Məhkəmə qərarları › İş №1(008)-208/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-208/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-208/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının ortalarında, gecə saat 01 radələrində özgənin əmlakım gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq həyətdə olan bir ədəd 60 manat dəyərində su mühərrikini, ümumi dəyəri 50 manat olan 5 metr uzunluğunda dəmir qaz borusunu, həyətdəki hamam otağından bir ədəd 45 manat dəyərində odun sobasını, evin qonaq otağının ümumi dəyəri 320 manat olan tavanının lambirinini, evdən ümumi dəyəri 90 manat olan iki ədəd odun sobalarım, ümumi dəyəri 80 manat olan iki ədəd köhnə tipli dəmir çarpayıları, həyətdəki qapısı açıq vəziyyətdə olan digər tikilidən 45 manat dəyərində odun sobasını və ümumi dəyəri 110 manat olan evin bütün elekterik naqillərini gizli olaraq talayıb sonuncuya ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,886 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 26 yanvar 2022-ci il tarixdə, saat 16:20 radələrində Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsində özünü şübhəli apardığı üçün saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,886 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının ortalarında, gecə saat təxminən 01 radələrində narkotik vasitə əldə etmək üçün pulu olmadığından qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. O bilirdi ki, bir neçə ay idi ki, qonşusu Zərərçəkmiş şəxs evində heç kəs yaşamırdı. Buna görə də, həmin evdən müxtəlif ev əşyaları oğurlayıb satıb pul əldə etmək qərarına gəlmişdir. Bundan sonra daş hasardan Aygünün evinin həyətinə daxil olmuş, həyətdə olan bir ədəd su matorunu, təxminən 4-5 metr uzunluğunda dəmir turbanı götürmüş, sonra evin giriş qapısının yanında olan hamamın taxta qapısını ayağı ilə vurub qırıb açmaqla içəridən bir ədəd odun sobasını götürmüş, daha sonra isə evin pəncərəsinin üzərində olan toru yerdən tapdığı şüşə parçası ilə yırtıb pəncərədən evə daxil olub evin tavanının lambirinini söküb çıxarmış, həmçinin evdən ümumilikdə iki ədəd odun sobalarını, elektrik naqilini, iki ədəd dəmir çarpayıları götürüb oradan çıxmışdır. Eyni zamanda həyətdəki qapısı açıq vəziyyətdə olan tikilidən də bir ədəd odun sobası götürmüş, bundan sonra oğurladığı əşyaları birbir hasardan çölə atmışdır. Sonra həmin əşyaları yaşadığı evin yaxınlığındakı boş sahəlikdə gizlətmişdir. Səhəri günü oğurladığı əşyaları Balaxanı qəsəbəsində səyyar metal alış-verişi ilə məşğul olan tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 50 manata satmışdır. Əldə etdiyi pula isə tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 11 və ya 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, soyadını, adını və ünvanını bilmədiyi tanımadığım şəxsdən 10 manata bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin günü saat 16:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Müsavat küçəsində yaşadığı evin yaxınlığında ünvansız fərdi yaşayış evinin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Həmin zaman üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarına üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirib oradan getmək istəmişdir. Lakin həyəcandan özünü çox şübhəli apardığı üçün polis əməkdaşları ondan şübhələnib onu 12-ci PŞ-nə dəvət etmişlər. Onların müşayiəti ilə polis şöbəsinə gəlmiş, 12-ci PŞ-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazı olmaması barədə ərizə yazmışdır. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuş, bu səbəbdən ifşa olunduğunu düşünüb əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 dekabr 2021-ci il tarixdə evindən oğurluq olması barədə DİN-nin 102 xidmətinə məlumatı özü vermişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi,ev 6 ünvanda ona məxsus fərdi yaşayış evi vardır. Əvvəllər ailəliklə həmin evdə yaşamışlar. Lakin, təxminən 6 ay olar ki, həmin evdən çıxmışlar və evi kirayə vermişlər. Həmçinin təxminən iki aydır ki, evdə hər hansı bir kirayəşin yoxdur. Buna görə də, hərdən həmin evə gedib nəzarət etmişdir. Həmin evin həyətində iki ədəd köhnə tikili vardır, birinin qapısı kilidli, digərinin qapısı isə açıq olur. xx.xx.2021-ci il tarixdə gecə radələrində həmin ərazidən keçərkən evinə baxmağa qərar veriş, evə gəldikdən sonra işıqlarını yandıran zaman işıqların yanmadığını görmüş və içəri baxan zaman evdən müxtəlif əşyaların oğurlandığını aşkar etmişdir. Səhəri günü günün işıqlı vaxtında gəlib yenidən evə baxış keçirən zaman görmüşdür ki, həyətdə olan bir ədəd su mühərriki, təxminən 4-5 metr uzunluğunda elektrik naqili, təxminən 4-5 metr uzunluğunda dəmir qaz borusunun oğurlandığını aşkar etmişdir. Həmçinin evin giriş qapısının yanında hamam otağının taxta qapısının sındırılmaqla içərisindən bir ədəd odun sobasının, evin qonaq otağının tavanının lambirinin sökülərək oğurlandığını,bundan başqa evdən iki ədəd odun sobalarının və iki ədəd köhnə tipli dəmir çarpayıların oğurlandığını aşkar etmişdir. Bu oğurluq nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluq hadisəsi qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir.Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Hətta ziyan ödənilmiş olsa idi belə o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Belə ki, təqsirləndirilən şəxs ərazidə yaşayan hər kəsin evindən, həyətindən oğurluq edərək narkotik vasitə əldə edir və qonşular hamısı ondan narazıdır. Bu səbəbdən də onun azadlıqda qalması cəmiyyət üçün təhlükədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır.26 yanvar 2022-ci il tarixdə, saat 16:20 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olarkən, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Müsavat küçəsində nömrəsiz fərdi yaşayış evinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və sorğu zamanı onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara qeyrisəmimi cavablar verərək, onlardan yayınmaq istəməsini görüb özünü şübhəli apardığı üçün onu 12-ci PŞ-nə dəvət etmişlər. 12-ci PŞ-də xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub- olmaması soruşulduqda o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılmış, sellofan bükümün içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin günü səhər radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmiş, tərtib edilmiş protokolla tanış olduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd politelen materiala bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni təqdim etmiş, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin "kakos" kimi bildiyi narkotik vasitə olduğunu, həmin maddəni həmin günü səhər saat 11-11:30 radələrində Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata özü istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir ( i.v. 23-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 6/519 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Rspublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş...’’sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,886 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 30-34). “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsində yerləşən 6 ünvanda yerləşən fərdi yaşayış evi və onun həyətidir (i.v.77-85). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (i.v.108-112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 11 aprel 2022-ci il tarixli, 1743 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 146-147). “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,886 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq-0,836 qram heroin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v 179-187). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 26 yanvar 2022-ci il tarixdə, saat 16:20-dən tutulmuş hesab edilmişdir (i.v. 13). “Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 4(008)-82/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal məhkəmə iclas zalında azad edilmişdir (i.v.63-67). “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.68-69). “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (i.v.128). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (i.v. 148-149). “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.174- 175). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 1(008)-208/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 22 fevral 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM-nin 59.2-ci maddəsi) nəzərə alır və sadalanan halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmə yanıladaraq zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmək adı ilə vaxt istəyərək məhkəmədən gizləndiyini və axtarış nəticəsində tutulduğunu onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), AR CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin daha təhlükəli üsulla-yaşayış evinə daxil olmaqla törədildiyini nəzərə alaraq Təqsirləndirilən şəxs onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə ilə əlaqədar digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,836 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar