Məhkəmə qərarları › İş №1(008)-197/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-197/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-197/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 11 avqust 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev 55/2-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 1 Yaşayış kompleksində yerləşən 5 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs heç bir səlahiyyəti olmadığı halda onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, Yeni məhəllə 8 ünvanında yerləşən 06 sot torpaq sahəsinə bir ay müddətinə çıxarış alacağına yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 9000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə 2024-cü ilin aprel ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsində X4 adına olan, faktiki isə X2 Rüfət Əbülfət oğluna məxsus 2018-ci il buraxılışlı X8 markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında icarəyə götürərək xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs “COP 29" tədbirinə sürücü kimi qoşulub daha çox gəlir əldə edəcəyini, belə olan halda onun özünə də daha çox gəlir verəcəyini və bunun üçün ona avtomobilin üzərində sərəncam vermək barədə hüququnun olmasını bildirib inandıraraq inam və etibarını qazanmış, həmin tarixdə Zərərçəkmiş şəxs anası Kəmalə Qənbərova tərəfindən ünvan 3 ünvanında mobil tətbiq vasitəsilə onlayn qaydada həmin avtomobilə dair adına baş etibarnamə verilməsinə nail olub xx.xx.2024-cü il tarixdə həmin avtomobili digər şəxsə satıb pulunu ələ keçirərək Zərərçəkmiş şəxs 22.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin aprel ayında iş axtarırmış. Qardaşı Seymur ona bildirmişdir ki, "dostu Rüfət icarədə nəqliyyat vasitəsi verir”. O, onunla razılaşmış və 2024cü ilin aprel ayının 25-də qardaşı və onun dostu Rüfət ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında görüşmüşlər. O, Rüfət adlı şəxs ilə söhbət etmiş və X10 markalı **-RU-*** Dövlət qeydiyyat nişanlı avtomobili 30 manata icarəyə götürəcək və avtomobilin bütün xərcləri Rüfətin üzərinə olacaqdır. Həmin gün o, Rüfət ilə birgə Natoriat kontoruna yaxınlaşmış, aralarında müqavilə bağlamışlar. O, 10 gündən bir həmin avtomobilin ödənişini vermişdir. 2024-cü ilin avqust ayında idarə etdiyi nəqliyyat vasitəsinə bir müştəri əyləşmiş və ona bildirmişdir ki, avtomobili "COP29” beynəlxalq tədbiri ilə əlaqədar kompaniyaya qoşsa oradan yaxşı gəlir əldə edə bilər. Müştərinin bu fikri onun ağlına batmış və həmin avtomobili kompaniyaya qoşmaq qərarına gəlmiş, lakin avtomobilə sərəncam vermək etibarnaməsi lazım olmuş, o Rüfət ilə danışmış və razılığa gələrək ondan sərəncam vermək etibarnaməsi almışdır. Bİr müddət keçmiş, lakin o, həmin kompaniyaya qoşula bilməmişdir. 2024-cü ilin avqust ayında həmin nəqliyyat vasitəsini "Turbo.az” internet saytına yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə həmin avtomobili 21.500 manata X1. Bundan əlavə 2024-cü ilin avqust ayının əvvəllərində qardaşı Seymur Hüseynov onunla telefon əlaqəsi saxlayıb ona bildirmişdir ki, dostu Zərərçəkmiş şəxs yanındadır, onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə 8-də yerləşən 06 sot ölçüdə torpaq sahəsi vardır, həmin torpaq sahəsinə Rüfət çıxarış almaq istəyir. O da Seymura demişdir ki, o, onun torpaq sahəsinə çıxarış almağına köməklik edə bilər. Daha sonra Rüfət özü də onunla telefonda danışmış, Rüfət torpaq sahəsinə aid olan sənədlərin fotoşəklini onun mobil telefonuna Whatsapp vasitəsilə göndərmişdir. O, həmin sənədlərə baxmış, torpaq sahəsinə görə Rüfətin etibarnaməsi və torpağın sərəncamı olmuşdur. Onun əmlak məsələləri ilə bağlı təcrübəsi olduğundan Rüfətə demişdir ki, onun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində tanışı vardır, o, ona həmin torpaq sahəsinə çıxarış almaq məsələsini həll edə bilər, bunun üçün ondan 9000 manat pul alacaq. O, 1 saylı Bakı Ərazi İdarəsində İlham adlı şəxsin işldiyini bildiyi üçün onun adını Rüfətə demişdir ki, gedib maraqlansa sözü düz çıxsın. Lakin İlhamın bu işlə heç bir əlaqəsi olmayıb. O, həmin vaxt Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 1 yaşayış massivində 5-ci binada kirayədə qalırmış. O, Rüfətə demişdir ki, torpağın sənədlərini və 9000 manat pulu vaxtında versə dərhal işə başlayacaqdır. Beləliklə xx.xx.2024-cü il tarixdə Rüfət qardaşı Seymur ilə birlikdə onun kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 1 yaşayış massivində yerləşən 5 nömrəli binanın qaışısma gəlmiş, orada o, Rüfət ilə torpaq sahəsinə çıxarış almaq barədə danışıb sözü gedən torpaq sahəsinə çıxarış almaq məsələsini həll edəcəyini bildirmişdir. Rüfət ona 9000 manat, torpağın sərəncamı, etibarnamə və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O, Rüfətə demişdir ki, iki aya ona məxsus torpaq sahəsinə çıxarış alıb ona verəcək, hətta ağ kağızın üzərinə yazmışdır ki, Zabrat qəsəbəsində yerləşən Rüfətə məxsus torpaq sahəsinin çıxarışını düzəltmək üçün Rüfətdən 9000 manat pul vəsaitini götürür, xx.xx.2024-cü il tarixinədək sənəd düzəlmədiyi təqdirdə yuxarıda qeyd edilən pul vəsatini ona qaytaracaqdır. O, 9000 manat pulu Rüfətdən alıb şəxsi ehtiyaclarına xərcləmiş və bir hissəsini isə borclarına qaytarmışdır. Beləliklə hər iki epizod üzrə pulları əldə edərək şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsindən peşmandır, dəymiş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X8 hibrid markalı avtomobil onun maddi hesabına alınsa da, formal olaraq anası X4 adın sənədləşdirmişdir. Həmin avtomobil ona 22000 manata başa gəlmişdir. X3 ilə tanışlıq münasibəti olmuşdur. Seymuru təxminən iki il olar ki, tanımışdır. O, Seymur ilə söhbət edərkən ona bildirmişdir ki, X8 hibrid markalı avtomobili vardır, həmin avtomobili icrəyə vermək istəyir, lakin tanımadığı adama avtomobili icarəyə vermək istəmir. Seymur ona qardaşı Sabirin maddi ehtiyacı olduğunu və avtomobili qardaşı Sabirə icarəyə verməyini məsləhət bilmişdir. O, Seymurun sözü ilə razılaşmış və Sabirin yanlarına dəvət etməsini, onunla tanış olmaq istədiyini bildirmişdir. 2024-cü ilin aprel ayının 25-də o, Seymur və qardaşı Sabir ilə Sabunçu rayonu, Zabrat qəsəbəsində görüşmüşdür. Sabir ilə danışıqları belə olmuşdur ki, həmin nəqliyyat vasitəsini gündəlik 30 manata ona icarəyə verəcək, avtomobilin bütün xərcləri isə onun üzərində olacaqdır. Həmin avtomobilə görə onun mülki etibarnaməsi olduğuna görə X8 hibrid markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün Sabirə etibarnamə vermişdir. Sabir onun avtomobilini icarəyə götürdükdən sonra taksi fəaliyyəti ilə məşğul olub vaxtında icarə haqqını ödəmişdir. xx.xx.2024-cü il tarixdə Sabir onun mobil telefonuna zəng edərək bildirmişdir ki, "COP 29” beynəlxalq tədbiri ilə əlaqədar olaraq sürücü və avtomobil tələb olunur, həmin iş gəlirli işdir, bunun üçün ona həmin avtomobilə görə sərəncam vermək barədə etibarnamə verməlidir. Bundan sonra o, Sabirin qardaşı Seymur ilə telefon əlaqəsi saxlayıb ona Sabirin ona danışdıqları barədə bildirmişdir. Seymur ona demişdir ki, narahat olmasın, Sabir etibarlı adamdır, Sabirin dörd övladı vardır, ona şərait yaratsın ki, “COP 29” beynəlxalq tədbirində sürücü kimi işləsin, əgər hər hansı bir xoşagəlməz hadisə olsa, həmin avtomobili Sabir satarsa o, özü bu işə görə cavabdehdir. O, Sabirə zəng edib demişdir ki, sabah notariat kontruna gedərlər, ona baş etibarnamə verər. Sabir isə ona etibarnamənin təcili lazım olduğunu, onlayn qaydada ona indi baş etibarnamə verilməsini bildirmişdir. Seymurun sözləri onda inam yaratdığı üçün, eləcə də, Sabirin sözünə inandığı üçün yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsində olarkən anası Kəmaləyə demişdir ki, avtomobilin üzərində sərəncam vermək hüququ olmaqla Sabirin adına onlayn etibarnamə versin. Beləliklə xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən anası Kəmalə onlayn qaydada X8 hibrid markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində sərəncam vermək hüququ olmaq şərtilə Təqsirləndirilən şəxs etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixdə isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun avtomobilini başqa bir şəxsə 21500 manata satmışdır. O, həmin gün Sabirin qardaşı Seymur ilə görüşmüş, Seymur ona polisə müraciət etməməyi, üç gün ərzində məsələni həll edəcəyini, ya avtomobilini qaytaracaqdır, ya da pulu ödəyəcəkdir. O da Seymurun bu sözünə görə Sabirdən şikayət etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Seymur oğlu ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə 8-də yerləşən 06 sot ölçüdə torpaq sahəsinə çıxarış almaq adı ilə ondan 9000 manat pul alıb ona qarşı dələduzluq edib həmin pulu ələ keçirib. Belə ki, 2024-cü ilin avqust ayında o, Seymur Hüseynov ilə söhbət edərkən Seymur ona demişdir ki, qardaşı Sabir Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən fərdi yaşayış evinə tanışının vasitəsilə çıxarış almışdır. O, Seymura demişdir ki, Zabrat qəsəbəsində yaşadığı evin yaxınlığında 06 sot ölçüdə torpaq sahəsi vardır, həmin torpaq sahəsini baş etibarnamə ilə almış, torpaq sahəsini öz adına sənədləşdirmək üçün çıxarış almaq lazımdır, lakin həmin torpaq sahəsinə çıxarış ala bilmir. Seymur ona demişdir ki, istəyirsə qardaşı Sabirə desin, imkanı olsa ona kömək edər. O da Seymura demişdir ki, Sabir ilə danışıb ona bir söz desin. Seymur qardaşı Sabirin mobil telefonuna zəng vurub ona bildirmişdir ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 06 sot ölçüdə torpaq sahəsi var, həmin torpaq sahəsinə çıxarış almaq istəyir. Seymur qardaşı Sabir ilə telefonda danışdıqdan sonra ona demişdir ki, qardaşı Sabir ona bildirib ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində onun tanışı vardır, ona məxsus torpaq sahəsinə çıxarış almaq məsələsini tanışının vasitəsilə 9000 manat pulun müqabilində həll edəcəkdir. O, Seymurdan Sabirin tanışının kim olduğunu soruşanda ona demişdir ki, qardaşı Sabir ona deyib ki, həmin idarədə işləyən şəxsin adı İlhamdır, orada rəisdən sonra üçüncü şəxsdir, orada hüquqşünasdır. Daha sonra o, özündə Sabir ilə telefon əlaqəsi saxlayıb torpaq sahəsinə çıxarış almaq barədə onunla ətraflı danışmış. Sabir ona demişdir ki, narahat olmasın, ona məxsus torpaq sahəsinə çıxarış almaq məsələsini 9000 manata həll eədəcəkdir, İlham adlı şəxs dayısının tanışıdır, sabah 9000 manatı və sənədləri aparıb ona versin, iki aya ona məxsus torpaq sahəsinə çıxarış alıb ona verəcəkdir. O da buna görə 9000 manat pul düzəldib xx.xx.2024-cü il tarixdə saat 23-də Seymur ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Mida 2 yaşayış kompleksinin ərazisində Sabir ilə görüşmüş, orada Sabirə 9000 manat pul, sözü gedən torpaq sahəsinə aid müqavilənin əslini, şəxsiyyət vəsiqəsinin surətini, həmin torpaq sahəsinin əslini Sabirə vermişdir. Sabir ona demişdir ki, bir ay ərzində sözü gedən torpaq sahəsinə çıxarışı alıb ona verəcəkdir. Həmin vaxt Sabir ağ kağızın üzərinə yazmışdır ki, Zabrat qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsinin çıxarışını düzəltmək üçün ondan 9000 manat pul vəsaitini götürür. xx.xx.2024-cü il tarixinədək sənəd düzəlmətdiyi təqdirdə yuxarıda qeyd edilən pul vəsatini ona qaytaracaqdır. Həmin yazının altından o, Sabir və Seymur imza etmişlər. Lakin bir müddət keçdikdən sonra görmüşdür ki, nə Sabir, nə də ki, Seymur onun pulunu ödəmirlər. Başa düşmüşdür ki, Sabir onu aldadıb ona məxsus avtomobilə baş etibarnamə alıb avtomobili satıb pulunu ələ keçirib, eləcə də, torpağa çıxarış almaq adlı ilə ondan 9000 manat pulu aldadaraq əldə etmişdir. Beləliklə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edib ümumilikdə 31000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, aralarında barışıq əldə edilmiş və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X6 məhkəməyədək icraat dövründə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir il olar ki, tanıyır, onunla dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Qardaşı Sabir icarəyə avtomobil axtarırmış və Zərərçəkmiş şəxs ilə arasında dostluq münasibəti yarandığı üçün onunla söhbət əsnasında Rüfət ona demişdir ki, X8 hibrid markalı avtomobilini icarəyə vermək istəyir, lakin tanımadığı adama avtomobili icarəyə vermək istəmir, onun üçün avtomobili icarəyə verməyə etibarlı bir adam tapsın. O da Rüfətə demişdir ki, qardaşı Sabir icarəyə avtomobil axtarır, avtomobili qardaşı Sabirə icarəyə verə bilər. Rüfət ona demişdir ki, Sabiri yanlarına dəvət etsin, onunla görüşüb söhbət etmək istəyir. O da qardaşı Sabir ilə telefon əlaqəsi saxlayıb ona demişdi ki, dostu Rüfətin X8 hibrid markalı avtomobili vardır, avtomobili icarəyə verir, o da avtomobili ona icarəyə verməyi Rüfətə məsləhət bilmiş, Rüfət onunla görüşmək istəyir. 2024-cü ilin aprel ayının 25-də o, Rüfət və qardaşı Sabir Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat dairəsi deyilən yerdə görüşmüşlər. Sabir ilə Rüfətin danışığı belə olmuşdur ki, həmin avtomobili gündəlik 30 manata Sabirə icarəyə verəcək, avtomobilin bütün xərcləri isə Rüfətin üzərində olacaqdır. Beləliklə Rüfət ilə Sabir razılaşmışlar, həmin gün Rüfət avtomobili görüşdükləri yerdə Sabirə təhvil vermiş və notariat kontorunda ona idarə etmək barədə etibarnamə vermişdir. Həmin gündən etibarən qardaşı Sabir hər 10 gündən bir Rüfətə 300 manat icarə haqqı verirmiş. 2024-cü ilin avqust ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə o. Rüfət ilə söhbət edərkən ona demişdir ki, Zabrat qəsəbəsində yaşadığı evin yaxınlığında 06 sot ölçüdə torpaq sahəsi vardır, həmin torpaq sahəsini baş etibarnamə ilə almışdır, torpaq sahəsini öz adma sənədləşdirmək üçün çıxarış almaq istəyir, lakin həmin torpaq sahəsinə çıxarış ala bilmir. O da Rüfətə demişdir ki, qardaşı Sabir Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən fərdi yaşayış evinə tanışının vasitəsilə çıxarış almışdır, əgər istəyirsə qardaşı Sabirdən soruşssun, imkanı olsa ona torpaq sahəsinə çıxarış almağa köməklik edər. O, Rüfətin yanında qardaşı Sabirin mobil telefonuna zəng vurub ona bildirmişdir ki, dostu Rüfətin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 06 sot ölçüdə torpaq sahəsi vardır, həmin torpaq sahəsinə çıxarış almaq istəyir. Sabir ona demişdi ki, bir neçə dəqiqə səbr etsin, bir nəfər şəxs var, onunla əlaqə saxlayıb Rüfətə çıxarış almağa kömək edə biləcəyini dəqiqləşdirib ona xəbər edəcəkdir. Təxminən 10 dəqiqə sonra Sabir onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində onun İlham adlı tanışı vardır, orada rəisdən sonra üçüncü şəxsdir, ona məxsus torpaq sahəsinə çıxarış almaq məsələsini həmin tanışının vasitəsilə 9000 manat pulun müqabilində həll edə bilər. O, qardaşı Sabirlə telefonla danışdıqdan sonra Rüfətə demişdir ki, Sabir ona bildirib ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində onun İlham adlı tanışı vardır, orada rəisdən sonra üçüncü şəxsdir, ona məxsus torpaq sahəsinə çıxarış almaq məsələsini tanışınn vasitəsilə 9000 manat pulun müqabilində həll edə bilər. Daha sonra Rüfət özü də Sabir ilə telefon əlaqəsi saxlayıb torpaq sahəsinə çıxarış almaq barədə onunla ətraflı danışmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Rüfət onunla telefon əlaqəsi saxlayıb demişdir ki, Sabiri ona görə tanımışdır, torpaq sahəsinə görə çıxarış almaq məsələsinin həlli ilə bağlı 9000 manat pulu düzəltmişdir, onunla birlikdə Sabirin yanma getsinlər. O da Rüfətə etiraz etməmiş, həmin gün təxminən saat 23 radələrində Rüfət ilə birlikdə Sabirin kirayədə yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, Hovsan qəsəbəsi, Mida 1 Yaşayış kompleksində yerləşən 5 nömrəli binanın qarşısında Sabir ilə görüşmüş, orada Rüfət Sabirə 9000 manat pul, sözü gedən torpaq sahəsinə aid müqavilənin əslini, şəxsiyyət vəsiqəsinin surətini, həmin torpaq sahəsinin əslini Sabirə vermişdir. Sabir Rüfətə demişdir ki, bir ay ərzində sözü gedən torpaq sahəsinin çıxarışını alıb ona verəcəkdir. Həmin vaxt Sabir ağ kağızın üzərinə yazmışdır ki, Zabrat qəsəbəsində yerləşən Rüfətə məxsus torpaq sahəsinin çıxarışım düzəltmək üçün ondan 9000 manat pul vəsaitini götürür, xx.xx.2024-cü il tarixinədək sənəd düzəlmədiyi təqdirdə yuxarıda qeyd edilən pul vəsatini ona qaytaracaqdır. Həmin yazının altından o, Sabir və Rüfət imza etmişlər. Həmin vaxtdan bir müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə Rüfət onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, Sabir onun mobil telefonuna zəng edərək bildirmişdir ki, “COP 29” beynəlxalq tədbiri ilə əlaqədar olaraq sürücü və avtomobil tələb olunur, həmin iş gəliıii işdir, həmin tədbirə qoşulmaq istəyir, bunun üçün ona avtomobilin üzərində sərəncam vermək barədə etibarnamə verməlidir. O, Rüfətə ona gözləməsini deyib Sabir ilə telefon əlaqəsi saxlayıb hansı məqsədlə Rüfətdən avtomobilin üzərində sərəncam vermək barədə etibarnamə istədiyini soruşmuşdur. Sabir ona demişdir ki, “COP 29” beynəlxalq tədbiri ilə əlaqədar olaraq sürücü və avtomobil tələb olunur, həmin iş gəlirli işdir, həmin tədbirə qoşulmaq istəyir, hər gününə 130 manat ona maaş verəcəklər, bunun üçün ona avtomobilin üzərində sərəncam vermək barədə etibarnamə lazımdır. Rüfətə desin ki, narahat olmasın, ona baş etibarnamə versin. O da Sabirin bu sözünə inanıb yenidən Rüfətə zəng edib ona demişdir ki, narahat olmasın, Sabirin ona dedikləri düzdür, Sabirin maddi vəziyyəti yaxşı deyil, ona dəstək olmaq üçün X8 hibrid markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək barədə ona etibarnamə versin, həmin tədbirə qoşulsa yaxşı maaş alacaqdır. Hətta o, Rüfətə demişdi ki, əgər hər hansı bir xoşagəlməz hadisə olsa, həmin avtomobili Sabir satarsa o, özü bu işə görə cavabdeh olacaq. Beləliklə Rüfət avtomobilin üzərində sərəncam vermək hüququ olmaqla Sabirin adma onlayn etibarnamə vermişdir. Səhv etmirsə xx.xx.2024-cü il tarixdə Sabir ilə Hovsan qəsəbəsində qonşuluqda yaşayan uzaq qohumları ona telefon zəngi edib demişdir ki, Sabir icarəyə işlətdiyi X8 markalı avtomobili satmışdır. O da Sabirin mobil telefonuna zəng etmişdir, lakin Sabir onun telefon zənginə cavab verməmişdir. O da bundan sonra həmin gün Rüfət ilə görüşüb ona demişdir ki, Sabir ondan icarəyə götürdüyü avtomobili satmışdır. Rüfət də ona demişdir ki, sənə görə Sabirə X8 hibrid markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək barədə etibarnamə vermiş, özü məsələni həll etsin. O, Rüfətə demişdir ki, bu gün Sabirdən şikayət etməsin, məsələni dəqiləşdirib ona bir söz deyəcək. O, həmin gün gecə vaxtı Sabirin Hovsan qəsəbəsində kirayədə yaşadığı evinə gedib onunla görüşmüş, ona məlum olmuşdur ki, Sabir sözü gedən avtomobili başqa bir şəxsə 21500 manata satmışdır. O, Sabirə demişdir ki, avtomobili satmışdırsa da, pulunu versin, aparıb Rüfətə versin, Rüfət ona görə ona avtomobili vermiş, sonra da baş etibarnamə vermişdir. Sabir isə demişdir ki, o həmin pulu borclarına vermişdir. Rüfətə pul qaytara bilməyəcəkdir. O da səhər açılandan sonra Rüfət ilə görüşüb ona demişdir ki, o, çalışacaq ki, Sabirin ona vurduğu maddi ziyanı qaytarmağa köməklik etsin. Lakin Sabir yenə də, Rüfətə dəymiş ziyanı Ödəməmiş, o da buna görə Rüfət ilə görüşəndə ona demişdir ki, Sabir ona pul ödəməkdən yaymır. Rüfət də ona demişdir ki, ondan inciməsin, Sabirdən polisə şikayət edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında baş vermişdir(i.v.10-12). Etibarnamə və şəhadətnamələrin sürətindən görünür ki, X8 hibrid markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil X4 adına olmuş və sərəncam verilməsinə dair etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus olmuş, daha sonra isə Təqsirləndirilən şəxs etibar edilmişdir(i.v.33-39). Ərizə və torpağa dair sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 9 000 manat pulu və eskiz sxemi və torpağa dair sənədləri qəbul etmişdir(i.v.40-48). “İfadənin yerində yoxlanılması haqqında” 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs çıxarış alacağı adı ilə Zərərçəkmiş şəxs 9000 manat pulu alıb dələduzluq etdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı, Yeni məhəllə 8 ünvanında yerləşir (i.v.140-142). “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu dələduzluq cinayəti əməllərində Təqsirləndirilən şəxs əməlində özgənin əmlakını vahid niyyətlə ələ keçirmə kimi tövsifedici əlamətlər müəyyən olunmadığından onun əməli özgənin əmlakını təkrar olaraq ələ keçirmə kimi qiymətləndirilmiş, onun əməlində cinayətin residivi yaranmadığından ağırlaşdırıcı halların olmaması xüsusatı nəzərə alınmışdır(i.v.143-153). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:45-dən tutulmuşdur(i.v.75). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 4(008)- 704/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdə saat 17:45-dən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.106-111). Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 4(103)-22/2025 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs qətimkan tədbirinin "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilməsi barədə təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair 4(008)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlamanın müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən saat 17:45-den hesablanmağa başlanılmaqla 03 (üç) ay müddətinə seçilmiş həbs qətimkan tədbiri həmin müddətək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal azad edilmişdir(i.v.133-139). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.01,2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.117-118). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 05 fevral 2025-ci il tarixli məlumatdan görünür ki, Zərərçəkmiş şəxs adına sənədləşdirmə və ya müraciət daxil olmamışdır. X4 izahatından görünür ki, X8 hibrid markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşdirilsə də, oğlu Zərərçəkmiş şəxs məxsusdur və maddi ziyan oğluna dəymişdir(i.v. 53-54). Zərərçəkmiş şəxs notariat tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Hal-hazırda barışımışdır. Ona dəyən maddi ziyan ödənilmişdir(i.v 132). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, xx.xx.2021-ci il təvəllüdlü himayəsində azyaşlı uşaqları var(i.v. 84-85). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını(CM-nin 59.1.4), zərəçəkmiş şəxslə barışıq əldə edilməsini(CM-nin 59.1.12), dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını(CM-nin 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlnun ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdən 03 mart 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay 10 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 20 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar