Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-198/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşıyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində ünvan 3 ünvanının yaxınlığında dayanmış Zərərçəkmiş şəxs1 məxsus **-BM-*** dövlət qeydiyyat nişanlı, VAZ 21099 markalı avtomobilin ön və arxa şüşələrinin rezinlərini özündə olan istintaq zamanı müəyyən edilməyən alətlə kəsib ön və arxa şüşələrini çıxarmaqla salonda olan bir ədəd 250 manat dəyərində “Pioneer” markalı maqnitafonu, bir cütü 300 manat dəyərində, bir cütü 250 manat dəyərində olan, iki cüt 550 manat dəyərində səsgücləndiriciləri, 100 manat dəyərində bir ədəd gödəkçəni, həmin avtomobilin arxa saxlanc yerini özündə olan, istintaq zamanı müəyyən edilməyən alətlə açaraq oradan bir ədəd 80 manat dəyərində laqondanı, hər biri 260 manat dəyərində olan iki ədəd 520 manat dəyərində laqondanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 1500 manat ziyan vurmaqla oğlurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində ünvan 4 ünvanının yaxınlığında dayanmış Zərərçəkmiş şəxs2 məxsus **-FK-*** dövlət qeydiyyat nişanlı, VAZ 21013 markalı avtomobilin arxa şüşəsinin rezinlərini özündə olan istintaq zamanı müəyyən edilməyən alətlə kəsib arxa şüşəsini çıxarmaqla avtomobilin salonunda olan bir ədəd 200 manat dəyərində “Pioneer” markalı maqnitafonu, bir ədəd 200 manat dəyərində səsgücləndiricini, dörd ədəd 400 manat dəyərində olan “Pioneer" markalı kalonkanı, iki ədəd 200 manat dəyərində olan “Sony” markalı kalcnkənı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vurmaqda təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsində olmuş, işsiz olması səbəbindən maddi vəziyyəti pis olmuş və qərara gəlmişdir ki, oğurluq edib əldə etdiyi əşyaları satmaqla pul əldə etsin. Bundan sonra o, oğurluq etmək üçün ətrafı gəzmiş, oğurlayacağı əmlakları yığmaq üçün torbalar tapmışdır. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsində fərdi yaşayış evlərinin birinin yanında dayanmış dövlət qeydiyyat nişanını xatirlamadığı VAZ 21099 markalı avtomobil diqqətini cəlb etmişdir. Belə ki, həmin avtomobilin bahalı maqnitafonu və səs gücləndiriciləri olmuş, o, ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra üzərindəki bıçaqla VAZ 21099 markalı avtomobilin ön və arxa alın şüşələrinin rezinlərini kəsmişdir. O, avtomobilin ön və arxa alın şüşələrini çıxarmış, oradan avtomobilin içərisinə daxil olmuşdur. Özündə olan vintaçan və bıçaqla avtomobilin salonundan bir ədəd “Pioneer” markalı maqnitafonu, iki cüt səsgücləndirini, bir ədəd gödəkçəni götürmüş, sonra vintaçan və bıçaqla avtomobilin arxa saxlanc yerini açmışdır. Oradan da üç ədəd laqondanı götürmüş, oğurladığı əmlakları torbalara yığıb oradan uzaqlaşaraq Sabunçu rayonu Maştağa qəsəbəsi istiqamətində getmişdir. Həmin gecəni evində qalmış, səhərisi gün xx.xx.2024-cü il tarixdə oğurladığı əşyaları Sabunçu qəsəbəsində yerləşən “rus bazarı” adlanan yerə gətirmişdir. Orada əşyaları ayrı-ayrılıqda qiymətlərini xatırlamır, ümumi olaraq təxminən 640 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları da öz istəklərinə xərcləmişdir. Lakin, ona verilmiş digər epizod üzrə cinayət əməlini, yəni VAZ 21013 markalı avtomobildən törədilmiş oğurluq əməlini törətməmişdir. Həmin cinayəti o törətmiş olsa idi, barmaq izləri müəyyən edilərdi. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, istintaq zamanı onu məcbur etdiklərindən etirafedici ifadə vermişdir, onu qorxudublar, belə olacağını bilmədiyindən hər hansı orqana müraciət etməmişdir, Ramin adlı oğlan onunla birlikdə olmayıb. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bundan sonra o, yenidən oğurluq etmək qərarına gəlmiş, həmin vaxt da oğurluq etmək üçün Sabunçu rayonu Sabunçu qəsəbəsini gəzirmiş və küçədən oğurlayacağı əmlakları yığmaq üçün torbalar tapmışdır. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsində fərdi yaşayış evlərinin birinin yanında dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 21013 markalı avtomobil diqqətini cəlb etmiş, belə ki, həmin avtomobilin bahalı maqnitafonu və səs gücləndiriciləri olmuşdur. O, ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra üzərindəki bıçaqla VAZ 21013 markalı avtomobilin arxa alın şüşəsinin rezinlərini kəsmiş, avtomobilin arxa alın şüşəsini çıxarmış, oradan avtomobilin içərisinə daxil olmuşdur. O, özündə olan vintaçan və bıçaqla avtomobilin salonundan bır ədəd “Pioneer” markalı maqnitafonu, bir ədəd səsgücləndiricini, dörd ədəd “Pioneer” markalı kalonkanı, iki ədəd Sony markalı kalonkanı götürmüş, oğurladığı əmlakları torbalara yığıb oradan uzaqlaşaraq Sabunçu rayonu Maştağa qəsəbəsi istiqamətində getmişdir. xx.xx.2024-cü il tarixdə oğurladığı əşyaları Sabunçu qəsəbəsində yerləşən “rus bazarı’’ adlanan yerə gətirib ayrı-ayrılıqda qiymətlərim xatırlamır, ümumi olaraq təxminən 580 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları da öz istəklərinə xərcləmişdir. O, qeyd etmişdir ki, oğurluq hadisələrini tək etmişdir, başqa kimsə sözü gedən oğurluq hadisələrində iştirak etməmişdir. Vintaçanla bıçağı Sabunçu qəsəbəsində bilmədiyi yerdə tullamış, hara tulladığını isə hazırda göstərə bilməz. Başqa heç bir cinayət hadisəsi etməmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Tanışı Raminlə o, yaxın münasibətlərdə olmuşlar, o, ifadəsində qeyd etdiyi oğurluq hadisələrini törətdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt da o, Raminə demişdir ki, dəymiş ziyanları ödəməkdə ona köməklik etsin. Çünki o, Raminə həmişə maddi cəhətdən köməklik etmişdir, Raminsə etiraz edərək ona maddi ziyanların ödənilməsi ilə bağlı heç bir köməklik etməmiş, hətta arxasınca polis şöbəsinə də gəlməmişdir. Ramindən incidiyindən sonuncunun barəsində onunla birlikdə oğurluq etməsi ilə bağlı yalan ifadə vermişdir. O da əvvəllər məhkum olunduğundan qanunları bilir, Raminə də problem yaratmaq üçün qeyd olunan kimi ifadə vermişdir. Əslində isə Ramin onunla heç bir oğurluq etməmiş, sonuncu oğurluqla bağlı əldə etdiyi əmlaklardan heç nə satmamışdır. Hətta onun qeyd olunan oğurluq hadisələrini etməsindən Ramin xəbərsiz olmuşdur. O, xahiş edir ki, qeyd olunanlarla bağlı əvvəlki deyil, hazırkı ifadəsi nəzərə alınsın. O, oğurluq yolu ilə əldə etdiyi əmlakları satdığı şəxslərə bildirmişdir ki, həmin əşyalar özünc məxsudur və maddi vəziyyəti pis olduğu üçün satır. Həmçinin əmlakları satdığı şəxslərə həmin əmlakların oğurluq olması ilə bağlı heç bır məlumat verməmişdir. Oğurluq yolu ilə əldə etdiyi əmlakları ayrı-ayrı şəxslərə satmış, bu səbəbdən də satdığı şəxslər də əmlakların oğurluq olmasından şübhələnə bilməzmişlər. O, evində tək yaşayır, bu səbəbdən də kimsə oğurluq yolu ilə əldə etdiyi əşyaları evində saxlamasını görməmişdir. O, hər iki oğurluq hadisəsindən sonra yolda dövlət qeydiyyat nişanı və markasını xatırlamadığı, sürücüsünü də tanımadığı taksi avtomobili ilə evinə getmiş, həmin taksini də yolda görərək saxlatdırmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 27 iyun 2024cü il tarixdə təxminən saat 02 radələrində ünvan 5 ünvanında yerləşən yaşadığı ünvanın qarşısına gələrək Vaz 21013 markalı, 90FK437 dövlət qeydiyyat nişanlı avtomobilini orada saxlamış və avtomobildən düşüb yaşadığı evə getmişdir. Həmin tarixdə səhər saat 09 radələrində işə getmək üçün evdən çıxmış və avtomobilinin qapısını açıb əyləşmək istəyən zaman avtomobilin arxa şüşəsinin yerindən aralandığını, salonda olan saxlanc yerinin qapağının açıq olduğunu aşkar etmişdir. Lakin, avtomobilin saxlanc yerində hər şeyin yerində olduğunu görmüşdür Avtomobilə baxış keçirdiyi zaman salondan 200 manat dəyərində bır ədəd “Pioneer" markalı maqnitafonun, 200 manat dəyərində aval formalı bir ədəd səsgücləndiricinin, hər birinin dəyəri 100 manat olan dörd ədəd “Pioneer” markalı kalonkanın, hər birinin dəyəri 100 manat olan iki ədəd “Sony” markalı kalonkanın oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəmkiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, 24 iyun 2024-cü il tarixdə axşam təxminən saat 20 radələrində özünə məxsus olan Vaz 21009 markalı, 54BM260 dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəşid Məcidov küçəsində saxlayıb həmin küçədə yerləşən yaşadığı evinə getmiş, ertəsi gün, yəni 25 iyun 2024-cü il tarixdə təxminən saat 07:20 dəqiqədə işə getmək üçün avtomobilinə yaxınlaşmış və görmüşdür ki, avtomobilinin arxa və qabaq alın şüşələri sökülmüşdür. Avtomobilində oğurluq olduğunu düşünüb salona baxdıqda ona məlum olmuşdur ki, avtomobilinin salonundan bir ədəd 250 manat dəyərində “Pioneer” markalı maqnitafon, 300 manat dəyərində bir cüt səsgücləndirici, 250 manat dəyərində bir cüt səsgücləndiri, 100 manat dəyərində bir ədəd gödəkçəsi oğurlanmışdır. Bundan sonra avtomobilinin arxa yük yerini açaraq baxdıqda məlum olmuşdur ki, avtomobilin arxa yük yerində saxladığı 80 manat dəyərində bir ədəd laqonda, hər biri 260 manat dəyərində olan iki ədəd laqonda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsində heçkimdən şübhələnmir. Avtomobilin salonuna baxdıqda oğurluq olduğunu aşkar etdiyi üçün dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Gödəkçəni salonda görməsə də oğurlanmasını düşünməmiş, ona görə də bu barədə məlumatda bildirməmişdir. Avtomobilin yük yerinə də 102 xidmətinə zəng edəndən sonra baxmış, oradan da laqondaların oğrulandığını aşkar etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: baxış keçirilməsi və maddi sübutun götürmə haqqında 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanın qarşısında dayanmış VAZ 21099 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.07-10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Vaz-2099 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vemuş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əkslərı ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 05 ədədi (Arxa padpresden götürülmüş) (ADİS-in məlumat bankına BƏSİİ və İHOSMT-dən daxil olan), xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (03 dəfə) və şəhadət (02 dəfə) barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir (i.v.13); Hadisə yerinə baxış keçirilməsi haqqında 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanında yerləşən nömrəsiz fərdi evin qarşısında dayanmış VAZ 21013 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.21-24); Cinayət törətməkdə şübhəli olan şəxsin tutması barədə 28 iyul 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.51); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır (i.v.109-112); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.113-114); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, xx.xx.2016-cı ildə şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.136-138; 139-150); ifadənin yerində yoxlanılması haqqında 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq etmişdir(i.v.199-202); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-776/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.210-216); Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə ediimiş, Təqsirləndirilən şəxs sağ əlinin ovuc (03 dəfə) və şəhadət (02 dəfə) barmaqlarının əksləri ilə eynilik təşkil edən əl-barmaq izlərinin olduğu nəzərə alaraq bir ədəd zərf maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v.223-233); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-37/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni 16 fevral 2025-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona verilmiş digər epizod üzrə cinayət əməlini, yəni VAZ 21013 markalı avtomobildən törədilmiş oğurluq əməlini törətməmişdir. Həmin cinayəti o törətmiş olsa idi, barmaq izləri müəyyən edilərdi. Məhkəmə, Təqsirləndirilən şəxs bu ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü, tərcüməçi və vəkili imza etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suallar zamanı ibtidai istintaq zamanı nə üçün bu məzmunda ifadə verdiyi soruşulsada bunun səbəbini izah edə bilməmiş, onu məcbur etdiklərini bildirmiş, məcburiyyətin nədən ibarət olduğunu göstərə bilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində, eləcə də təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində oğurluq əməllərini X1 ilə birlikdə törətməsini göstərmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. Sonradan Təqsirləndirilən şəxs ifadəsini dəyişərək oğurluq əməllərini X1 ilə birlikdə törətmədiyini bildirərək göstərmişdir ki, “..Tanışı Raminlə o, yaxın münasibətlərdə olmuşlar, o, ifadəsində qeyd etdiyi oğurluq hadisələrini törətdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt da o, Raminə demişdir ki, dəymiş ziyanları ödəməkdə ona köməklik etsin. Çünki o, Raminə həmişə maddi cəhətdən köməklik etmişdir, Raminsə etiraz edərək ona maddi ziyanların ödənilməsi ilə bağlı heç bir köməklik etməmiş, hətta arxasınca polis şöbəsinə də gəlməmişdir. Ramindən incidiyindən sonuncunun barəsində onunla birlikdə oğurluq etməsi ilə bağlı yalan ifadə vermişdir. O da əvvəllər məhkum olunduğundan qanunları bilir, Raminə də problem yaratmaq üçün qeyd olunan kimi ifadə vermişdir.” Göründüyü kimi, heç bir təzyiqə məruz qalmayaraq, hər hansı maneə olmadan şübhəli şəxs qismində, eləcə də təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini dəyişərək yenidən ifadə verən Təqsirləndirilən şəxs VAZ 21013 markalı avtomobildən baş verən oğurluq əməlini törətməməsi barədə ifadə verməməsini məhkəmə inandırıcı hesab etmir. Bundan başqa, ifadənin yerində yoxlanılması haqqında 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, özünün verdiyi istiqamətlər əsasında hadisə yerinə gəlmiş, istintaqa vermiş olduğu ifadəsini hadisə yerində əyani göstərərək bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndində əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarında olan sübutları qarşılıqlı təhlil edərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri daha inandırıcıdır, həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngüllşdirən hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli (CM-65.2), 28 iyul 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müdddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3), iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs sağ əlinin ovuc (03 dəfə) və şəhadət (02 dəfə) barmaqlarının əksləri ilə eynilik təşkil edən əl-barmaq izlərinin olduğu bir ədəd zərf iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 28 iyul 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs sağ əlinin ovuc (03 dəfə) və şəhadət (02 dəfə) barmaqlarının əksləri ilə eynilik təşkil edən əl-barmaq izlərinin olduğu bir ədəd zərf iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-198/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-198/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver