Məhkəmə qərarları › İş №1(008)-206/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-206/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-206/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs aldadıb ona qızı Şahid3 Azərbaycan Respublikası Energetika Nazirliyinin İqtisadiyyat şöbəsində məsləhətçi vəzifəsinə işə düzəldəcəyini vəd etməklə 2020-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yaşadığı mənzildə 5000 manat, 2020-ci ilin fevral ayının sonlarında həmin ünvandakı mənzildə 10000 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxsin ümumilikdə 15000 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs və onun ailə üzvlərini təxminən 15 il olar ki, tanıyır. Onlarla Qaraçuxur qəsəbəsindəki kirayə yaşadığı evdə qonşuluqda yaşamış, həmin vaxtda ailəvi münasibətləri yaranmışdır. 2013- 2014- cü illərdə Qaraçuxur qəsəbəsindən Nərimanov rayonu ərazisinə köçsələrdə Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə münasibətləri davam etmişdir. Ailə üzvüləri əvvəllər Surxay gildən hissə- hissə ödəmək şərti ilə ümumilikdə 4700 manat nağd pul götürmüş və faizin müəyyən hissəsini ödəmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Zəhra anası Həqiqətlə telefonla əlaqə saxlayaraq qızı Bənövşənin İqtisadiyyat Universitetində təhsil aldığı üçün öz ixtisası üzrə işə düzəltmək istədiyini demişdir. Anası da bu barədə ona deyərək hər hansı bir əlaqələrinin olduğu halda Bənövşənin işində köməklik göstərməyini xahiş etmişdir. O, Bənövşənin işi ilə bağlı Xarici İşlər Nazirliyində xatırlamadığı vəzifədə işləyən Elçinə müraciət etmişdir. Elçinlə əlaqə saxlayıb yaxın tanışlarının qızının işə düzəltmək istədiyini bildirməklə bu işdə köməklik göstərməyini ondan xahiş etmişdir. Elçin çalışıb ona köməklik göstərəcəyini bildirmişdir. Üstündən bir müddət keçdikdən sonra, 2020-ci ilin yanvar ayının sonlarında Elçin onunla əlaqə saxlayaraq Bənövşənin işi ilə bağlı Energetika Nazirliyində vəzifədə işləyən tanışlarına müraciət etmiş, yaxın günlərdə Bənövşəni müsahibədən keçmək üçün oraya dəvət edəcəklərini demişdir. Elə də olmuş, həqiqətən də həmin ərəfədə Energetika Nazirliyinin əməkdaşı, özünü Şahid2 kimi təqdim edən şəxs Bənövşəyə zəng edərək müsahibədən keçmək üçün onu Hökümət evinin binasına dəvət etmişdir. O, özü də xatırlamadığı tarixdə Bənövşə ilə birlikdə görüşüb Energetika Nazirliyinin yerləşən binasına getmişlər. Hökümət evində 9-cu mərtəbədə özünü Şahid2 kimi təqdim edən şəxs xidməti otağında Bənövşə ilə müsabiqə keçirmiş, özü isə Bənövşəni dəhlizdə gözləmişdir. Bundan sonra Bənövşə oradan çıxmaqla müsahibədən keçdiyini bildirməklə nəticəsi ilə bağlı onunla əlaqə saxlanılacağını demişdir. Müsahibə olduqdan sonra Elçin onunla əlaqə saxlayaraq Energetika Nazirliyində Bənövşənin həmin vəzifəyə uyğun gəlmədiyini ona demişlər. Lakin, Bənövşəni nəzərində saxladıqları, hər hansı başqa uyğun bir vəzifə olduğu halda əlaqə saxlayacaqlarını bildirmişlər. Buna baxmayaraq həmin ərəfədə pula ehtiyyacı olduğundan Surxaygilə həmin işin 10000 manata həll etmək mümkün olduğunu, əvvəldən 5000 manata verməli olduğunu, Bənövşənin əmri verildikdən sonra isə əlavə 5000 manat da götürməli olduğunu demişdi. Surxay da onunla razılaşaraq 2020-ci ilin yanvar ayının sonlarında onu yaşadığı evinə dəvət edərək orada öz ailə üzvlərinin yanında 5000 manat pulu ona təqdim etmişdir. Həmin pulu Surxaydan götürdükdən sonra əvvəldən yaranmış borclarını qaytarmaqla ümid etmişdir ki, Bənövşəni həmin Nazirlikdə heç olmasa başqa bir işə götürərlər. Sonradan Bənövşənin işi alınmamaqla Surxay pulunu geri tələb etsədə o, həmin pulu bu günədək qaytara bilməmişdir. Zərərçəkmiş şəxs qızı Bənövşəni işə düzəltmək adı ilə onu aldadıb 5000 manat pulunu ələ keçirmiş, bu işi görməkdə ona hər hansı bir şəxs köməklik etməmiş, Elçin və Şahid2 adlı şəxslərin isə özünün Surxaydan 5000 manat pulu götürməyi barədə məlumatları olmamış, adı çəkdiyi şəxslər bu işin həlli üçün ondan hər hansı bir məbləğdə pul istəməmiş, Elçin təmənnasız olaraq onun xahişi ilə tanış kimi münasibət xətrinə köməklik göstərmişdir. Hazırda onun valideyni vurulmuş zərərdən 5000 manat hissəsini zərərçəkmiş şəxsə ödəmiş, ödənilməmiş zərərin isə hissəhissə ödənilməsi barədə zərərçəkmiş şəxslə razılıq əldə edilmiş, zərərçəkmiş onunla barışmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1998-ci ildən Qaraçuxur qəsəbəsindəki yaşadığı evdə onunla qonşuluqda kirayəşin yaşadığı dövürdən özünü və ailəsini tanımışdır. 2001-ci ildən etibarən Bakıxanov qəsəbəsində faktiki yaşadığı evə köçmüş, lakin Fərhad və onun ailə üzvləri ilə əlaqələri kəsilməmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Fərhadın anası Həqiqət arvadı Şahid4 ilə telefonda danışarkən, Zəhradan qızları Bənövşənin işə düzəlib-düzəlmədiyi barədə maraqlanmışdır. Zəhra ona Bənövşənin hələ ki, işsiz olduğunu bildirdikdə, Həqiqət oğlu Fərhadın Energetika Nazirliyi və DOST xidmətində tanışlarının olduğunu, Bənövşəni işə düzəltməkdə köməklik göstərə biləcəyini demişdir. Bu danışığın üstündən təxminən 2-3 gün keçdikdən sonra Fərhad yaşadığı ünvana gəlməklə söhbət əsnasında Bənövşəyə «SV» hazırlamağı, qızını Energetika Nazirliyinin iqtisadiyyat şöbəsində məsləhətçi vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. Daha sonra 2020-ci ilin yanvar ayının əvvəllərində Fərhadın təşəbbüsü ilə Nərimanov metrostansiyasınm yaxınlığında onunla görüşmüş, Fərhad qızı Bənövşənin işə düzəlməsi məsələsinin həlli üçün 15000 manat pul lazım olmasını bildirmişdir. O, Fərhadla bu məbləğlə razılaşmış, ondan cavab gözləyəcəyini bildirmişdir. Həmin ərəfələrdə Fərhad yaşadığı evə gələrək Bənövşəyə aid «SV»-ni götürmüş və yaxın vaxtlarda uşağın işinin həll olunacağını deyib getmişdir. 2020-ci yanvar ayının sonlarında Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi özünü təqdim edən Şahid2 adlı şəxs 050 ***-**-** saylı mobil nömrədən qızı Bənövşənin mobil nömrəsinə zəng edərək müsahibədən keçmək üçün Energetika Nazirliyinin Hökümət evində yerləşən binasına dəvət etmişdir. Bir neçə gün sonra Bənövşə deyilən tarixdə Fərhadla birlikdə görüşüb Energetika Nazirliyinin yerləşən binasına getmişlər. Fərhad aşağıda binanın qarşısında gözləmiş, Bənövşə isə tək halda qalxaraq orada müsahibədən keçmişdir. Müsabiqədən keçdikdən sonra Nazirliyin əməkdaşı Rauf yaxın vaxtlarda Bənövşə ilə əlaqə saxlayacaqım demişdir. Bunun da üstündən təxminən 2-3 gün keçdikdən sonra Fərhad yaşadığı evə gələrək iş prosesinə başlanılması üçün Nazirlikdə Bənövşənin işini həll edən şəxslərə ilkin olaraq 5000 manat pul verilməli, qalan 10000 manat isə Bənövşənin əmri verilən vaxta yaxın çatdırılmalı olması bildirilmişdir. Özü Fərhada etiraz etmədən 2020-ci ilin yanvar ayının sonlarında xatırlamadığı tarixdə ünvan 4 ünvanında yaşadığı evdə qızı Bənövşənin işinə görə Fərhada pulun 5000 manatını vermişdir. Həmin vaxt evdə arvadı Zəhra və qızı Bənövşə olmuşlar, pulu onların iştirakı ilə Fərhada vermişdir. Üstündən təxminən 1 ay sonra Fərhad zəng edərək, Bənövşənin əmrinin hazırlandığım, bir-iki günə işə çıxacağını, qalan 10000 manat pulun da Energetika Nazirliyinə çatdırılması üçün ona verilməsini bildirmişdir. Həmin gün, yəni 2020-ci ilin fevral ayının sonlarında, xatırlamadığı tarixdə axşam saatlarında Fərhad yenə də yaşadığı evə gəlməklə həyat yoldaşı Şahid4, qızı Şahid3 iştirakı ilə əlavə 10000 manat pulu da Fərhada vermişdir. Xeyli müddət keçəndən sonra qızı Bənövşə Şahid2la əlaqə saxlamış və sonuncu qızma bildirmişdir ki, o, işlə təmin etmək üçün söz verməyib, sadəcə olaraq müsahibə təyin edib, əgər yeni kadr ehtiyacı olarsa xəbəri çıxacaq. Qızım Bənövşə pul barədə Şahid2 dedikdə, sonuncu ona demişdir ki, bu işdən xəbəri olmayıb, ona heç bir məbləğ çatmayıb, sadəcə olaraq, o, bir tanışının sözünü yerə salmayıb onu müsahibəyə çağırmışdır. Sonra Fərhadla telefonla əlaqə saxlayıb bu barədə ona deyib pulu geri qaytarmasını tələb etmiş və Fərhad cavabında bir səhvlik olmasını, dəqiqləşdirib təkrar zəng edəcəyini deyib telefonu söndürmüşdür. Bir müddətdən sonra Fərhad zəng edərək, Şahid2 işdən çıxarılmasını, bu səbəbdən Bənövşəni işə düzəldə bilməyəcəyini, lakin “DOST” xidmətinə işə düzəldə biləcəyini demişdir. O, Fərhada bununla bağlı narazılığını bildirsə də, yenə qızının işi xətrinə bir söz deməmişir. Bu məsələ uzun bir müddət çəkmişdir. 2020-ci ilin yay aylarında Fərhad Bənövşə ilə birlikdə ADA universitetinə getmişlər və orada qızma ADA universitetində resepşn işləməyi təklif etmişlər. Lakin, qızı oraya tamam başqa iş üçün gəlməsini bildirdikdə, həmin xanım qızma bundan xəbəri olmadığını və SV-ni onlara bir tanışlarının verdiyini, bununla bağlı da Bənövşəni müsahibəyə dəvət etmələrini bildirmişlər. İki ildən artıq bir müddət keçməsinə baxmayaraq, Fərhad onu aldatmış, pulunu geri qaytarmağı tələb etdikdə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Hazırda ona dəymiş ziyanın 5000 manat hissəsi təqsirləndirilən şəxsin valideyni tərəfindən ödənilmiş, qalan məbləğin ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir.O, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verməklə Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təqribən 2014-cü ildən sonuncunun Yol Patrul Xidmətində işlədiyi vaxtda tanımaqla aralarında yoldaşlıq münasibətləri yaranmışdır. 2020-ci ilin yanvar ayında Fərhad onunla əlaqə saxlamaqla bir qohumunun qız övladının dövlət işinə düzəlməsini ondan xahiş etmişdir. Fərhadın təkidlə xahişini görüb bu barədə bir tanışına xahiş edəcəyini bildirmişdir. Bundan sonra o, Energetika Nazirliyində işləyən tanışı Şahid2 zəng edib bu barədə xahiş etmişdir. Rauf həmin xanımı müsabiqəyə çağırıb qəbul edəcəyini lakin, hazırda hər hansı bir boş yeri olmadığını bildirmişdir. Rauf həmin xanımı müsabiqəyə qəbul edib dinlədikdən sonra eyni zamanda ona bildirmişdir ki, həmin xanım işçi olaraq çox zəifdir amma, yenədə bir məqam yaranarsa ona bu barədə bildirər. Bundan sonra o, Fərhadın təkidi ilə həmin qızın ADA universitetinə düzəlməsi ilə bağlı adı çəkilən yerə müraciət etmişdir. Fərhad qohumu olan qızla ADA universitetinə getmiş orada ona resepşin işini təklif etsələrdə Fərhadın deməsinə görə həmin xanım işi bəyənməmişdir. O, bütün bu xahişləri təmənnasız olaraq Fərhad üçün etməyə çalışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 15000 manat pulu ələ keçirərək dələduzluq etməsi barədə nə özünün nədəki tanışı Şahid2 heç bir xəbəri olmamışdır. Fərhad onların adından istifadə etməklə vətəndaşı aldatmaqla pulunu ələ keçirmişdir. Fərhad həmin xanımın onun yaxın qohumu olmasını bildirdiyinə görə və təmənnasız olaraq bu barədə Energetika Nazirliyində işləyən tanışı Şahid2 xahiş etmişdir. Rauf da həmin xanımı bir dəfə müsabiqəyə çağırıb dinləməklə vakant yeri olmadığını əgər gələcəkdə olarsa bu barədə məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hansı məbləğdə pul almasından və həmin pulu nəyə sərf etməsini o, öncədən bilməmiş yalnız bu barədə polisə dəvət edildikdən sonra bilmişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, üzləşmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı dedikdə o, özünü qismən təqsirli bildiyini, Zərərçəkmiş şəxs qızını həqiqətən də işə düzəltməyə çalışdığını, onun zərərçəkmiş şəxsi aldatmaq niyyətinin olmadığını bildirmişdir (i.v.83-88). Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı dedikdə o, həqiqətən də zərərçəkmiş şəxsdən aldığı pulları mənimsədiyini, Şahid1 aldığı pul barədə heç bir söz demədiyini, daha əvvəl verdiyi ifadələrdə Elçinin və Anar adlı şəxslərin adını özünü müdafiə məqsədi ilə çəkdiyini bildirmişdir (i.v.125-128). “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərinin ifadələrinin, hadisə yerinə baxış və üzləşdirmə protokollarının sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.129-136). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.28). “Şübhəli şəxsin tutulması haqqında” 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə, saat 17:00-da tutulmuşdur (i.v.73). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 4(008)- 830/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (i.v.105-107). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.108-109). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(008)- 206/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 24 fevral 2023-cü il tarixli, 3-16-17/38/2-1269/2023 saylı mətubundan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 21 fevral 2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını (CM-59.1.12), cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı, o cümlədən, məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 01 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək saxlandığı 02 gün, 20 fevral 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 ay 09 gün, cəmi 01 ay 11 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 02 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar