Məhkəmə qərarları › İş №1(008)-204/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-204/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-204/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yaşamış, hazırda başqa iş üzrə azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxıl olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belo ki. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhıç bağları bağ massivində 26-cı dalanda yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə, daş hasardan aşaraq qanunsuz daxil olub ora yerləşən avtomobilin dayanacağı üçün nəzərdə tutulmuş (qaraj) yerin dəmir qapısının üzərində olan qıfılı sındıraraq saxlanc yerinə daxil olub oradan 2 ədəd ümumi dəyəri 270 manat olan su matorlarını, 2 ədəd ümumi dəyəri 500 manat olan plastik pəncərəni. 2, 3 və 4 metr uzunluğunda kəsilmiş ümumilikdə 55 metr uzunluğunda ümumi dəyəri 200 manat olan dəmir armaturları, qiyməti 990 manat olan 40 metr dəmir dirəkləri, 2, 3 və 4 metr uzunluğunda kəsilmiş ümumilikdə 50 metr uzunluğunda ümumi dəyəri 100 manat olan dəmir boruları, qiyməti 1000 manat olan lambir plastikləri və qiyməti 600 manat olan 100 metr uzunluğunda elektrik naqilləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 3660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ittihamda göstərilən ünvandan oğurluq etməmiş, ümumiyyətlə həmin ünvanda olmamışdır. İbtidai istintaq zamanı psixoloji təzyiqlərə məruz qaldığından ona təqdim edilmiş sənədləri imzalamış, ona göstərilmiş maddi sübutları guya oğurladığını bildirmişdir. Əslində isə o, törədilməsi ona istinad olunan cinayəti törətməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs polis bölməsində hər hansı fiziki təsir-təzyiqə məruz qalmadığını, ona göstərilmiş psixoloji təzyiqin ailəsi ilə bağlı hədələnməsindən ibarət olduğunu, bu günədək polis əməkdaşlarından qorxduğundan hüquqmühafizə orqanlarına şikayət etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağları, 26-cı dalan ünvanında 25 sot. torpaq sahəsi vardır. Təxminən 6-7 ildir ki, həmin torpaq sahəsində saxlanc yeri kimi istifadə olunan 1 mərtəbədən ibarət 30 kv sahəsində yarımtikili tikmişdir. 07 yanvar 2024-cü ıl tarixdə bağ sahəsinə gedərək saxlanc yerinə daxıl olmaq istəmişdir. Saxlanc yerinə daxıl olarkən 2 ədəd darvazada olan qıfılın yerində olmadığını görmüşdür. Qapının açıq olduğunu gördükdən sonra içəriyə daxıl olmuş, içəridə ona məxsus olan ittiham aktında sadalanan əmlakların yerində olmadığını aşkar etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağları, 26-cı dalan ünvanında nömrəsiz fərdi bağ sahəsidir (i.v.4-6). “Təqdim etmə, götürmə və baxış keçirmə barədə” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 ədəd plastik pəncərələri təqdim edərək onları Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağları, 26-cı dalan ünvanından oğurladığını bildirmiş, həmin pəncərələr təhqiqatçı tərəfindən götürülmüşdür (i.v.13-14). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 sentyabr 2024-cü il tarixli 9/6587 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş plastik pəncərələrin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 100 manat müəyyən olunur (01 ədəd ağ rəngli 50x110 sm ölçülü şüşəsi vo çərçivəsi olmayan plastik pəncərə 30 manat: 01 ədəd ağ rəngli 60x180 sm ölçülü şüşəsi və çərçivəsi olmayan plastik pəncərə - 70 manat) (i.v.63-65). “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 02 ədəd plastik pəncərə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə təhvil verilməsi qərara alınmışdır (i.v.112-114). Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, özünə məxsus iki ədəd plastik çərçivəni təhvil almışdır (i.v.119). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin (ibtidai istintaq zamanı verilmiş ifadələri) və zərərçəkmiş şəxsin ifadələri, müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittihamda göstərilən ünvandan oğurluq etmədiyini, sadəcə ibtidai istintaq zamanı psixoloji təzyiqlərə məruz qaldığından etirafedici ifadələri imzaladığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə göstərərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etmədiyini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində o, özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin dekabr ayının sonlarında onun pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə gecə saatlarında Nardaran qəsəbəsi, Bağlar massivində əlverişli şərait və mənzil axtarmışdır. Nardaran qəsəbəsi Ləhic bağları 26-cı dalanda heç kimin olmadı bağ sahəsi görmüşdür. Ətrafa bır qədər goz gəzdirmiş və heç kimin olmamasından əmin olduqdan sonra həmin bağ sahəsinin hasarından aşaraq baş sahəsinə daxil olmuşdur. Bağ sahəsində qiymətli, yəni sata biləcəyi əşyalar axtarmağa başlamışdır, Bağ sahəsinin içərisində olan qaraj tipli tikilinin dəmir qapısında olan qıfılı sındırmış və həmin tikiliyə daxil olaraq olaradan 2 ədəd su matorları, 2 ədəd plastik pəncərə, dəmir armaturlar, dəmir dirəklərin, dəmir boruların, lambir, elektrik naqilləri bır kənara yığaraq səhərə kimi yaşadığı bağ sahəsində daşımışdır. Səhəri gun o, həmin əşyalardan iki ədəd plastik pəncər istisna olmaqla tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. İki ədəd plastik pəncərə isə yaşadığı bag sahəsində qalmışdır. Bundan təxminən bır ay sonra polis əməkdaşları tərəfindən həmin cinayət hadisəsinin onun tərəfindən törədilməsi müəyyən olunmuş və o, həmin pəncərələri polis əməkdaşlarına təhvil vermişdir. Bundan savayı, ““Təqdim etmə, götürmə və baxış keçirmə barədə” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 ədəd plastik pəncərələri təqdim edərək onları Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağları, 26-cı dalan ünvanından oğurladığını etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin fadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 sentyabr 2024-cü il tarixli 9/6587 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş plastik pəncərələrin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 100 manat (01 ədəd ağ rəngli 50x110 sm ölçülü şüşəsi vo çərçivəsi olmayan plastik pəncərə 30 manat: 01 ədəd ağ rəngli 60x180 sm ölçülü şüşəsi və çərçivəsi olmayan plastik pəncərə - 70 manat) məbləğində müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda həmin plastik pəncələrin qiyməti ümumilikdə 500 manat göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə aşkar edilmiş maddi sübutların, yəni zərərçəkmiş şəxsə məxsus olan 02 ədəd plastik pəncərinin cinayət törədilən vaxtı olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış həmin əmlakların dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxsin öz əmlakına verdiyi dəyəri müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görnədən zərərçəkmiş şəxsin göstərdikləri məbləğlə plastik pəncərələri qiymətləndirərək həmin məbləğlər əsasında da təqsirləndirilən şəxsə 3660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş plastik pəncərələrin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 100 manat müəyyən olunmasını, istintaq orqanı tərəfindən həmin məbləğin əsassız olaraq ümumi 500 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və plastik pəncərələrin ittihamda verilmiş dəyərinin 400 manat məbləğində azaldılaraq ümumi ittiham verilmiş məbləğin 3260 manat məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 178.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 mart 2013-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən barəsində narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunmasının həyata keçirilməsi qərara alınmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 228.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.2 və 66.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla qəti olaraq 02 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.39-41). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(008)-99/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.42-50). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(008)-534/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(008)-99/2024 saylə hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 02 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v.51-62). Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışaraq ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(008)-534/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırda təyin edilmiş cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(008)-534/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(008)-534/2024 saylı hökmündə müəyyən edilmiş tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməklə başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut 02 ədəd plastik pəncərələrin qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(008)-534/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut- 02 ədəd plastik pəncərələrin qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar