Məhkəmə qərarları › İş №1(008)-195/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-195/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-195/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayounu, Maştağa qəsəbəsi, Mədənyolu küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Araz markef'in içərisində ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, onun ərinə ismarıc yazdığı üçün qısqanması səbəbindən ictimai yer olan "Araz markef'in içərisində kənar şəxslərin gözü qarşısında həmin marketdə işləyən Zərərçəkmiş şəxs ilə mübahisə edib, saçından tutub sonuncunu yerdə sürüyərək qəsdən baş nahiyəsindən bir neçə dəfə yumruqla vurub, ona sol təpə nahiyəsinin dərialtı hematoması və çənə nahiyələrinin sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2025-ci il tarixdə, axşam saatlarında evdə olarkən ərinin telefonuna ismarıc gəlmiş, həmin ismarıcda sonradan adının Əfsanə olduğunu bildiyi şəxs "malımız qurtarıb təmin edə bilərsiz?” yazmışdır. O, qısqanaraq Əfsanəyə zəng edib onu təhqir etmiş, söhbət əsnasında onun harada işlədiyini öyrənmişdir.14 yanvar 2025-ci il tarixdə həyat yoldaşı Elşaddan onu Əfsanənin işlədiyi yerə aparmasını istədikdə təxminən saat 11 radələrində Elşad onu ora aparmış, dükana daxil olduqda bir qadın onun qarşısına çıxmışdır. O, həmin qadına "danışdığım sən idin?” sualını verdikdə həmin şəxs ondan mağazanı tərk etməyini istəmiş, həmin şəxsin Əfsanə olduğunu bilib saçından tutaraq yerə yıxıb sürüyərək içəri tərəfə aparmış, yumruqla baş nahiyəsindən ardıcıl zərbələr vurmuşdur. Mübahisə zamanı ətrafda olan müştərilər onları aralaşdırmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki Sabunçu rayonu. Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Araz market”də satıcı işləyir. 14 yanvar 2025-ci il tarixdə, təxminən saat 11 radələrində işdə olarkən tanımadığı bir qadın mağazaya daxil olaraq onu gördükdə "danışdığım sənsən?" dedikdə ona "nə lazımdır?” deyə cavab vermiş, bundan sonra həmin şəxs dükanın girişində onun saçından tutaraq yerə yıxıb içəri tərəfə sürüməyə başlamışdır. İçəridə olarkən isə həmin şəxs onun saçını buraxmayaraq yumruqla başından ardıcıl zərbələr vurmağa başlamış, o, huşunu itirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, artıq bir neçə müddətdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Araz market'də işləir. Həmin marketdə Əfsanə adlı şəxs də işləyir. 14 yanvar 2025-ci il tarixdə, təxminən saat 11 radələrində bir nəfər şəxs marketə daxil olaraq Əfsanə ilə söhbət etdikdən sonra onun saçından tutub sürüyərək marketin içəri tərəfinə gətirmiş, orada olarkən də saçından buraxmayaraq yumruqla onun baş nahiyəsindən ardıcıl zərbələr vurmuşdur. Həmin vaxt marketdə olan digər müştərilərlə birgə onları aralaşdırmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, artıq bir neçə müddətdir ki Sabunçu rayonu. Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Araz marketidə çalışır. Əfsanə adlı şəxs də onunla birgə həmin marketdə işləyir. 14 yanvar 2025-ci il tarixdə, təxminən saat 11 radələrində kassada olarkən bir nəfər qadın marketə daxil olaraq Əfsanə ilə söhbət etdikdən sonra onun saçından tutub yerə yıxmış, daha sonra isə sürüyərək marketin içəri tərəfinə gətirmişdir. Orada olarkən də saçından buraxmayaraq yumruqla onun baş nahiyəsindən ardıcıl zərbələr vurmuşdur. Həmin vaxt marketdə olan müştərilər və işçilər onları aralaşdırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Araz markef'in içərisində baş vermişdir (i.v.6-8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X8 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 17 yanvar 2025-ci il tarixli, 99 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin dərialtı hematoması və çənə nahiyələrinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-ci ıl tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.27-28). Məhkəmə iclasında tədqiq edilmiş videodiskdə olan görüntüdən görünür ki, Təqsirləndirilən şəxs marketə daxil olaraq girişdə Zərərçəkmiş şəxs nəsə deyir, Zərərçəkmiş şəxs ona cavab verərək marketin qapısından çölə çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs arxandan onun saçından dartaraq yerə yıxır, qaldırdıqdan sonra onun saçından dartaraq marketin içərisinə aparır, marketdə olan şəxslər onları ayırmağa çalışarkən Zərərçəkmiş şəxs başına əli ilə ardıcıl zərbələr endirir, qışqıraraq nəsə deyir və ətrafa çoxsaylı insanlar toplaşırlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, hadisənin videogörüntüsü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, videogörüntünün, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.59). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2007-ci il təvəllüdlü (X3), 29 sentyabr 2010-cu il təvəllüdlü (X2), 17 yanvar 2017-ci il təvəllüdlü (X4) və 07 avqust 2024-cü il təvəllüdlü (X1) uşaqları var. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.15). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının (CM-59.2), iki azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş zərərin tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməli, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq zamanı sərf edilmiş 20 iş saatına, məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına, cəmi 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar