Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-193/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və X12, Müdafiəçilər- 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və X4, X11 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 və X6 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X11 və X12 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, X13 (xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan anadan olmuş. ünvan 1 ünvanında 2018-ci ilin may ayından yaşayır. X2 xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur.) O, özəl sexlərin birində dərzilik fəaliyyəti ilə məşğuldur, anası G.Zeynalova isə təqaüdçüdür, işləmir. 1992-ci ildə 1-ci Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşının xatirə lövhəsini evinin qarşısına yerləşdirmişdir. Evinin yaxınlığındakı adsız dükan qarşısında qoyulan və aşıb-daşan tullantı vedrələrindəki tullantılar külək vasitəsi ilə evinin ətrafında yerləşdirilmiş xatirə lövhəsinin yaxınlığına səpələnirdi. Dükanın sahibi olan X7 və X8 tullantılarına nəzarət etmələrini dəfələrlə tələb etmişdir. Tələbi nəticəsində onlar tərəfindən şəhid anası olan anası və onu təhqir etmələrinə və cavabdehlərin qohumları ilə birlikdə oan fiziki güc tətbiq edərək döymələri niyyətinin ona bildirməsi ilə nəticələnmişdir. Yaranmış növbəti dözülməz təhqirlərdən sonra, vəziyyətlə bağlı O, AR-sı DİN-nin 102 qaynar xəttinə zəng vurmaq məcburiyyətində qalmışdır. Müraciəti əsasında 2021-ci ildə 12-ci Polis Şöbəsində işləyən sahə müvəkkili Müsəllim Müsəllimov (tel: *** *** ** **) onlara onun yanında xəbərdarlıq etmişdir. Barəsində şikayət etdiyi şəxslər ona “xatirə lövhəsini gözdən pərdə asmaq üçün vurdurub” deyirlər. Məhəllədə yaşayanları isə onun üstünə hücum edərək döyməklərinə təhrik edirlər. Müsəllimin yanında camaatı köməyə çağırırlar, bir yaşlı qadın sahə müvəkkilinə onun barəsində yalanlar danışdığı üçün hətta o da onun cavab vermişdir ki, “sənin oğlun məni təhqir edən vaxtı polisə vermişdim və o məndən üzr istəmişdir” Lakin müsbət nəticə əldə olunmadığından o, Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə müraciət etmiş, müraciəti əsasında qəsəbə nümayəndəliyindən rəsmi nümayəndə Həmzəyevlərlə yaranmış vəziyyətlə bağlı söhbət aparmış və bu kimi halların təkrarlanmamasını cavabdehlərə bildirmişdir. Onu və şəhid anası olan anasını cavabdehlər tərəfindən təhqir etmələri ilə bütün aidiyatı qurumlara müraciət etmələrinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Cavabdehlərin hərəkətləri bu günə kimi davam etmişdir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X17 və X14 iddiaçı X5 qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin qadağan edilməsi, cavabdehlər X17, X8 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X9 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və ona tövsiyə olunmuşdur ki, qeyd edilən məsələ ilə bağlı xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edim. Həmzəyevlər tərəfindən təhqir, söyüş, böhtan xarakterli ifadələrə məruz qaldığı üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Xüsusi ittiham qaydasında müraciət etmiş olsa da, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti icraata qəbul edilməkdən imtina edilmiş, imtina edilməsinin əsas səbəblərindən biri də təhqir və böhtanın tərkibini yaradan əməllərin konkret olaraq göstərilməməsi olmuşdur. Buna görə də məcbur qalaraq bildirir ki; onların qardaşının şəhid abidəsinin qarşısını zibilləməsi səbəbindən hər dəfəsində aralarında yaranan mübahisə zamanı ona “qancıq” deyə müraciət ediblər. Məlum məsələdir ki, bu ifadə tərif deyil, təhqirdi və bu küçədə qonşuların içində baş vermişdir. Həmin qonşular isə şikayət etdiyi şəxslərin tərəfində olduqlarından məlum məsələdir ki, şahid qismində ifadə verməyəcəklər. Buna görə də onların ad, familiya, ata adlarının qeyd edilməsinə ehtiyac yoxdur. Hətta məhkəmənin gedişatında ekspertiza təyin edilmiş, rəyi verən ekpert AR Ədliyyə Nazirliyi məhkəmə ekspertiza Mərkəzinin eksperti Elməddin Aslanlı (mobil 012 *** ** ** fəaliyyət göstərdiyi şöbənin əlaqə nömrəsi) baxış keçirmək üçün gələrkən onun qarşısında guya anasını məhkəməyə verməyimə dair ona böhtan ataraq nalayiq ifadələr işlətmişlər (ona bu heç anasını tanımır, şəhid qardaşını tanımır deyə ifadələr işlətmişdir), hələ bu azmış kimi Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi X1 X15 adlı şəxsin (mobil: *** *** ** **) yanında da “şəhid qardaşını heç tanıyırsan, ananı tanıyırsan” deyə anormal suallar verərək onları təhqir etmişdir. Məlumat üçün bildirir ki, X17 və X18 ünvan 2 ünvanında yaşayırlar. Və yuxarıda qeyd edilən hallar bütün qonşuların gözü qarşısında baş vermişdir. X17 və X18 AR CM-nin 148-ci maddəsi ilə cinayət işi başlanılaraq təqsirli bilinməsini və məsuliyyətə cəlb edilərək CM-nin müvafiq maddələrinin sansksiyasındakı ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X13 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X24 bildirmişdir ki, onun özü müharibə iştirakçısı olmuşdur. Qardaşları da müharibədə iştirak etmiş və yaralanmışlar. O, heç vaxt şəhidi təhqir etməmişdir. X5 şikayətində göstərdiyi hallar hamısı yalandır. O, heç kimi təhqir etməmişdir. X13 yaşadığı ərazidə heç bir qonşu ilə yola getmir. Onlardan da məhkəməyə şikayətlər etmişdir. Küləyin zibili onun qapısına gətirməsinə görə o, məsuliyyət daşımır. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Hafiz Yolçu oğlu ilə oxşar məzmunda izahat verərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Müdafiəçilər hər biri ayrı-ayrılıqda xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və müdafiəçiləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində ittiham irəli sürdüyü cinayət əməllərinin törədilmə tarixini (il, ay və gün) göstərməmişdir. Halbuki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. Bundan başqa X13 şikayətində X18 və X17 tərəfindən təhqir edilməsini qeyd etsə də, şikayətdə cinayətin törədilmə hallarını təsdiq etdiyini qeyd etdiyi şahidlər barədə məlumatlar (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) tərtib olunmuş şikayətdə qeyd edilməmiş və şikayətə əlavə edilməmişdir. Bundan başqa şikayətdə ayrı-ayrılıqda yalnız bir nəfər şəxsin, yəni eskpertin və qəsəbə icra nümayəndəsinin yanında təhqir edilməsini bildirərək onların adı, ata adı qeyd edilmişdir. Halbuki CM-nin 148ci maddəsi ilə məsuliyyətin yaranması üçün kütləvilik əlamətinin olması zəruridir. Yəni, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar azı iki nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə olunmalıdır. Bundan başqa baxmayaraq ki, şikayət X13 və X6 tərəfindən verilib, şikayətdə X6 barəsində X3 Hafiz Yolçu oğlu tərəfindən hansı təhqiredici ifadələrin işlədildiyi, bunun nə ilə təsdiq edildiyi göstərilməmişdir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən təqdim olunmuş flash kartla tanış olarkən orada zibillərin ətraf əraziyə səpələnməsinə dair şikayətçi tərəfindən qeydə alınmış video və foto görüntülərin əks olunduğu müəyyən olunmuş, şikayət verən şəxsə qarşı hər hansı təhqir edici ifadələrin işlədilməsinə rast gəlinməmişdir. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-193/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-193/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver