Məhkəmə qərarları › İş №1(008)-190/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-190/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-190/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə, saat 20:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Telman Adıgözəlov küçəsi 26 ünvanda yerləşən yaşadığı evin qarşısında küçədə qardaşı Zərərçəkmiş şəxs2 ilə aralarında ona pay torpağı verilməməsi və anasına qarşı yersiz və qıcıqlandırıcı hərəkətlər etməsi səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 yumruqla qəsdən vuraraq ona, sağ gözün ağlı qişasına qansızına ilə müşayiət olunan sağ gözyuvasıaltı nahiyənin dərialtı hematoması, alın, sağ almacıq və sol əl nahiyələrinin qançır və sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirərək, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmçinin həmin vaxt mübahisəyə müdaxilə etmiş anası Zərərçəkmiş şəxs1 yumruqla qəsdən vuraraq ona, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıüstü nahiyənin dərialtı hematoması, alın və sağ əl nahiyələrinin qançırları ilə nəticələnən bədən xəsarətləri yetirərək, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs2 onun qardaşı, Zərərçəkmiş şəxs1 anasıdır. Zərərçəkmiş şəxs2 ilə aralarında ona pa torpağı verilməməsi səbəbi ilə münasibətləri normal deyil. O, 13.avqust 2022-ci il tarixdə, saat 20 radələrində işdən gələrək yaşadıqları evin qarşısında küçədə dayanmış, qardaşı Zərərçəkmiş şəxs2 sərxoş vəziyyətdə ona yaxınlaşaraq Rüstəmlə bağlı şikayət etməyini Amilə nə üçün dediyini soruşmuş, o, Elçinə onun etdiyi işlə bağlı dediyini bildirmişdir. Həmin vaxt Elçinin sağ göz nahiyəsində xəsarət izi olmuşdur. Elçin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, o, Elçini əli ilə itələyərək getməsini bildirmişdir. Bu zaman yaşadıqları evin qarşısında Elçin onun üstünə hücum çəkmiş, o, Elçini qucaqlayaraq tutmuş, həmin vaxt qonşuluqda yaşayan Ələddin və Bəhrəm yaxınlaşıb onları aralaşdırmışlar. Təxminən yarım saat sonra oğlu Rüstəm, sonuncunun bacanağı İlqar və sinif yoldaşı Həsən gəlmiş, onlar gəldikdən sonra hər hansı bir hadisə baş verməmiş, onları bir başa həyətə salmışdır. Mübahisə zamanı o, qardaşı Elçini itələsə də, anasına hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun atası X1 rayonu, Sarxanbəyli kəndində ona ayrılmış pay torpağını övladlarının arasında böldükdən sonra qardaşı Təqsirləndirilən şəxs öz payına düşən 80 sot torpaq sahəsini sataraq yenidən anası Zərərçəkmiş şəxs1 əlavə olaraq pay torpağı istəmiş, bununla bağlı, məhkəməyə müraciət etmiş, lakin, iddiası məhkəmə tərəfindən təmin olunmamışdır. Bununla bağlı, bir neçə dəfə Akiflə aralarında mübahisə olmuşdur. 13 avqust 2022-ci il tarixdə, saat 20:15 radələrində işdən evə qayıtdığı zaman anasının ağladığını görərək ondan ağlamasının səbəbini soruşmuş, anası ona bildirmişdir ki, Akif onun mobil nömrəsinə zəng edərək müxtəlif səslər çıxarmaqla onu məsxərəyə qoymuşdur. Akif belə hərəkətlərə yol verdiyi üçün anası Siddiqə bir neçə dəfə mobil nömrəsini dəyişmişdir. O, küçəyə çıxmış, həyət qapısının qarşısında qardaşı Akifi görərək ona yaxınlaşıb, analarına zəng edərək müxtəlif səslər çıxarmasının səbəbini soruşmuş, Akif etdiyini doğru olduğunu deyərək, ona torpaq verilməyəcəyi təqdirdə hərəkətlərini davam etdirəcəyini bildirmişdir. Bundan əlavə, Akif onun həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən, aralarında mübahisə yaranmış, mübahisə zamanı Akif onun sağ göz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmiş, ikinci dəfə Akif onu vurmaq istədiyi zaman anaları Siddiqə araya girmiş, Akifin zərbəsi anasının sağ göz və alın nahiyəsinə dəymişdir. Daha sonra Akif anasının qolundan tutaraq kənara itləmiş, təpiklə onun qarın və qasıq nahiyələrinə zərbə vurmuş, o, zərbələrin təsirindən yerə yıxılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Onun həyat yoldaşı X1 rayonu, Sarxanbəyli kəndində onlara ayrılmış pay torpağını övladları arasında bölmüş, Təqsirləndirilən şəxs öz payına düşən 80 sot torpaq sahəsini satdıqdan sonra, yenidən onlardan əlavə torpaq sahəsi istəmişdir. Onlar razılıq vermədiyi üçün Akif məhkəməyə müraciət etmiş, lakin, iddia tələbi təmin olunmamışdır. Torpaq məsələsi ilə bağlı aralarında bir neçə dəfə mübahisə olmuşdur. Akif dəfələrlə onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq müxtəlif səslər çıxarıb onu məsxərəyə qoymuş, bununla bağlı, bir neçə dəfə mobil nömrəsini dəyişdirmişdir. 13 avqust 2022-ci il tarixdə Akif onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq hər hansı bir söz danışmadan yalnız telefonda müxtəlif səslər çıxararaq onu məsxərəyə qoymuş, Akifin hərəkəti ona təsir etdiyi üçün o, ağlamışdır. Axşam saatlarında digər oğlu Elçin evə gəldiyi zaman onun ağladığını görərək ondan ağlamasının səbəbini soruşmuş, o, Akifin ona zəng edərək müxtəlif səslər çıxarmaqla onu məsxərəyə qoyduğunu bildirmişdir. Bundan sonra Elçin küçəyə çıxmış, bir neçə dəqiqə sonra o, özü də küçəyə çıxmışdır. Həmin vaxt, Elçinin sağ göz nahiyəsindən xəsarət aldığını görmüşdür. Akifin təkrarən Elçini vurmaq istədiyi görərək araya girərək onları sakitəşdirməyə çalışmışdır. Mübahisə zamanı Akif ona və digər övladı Elçinə yumruq zərbələri ilə xəsarət yetrimişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisidir. Əmisi ailə üzvlərdə birlikdə onlarla qonşuluqda yaşayır və uzun müddətdir ki, aralarında torpaq sahəsi ilə bağlı ədavət var. 13 avqust 2022-ci il tarixdə, saat 18 radələrində bacanağı İlqar və dostu Həsənlə birlikdə sonuncunun idarə etdiyi “Toyoya Prius” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Sea Breeze” otelin çimərliyinə getmiş, saat 21:09 radələrində həyat yoldaşı Aynur ona “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə zəng vuraraq atası Akiflə əmisi Elçinin mübahisə etdiklərini və təcili evə gəlməyini bildirmişdir. Bundan sonra qeyd etdiyi şəxslərlə birlikdə evə qayıtmış, həmin vaxt küçədə heç kəsin olmadığını görərərək yaşadığı evə girmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı Təqsirləndirilən şəxs doğma qardaşıdır. Elçinlə qonşuluqda yaşayırlar və uzun müddətdir ki, Elçin və ailə üzvləri ilə aralarında mübahisələri olur. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində evdə olarkən, Elçinin küçədə onun həyat yoldaşı Akifə, ona və ailə üzvlərinə qarşı nalayiq söyüşlər söydüyünü eşitmiş, küçəyə çıxdığı zaman Elçinin nalayiq ifadələr işlədərək qardaşı Akifin üstünə hücum etdiyini, onu vurmaq istədiyini görmüşdür. Həmin vaxt, qonşuluqda yaşayan Bəhrəm və Ələddin yaxınlaşaraq onları aralaşdırmışdır. Bu tip hadisə bir neçə dəfə baş vermiş, Elçin dəfələrlə içkili vəziyyətdə onlara qarşı nalayiq söyüşlər söyüb uşaqlarını hədələmişdir. Hadisə zamanı qayınanası Siddiqə küçədə olmamış, oğlu Rüstəm və sonuncunun bacanağı İlqar hadisə zamanı dənizdə olmuşdur. Qeyd olunan hadisədən təxminən yarım saat sonra oğlu Rüstəm və sonuncunun bacanağı İlqar, həmçinin sinif yoldaşı Həsən birlikdə evə gəlmişlər. Onlar gəldikdən sonra hər hansı bir hadisə baş verməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Elçin və Akif onun yaşadığı küçənin yaxınlığında Telman Adıgözəlov küçəsində yaşayırlar. Onlarla yaxın münasibəti olmamış, həmçinin ədavət və ya düşmənçilikləri yoxdur. Yaxınlıqda yaşayan şəxs kimi də sonradan eşitmişdir ki, Elçinlə qardaşı Akifin aralarında xx.xx.2022-ci il tarixdə axşam radələrində küçədə dava-dalaş baş vermişdir. Lakin, hadisə zamanı orada olmamışdır. Ona görə də, hadisənin hansı səbəbdən baş verməsi, həmçinin hadisə zamanı konkret olaraq orada kimlərin olması və kimin-kimi vurması ilə bağlı hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X5 onun bacanağıdır. 2022-ci ilin avqust ayının əvvəllərində Rüstəmgilə bir neçə günlük qonaq gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Rüstəm, özü və Rüstəmin dostu Həsən adlı şəxslə birlikdə sonuncunun idarə etdiyi Toyota Prius markalı **-AF-*** qeydiyyat nişanlı avtomobillə Ləhic bağları tərəfdə yerləşən çimərliyə getmişdir. Həmin gün saat təxminən 21:10 radələrində Rüstəmə zəng gəlmiş və Rüstəm telefonla danışdıqdan sonra Həsənə bildirmişdir ki, onu yaşadığı ünvana aparsın. Bundan sonra birlikdə Həsənin idarə etdiyi avtomobilə əyləşib Rüstəmin yaşadığı evə getmişlər. Sonradan bilmişdir ki, həmin vaxt Rüstəmə həyat yoldaşı zəng vurub bildirmişdir ki, qonşuluqlarında yaşayan Rüstəmin əmisi Elçin sərxoş halda onlara nalayiq söyüşlər söyərək səs küy salır. Lakin Rüstəmgilə çatdıqda küçədə heç kəs yox idi və hər hansı bir dava-dalaş olmamışdır. Rüstəmlə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə keçmişlər, Elçin bir neçə dəfə küçəyə çıxıb Rüstəmgilə nalayiq sözlər deyib həyətlərinə keçmişdir. Onlar gəldikdən sonra hər hansı bir mübahisə və dava-dalaş olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X5 ilə aralarında dostluq münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Rüstəm, özü və Rüstəmin bacanağı İlqar birlikdə onun idarə etdiyi “Toyoya Prius” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobillə “Sea Breeze” çimərliyinə getmişlər. Həmin günü saat təxminən 21 radələrində Rüstəmə zəng gəlmişdir. Rüstəm telefonla danışdıqdan sonra bildirmişdir ki, onu yaşadığı ünvana aparsın. Bundan sonra birlikdə onun idarə etdiyi avtomobilə əyləşmişlər və özü Rüstəmi yaşadığı evə gətirmişdir. Həmin zaman küçədə və evdə hər hansı bir dava-dalaş, hadisə olmamışdır. Yalnız Rüstəmin qonşuluqda yaşayan əmisi Elçin adlı şəxs öz həyətlərindən nalayiq söyüşlər söymüşdür. Rüstəm və bacanağı İlqar öz həyətlərinə keçmişlər. Özü isə küçədə avtomobilində dayanmış, Elçin bir neçə dəfə küçəyə çıxıb Rüstəmgilə nalayiq sözlər deyib həyətlərinə keçmişdir. Təxminən 5-10 dəqiqə sonra çıxıb getmişdir. Oraya gələn və orada olan zaman hər hansı bir dava-dalaş olmasını görməmişdir. Rüstəmin nənəsi Siddiqə xanım da küçəyə çıxıb Elçinə bir neçə dəfə sakitləşməsilə bağlı sözlər demişdir. Elçinlə və Siddiqə ilə üzbəüz gəlmədiyindən, həmçinin təxminən aralarında onlarla 10-15 metr məsafə olduğundan, həmin məsafədən onların üzərində hər hansı bir xəsarət izi olmasını görməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırlar. Onların heç biri ilə aralarında hər hansı bir ədavət və ya düşmənçiliyi olmamış və hazırda da yoxdur. xx.xx.2022-ci il tarixdə saat 20-21 radələrində yaşadığı evdə olarkən küçədən səs eşitmiş və küçəyə çıxdıqda görmüşdür ki, Elçin, anası Siddiqə və Akif biri-birilərini nalayiq sözlərlə təhqir edirlər. Həmin zaman Elçin və Siddiqə yaşadıqları evin qarşısında küçədə, Akif isə öz ailə üzvləri ilə birlikdə öz yaşadığı evin qarşısında küçədə olmuşdur. Elçini sakitləşdirməyə başlamış, digər qonşuları Bəhrəm və Novruz isə Akifi sakitləşdirmişlər. Təxminən 10 dəqiqə ərzində onları sakitləşdirdikdən sonra onların hər birini yaşadıqları evin qapısından içəri salmış, bundan sonra evinə doğru hərəkət edərkən Rüstəmin magistral yol tərəfdən gəlib həyətlərinə daxil olduğunu görmüşdür. Həmin vaxt Elçin, anası Siddiqə və arvadı öz həyətlərində idi. Həmçinin həmin vaxt orada hər hansı bir dava-dalaş olmasını, hava qaranlıq olduğundan Siddiqənin və Elçinin bədəni üzərində hər hansı bir xəsarət izi olmasını görməmişdir. Cinayət işinin 31-33-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 Sabunçu rayon şöbəsinin 18 avqust 2022-ci il tarixli, 1870 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıaltı nahiyənin dərialtı hematoması, alm, sağ almacıq və sol əl nahiyələrinin qançır və sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıaltı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; alm, sağ almacıq və sol əl nahiyələrinin qançır və sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 34-35-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 Sabunçu rayon şöbəsinin 18 avqust 2022-ci il tarixli, 1869 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıüstü nahiyənin dərialtı hematoması, alın və sağ əl nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 144-145-ci vərəqələrində olan 26 oktyabr 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 20 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xəsarət yetirməməsi barədə bildirdikləri məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin mübahisənin baş verməsi ilə bağlı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəni dolandıran yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onun barəsində CM-nin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar