Məhkəmə qərarları › İş №1(008)-200/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-200/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-200/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(001)-2874/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3010,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayır. Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikah pozulmuş, övladları xx.xx.2006-cı il təvəllüdlü X2 ananın himayəsində saxlanılmışdır. Məhkəmənin qətnaməsi ilə övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsindən sonra maddi vəziyyəti yaxşı olmadığı üçün aliment borcunu tam şəkildə ödəyə bilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilmişdir. Hal-hazırda icra sənədi üzrə ödənilməli olan məbləğ tərəfindən zərərçəkmiş şəxsə tam həcmdə ödənilmişdir. Əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə olan borcunu tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim etməsini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Мəhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2008-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, övladı xx.xx.2006-cı il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(008)-2874/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3919/2016 nömrəli, 12 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmış, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 1189/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan övladı, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(001)-2874/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3010,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də, toplanmış materiallar xx.xx.2022-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 8-10-cu vərəqəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(008)-2874/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3919/2016 nömrəli, 12 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmış, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan 02 oktyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2874/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin 02 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan 23 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 28-29-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1189/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan 22 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 300 (üç yüz) manat aliment ödənişi etmişdir. Cinayət işinin 31-32-ci vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 22 fevral 2022-ci il və 04 mart 2022-ci il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 39-40-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-195/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 95-96-cı vərəqəsində olan 11 oktyabr 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-200/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 28 noyabr 2023-cü il tarixli, 3-16- 17/38/2-8081/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 23 noyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs 07 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(008)-2874/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə yaranmış aliment borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Bu, zərərçəkmiş şəxsin məhkəməyə ünvanlanmış ərizəsində də öz əksini tapmışdır. Buna əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsini müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(008)-2874/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etməsini, həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həmin qətnaməyə əsasən yaranmış aliment borcunun ödənilməsinə və bu səbəbdən iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar