Məhkəmə qərarları › İş №1(008)-212/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-212/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-212/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Xan bağı" kafesində inzibatçı işləyən, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində yaşadıqları ünvan 1 ünvanında yerləşən evlərinin dəhlizində həyat yoldaşı Zərərçəkmiş şəxs onun banka olan kredit borcunu ödəməməyinə əsəbiləşərək evə gəlmiş qardaşı X2 qapını açmamağı səbəbindən ailəməişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən sillə ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə zərbə vuraraq, ona sol göz almasının ağlı qişasına qansızına və sol gözyuvası ətrafı nahiyəsinin qançırı ilə müşayiət olunan xəsarət yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, ünvan 1 fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə ailə qurmuş, birgə nikahdan iki övladları var. O, bir il əvvəl Ucar rayonunda yerləşən Access bank filialından 5000 manat pul krediti götürmüş, hər ay isə 272 manat ödəniş etmişdir. 04 yanvar 2024-cü il tarixində o, işdə olduğu zaman həyat yoldaşı Aygül ona zəng edərək aylıq kredit ödənişi ödəyib-ödəmədiyini soruşmuş, o, Aygülə aylıq məvacibini ala bilmədiyi üçün ödəniş edə bilmədiyni bildirmişdir. Bununla bağlı, telefon danışığı zamanı aralarında mübahisə yaranmışdır. Bir müddət sonra qardaşı X4 ona zəng edərək evə gəldiyini, qapını açmağını söyləmiş, o işdə olduğunu bildirmiş, qardaşı qapını döydüyünü, lakin, qapını heç kimi açmadığını bildirmişdir. 05 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı ünvana gəlmiş, Zərərçəkmiş şəxs qardaşına qapını açmamasının səbəbini soruşmuş, Aygül, o, kredit ödənişini etmədiyi üçün ona əsəbləşərək qardaşına qapını açmadığını bildirmişdir. Bu səbəbdən, aralarında mübahisə yaranmış, o, Aygülün hərəkətlərindən əsəbləşdiyi üçün əli ilə bir dəfə Aygülün üz nahiyəsinə sillə vurmuş, daha sonra yataq otağına keçmişdir. Həmin gün, saat 10 radələrində yaşadığı ünvana polis əməkdaşları gələrək onu polis bölməsinə dəvət etmişlər. Aralarında baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, ətrafda onlardan başqa heç kim olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanda ailəsi ilə birgə yaşayır. 04 yanvar 2024-cü il tarixdə, axşam saatlarında həyat yoldaşı Təqsirləndirilən şəxs zəng edərək, aylıq kredit ödənişini ödəyib-ödəmədiyini soruşmuş, İlkin ödəniş etmədiyini bildirmişdir. Bir müddət sonra İlkinin qardaşı X4 evə gələrək qapını döymüş, o, İlkinə əsəbiləşdiyi üçün Rahilə qapını açmamışdır. 05 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində yoldaşı X3 işdən evə gəlmiş, o, yoldaşını qarşıladıqdan bir qədər sonra yoldaşından aylıq əmək haqqını alıb-almadığını soruşmuşdur. İlkin maaşını almadığını söylədiyi zaman o, nə üçün kredit borcu üzrə aylıq ödənişin bu qədər gecikdiyini öyrənmək istəmiş, İlkin isə ondan nə üçün qardaşı Rahilə qapını açmadığını soruşmuşdur. O, İlkinə əsəbiləşdiyi üçün qapını açmadığını bildirmiş, qeyd olunan məsələyə görə bir az əsəbiləşdiyi, həmçinin Rahilə qapını açmadığı üçün yoldaşı da onunla əsəbi şəkildə danışmağa başlamışdır. Mübahisə zamanı İlkin əsəbini cilovlaya bilməyib onun üz nahiyəsinə qəsdən əli ilə bir dəfə şillə zərbəsi endirmiş, daha sonra İlkin ondan uzaqlaşmışdır. O, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Aralarında baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, ətrafda onlardan başqa heç kim olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarının 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 Sabunçu rayon şöbəsinin 08 yanvar 2024-cü il tarixli, 29 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma və sol gözyuvası ətrafı nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarının 51-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 13 yanvar 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bununla əlaqədar onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar