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.81-82); maddi sübut kimi tanınma haqqında 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,837 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,787 qram qalıq hissəsi Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir(i.v.84-85); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 180.2.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 326.2, 234.1, 66.3, 67.1-ci maddələrinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il 816 VQD saylı Qanunun tətbiqi ilə AR CM-nin 177.2.2, 326.2, 234.1,67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il 06 ay cəza təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 05 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş,xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə cəzasının 08 ay 18 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır(i.v.98-100, 106-107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür(i.v.104-105); Sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2023-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı 13-cü PB-də çəkilmiş videogörüntü olan 01 ədəd disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir(i.v.99); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-40/2024 saylı, 20 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,837 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilsə də, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), 08 sentyabr 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-40/2024 saylı, 20 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,837 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,787 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 88(səksən səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 08 sentyabr 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-40/2024 saylı, 20 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,837 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,787 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar