Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-199/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,683 qram psixotrop maddə “metamfetamin”i əldə edib özündə saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə, saat 12:33 radələrində Sabunçu RPİ-nin 15- ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlıq ərazinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli, cins şalvarının sağ yan cibindən təmiz çəkisi 1,683 qram təşkil edən 1 ədəd bükümdən ibarət psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi barədə protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6 ildir ki, narkotik maddə qəbul etməyə başlamışdır. Şəxsi istifadəsi üçün narkotik maddələri hər dəfə Bakı şəhərində fərqli şəxslərdən əldə etmiş, son vaxtlar isə yalnız psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Sonuncu dəfə 08 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən əvvəllər tanımadığı bir nəfər şəxsdən 20 manat qarşılığında 01 büküm psixotrop maddə olan metamfetamini əldə etmiş, həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış, daha sonra yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlığa gəlmiş, orada fikri əldə etdiyi psixotrop maddə olan metamfetamini istifadə etmək olmuşdur. Lakin 08 sentyabr 2022-ci il tarixdə, saat 12:33 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonra polis əməkdaşları onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. Polis bölməsində anket məlumatları dəqiqləşdirilmiş, daha sonra xidməti otaqlarının birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, həmin vaxt videoçəkiliş zamanı müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona üzərində olan qanunsuz əşyaları və maddələri çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlayıb gəzdiyrdiyi bir büküm psixotrop maddə olan metamfetamini çıxardıb masanın üzərinə qoymuş, sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmiş, bundan sonra üzərində axtarış aparılmış, lakin hər hansı bir aşya aşkar edilməmiş, sonra polis əməkdaşları həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda həmin maddəni 08 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən 20 manat almasını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında həmin şəxsin ifşa olunması məqsədilə 08 sentyabr 2022-ci il tarixdə rəhbərliyi ilə bölmənin sahə inspektoru, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin gün, saat 12:33-də tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş və bölmədə xidməti otaqların birində təhqiqatçı, polis polkovnik-leytenantı Hafiz Paşayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və o, şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində müdafiəçisi iştirak etməməsini, vəkilinin üstündən narkotik vasitə aşkar olunmasını gözləri ilə görməsini istəmədiyini bildirmiş, sonra təhqiqatçı Hafiz Paşayev tərəfindən onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selefona bükülmüş içərisində ağımtıl rəngli kristal-toz şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmiş və həmin pisxotrop maddəni səhər saatlarında Sabunçu rayou Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxlayaraq gəzdirdiyini, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən aşkar edilərək götürülmüş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selefona bükülmüş içərisində ağımtıl rəngli kristal-toz şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmiş və həmin pisxotrop maddəni səhər saatlarında Sabunçu rayou Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxlayaraq gəzdirdiyini, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki maddə zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur ( i.v. 33-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 09 sentyabr 2022 -ci il tarixli, 6/4913 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün № 160” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,683 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 39-43). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 sentyabr 2022 -ci il tarixli, 5155 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 103-104). “Sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, cinayət işi üzrə maddi sübuti əhəmiyyəti olan 1,683 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 1,633 qram metamfetaminin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilməsi, onun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən “CD” disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.130-136). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 sentyabr 2022-ci il tarixdə, saat 12:33-dən tutulmuş hesab edilmişdir (i.v. 19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.86-88). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 sentyabr 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.90-91). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.97). 12 oktyabr 2022-ci il tarixli, 077-21121 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-cin il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.115). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.125-128). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v.130-136). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1(008)-945/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2023-cü il tarixli, 17/380373 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 13 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu və ibtidai istintaq və məhkəmə istintaqı zamanı axtarışla tutularaq saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, ibtidai istintaq zamanı 12 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək tutularaq saxlandığı 02 gün müddət, məhkəmə istintaqı zamanı tutularaq 12 yanvar 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək saxlandığı 29 gün müddət, cəmi 33 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 ay 06 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 09 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 1,633 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-199/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-199/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver