Məhkəmə qərarları › İş №1(008)-211/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-211/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-211/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X8 yalan olduğunu bilə-bilə instagram sosial şəbəkəsinin özünə məxsus və öz istifadəsində olan “leyla_n_n_n_20_19_88 ” səhifəsində xx.xx.2023-cü il tarixində “status” məqaləsində onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yalan və böhtan xarakterli məlumatlar yaymaqla cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, X8 onun oğlu X1 həyat yoldaşıdır, onun keçmiş gəlinidir. Oğlu və keçmiş gəlini arasındakı nikah pozulmuşdur. Onların arasındakı nikahın pozulmasına səbəb X4 oğluna xəyanət etməsi, gizli telefon işlətməsi və həmin telefonla görüşdüyü şəxslə yazışmalarının oğlu tərəfindən aşkar oluması olmuşdur. Oğlu bu barədə məlumat verdikdən sonra o da onların arasındakı nikahın pozulmasının tərəfdarı olmuşdur. X2 boşadıqdan sonra, X8 onun barəsində müxtəlif şər və böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Dəfələrlə ondan şər və böhtan atmamağı tələb etsə də, X8 öz nankor əməlini davam etdirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində qohumları və yaxınları bildirmişlər ki, X8 özünə məxsus “ leyla_n_n_n_20_19_88 ” instaqram səhifəsində onu oğurluqda ittiham edən, şərəf və ləyaqətini alçaldan “status” paylaşmışdır. Tanışları həmin səhifədəki “statusu” ona göstərmişlər. Həmin statusda onun şəkli qoyulmuş, üstünə də “sizə oğrudan deyim biləsiz qızıl, geyim, qab-qaşıq, dəsmal, pul oğrusu, ee bir çox şeylər məndən başqa işlədiyi yerdən də oğurlayıb zato haq ədalət öz yerini tapır yalanı sevməyib məhkəmədə mən onu udub onu yandırdım iki məhkəmədə xeyri olub şükürlər bu sözləri üzünə də demişəm. Oğluna da ərinə də onun gəzdiyini bu yaxınlarda dedim orda; yaxşı nur üzlü olan bir əridi bizdə mənim kocamdüz demişəm nə demişəmsə nəsə mənə deyədə bilməyiblər; bu insan evinə gəlib gedənin daliycan danışanama görəndə üzünə güləndi və oğrudu; adam bilirdim onu demə heyvan ondan yaxşıymış (gülüş işarsəi)” X8 öz “leyla_n_n_n_20_19_88” isntaqram səhifəsindəki paylaşımdan görünür ki, X8 onu oğurluqda, ərinə xəyanətdə ittiham etmiş və şərəfini ləyaqətini alçaldan təhqirlər etmişdir. X4 bu paylaşımı şər, böhtan və yalan olmaqla yanaşı, onun namusunu ləkələyən, şərəf və ləyaqətini alçaldan paylaşımdır. Oğlunun ondan boşanmasında səbəbkar onu görərək bu paylaşımları öz instaqram səhifəsində paylaşaraq guya ki, ona acıq vermək istəmişdir. Əvvəllər qohumluq əlaqələri olmağı səbəbindən onun instaqram səhifəsini kifayət qədər qohumları və tanışları izləyir. Bütün tanışları, qohumları onun namuslu və dürüst insan olduğunu bilsələr də, X4 bu paylaşımı insanlar arasında xoş qarşılanmamış və insanların beynində xoşagəlməz fikirlər formalaşmasına səbəb olmuşdur. X4 “leyla_n_n_n_20_19_88” instaqram hesabının xx.xx.2023-cü il tarixli status paylaşımında barəsində yaydığı məlumatlar həqiqətə uyğun deyil və tamamilə böhtan xarakterlidir. Göründüyü kimi, X8 xx.xx.2023-cü il il tarixdə instaqram sosial şəbəkəsinin özünə məxsus “leyla_n_n_n_20_19_88 ” hesabında onun şəklinin üzərində yazaraq yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan atmışdır. Bundan əlavə, X9 oğurluqda günahlandırmaqla, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham etmişdir. Bununla da, X8 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X8 Azərbaycan Respublikasının CM-nin 147.1; 147.2; 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirən video və fotoşəkilləri disk şəklində şikayətə əlavə edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində X7, X4 onun barəsində paylaşdığı statusun onun tanışları vasitəsilə ona göndərildiyini göstərsə də, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət ərizəsində X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, hansı ifadələrin təhqir, hansı ifadələrin isə böhtan olması göstərilməmişdir ki, bu da şəxsə qarşı irəli sürülmüş ittihamın aydın olmamasına və onun əməllərinə ayrıayrılıqda qiymət verilməməsinə dəlalət edir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar