Məhkəmə qərarları › İş №1(008)-202/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-202/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-202/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olunmayan, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd selofan torbada və iki ədəd kibrid qutusunda ümumi təmiz çəkisi 21,217 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Can” marketin yaxınlığına daşımış, xx.xx.2023-cü il tarixdə saat 02:30-da Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən selofan torbada təmiz çəkisi 9,733 qram olan, həmin selofan torbanın içərisindən təmiz çəkiləri 5,327 qram və 6,157 qram olmaqla iki ədəd kibrid qutusunda olan ümumi təmiz çəkisi 21,217 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, “nəşə” kimi tanıdığı narkotik vasitənin marixuana növündən çəkmək yolu ilə istifadə edir. Təxminən 3-4 gün əvvəl şəxsi istifadəsi üçün Kamal adlı şəxsdən narkotik vasitə olan marixuana almış, həmin marixuananın bir hissəsini qəbul etsə də bir hissəsini sonra istifadə etməsi üçün özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Can” marketin yaxınlığında gəzərkən ona iki nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində şəxsiyyətini təsdiq edən sənədin olmamasını söyləmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən üzərində narkotik vasitə marixuana olduğundan özünü şübhəli aparmağa başlamış, polis əməkdaşları onun özünü şübhəli aparmasını görüb 14-cü PŞ-nə dəvət etmişlər. Orada şəxsiyyəti müəyyən edildikdən sonra ona bildirilmişdir ki, narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinir, bu səbəbdən də xidməti otaqların birinə dəvət edilmiş, orada təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə hüquqularının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Sonra polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmetin olacağı təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan torbanı təqdim etmiş, selofan torba polis əməkdaşları tərəfindən açıldıqda içərisindən yaşıl rəngli ot şəkilli maddə aşkar edilmişdir. Həmin maddələr iki ədəd kibrid qutusunda və kibrid qutularını qoyduğu selofan torbada olmuşdur. Polis əməkdaşları ondan torbada və kibrid qutusunda olan maddələrin nə olmasını soruşmuş, həmin vaxt o, səmimi olaraq kibrid qutusunda və selofan torbada olan yaşıl rəngli ot şəkilli maddələrin “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olmasını etiraf etmişdir. Həmin marixuananı şəxsi istifadəsi üçün 3-4 gün əvvəl Kamal adlı şəxsdən 50 manat ödəməklə əldə etmiş və üzərində gəzdirmişdir. Ondan aşkar edilmiş iki ədəd kibrid qutusunda və selofan torbada olan marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və tərkibinin müəyyən edilməsindən ötrü ekspertizaya göndəriləcəyi bildirilmişdir. O və iştirakçılar qablaşdırılmış zərfi imza etmişlər. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, qeyd etmişdir ki, istifadə etdiyi müddətdə marixuananı müxtəlif yerlərdən müxtəlif tanımadığı şəxslərdən almış, həmin şəxslərin əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin CAŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx.xx.2023-cü il tarixdə bizə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadə ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, sonuncunun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilərək RPİ-nin rəhbərliyi ilə razılaşdırılmış, ondan və RPİnin CAŞ-nin CA üzrə kiçik inspektoru polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra daxil olmuş məlumatda göstərilən Təqsirləndirilən şəxs adətən olduğu Sabunçu rayonu Maştağa qəsəbəsinə getmişlər. Həmin saat təxminən 01:30-da Sabunçu rayonu Maştağa qəsəbəsində xarici görünüşündən Təqsirləndirilən şəxs bənzər şəxsi görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Sonuncu da üzərində şəxsiyyətini təsdiq edən sənədin olmamasını söyləmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli aparmağa başlamış, bu səbəbdən də sonuncunu 14-cü PŞ-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonuncuya bildirilmişdir ki, narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinir, bu səbəbdən də xidməti otaqların birinə dəvət edilmiş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilməklə hüquqularının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsini təklif edilmiş, sonuncu etiraz etməmiş, lakin bildirmişdir ki, şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncuya bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan edilmiş əşya və ya predmetin olacağı təqdirdə təqdim etsin. Həmin vaxt Rəhim Quyliyev əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan torbanı təqdim etmiş, selofan torba açıldıqda içərisindən yaşıl rəngli otşəkilli maddə aşkar edilmişdir. Həmin maddələr iki ədəd kibrit qutusunda və kibrit qutularını qoyduğu selofan torbada olmuşdur. Təqsirləndirilən şəxs torbada və kibrit qutusunda olan maddələrin nə olması soruşulmuş, həmin vaxt sonuncu səmimi olaraq kibrit qutusunda və selofan torbada olan yaşıl rəngli otşəkilli maddələrin “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olmasını etiraf etmişdir. Həmin marixuananı şəxsi istifadəsi üçün 3-4 gün əvvəl Kamal adlı şəxsdən 50 manat ödəməklə əldə etmiş və üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd kibrit qutusunda və selofan torbada olan marixuana qablaşdırılaraq götürülmüş və tərkibinin müəyyən edilməsindən ötrü ekspertizaya göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və iştirakçılar qablaşdırılmış zərfi imza etmişlər. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); şəxsi axtarış və götürmə aparılması haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy cins şalvarın sağ yan cibindən polietilen torbada və həmin torbanın içərisində 02 ədəd kibrit qutusundakı qurudulmuş ot kütləsi və şalvarın sol cibindən bir ədəd “Samsunq” markalı mobil telefonu təqdim etmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, sağ yan cibindən polietilən torbada və həmin torbanın içərisində 02 ədəd kibrit qutusundakı qurudulmuş ot kütləsi “nəşə” deyilən narkotik maddə olduğunu, həmin maddəni Savalan YYM-də Kamal adlı şəxsdən 50 manata aldığını və cibində gəzdirdiyini, özü narkotik maddə istifadə etdiyini və satmadığını bildirmişdir. Götürülmüş maddə və bir ədəd mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v.28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16- 2-7/1142 nömrəli 10 avqust 2023-cü il tarixli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 9,733 qram və həmin sellofan torbada 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 5,327 qram; 6,157 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 21,217 qramdır. (i.v.37-39); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin faylda əks edilmiş görüntülər 10 avqust 2023-cü il tarixdə qeydə alınır. Xidməti otaq Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasının xidməti otaqlarından biridir. Video görüntülərdən müəyyən edilir ki, təhqiqatçı qarşısında dayanmış şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz saxlanılan əşya, maddə olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan torba təqdim edir. Həmin torba polis əməkdaşları tərəfindən açılır və içərisində iki ədəd kibrid qutusunda və selofan torbada ot şəkilli maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, ondan aşkar edilmiş maddə “nəşə”dir. Həmin “nəşə”ni 3-4 gün əvvəl “Kamal” adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manat almışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi iki kibrid qutusunda və bir ədəd selofanda olan maddə zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri möhürlənir, Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş digər iştirakçılar zərfin üzərini imzalayır. Siqaret qutusunda isə qanunsuz heç nə aşkar edilmir. (i.v.53); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.73-76); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 11 avqust 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.77-78); 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Samsunq” markalı mobil telefon cihazı 3517xx/xx/194483/1 və 3517xx/xx/194483/8 imei kodludur, həmin mobil telefon cihazının üzərində hansı nömrənin olmasının müəyyən edilməsi məqsədilə mənə məxsus olan ***-***-**-** nömrəsinə zəng edildi və müəyyən olundu ki, mobil telefonun üzərində istifadə edilən nömrə ***-***-**-** nömrəsidir. Baxış zamanı “Samsung” markalı mobil telefon cihazının dəftərində, “SMS” bölməsində və “Whatsapp” sosial şəbəkəsində, foto və video səhifələrində Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, narkotik vasitələr barədə hər hansı şəxslərlə yazışmalar etməsi, səsli mesajlar göndərməsi, zənglər etməsi, foto və video səhifələrdə narkotik vasitələrə aid hər hansı fotolar və ya videoların olması, həmçinin Təqsirləndirilən şəxs başqa hər hansı cinayət hadisələrində iştirakını təsdiqləyən sübutlar müəyyən edilmədi. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon cihazının dəftərində yalnız ailə üzvlərinin və qohumlarının əlaqə telefonlarının olması müəyyən edildi. Baxış zamanı xidməti otaqda keçirildi, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 10” markalı mobil telefon cihazı iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarıldı (i.v.79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2023-cü il tarixli 8107 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.102-103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Fizuli- Qubadlı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1, 333.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Fizuli-Qubadlı Hərbi Məhkəməsinin qərarı ilə xx.xx.2003-cü il Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzası 1/3 qədər azaldılıb qəti olaraq 03 il azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuş, xx.xx.2006cı ildə cəzasının sonu ilə azad olunmuşdur(i.v 106-108); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan torbada təmiz çəkisi 9,733 qram olan, həmin selofan torbanın içərisində saxladığı təmiz çəkiləri 5,327 qram və 6,157 qram olmaqla iki ədəd kibrid qutusunda olan ümumi təmiz çəkisi 21,217 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış iki ədəd kibrid qutusunda və bir ədəd selofan sellofan torbada ümumi təmiz çəkisi 21,067 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir.Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (i.v.109-115); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 10 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 21,217 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü üzrə olan məhkumluqları ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı(CPM-132), 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 21,067 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar