Məhkəmə qərarları › İş №1(008)-21/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-21/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-21/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-61/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə mərhum qardaşına məxsus olan «Vaz-2106» markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobilin atasının adına 450 manat müqabilində sənədləşdirəcəyini vəd edib, pulu 10 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbəri olmayan Şahid4 məxsus "xxxx" “Leobank”a aid bank hesabına göndərilməsini bildirərək Zərərçəkmiş şəxs həmin hesaba 450 manat pulun göndərməsinə nail olaraq, həmin işin görülməsi iqtidarında olduğunu tam əmin etmək məqsədi ilə guya rəsmiləşdirilmə üçün avtomobilin əvvəlki dövrdən qalan cərimələrinin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs əlavə olaraq 536 manat məbləğində pul göndərməli olduğunu bildirməklə Zərərçəkmiş şəxs 11 avqust 2022-ci il tarixdə həmin marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus bank hesabına 215 manat, 180 manat və 141 manat olmaqla ümumilikdə 536 manat məbləğində pulun göndərməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 986 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs əmlakını dələduzluq yolu ilə qanunsuz və əvəzsiz ələ keçirilməsi məqsədi ilə, guya Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən binadan 8.000 manat məbləğində pulu ilkin ödəniş və hər ay 148 manat ödəmək şərti ilə cəmi 20.000 manata ipoteka yolu ilə mənzil ala biləcəyini yalan vədlər verib inandırmağa nail olaraq Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə pulu cinayətdən xəbəri olmayan, tanımadığı Şahid4, Şahid3 və Şahid1 məxsus bank hesablarına göndərilməsini bildirərək Zərərçəkmiş şəxs 16 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus “Leobank”a aid karta 252 manat, 17 avqust 2022-ci il tarixdə Bərdə rayonu, Xaçınçay kəndində fəaliyyət göstərən “Ailəvi” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə 1.200 manat, 18 avqust 2022-ci il tarixdə Bərdə rayonu, Ləmbəran kəndində fəaliyyət göstərən “Ailəvi” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə 1.200 manat, 20 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən “Oba” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə 600 manat, 22 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən “Gloriya” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Şahid1 məxsus “Leobanka” aid bank hesabına 110 manat, həmin tarixdə Abşeron rayonu, Məmmədi kəndində yerləşən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus həmin bank hesabına 700 manat, 23 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kədində yerləşən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Şahid3 (Həsənova) məxsus “Leobank”a aid karta 600 manat, 26 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Şahid1 məxsus “Leobanka” aid həmin bank hesabına 1.500 manat, 27 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə 90 manat və 1.410 manat olmaqla ümumilikdə 7.662 manat məbləğində pulun göndərilməsinə nail olaraq həmin pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 7.662 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Hazırda barəsində olan digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. O, 2022-ci ilin iyun ayının əvvəllərində təsadüfən Şahid2 ilə tanış olmuşdur. 2022-ci ilin avqust ayında Şahid2 ona zəng edərək tanışı Zərərçəkmiş şəxs sənədləşmə işlərinin aparılmasında köməklik lazım olduğunu bildirmiş, daha sonra Zərərçəkmiş şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq mərhum qardaşına məxsus “Vaz 2106” markalı avtomobili atasının adına rəsmiləşdirmək istədiyini bildirmişdir. O, “Vaz 2106” markalı avtomobili atasının adına rəsmiləşdirməsində onlara köməklik edə biləcəyini bildirirək sənədləşmə işlərinin aparılması üçün Zərərçəkmiş şəxs 450 manat pul istəmiş, Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Zərərçəkmiş şəxs 10 avqust 2022ci il tarixdə elektron ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus leobank hesabına 450 manat göndərmişdir. O, 11 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng edərək avtomobilin sənədləşmə işlərinin aparılması üçün Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimə məbləğinin ödənilməli olduğunu, bunun üçün 530 manat tələb olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 11 avqust 2022-ci il tarixdə elektron ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus Leobank hesabına 215 manat, 180 manat və 141 manat olmaqla, ümumilikdə 536 manat pul göndərmişdir. O, 13 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən binadan 8.000 manat ilkin ödəniş və hər ay 148 manat ödəmək şərti ilə cəmi 20.000 manata ipoteka yolu ilə mənzil satıldığını bildirmiş, Zərərçəkmiş şəxs onunla təklifi ilə razılaşaraq 2022-ci ilin avqust ayında müxtəlif tarixlərdə elektron ödəmə terminalı vasitəsi ilə hissə-hissə cəmi 7662 manat pul köçürmüşdür. O, Zərərçəkmiş şəxs aldığı pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bununla əlaqədar barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusu Şahid2 vasitəsi ilə tanımışdır. Onun mərhum qardaşına məxsus olan «Vaz-2106» markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobilin atasının adına rəsmişləşdirmək istəməsindən Şahid2 məlumatı olmuş, sonuncu məsələnin həllində qohumu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs onlara köməklik edə biləcəyini demişdir. Şahid2 Təqsirləndirilən şəxs telefon nömrəsini verərək qeyd olunan nömrə ilə əlaqə saxlamasını bildirmişdir. 09 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq mərhum qardaşına məxsus “Vaz 2106” markalı avtomobili atasının adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs “Vaz 2106” markalı avtomobili atasının adına rəsmiləşdirməsində onlara köməklik edə biləcəyini bildirərək sənədləşmə işlərinin aparılması üçün ondan 450 manat pul istəmiş, o, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs pulun göndərilməsi üçün Şahid4 məxsus "xxxx"ın mobil bankçılıq xidməti olan Leobank kartının şəklini “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə ona göndərmiş, o, 10 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus leobank hesabına 450 manat köçürmüşdür. Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edərək avtomobilin sənədləşmə işlərinin aparılması üçün Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimə məbləğinin ödənilməli olduğunu, bunun üçün 530 manat tələb olunduğunu bildirmiş, o, 11 avqust 2022-ci il tarixdə elektron ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus Leobank hesabına 215 manat, 180 manat və 141 manat olmaqla, ümumilikdə 536 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə ona zəng edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən binadan 8.000 manat ilkin ödəniş və hər ay 148 manat ödəmək şərti ilə cəmi 20.000 manata ipoteka yolu ilə mənzil satıldığını bildirmiş, o, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq 16 avqust 2022-ci il tarixdə Şahid4 məxsus Leobank hesabına Abşeron rayonu, Məmmədli kəndində fəaliyyət göstərən “Araz” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə 252 manat, 17 avqust 2022-ci il tarixdə Bərdə rayonu, Xaçınçay kəndində fəaliyyət göstərən “Ailəvi” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə 1200 manat, 18 avqust 2022-ci il tarixdə 1200 manat, 20 avqust 2022-ci il tarixdə isə ünvan 3 ünvanında fəaliyyət göstərən “Oba” marketdə olan elektron ödəmə terminalı vasitəsi ilə 2 dəfə olmaqla 600 manat və 700 manat, Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi şəklini göndərdiyi Şahid1 məxsus Leobank hesabına elektron ödəmə terminalı vasitəsi ilə 22 avqust 2022-ci il tarixdə 110 manat, 23 avqust 2022-ci il tarixdə Həsənova (Əliyeva) Sevda Elmar qızına məxsus Leobank hesabına elektron ödəmə terminalı vasitəsi ilə 600 manat, 26 avqust 2022-ci il tarixdə Şahid1 məxsus Leobank hesabına elektron ödəmə terminalı vasitəsi ilə 1500 manat, 27 avqust 2022-ci il tarixdə 90 manat və 1410 manat köçürmüşdür. O, hissə-hissə olmaqla, ümumilikdə, ödəmə terminalı vasitəsi ilə Şahid4 məxsus Leobank hesabına 4.938 manat, Həsənova (Əliyeva) Sevda Elmar qızına məxsus Leobank hesabına 600 manat, Şahid1 məxsus Leobank hesabına 3110 manat pul köçürmüşdür. O, Zərərçəkmiş şəxs onun mərhum qardaşına məxsus olan «Vaz-2106» markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobilin atasının adına rəsmiləşdirilməsinə və Bakı şəhəri, Qaradağ rayonu ərazisində ipoteka yolu ilə mənzilin alınmasına dair verdiyi vədlərə əməl etməmiş, aldığı pulu şəxsi ehtiyaclarına sərf etdiyi üçün ona zəng edərək işin həllinin hansı mərhələdə olduğunu soruşduqda müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs dələduzluq hərəkətləri nəticəsində ümumilikdə ona 8648 manat məbləğində ziyan dəymişdir. Ona dəymiş ziyandan hazırkı vaxtadək 5300 manat ödənilməmiş qalmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, qalan borcunun ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 17 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində fəaliyyət göstərən ictimai çimərlikdə təsadüfən tanış olmuş, aralarında səmimi münasibət yaranmışdır. 23 avqust 2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində dəniz kənarında gəzərkən Təqsirləndirilən şəxs mobil telefonuna zəng gəlmiş, telefon danşığından sonra Təqsirləndirilən şəxs onun bank kartına pul göndəriləcəyi halda müəyyən məbləğdə faiz tutulacağını bildirərək ondan üzərində bank kartının olub-olmamasını soruşmuşdur. O, "xxxx"ın mobil bankçılıq xidməti olan Leobank kartı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona məxsus bank kartının şəklini çəkərək “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi tanımadığı şəxsə göndərmişdir. Bir neçə dəqiqə sonra onun hesabına 600 manat göndərilmiş, Təqsirləndirilən şəxs göndərilən məbləğin onun maaşı olduğunu bildirərək yerini dəqiq xatırlamadığı ATM-də nağdlaşdırmışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan danışıqdan məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 2022-ci ilin iyun ayının əvvəllərində Gürcüstan vətəndaşı olduğu üçün özünə Azərbaycan Respublikası ərazisində 5 il müddətinə yaşamaq hüququ almaq istəmiş, bu səbəbdən poliklinikada təsadüfən tanış olduğu, hazırda adını və soyadını xatırlamadığı qadına bu barədə danışmış, həmin şəxs ona vəkil kimi təqdim etdiyi Romal adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsini verərək məsələnin həllində ona köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs zəng edərək Azərbaycan Respublikası ərazisində 5 il müddətinə yaşamaq hüququ almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs bunun üçün 2000-3000 manat tələb olunduğunu bildirmiş, o, tələb olunan məbləğdə pulunun olmadığını bildirmişdir. 2022-ci ilin avqust ayında aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs mərhum qardaşına məxsus olan «Vaz-2106» markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobilin atasının adına rəsmişləşdirmək istədiyini bildirmiş, o, vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs məsələnin həllində onlara köməklik edə biləcəyini deyərək Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəni Zərərçəkmiş şəxs vermişdir. O, sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, aldatma yolu ilə mərhum qardaşına məxsus olan «Vaz-2106» markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobilin atasının adına 450 manat müqabilində sənədləşdirəcəyinə, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən binadan 8.000 manat məbləğində pulu ilkin ödəniş və hər ay 148 manat ödəmək şərti ilə cəmi 20.000 manata ipoteka yolu ilə mənzil ala biləcəyinə dair vəd verməklə ümümilikdə, Zərərçəkmiş şəxs 8648 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ünvan 5 ünvanında fəaliyyət göstərən “Gəncə Mall” Ticarət mərkəzinin qarşısında təsadüfən tanış olmuş, aralarında səmimi münasibət yaranmışdır. 2021-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs ondan istifadəsində hər hansı bankın kartının olub-olmamasını soruşmuş, o, "xxxx"ın mobil bankçılıq xidməti olan Leobanka aid kart olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi işləri ilə əlaqədar ona pul göndəriləcəyini bildirərək kartını ona verməsini xahiş etmişdir. O, etiraz etməyərək özünə məxsus Leobank plsatik kartını Təqsirləndirilən şəxs vermişdir. 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs verdiyi “Leo Bank”a aid plastik kartı bağlatdırmışdır. Təqsirləndirilən şəxs ona aid bank kartından hansı müddətdə və hansı məqsədlə istifadə etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2, mənzil 40 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, əvvəllər ünvan 7 ünvanında Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamış, aralarında dostluq münasibətləri olmuşdur. 2022-ci ilin iyul ayının ortalarında Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 127 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş, Təqsirləndirilən şəxs söhbət zamanı ondan üzərində hər hansı banka aid olan kartın olub-olmamasını soruşmuş, o, üzərində "xxxx" ASC-ya məxsus Debet “albalı” kartının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt ona pul göndərəcəklərini bildirib müvəqqəti olaraq həmin plastik kartı müəyyən bir vaxt ərzində işlətməsi üçün ona verməyini xahiş etmiş, o, etiraz etməyərək özünə məxsus bank kartını Təqsirləndirilən şəxs vermişdir. Ona məxsus "xxxx" ASC-ya aid Debet “albalı” kartına xx.xx.2022-ci il tarixdə, saat 22.15-də 1.500 manat, xx.xx.2022-ci il tarixdə, saat 11.43-də 90 manat, həmin tarixdə, saat 1.410 manat və xx.xx.2022-ci il tarixdə, saat 17.43-də 110 manat olmaqla ümumilikdə 3.110 manat pulun kim tərəfindən və hansı məqsədlə köçürülməsi barədə məlumatının olmamışdır. Cinayət işinin 63-cü vərəqəsində olan 31 yanvar 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 103-110-cu vərəqəsində olan 4(008)-86/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarından görünrü ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair vəsatət təmin olunmamış, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 111-112-ci vərəqəsində olan 02 fevral 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan 01 mart 2023-cü il tarixli ödəmə qəbzlərinin fotoşəkillərinin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs göndərdiyi şəxslərin hesabına ödənilmiş qəbzlərin şəkilləri götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan 01 mart 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə görüntülü danışığını, Təqsirləndirilən şəxs göndərdiyi şəxslərin hesabına ödənilmiş qəbzlərini əks etdirən ümumilikdə 16 ədəd fotoşəkil cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 162-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 10 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ümumilikdə 3200 manat ödəmişdir. Cinayət işinin 45-46-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 554/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 554/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə gələrək səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmədiyini, növbəti məhkəmə çağırışlarına vaxtında gələcəyini bildirmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 554/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, barəsində elan olunmuş axtarış ləğv edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-61/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Quba Rayon Məhkəməsinin 4(027)-10/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay, 04 (dörd) gün uzadılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, digər iş materialları ilə onun etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmə əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, vurulmuş ziyanı qismən ödəməsini və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 61/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-61/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə görüntülü danışığını, Təqsirləndirilən şəxs göndərdiyi şəxslərin hesabına ödənilmiş qəbzlərini əks etdirən ümumilikdə 16 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-61/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə 01 (bir) günə, 02 (iki) gün hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və onun digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə görüntülü danışığını, Təqsirləndirilən şəxs göndərdiyi şəxslərin hesabına ödənilmiş qəbzlərini əks etdirən ümumilikdə 16 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar