Məhkəmə qərarları › İş №1(008)-205/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-205/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-205/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1983-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Beyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 10.46 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 27 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Sabunçu RPİ-in NMB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsində saxlanılaraq Sabunçu RPİ-in 13-cü PŞ-in inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman gödəkçənin sağ cibindən beş ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 2.30 qram, 2.07 qram, 2.77 qram, 0.820 qram və 2.50 qram, ümumi təmiz çəkisi 10.46 qram olan tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında avtobus dayanacağında olan zaman Sabunçu RPİ-in NMB-in üç nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini istəmişlər. O, üzərində narkotik vasitə marixuana olduğu üçün həyəcanlı olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmamışdır. Ona görə də, polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onu Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Onun üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman gödəkçəsinin sol cibindən bir ədəd üzərində «050 654 10 23» və «077 347 23 43» saylı mobil nömrələri olan «Redmi Note-8» markalı mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən içərisində 05 ədəd kibrit qutusu olan sellofan torbanı çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. O, kibrit qutularının içərisində olan bitkilərin «çətənə» bitkisi olan narkotik vasitə marixuana olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş 05 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı, haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, o, üzərindən aşkar edilmiş 05 ədəd kibrit qutularında olan içərisindəki narkotik vasitəni iki ay əvvəl Kürdəmir rayonu, Beyli kəndində olan zaman arxın kənarından dərdiyini və şəxsi istifadəsi üçün kibrit qutularına yığaraq üzərində daşıdığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən, həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə tərəfindən Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında küçədə saxlanılmış, həmin vaxt ona özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarla tanış etmiş və onun üzərinə baxış keçirilməsi məqsədilə Sabunçu RPİ-in 13-cü PŞ-in inzibati binasına dəvət etmişlər. Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərnə baxış keçirilmişdir. Həmin vaxt təhqiqatçı şübhəli şəxs İ.R.Rüstəmzadəyə üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol cibindən 01 ədəd üzərində üzərində «*** *** ** **» və «077 347 23 43» saylı mobil nömrələr olan «Redmi Note-8» markalı mobil telefonu və həmin gödəkçənin sağ cibindən içərisində 05 ədəd kibrit qutusu olan 01 ədəd sellofan torbanı, təqdim edərək masanın üzərinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 7/1359 saylı, 28 sentyabr 2023-ci il tarixli məhkəmə bioloji, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05(beş) ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2.30 qram, 2.07 qram, 2.77 qram, 0.820 qram, 2.50 qram, ümumi çəkisi 10.46 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Maruxuananın ümumi çəkisi-10.46 qram, tədqiqata sərf edilən miqdarı-0.25 qram (hər obyektdən 0.05 qram), qalıq-10.21 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 X3 Tibbi Yoxlamanın 7127 saylı, 31 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 oktyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 01 il, 05 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəzanın müddəti 10 dekabr 2020-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş və şəxsi axtarış və götürmə aparılmazdan əvvəl baş təhqiqatçı Rafiq Babayev Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən üzərində mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən içərisində beş ədəd kibrit qutusu olan sellofan torbanı masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs beş ədəd kibrit qutusunun içərisində olan bitkilərin narkotik maddə marixuana olduğunu, onları iki ayəvvəl Kürdəmir rayonu, Beyli kəndində olan zaman arxın kənarından dərdiyini, şəxsi istifadəsi üçün kibrit qutularına dolduraraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən d igər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 27 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 22:00 radələlərindən tutulmuş hesab edilmişdir (səh.,22). Cinayət işinin materiallarında olan 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,54). Dindirmə protokolu 29 sentyabr 2023-cü il tarixdə saat 15:20-də başlanmış, saat 16:05-də qurtarmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmmasından imtina olunması Bakı şəhəri, Sabunçu rayon prokuroru tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin olunmamışdır (səh.,67). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində 29 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,73). Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X7 Ambulator X1 7127 saylı, 31 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər az ağır cinayətə görə məhkum olunmasını, cəzadan azad olunmasına baxmayaraq, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirili olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, onun yenidən alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs edilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən, 29 sentyabr 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 10.21 qram qurudulmuş marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «09» (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixə kimi «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «08» (səkkiz) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «20» iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 10.21 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün. (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından həbs edilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar