Məhkəmə qərarları › İş №1(008)-189/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-189/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-189/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixində Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qazax rayonunun İkinci Şıxlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Mü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxxx 2019-cu il saat 07:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarında yerləşən dükanın qapısının qıfılını sındıraraq içəri qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 90 (doxsan) manat olan 3 ədəd “Markos” markalı su nasosunu, ümumi dəyəri 60 (altmış) manat olan 1 ədəd “Aqidel” markalı su nasosunu, ümumi dəyəri 70 (yetmiş) manat olan 1 ədəd markasını bilmədiyi pompalı su nasosunu, ümumi dəyəri 50 (əlli) manat olan, 2 ədəd markasını bilmədiyi paltaryuyan maşın üçün su nasoslarını, ümumi dəyəri 130 (yüz otuz) manat olan, 1 ədəd markasını bilmədiyi 230 diametrlik laqondanı, ümumi dəyəri 60 (altmış) manat olan, 1 ədəd markasını bilmədiyi 230 diametrlik laqondanı, ümumi dəyəri 50 (əlli) manat olan, 1 ədəd markasını bilmədiyi 230 diametrlik laqondanı, ümumi dəyəri 50 (əlli) manat olan, markasını bilmədiyi 1 ədəd böyük həcmli dreli, ümumi dəyəri 25 (iyirmi beş) manat olan, markasını bilmədiyi 1 ədəd kiçik ölçülü dreli, ümumi dəyəri 800 (səkkiz yüz) manat olan, markasını bilmədiyi 40 ədəd smestiteli və mətbəx kranlarını, ümumi dəyəri 105 (bir yüz beş) manat olan, markasını bilmədiyi 30 ədəd hamam kranları üçün birləşdiriciləri və ümumi dəyəri 40 (qırx) manat olan, 20 ədəd smestitel üçün lüləkləri gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1530 (bir min beş yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və işin digər tədqiq olunmuş halları ilə təsdiqini tapır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 10 ilə yaxındır ki, Sabunçu bazarında alqı-satqı ilə məşğul olur. Bir müddət işsiz olduğundan pula ehtiyacı olmuş, ehtiyacını qarşılamaq üçün işlədiyi “rus” bazarında olan dükanlardan kran götürərək satmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2019-cu il saat 07:00 radələrində işlədiyi “rus” bazarına gəlmiş, işlədiyi yerdən təqribən 100-150 metr aralıda yerləşən Vaqifəli adlı şəxsin işlətdiyi dükandan su kranları götürmək qərarına gəlmişdir. Bu məqsədlə həmin dükana yaxınlaşmış və oranın qapısının qıfılını dəmir parçası ilə qıraraq yerə tullamışdır. Daha sonra, içəri daxil olaraq oradan sayını və markasını bilmədiyi miqdarda su kranları, eyni zamanda laqondalar və su nasosları götürərək özü ilə götürdüyü torbaya yığmışdır. Daha sonra, oradan çıxaraq getmiş və götürdüyü əşyaları yaşadığı evin yaxınlığında gizlətmişdir. Vaqifəliyə məxsus dükandan götürdüyü əşyalardan 8 ədəd su kranını özü ilə götürərək yenidən bazara qayıtmışdır. Bazarda əvvəllər tanıdığı Valeriyə həmin su kranlarını 65 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Qalan əşyaları isə “Razin” bazarında tanımadığı şəxslərə ümumilikdə 250 (iki yüz əlli) manata satmışdır. Satışdan əldə etdiyi pulların hamısını öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Rus” bazarının arxa hissəsində yerləşən təmir-tikinti obyektini icarə əsasında işlədir. Həmin dükanda əsasən işlənmiş təmir-tikinti avadanlıqlarının satışını həyata keçirir. Təmir-tikinti avadanlıqları dükanını hər gün saat 09:00 radələrində açır, axşam saat 17:00 radələrində isə dükanı bağlayaraq evə gedir. xx.xx.2019-cu il saat 09:00-da dükanı açaraq işə başlamışdır. Axşam saat 17:00-dək dükanı işlətmiş və daha sonra bağlayaraq evə getmişdir. xx.xx.2019-cu il saat 09:00 radələrində dükana gəldikdə qapının qıfılının qırıldığını görmüşdür. Dərhal oğurluq olduğunu anlamış və dükanın içərisinə baxış keçirmişdir. Baxış zamanı dükanda olan ümumi dəyəri 90 (doxsan) manat olan 3 ədəd “Markos” markalı su nasosunun, ümumi dəyəri 60 (altmış) manat olan 1 ədəd “Aqidel” markalı su nasosunun, ümumi dəyəri 70 (yetmiş) manat olan 1 ədəd markasını bilmədiyi pompalı su nasosunun, ümumi dəyəri 50 (əlli) manat olan, 2 ədəd markasını bilmədiyi paltaryuyan maşın üçün su nasoslarının, ümumi dəyəri 130 (bir yüz otuz) manat olan, 1 ədəd markasını bilmədiyi 230 diametrlik laqondanın, ümumi dəyəri 60 (altmış) manat olan, 1 ədəd markasını bilmədiyi 230 diametrlik laqondanın, ümumi dəyəri 50 (əlli) manat olan, 1 ədəd markasını bilmədiyi 230 diametrlik laqondanın, ümumi dəyəri 50 (əlli) manat olan, markasını bilmədiyi 1 ədəd böyük həcmli drelin, ümumi dəyəri 25 (iyirmi beş) manat olan 1 ədəd kiçik ölçülü drelin, ümumi dəyəri 770 (yeddi yüz yetmiş) manat olan, markasını bilmədiyi 40 ədəd smestitelin və mətbəx kranlarının, ümumi dəyəri 105 (bir yüz beş) manat olan, markasını bilmədiyi 30 ədəd hamam kranı üçün birləşdiricilərin və ümumi dəyəri 40 (qırx) manat olan, 20 ədəd smestitel üçün lüləklərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra, Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş, daha sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Bölmənin əməkdaşları tərəfindən dükana baxış keçirilmiş və müvafiq protokol tərtib edilmişdir. Onun dükanından oğurlanmış kranların bir hissəsi Şahid dükanından aşkar edilmiş, Valeri isə həmin kranları Ravil adlı şəxsdən aldığını bildirmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1500 (bir min beş yüz) manat maddi ziyan dəymişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadənin düzgünlüyünün yoxlanılması məqsədi ilə həmin ifadə onun iştirakı ilə yerində yoxlanılmış və o, törətdiyi oğurluq əməlini etiraf edərək hadisənin necə baş verdiyini göstərmişdir.(i.v. 46-47) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 48) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, o, Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 80-81) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki,ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. (i.v. 90) İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/232 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd metal materialdan hazırlanmış, su kranının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 20,00 manat, 8 ədədi 120,00 manat müəyyən olunmuşdur. (i.v. 91-94) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid götürülmüş 8 ədəd su kranı maddi sübut növü kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir.(i.v. 107- 111) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 88) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə bi-ləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun barəsində məhkəmə hökmünün icraya yönəldiyi tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşadığı şəhərin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Jinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sabunçu RPİ-nin MYS-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəseçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Şahid götürülmüş 8 ədəd su kranının saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Qazax rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 8 ədəd su kranının saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar