Məhkəmə qərarları › İş №1(008)-196/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-196/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-196/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrindən 22 radələrinə kimi olan müddət ərzində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ünvan 3 ünvanında işlədiyi dülgər sexində olan zaman həmin sexdə işləyən və yaşayan tanışı Zərərçəkmiş şəxs yatmasından, habelə sonuncuya məxsus mobil telefonunun kod-şifrənin 1996 olduğunu əvvəlcədən görüb bilməsindən istifadə edərək, həmin telefonun 1996 rəqəmini yazıb açmaqla telefonda olan “Kapital Bank”a məxsus 5239-1517-6443-5718 saylı kart hesabının birbank mobil tətbiqində kod şifrəsinin eyni rəqəmlərdən ibarət olduğundan onları qeyd edib elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə daxil olub köçürülmə bölməsində özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş, bank kartının 4613-8602-0478-5529 saylı nömrəsini yazaraq 490 manat pul vəsaitini gizli olaraq qeyd edərək öz bank hesabına köçürməklə Zərərçəkmiş şəxs 490 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Rövşənlə təxminən iki ilə yaxındır ki, tanışdır. 2024-cü ilin may ayının ortalarında Rövşən ona zəng edərək ailəsi ilə probleminin olduğunu və qalası yer olmadığı üçün yanında qalmağı xahiş etmişdir. Telefonda ona yanında qala biləcəyini demişdir. O, həmin vaxt Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Badukubə” restoranının arxasında yerləşən taxta sexində fəhlə kimi çalışmışdır. İşlədiyi yerdə həmçinin balaca yatmaq üçün otaq var idi. Gecələr otaqda qalırdı. Rövşən onunla telefonla danışdıqdan bir neçə saat sonra yanına gəlmişdir. Rövşən özünün iş yerinin olmadığını və taxta sexində ona iş ola biləcəyini soruşmuşdur. O, Rövşənə taxta sexinin müdirinə bu barədə deyəcəyini bildirmişdir. Onun yanında Rövşən artıq sabahdan işləməyə başlamışdır. 18 may 2024-cü il tarixdə o, Rövşənlə qaldığı otaqda yeyib-içirmiş. Otaqda özü ilə Rövşən qalmışdır. Həmin tarixdə saat 22:00 radələrində Rövşənin yatmasından istifadə edərək şkafının üstündə olan onun mobil telefonunu götürmüşdür. Rövşənin telefonunun şifrəsini bir neçə dəfə yazanda görmüşdür. Telefonun şifrəsinə “1996” rəqəmini yazmışdır.Telefonun ekranı açılmışdır. Tətbiqə daxil olmuşdur. Tətbiqə daxil olmaq üçün şifrə lazım imiş. Telefona yazdığı “1996” şifrəsi ilə birbankın şifrəsinin eyni olacağını düşünmüşdür. Buna görə də özü tətbiqdə “1996” şifrəsini yazmışdır və daxil olmuşdur. Tətbiqdə köçürülmə bölməsinə daxil olaraq özünə məxsus "xxxx" kartının 16 rəqəmini yazmışdır. Köçürülmə üçün məbləğ olaraq 490 manat pul yazmışdır. Köçürülməni təsdiqləmişdir və 490 manat özünün kartına köçmüşdür. Bir neçə saat sonra o, paltarlarını çantaya yığaraq otaqdan çıxmışdır. Maddi durumu yaxşı olmadığı üçün Rövşənin bank kartından pulu çıxarmağa vadar olmuşdur və 490 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin may ayının ortalarından Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən taxta sexində fəhlə işləyirdi. Taxta sexində fəhlə kimi ondan başqa Mövlan adlı şəxsdə var idi. Ailə daxili problemi olduğundan Mövlanın işlədiyi yerə gələrək orda qalmışdır. 18 may 2024-cü il tarixdə Mövlan adlı şəxslə otaqda qalmışdır. 19 may 2024-cü il tarixdə gecə saat 02:00 radələrində yuxudan oyanmışdır. Həmin vaxt Mövlanın yaşadığı otaqda olmadığını görmüşdür. Dərhal Mövlanın istifadəsində olan mobil nömrələrə zəng etsədə Mövlan cavab verməmişdir. Telefonunun ekranını açanda birbank tətbiqindən mesaj gəldiyini görmüşdür. Tətbiqdə 5239-1517-6443-5718 nömrəli kartından 490 manat pulun 461386******5529 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə köçdüyünü aşkar etmişdir. Bu barədə səhər saatlarında DİN-in 102 xidmətinə məlumat vermişdir. Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə gedərək ərizə yazmışdır. Özünə aid kartı heç kimə verməmiş, şübhələndiyi şəxs otaqda bir yerdə qaldığı Mövlan adlı şəxs olmuşdur. Səbəb kimi hadisədən sonra Mövlanın paltarlarını götürüb otaqdan getməsi olmuşdur. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 5-6-cı vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən dülgər sexidir. Cinayət işinin 13-cü vərəqində olan **********1 nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:15-də 523915******5718 nömrəli kart hesabından 461386******5529 nömrəli kart hesabına 490 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 58-ci vərəqində olan “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqda Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 60-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində ünvan 5 ünvanında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 99-101-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi Taleh Əbilzadənin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 102-103-cü vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2024-cü il tarixli tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə saat 06:00-da saxlanılmışdır. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Taleh Əbilzadənin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı MSY-dən azadlığa buraxılması qərara alınmış, elə həmin gün onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lakin iş materiallarında olan 20 dekabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs qismində dindirilməsi saat 11:30-da başlamış, saat 12:15-də bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 24 saatdan artıq tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Beyləqan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar