Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-195/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Nəbikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Şərur rayonu, Oğuzkənd kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Elmir adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 iyun 2020-ci il saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən «Luxoyl» yanacaq doldurma məntəqəsində yerləşən avtomatik işləyən avtoyuma məntəqəsində 50 qəpiklik sikkələrin yığıldığı saxlanc aparatını yerdən götürdüyü dəmir parçası ilə qırıb açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq 800 manat dəyərində 50 qəpiklik sikkələri gizli yolla talayıb Zərərçəkmiş şəxs2 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 noyabr 2020-ci il saat 11 radələrindən 15 radələrinədək olan müddət ərzində X1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi nömrəsiz evinə qapının qıfılını qırıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evdən dəyəri 800 manat olan odun samovarını gizli yolla talayıb X2 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elmiri bir neçə ildir tanıyır və onlar arasında dostluq münasibətləri var. 26 iyun 2020-ci il tarixdə, günorta saatlarında “Qurd Qapısı” deyilən ərazidə yerləşən “Rent A Car” şirkətindən günü 60 manata olmaqla X4 markalı “**- MV-***” dövlət qeydiyyat nişanlı avtomobili 2 günlük icarəyə götürmüşdür. Həmin gün axşam saatlarında Elmirlə Suraxanı rayonu ərazisində görüşmüş, icarəyə götürdüyü “X4” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərdə bir qədər gəzdikdən sonra, avtomobili yudurtmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən «Luksoil» YDM-nə gəlmişlər. Avtomobili YDM-nin həyətində yerləşən aparata 50 qəpik ataraq avtomobili özləri yumuş, daha sonra oradan çıxaraq yenidən avtomobil ilə şəhərdə gəzmişlər. 27.06.2020-ci il saat 03:40 radələrində yenidən Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən «Luksoil» YDM-nə qayıtmışlar. Həmin vaxt onlar qərara gəlmişlər ki, içərisi 50 qəpiklə dolu olan aparatı sındıraraq orada olan pulları götürsünlər. Avtoyuma məntəqəsində yerdən götürdükləri dəmir armatur ilə ikisi də, köməkli olaraq həmin aparatı qırmış, aparatın içərisində olan 230 manat məbləğində 50 qəpiklik sikkələri götürərək oradan uzaqlaşmışlar. Daha sonra, oğurladıqları pulu yarı bölmüş, oğurluq nəticəsində əldə etdiyi 115 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan əlavə, 04 noyabr 2020-ci il tarixdə X1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi nömrəsiz yaşayış evinin həyətinə hasardan aşaraq düşmüş, evin qapısının qıfılını qıraraq evə daxil olmuşdur. Daha sonra evdə olan 01 ədəd odun samovarını götürərək öz yaşadığı evə aparmışdır. Bir-neçə gün sonra dostu Elşən onlarda olarkən qeyd olunan odun samovarını istifadə etmək üçün ondan istəmiş, o, etiraz etməyərək, qaytarmaq şərti ilə həmin samovarı ona vermişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. O, bir müddət əvvəl Cehunun yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evə qonaq getmiş, həyətdə ağaclara baxarkən iki ədəd odun samovarı görmüş və həmin samovarlardan birini ona verməsi Cehundan xahiş etmişdir. Cehun etiraz etməmiş, geri qaytarması şərti ilə həmin samovarı ona vermiş, o, samovarı götürərək yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evə aparmışdır. Təxminən 1 ay sonra Cehun onu möbil telefonuna tanımadığı nömrədən zəng edərək samovarı taksiyə qoyaraq ona göndərməsini bildirmişdir. Bir-neçə dəqiqə sonra yenidən onun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, ona zəng edən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı olmasını bildirmiş və ona qeyd olunan samovarı polis şöbəsinə gətirməsini bildirmişdir. Cehunun həmin samovarın oğurlaması barədə əvvəlcədən məlumatı olmamış, polis əməkdaşı ona zəng etdikdən sonra onun bu barədə məlumatı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsinin yanında yerləşən Luxoil YDM-nin rəisi vəzifəsində çalışır. YDM-si özünə məxsusdur. Təxminən 1 ildir ki, həmin YDM-nin həyətində yerləşən avtoyuma məntəqəsində avtomatik 50 qəpiklik sikkələrlə işləyən aparat quraşdırmış, həmin aparata 50 qəpiklik atanda bir neçə dəqiqə ərzində su verir və müştəri özü avtomobilini yuyur. 27.06.2020-ci il tarixdə, səhər saatlarında YDM-nin işçiləri ona məlumat vermişlər ki, “X4” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs aparatı qırıb qəpiklər oğurlamışlar. O, müşahidə kameralarının qeyd aldığı görüntülərə baxmış və görmüşdür ki, 26.06.2020-ci il tarixdə, saat 11 radələrində 2 nəfər şəxs “X4” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə YDM-nin həyətində yerləşən avtoyuma məntəqəsinə gəlmiş, avtomobili yuduqdan sonra oradan getmişlər, həmin şəxslər 27.06.2020-ci il tarixdə, saat 03:40 radələrində yenidən həmin avtomobil ilə avtoyuma məntəqəsinə geri qayıdaraq orada quraşdırılmış içərisində 50 qəpiklik dəmir sikkələr olan aparatı dəmir parçası ilə qırıb içindən 800 manat məbləğində pul oğurlamışlar. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 04 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Məmmədbağır oğlu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1 mərtəbəli evi var. 04.11.2020-ci il tarixdə, saat 11 radələrində evdən çıxıb Cəlilabad rayonuna getmişdir. Həmin gün saat 15 radələrində oğlu ona zəng vuraraq evdən oğurluq edildiyini bildirmişdir. O, həmin gün Bakı şəhərinə geri qayıtmış, yaşadığı evə gələrək baxış keçirmiş, ona məlum olmuşdur ki, evin qapısının qıfılı qırılmaqla evə daxil olunmuş və evdən 800 manat dəyərində od samovarı oğurlanmışdır. Bu barədə polisə məlumat vermişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 Məmmədbağır oğlunun 23 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış od samovarı ona geri qaytarılmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 8-ci vərəqəsində olan 27 iyun 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən «Luxoyl» yanacaq doldurma məntəqəsində yerləşən avtomatik işləyən avtoyuma məntəqəsində 50 qəpiklik sikkələrin yığıldığı saxlanc kassa aparatının sındırıldığı müəyyən edilmişdir. Cinayət işinin 28-29-cu vərəqəsində olan 29 iyun 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-65-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-381/2020 saylı, 01 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin İŞnin müstəntiqi Rüstəm İsmayılovun vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan 01 iyul 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-128-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-694/2020 saylı, 09 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 06 dekabr 2020-ci il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 155-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 9/247 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd açıq qəhvəyi rəngli, gövdəsi (orta hissəsi) dairəvi çıxıntılı, tutacağında, qapağının altında və sair hissələrində işləmələr olan təhminən 3-4 litr su tutumuna malik odun samovarının istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. Cinayət işinin 170-174-cü vərəqələrində olan 27 yanvar 2021-ci iln tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd odun samovarı iş üzrə maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.07.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələri ilə təqsirli ilə bilinərək 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs aylıq qazancından 10 faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 07 (yeddi) ay müddətinə islah işləri cəzası və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 29 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-965 saylı, 07.06.2017-ci il il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, qazancından 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il 07 (yeddi) ay müddətinə islah işləri cəzasına və 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs 2000 manat cərimə məbləğindən bu günkü günə kimi 1100 manatını ödəmiş, 01 il 07 ay müddətinə olan islah işləri cəzası isə icra olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 dekabr 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 29.06.2020-ci il tarixdən 01.07.2020-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 965 saylı, 07.06.2017-ci il il tarixli qərarı təyin edilmiş qazancından 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il 07 (yeddi) ay müddətinə islah işləri cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən, 2000 manat cərimə cəzasının ödənilməmiş 900 manatı tamamilə toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd odun samovarının Zərərçəkmiş şəxs1 Məmmədbağır oğluna qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-965 saylı, 07.06.2017-ci il il tarixli qərarı təyin edilmiş qazancından 10 % dövlət nəfinə tutulmaqla 01 (bir) il 07 (yeddi) ay müddətinə islah işləri cəzası, yəni azadlıqdan məhrum etmənin bir gününə islah işləri cəzasının dörd günü bərabər tutulmaqla 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 900 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün onun cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd odun samovarının Zərərçəkmiş şəxs1 Məmmədbağır oğluna qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-195/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-195/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver