Məhkəmə qərarları › İş №1(008)-193/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-193/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-193/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fəhlə işləyən, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 20 Park Shoping Ticarət mərkəzindəki “Alliqator” geyim mağazasına müştəri qismində daxil olaraq, həmin vaxt mağazada alış-veriş edən Zərərçəkmiş şəxs2 məxsus gödəkcənin cibindən həmin dövrün məzənnəsi ilə 5440 manat təşkil edən 3200 ABŞ dollar və 240 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 5680 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 may 2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 kirayə yaşadığı evin qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub evin dəhlizindən idman çantasının içində olan 1128 manat dəyərində 1200 ədəd 1 manatlıq, 2232 manat dəyərində 1400 ədəd 2 manatlıq, 7896 manat dəyərində 1680 ədəd 5 manatlıq, 3760 manat dəyərində 400 ədəd 10 manatlıq lotereya biletlərini və 4000 manat dəyərində “poz qazan” lotereya biletlərini, onların içərisinə qoyulduğu 10 manat dəyərində olan «Adidas» markalı idman çantası ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 19026 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 mart 2021-ci il tarixdə azad olunmuşdur. Həbsdən azad olunduqdan sonra iş tapa bilməmiş, maddi sıxıntıları yarandığı üçün oğurluq edərək pul əldə etməyi qərara almışdır. 17 may 2022-ci il tarixdə, saat 23 radələrində Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında olan zaman metrostansiyanın çıxışında “Poz qazan” lotereya biletlərini satan şəxsə yaxınlaşaraq cibində olan pulla 4-5 ədəd lotereya bileti alaraq biletləri pozmuş və 2- 3 manat pul udmuşdur. Daha sonra həmin şəxsin satdığı biletləri oğurlamağı qərara almış, bu məqsədlə, həmin şəxsi izləməyə başlamışdır. Təxminən 20 dəqiqə sonra həmin şəxs satdığı lotereya biletlərini çantasına yığaraq oradan uzaqlaşmış, o, həmin şəxsin arxasınca gedərək onu izləmiş, həmin şəxs 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən bazarın qarşısında avtobusdan enərək yaşadığı ünvana getmişdir. O, bir müddət izlədiyi şəxsin evdən çıxaraq marketə getməsindən istifadə edərək onun evinin həyətinə daxil olmuş, evin qapısı açıq olduğu üçün evə daxil olaraq otaqdakı döşəmənin üzərində olan qara rəngli idman çantasını götürərək oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra götürdüyü çantanı dəqiq xatırlamadığı ünvanda, hava limanı istiqamətində gedən magistralın üzərində yerləşən keçidin alt hissəsinə gizlədərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən günlük kirayə verilən evlərin birində gecələmişdir. Ertəsi gün, səhər saatlarında çantanı gizlətdiyi yerdən götürərək kirayə qaldığı evə qayıtmış, oradakı çantadakı lotoreya biletlərini pozaraq əldə etdiyi uduşları bir ay ərzində müxtəlif vaxtlarda “28 May”, “Koroğlu”, “20 Yanvar”, “Nizami” metrostansiyalarına gedərək orada olan “poz qazan” lotereya məntəqələrinə verərək nağdlaşdırmışdır. O, bir ay ərzində təxminən 3000-4000 min manat uduş nağdlaşdırmışdır. O, biletlərin pozulmamış qalan hissəsini Nizami metrostansiyasının çıxışında lotereya satışı ilə məşğul olan sonradan adının Cəbrayıl olduğunu öyrəndiyi şəxsə satmış, biletləri satdığı zaman, həmin şəxsə özünündə lotoreya satışı ilə məşğul olduğunu, lakin, bu işə davam etmək istəmədiyi üçün satdığını bildirmişdir. O, 13 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Park Shopping” Ticarət Mərkəzində yerləşən “Aliqator” mağazasında olan müştərilərdən hansına məxsus gödəkcənin cibindən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxs ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 1996-cı il tarixdən "xxxx" MMC-də satıcı vəzifəsində işləyir. Mütəmadi olaraq lotereya götürərək fərdi qaydada Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının yaxınlığında satır. 2005-ci ildən etibarən isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən evdə kirayə yaşayır. Hər gün işdən evə qayıtdığı zaman lotereyaları özü ilə evinə aparır. 17 may 2022-ci il tarixdə, saat 20:30-da Qara Qarayev prospektində yerləşən "xxxx" kafesinin qarşısından Azərlotereya MMC-yə aid kuryerdən 1200 ədəd 1 manatlıq, 1000 ədəd 2 manatlıq, 1680 ədəd 5 manatlıq, 400 ədəd 10 manatlıq və 400 ədəd 2 manatlıq uduş biletlərini nisyə götürərək özündə olan 4000 manatlıq uduş biletləri ilə birlikdə qara rəngli «Adidas» markalı idman çantasına qoyub, saat 23 radələrində kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən evə gəlmişdir. O, çantanı qonaq otağına qoymuş, 15-20 dəqiqə sonra ərzaq məhsulları almaq üçün yaşadığı evin yaxınlığında yerləşən marketə getmiş, həmin vaxt evin giriş qapısını bağlamamışdır. O, evə qayıtdıqdan sonra yemək yemiş, hesabat aparmaq üçün çantanı götürmək istədiyi zaman çantanın yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. O, dərhal hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermiş, oğurlanmış biletlərin ümumi dəyərinin 5000- 6000 manat olduğunu bildirmişdir. Lakin, sonradan dəqiq hesablama apardığı zaman oğurlanmiş biletlərin dəyərinin ümumilikdə 19016 manat olduğunu müəyyən etmişdir. Belə ki, həmin 10 manat dəyərində olan idman çantasının içində ümumi dəyəri 1228 manat olan 1200 ədəd 1 manat uduşlu, ümumi dəyəri 1880 manat olan 1000 ədəd 2 manat uduşlu, ümumi dəyəri 7896 manat olan 1680 ədəd 5 manat uduşlu, ümumi dəyəri 3760 manat olan 400 ədəd 10 manat uduşlu, ümumi dəyəri 352 manat olan 400 ədəd 2 manat uduşlu lotereya biletləri olmuşdur və həmin oğurluq hadisə nəticəsində ona 19026 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyanın qaytarılmasını tələb edir. Bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13 yanvar 2022-ci il tarixdə özünə paltar almaq üçün 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “20 Park Shopping” Ticarət Mərkəzinə getmişdir. Ticarət Mərkəzində yerləşən “Alliqator” kişi geyim mağazasında olarkən üzərində olan gödəkcəsini çıxarıb mağazadakı asılqanlardan birinin üzərinə qoyaraq kostyumları geyinib əynində yoxlamaq üçün mağazanı digər tərəfindən güzgülərin qarşısına gəlmişdir. Həmin gödəkcənin qoltuq cibində, 6 ay müddətində Türkiyə Respublikasında motros kimi işləyərək aldığı əmək haqqısından qalan 3200 ABŞ dolları və 250 manat pul omluşdur. Yoxladığı kostyumlardan birini bəyənib pulunu ödəmək üçün gödəkcəsinin cibindən pulu götürmək istədikdə, cibinin açıq olduğunu və pulların oğurlandığını aşkar etmişdir. Sonra DİN-nin “102” zəng xidmətinə müraciət edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları oraya gəlib hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, Bakı şəhəri “Nizami” metrostansiyasının çıxışında “Poz Qazan” lotereya biletləri satır. 2022-ci ilin may ayının təxminən ortalarında dəqiq xatırlamadığı tarixdə lotereya biletlərini satan zaman bir nəfər tanımadığı, sonradan adı şəxsiyyəti ona məlum olan X1 ona yaxınlaşaraq özünün də lotereya biletləri satdığını, lakin, təcili olaraq rayona getməli olduğuna görə əlində olan uduşlu biletləri nağdlaşdırmaq istədiyini bildirmişdir. Həmin vaxt Mahirə bir başa istədiyi qədər deyil, yalnız, həmin biletləri götürərək yeniləri ilə əvəz etdikdən sonra onları satıb hissə-hissə pul verə biləcəyini bildirmiş, Mahir onun təklifi ilə razılaşmışdır. Mahir 5-6 dəfə onun işlədiyi yerə gələrək ondan ayrı-ayrı məbləğlərdə pul götürmüşdür. Sonuncu dəfə Mahir ona zəng edərək anasının xəstə olduğunu və təcili pula ehtiyacı olduğunu söyləmiş, işlədiyi yerə gələrək ondan ödəməli olduğu sonuncu 390 manat pulu alıb getmişdir. Beləliklə, o, Təqsirləndirilən şəxs ümumi olaraq təxminən 1.600 manat pul ödəmiş, sonra onu görməmiş, Mahirin bu lotereyaları oğurlamış olduğundan xəbəri olmamışdır. Cinayət işinin 49-cu vərəqəsində 06 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-53-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 745/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesalanılmaqla 01 (bir) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 61-62-ci vərəqəsində olan 27 sentyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 20 Park Shoping Ticarət mərkəzində yerləşən “Alliqator” geyim mağazasında edilmiş oğurluqla bağlı Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmışdır. Həmin şəxs ifadəsinin yerində yoxlanılması zamanı oğurluq hadisəsini törətməsini etiraf etmişdir. Cinayət işinin 127-ci vərəqəsində 06 sentyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 195-198-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 12 (on iki) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 23 aprel 2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə onun təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “….13 yanvar 2022-ci il tarixdə, “20 Park Shopping” Ticarət Mərkəzində yerləşən “Aliqator” mağazasında olan müştərilərdən hansına məxsus gödəkcənin cibindən oğurluq etməmişdir........” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 sentyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar