Məhkəmə qərarları › İş №1(008)-19/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-19/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-19/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, ali təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsi ev 114-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.785 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının 02 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb bölməyə gətirilmiş və bölmədə onun üzərinə axtarış keçirilən zaman sağ ayağında olan corabın arasından bir ədəd qara rəngli siqaret kağızına bükülmüş 0.785 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində olarkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək ona 14-cü Polis Bölməsinə getməyi təklif etmişlər. O, ilk əvvəl nə üçün bölməyə getməli olduğunu soruşmuşdur. Polis əməkdaşları isə narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu ona bildirdikdən sonra o, bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə 14-cü Polis Bölməsinə getmişdir. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Bunların hamısı şər və böhtandır. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə əldə etməsi, saxlaması və daşıması ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, onun və həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. 02 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində yerləşən evinin yaxınlığında olması müəyyən edildiyindən polis kapitanı Şahid2la birlikdə qeyd edilən ünvana getmişlər və saat 17:00 radələrində göstərilən ünvana çatmışlar. Daha sonra Təqsirləndirilən şəxs orada dayandığını görüb ona yaxınlaşmış və özlərini təqdim edib üzərində şəxsi axtarış aparılması üçün Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və birlikdə 14-cü Polis Bölməsinin inzibati binasına getmişlər. Xidməti otaqların birində 14-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Zamin Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və bu zaman onun üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmamamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə sağ ayağında olan qara rəngli corabın içərisində olan bir ədəd siqaretin qara rəngli kağızındakı bükülünü təqdim etmişdir. Bükülünün içərisinə baxış keçirilən zamanı ağ rəngli kristal maddə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs isə həmin maddənin psixotrop maddə «şüşə» olduğunu, onu xatırlamadığı tarixdə Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını və soyadını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat məbləğində pulun qarşlığında aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov X3 Azər Nazim oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 6/2236 nömrəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 0.785 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. Metamfetaminin təmiz çəkisi-0.785 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq- 0.735 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 1761 saylı, 05 iyun 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 iyun 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 23 yanvar 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 150.3.3,180.2.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 21 avqust 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasənsatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadə, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, məhkəmə iclasında araşdırılmış cinayət işinin materiallarında olan digər (ekspertiza rəyləri, videogörüntü və.s) sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdə yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 02 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 13). Cinayət işinin materiallarında olan 04 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,55). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə olunmasında imtina olunması haqqında 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 72). Cinayət işinin materiallarında olan 04 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)443/21 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 7915 saylı, 12 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə tutularaq 23 oktyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, əməlində cinayətin residivini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı «ciddi rejimli» cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 02 iyun 2021-ci il tarixdən, 04 iyun 2021-ci il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «21» oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut hesab edilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.735 qram metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 81.82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 02 iyun 2021-ci il tarixdən, 04 iyun 2021-ci il tarixə kimi olan müddət (02 gün) nəzərə alınsın və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılsın, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «21» oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut hesab edilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.735 qram metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 81.82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar