Məhkəmə qərarları › İş №1(008)-199/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-199/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-199/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivində yerləşən 93 saylı bağ sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq su quyusunun yanından dəyəri 630 manat olan 1 ədəd su mühərriki, həyətdə olan yarımtikilidən hər birinin dəyəri 7 manat olan 8 ədəd 1525x1525 ölçüdə istifadə edilmiş taxta dikt, hər birinin dəyəri 1.20 manat olan 10 ədəd 4 metr x 0.30 metr ölçülü istifadə edilmiş ensiz taxta (reyka), hər birinin dəyəri 130 manat olan 2 ədəd tumba, həyətdəki hamam otağından ümumi dəyəri 170 manat olan əlüzyuyan və unitaz dəstini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1128 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının əvvəllərində ona pul lazım olduğundan oğurluq etməyi qərara almışdır. Bunun üçün xx xxxxxx 2019-cu il saat 02 radələrində oğurluq etmək üçün münasib ev axtarmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ massivinə getmişdir. Ətrafa göz gəzdirməyə başlamış və divarı sarı rəngli bağ evinin işıqlarının sönülü olması diqqətini çəkmişdir. Ətrafa nəzər salıb evdə adam olmaması qənaətinə gəlmiş və hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdəki quyunun yaxınlığındakı su mühərrikini tapdığı vintaçanla açaraq çıxarmış, sonra yaşadığı həyətə aparmışdır. Növbəti gün səhər saatlarında su mühərrikini məhlələrindən keçən işlənmiş əşyaların səyyar alışı ilə məşğul olan əvvəllər tanımadığı “Qazel” markalı avtomobilin sürücüsünə 50 manata satmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına sərf etmişdir, oğurluq əşyaları satdığı şəxslərə həmin əşyaların oğurluq olması barədə məlumat verməmişdir. Həmçinin bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivində yerləşən 93 saylı bağ sahəsindən oğurlanmış digər əşyalar barədə onun məlumatı yoxdur. Əməlindən səmimi peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində 93 saylı bağ evi ona məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə həmin bağ evinə getdiyi zaman həyətdən oğurluq olmasının şahidi olmuşdur. Həyata baxış keçirən zaman quyunun yanından qiyməti 630 manat olan bir ədəd su mühərriki, həyətdə olan yarımtikilidən qiyməti 300 manat olan 8 ədəd 1525x1525 ölçüdə istifadə edilmiş taxta dikt və 10 ədəd 4 metr uzunluqlu 40x50 ölçülü istifadə edilmiş ensiz taxtanın (reyka), hər birinin dəyəri 130 manat olan 2 ədəd tumba, həyətdəki hamam otağından ümumi dəyəri 170 manat olan əl-üz yuyan və unitaz dəstinin oğurlanmasını müəyyən etmişdir. Bundan sonra, oğurluq hadisəsi barədə polisə məlumat vermişdir. Hal-hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı qəsəbənin sakini kimi tanıyır. Onunla yaxın münasibəti olmamışdır. 2019-cu il dekabr ayının əvvəllərində Mirzə ona yaxınlaşaraq özünə məxsus olan işlənmiş taxta materialları satdığını bildirmişdir. Həmin vaxt taxta dikt və reyka lazım olduğu üçün onun təklifi diqqətini çəkmişdir. Həmin gün bir-neçə saatdan sonra Mirzə araba ilə 8 ədəd dikt və bir neçə ədəd taxta reyka gətirmişdir. O, bütün taxta materialları Mirzədən 93 manata almışdır. Mirzə pulu ondan aldıqdan sonra çıxıb getmiş və bir daha onu görməmişdir. Həmin taxta materialları sonradan istifadə etmək üçün həyətdə münasib bir yerə yığmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aldığı materialların oğurluq olmasından məlumatı olmamışdır. Mirzə həmin taxtaların özünə məxsus olmasını bildirmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ülfət İsgəndərovun, Tamerlan Baxşəliyevin və Zərərçəkmiş şəxs iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivində yerləşən 93 saylı bağ evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ərizəsində qeyd etdiyi əmlakın oğurlandığı müəyyən edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən oğurlanmış 8 ədəd dikt və 31 metr uzunluqda taxta material Şahid məxsus Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, ev 45 ünvanında aşkar edilərək götürülmüşdür. Cinayət işinin 93-cü vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində 93 saylı bağ evindən edilmiş oğurluq hadisəsi üzrə aşkar edilmiş 8 ədəd dikt və 10 ədəd enzis taxta (reyka) cinayət işi üzrə maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin 42-ci PB-nin saxlanc kamerasında saxlanılmışdır. Cinayət işinin 96-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/165 nömrəli ekspert rəyindən görünür ki, 2019-cu ilin dekabr ayına olan bazar qiymətinə uyğun olaraq 1 ədəd 1525x1525 mm-lik istifadə edilmiş taxta dikt - 7.00 manat, 8 ədədi 56.00 manat; 1 ədəd 4 metr uzunluqlu 40x50 mm-lik istifadə edilmiş ensiz taxta (reyka)-1.20 manat (4mX0.30m), 10 ədədi 12 manat qiymətləndirilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 03 (üç) ay 13 (on üç) gün hissəsindən vaxtın əvvəl şərti azad olunmuş, sonra müddət bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-199/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun haqqında axtarış elan olunmuşdur. Cinayət işi materiallarında olan Bakı İstintaq Təcridxanasının xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Sabunçu RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutulmuş və xx xxxxxx 2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivində yerləşən 93 saylı bağ evindən yalnız su mühərrikini oğurlamasını və oğurlanmış digər əşyalar barədə məlumatı olmadığını” bildirməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadəsi, ekspertiza rəyi, protokollar, özünün istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadə ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs, şahidin elan olunmuş ifadəsi və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi vardır və əməli düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını istisna edən hallar, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyil və bu səbəbdən qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 03 (üç) ay 13 (on üç) gün hissəsindən vaxtın əvvəl şərti azad olunmuş və hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu RPİ-nin 42-ci PB-də saxlanılan iş üzrə maddi sübut Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində 93 saylı bağ evindən edilmiş oğurluq hadisəsi üzrə aşkar edilmiş 8 ədəd dikt və 10 ədəd enzis taxta (reyka) hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sabunçu RPİ-nin 42-ci PB-də saxlanılan iş üzrə maddi sübut - 8 ədəd dikt və 10 ədəd enzis taxta (reyka) hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar