Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-213/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Abşeron vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Yuxarı Şilyan ərazi dairəsi, Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam’’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində, sərxoş vəziyyətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 12 nömrəli ünvanda yerləşən “Durna Teli” şadlıq sarayındakı toy mərasimindən çıxarkən sarayın qarşısında dayanaraq sifariş verən başqa bir müştərini gözləyən vət. Zərərçəkmiş şəxs taksi kimi xidmət göstərdiyi “Toyota Prius” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq onu Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq sovxozuna aparmasını tələb etmiş, sonuncunun müştəri gözlədiyini deməsini cüzi səbəb kimi bəhanə edərək əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə ətrafdakıların gözü qarşısında gecə saatlarında, nalayiq ifadələr işlətməklə cəmiyyətdə, yəni insanlar arasında bərqərar olmuş əxlaq normalarını, davranış və etik qaydalarını kobud surətdə pozmuş, qərəzli hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərilə zərərçəkmiş Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruq zərbələri ilə qəsdən dəfələrlə vuraraq sol təpə-ənsə və sağ təpə nahiyələrinin dərialtı hematomaları; üst dodağın dərialtı hematoması və əzilmiş yarası; sol almacıq nahiyəsinin əzilmiş yarası; sol gözyuvasıaltı və sağ almacıq nahiyələrinin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 24 iyun 2022-ci il tarixdə qohumu X3 rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 12 nömrəli ünvanda yerləşən “Durna Teli” şadlıq sarayında toy mərasimi olmuş, toyda olarkən spirtli içki qəbul etmişdir. Həmin tarixdə, saat 23 radələrində ailə üzvləri ilə birgə toy mərasimindən çıxarkən qohumlarının Xəzər rayonu, Binə Atçılıq sovxozu adlanan yaşayış sahəsində yerləşən evinə taksidə getməli olmuşlar. O, restoranın darvazasından çöldə dayanmış taksiyə yaxınlaşaraq onları Binə qəsəbəsi, Atçılıq Sovxozuna apara biləcəyini soruşduqda, həmin sürücü ona 10 manata apara biləcəyini bildirmişdir. Sonra onun həyat yoldaşı həmin taksiyə oturmaq istəyən zaman taksi sürücüsü sifariş götürdüyünü və apara bilməyəcəyini demişdir. Bu zaman o, sərxoş olduğundan sürücünü əvvəl ona aparmağa razılıq verib, sonra artıq həyat yoldaşı maşına oturmaq istəyən zaman apara bilməyəcəyini deməsindən əsəbləşmiş və bir dəfə avtomobilin açıq pəncərəsindən avtomobildə oturaq vəziyyətdə olan taksi sürücüsünü vurmuşdur. Həmin vaxt orada o, həyat yoldaşı, oğlu və Vüsal adlı qohumu olmuşdur. Göstərilən şəxslərdən savayı hadisə yerində heç kəs olmamışdır. Orada hər tərəfdə kameralar var, kamera görüntülər istintaq zamanı əldə edilmiş olsa idi, orada kənar şəxslərin olmaması açıq-aydın görünərdi. Hesab edir ki, onun əməlində AR CM-nin 221.1-ci maddəsinin deyil, həmin Məcəllənin 128-ci maddəsinin tərkibi var. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs sürücünün ilkin olaraq ona razılıq verərək onları göstərdikləri ünvana aparmasını bildirməsi, sonradan isə aparmıram deməsi ona pis təsir etdiyindən bir dəfə sürücünü vurduğunu, sürücünü əlinin arxa hissəsi ilə vurduğunu, bu zaman sürücünün avtomobilini sürətlə idarə edərək hadisə yerindən getdiyini, hadisə zamanı nə onun, nə də sürücünün söyüş işlətmədiyini, ailəsi yanında olduğundan onun söyüş işlətməsinin real olmadığını, ibtidai istintaq zamanı komputer vasitəsi ilə yazılmış ifadələrini oxumadan imzaladığını, oxumasının zəif olduğunu və həmin ifadələri oxuması üçün ona ən azı 3 gün vaxt lazım olduğunu, müstəntiq tərəfindən dindirilən zaman yanında müdafiəçi olmadığını, hadisənin gecə saat 23:00-00:00 arasında baş verdiyini, həmin vaxt hadisənin restoranın həyətində deyil, restoranın həyətinin giriş qapısından çöldə baş verdiyini və hadisə yerində o, həyat yoldaşı, azyaşlı övladı və sonradan gələn qohumu Vüsaldan başqa kənar şəxsin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən günədək Təqsirləndirilən şəxs görməmiş, heç bir münasibətləri, ədavət və ya düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Durna Teli” restoranının qarşısında dayanmışdır. Bu zaman bir nəfər şəxs ona yaxınlaşaraq onu və ailə üzlərini Binə qəsəbəsi, Atçılıq Sovxozuna apara biləcəyini soruşmuş, o, isə apara biləcəyini demişdir. Sonra həmin şəxs maşına əyləşmədən onun sərxoş olduğunu və həyat yoldaşı ilə mübahisə etdiyini gördükdə onları aparmaq fikrindən daşınmışdır. O, Əvəzə onları apara bilməyəcəyini və sifariş qəbul etdiyini bildirmişdir. Bu zaman Əvəzlə aralarında mübahisə yaranmış və sonradan adının Vüsal olduğunu bildiyi şəxs onlara yaxınlaşaraq “nə məsələdir” deyə soruşmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs avtomobilin açıq pəncərəsindən onun sifətinə bir dəfə vurmuşdur. Bundan sonra o, avtomobili sürərək hadisə yerindən uzaqlaşmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Əvəzlə mübahisə edən zaman nə özünün, nə də Əvəzin ucadan danışmadığını, heç birinin söyüş işlətmədiyini, hadisə vaxtı hadisə yerində Əvəz, ailəsi və sonradan yaxınlaşan Vüsal adlı şəxsdən başqa şəxsin olmadığını, hadisənin restoranın həyətində deyil, restoranın giriş darvazasından çöldə baş verdiyini, Vüsalın onlara yaxınlaşan zaman Əvəzin onunla sadəcə söhbət etdiyini, hər hansı qışqırıq səslərinin olmadığını, Vüsalin sadəcə Əvəzin onunla danışdığını görərək onlara yaxınlaşdığını, Əvəzlə ilkin normal olaraq danışaraq bir-birlərini başa düşdüklərini, Vüsal yaxınlaşıb uşağı arxa tərəfdən avtomobilə əyləşdirmək istədikdə onun icazə vermədiyini və avtomobilin qapısını əli arxa tərəfə edərək bağladığını və bu zaman Əvəzin əsəbləşərək onu vurduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən dəfələrlə məhkəmə iclası təxirə salınaraq şahidə SMS bildirişlərin göndərilməsinə, onun məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq şahidin iştirakını təmin etmək mümkün olmamış və onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımır, hər iki şəxslə ədavəti və ya düşmənçiliyi yoxdur. 24 iyun 2022-ci il tarixdə qohumu Həsən Ələkbərovun ünvan 2 ünvanda yerləşən “Durna Teli” şadlıq sarayında toy mərasimi olmuşdur. Həmin tarixdə saat 23 radələrində toy mərasimindən çıxarkən razılaşmışlar ki, qohumu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onun yaşadığı Binə Atçılıq sovxozundakı evlərində qalsınlar. Belə ki, Təqsirləndirilən şəxs çox içdiyindən özünü idarə edə bilməmişdir. Şadlıq sarayından çıxarkən Əvəz sarayın qarşısında dayanan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşına sürücü tərəfdən yaxınlaşmışdır. Şadlıq sarayında yad və sərxoş kişilər çox olduğundan o, ailəsi ilə birgə şadlıq sarayının qarşısında dayanıb Əvəzin taksi sürücüsü ilə razılaşmasını gözləmişdir. Bu vaxt Əvəz ona əl işarəsi edib demişdir ki, “gəlin". Həmin vaxt o, qarşıda, ailəsi isə ondan arxada taksiyə yaxınlaşıb arxa sol qapını açaraq maşına minmək istəmiş, ailə üzvləri isə maşının arxasından keçmişlər ki, dal sağ qapıdan maşına otursunlar. Sürücü Zərərçəkmiş şəxs onlara demişdir ki, zəhmət olmasa qapını bağlasınlar, apara bilməyəcək, sifariş qəbul etmiş müştəri gözləyir. O, maşına minmədən ailə üzvlərinin üstünə gedərək bildirmişdir ki, “alınmadı, gəlin kən,arda gözləyək”. O, ailə üzvləri ilə birgə şadlıq sarayının qarşısına çəkilərkən görmüşdür ki, Təqsirləndirilən şəxs ucadan sürücü Zərərçəkmiş şəxs söyür. O, restorandan çıxan qohum və tanışlarının içərisində biyabır olacağından utanaraq tez Əvəzin üstünə qaçmış, o, çatanadək Təqsirləndirilən şəxs sükan arxasında oturan sürücünün avtomaşınının açıq olan pəncərəsindən yumruqla sifət nahiyəsinə bir neçə zərbələr vurmuşdur. O, Əvəzə çatan kimi Əvəzi kənara itələyərək sürücü Zərərçəkmiş şəxs demişdir ki, sərxoşdur, sür canını qurtar. Sürücü oradan sürüb getmiş, o, Əvəzi sakitləşdirərək digər taksidə evlərinə getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxs Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli, 1334 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə-ənsə və sağ təpə nahiyələrinin dərialtı hematomaları; üst dodağın dərialtı hematoması və əzilmiş yarası; sol almacıq nahiyəsinin əzilmiş yarası; sol gözyuvasıaltı və sağ almacıq nahiyələrinin qançırları müəyyən edilir, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sol təpə-ənsə və sağ təpə nahiyələrinin dərialtı hematomaları; üst dodağın dərialtı hematoması və əzilmiş yarası; sol almacıq nahiyəsinin əzilmiş yarası ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; sol gözyuvasıaltı və sağ almacıq nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (i.v. 13-15). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.57-58). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 62). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.63). “Sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır (i.v. 66-69). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 24 iyun 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 24 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Durna Teli” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə şadlıq sarayından çıxaraq taksi sürücüsü olan Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşaraq onu və ailəsini Binə qəsəbəsi, Atçılıq Sovxozuna apara biləcəyini soruşmuş, zərərçəkmiş şəxs onu və ailəsini öz avtomobili ilə göstərdiyi ünvana öncə apara biləcəyini, sonradan isə apara bilməyəcəyini bildirdikdə təqsirləndirilən şəxs avtomobilin açıq olan pəncərəsindən avtomobilin içərisində oturaq vəziyyətdə olan zərərçəkmiş şəxsin sifətindən vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 24 iyun 2022-ci il tarixdə baş vermiş hadisə ünvan 2 ünvanda yerləşən “Durna Teli” şadlıq sarayının darvazasından çöl tərəfdə, zərərçəkmiş şəxs avtomobildən enmədən oturaq vəziyyətdə avtomobilin içərisində olarkən təqsirləndirilən şəxsi onu bir dəfə avtomobilin açıq pəncərəsindən vurması ilə baş vermiş, həmin vaxt hadisə yerində təqsirləndirilən şəxs, onun həyat yoldaşı, azyaşlı övladı və qohumu olan Şahid başqa hər hansı kənar şəxs (şəxslər) olmamış, kənardan da hadisəni hər hansı kənar şəxs (şəxslərin) görməsi, hadisənin baş verməsi ilə əlaqədar hər hansı ictimai qaydanın pozulması müəyyən edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, belə olan halda təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, 24 iyun 2022-ci il tarixdə qohumunun ünvan 2 ünvanda yerləşən “Durna Teli” şadlıq sarayında toy mərasimi olmuş, toyda olarkən spirtli içki qəbul etmişdir. Həmin tarixdə, saat 23 radələrində ailə üzvləri ilə birgə toy mərasimindən çıxarkən qohumlarının Xəzər rayonu, Binə Atçılıq sovxozu adlanan yaşayış sahəsində yerləşən evinə taksidə getməli olmuşlar. O, restoranın darvazasından çöldə dayanmış taksiyə yaxınlaşaraq onları Binə Atçılığa apara biləcəyini soruşduqda, həmin sürücü ona 10 manata apara biləcəyini bildirmişdir. Sonra onun həyat yoldaşı həmin taksiyə oturmaq istəyən zaman taksi sürücüsü sifariş götürdüyünü və apara bilməyəcəyini demişdir. Bu zaman o, sərxoş olduğundan sürücünü əvvəl ona apararam deyib, sonra artıq həyat yoldaşı maşına oturmaq istəyən zaman apara bilmirəm deməsindən əsəbləşmiş və bir dəfə avtomobilin açıq pəncərəsindən avtomobildə oturaq vəziyyətdə olan taksi sürücüsünü vurmuşdur. Həmin vaxt orada o, həyat yoldaşı və Vüsal adlı qohumu olmuşdur. Göstərilən şəxslərdən savayı hadisə yerində heç kəs olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs sürücünün ilkin olaraq ona razılıq verərək evinə aparmasını bildirməsi, sonradan isə aparmıram deməsi ona pis təsir etdiyindən bir dəfə sürücünü vurduğunu, bu zaman sürücünün avtomobilini sürətlə idarə edərək hadisə yerindən getdiyini, hadisə zamanı nə onun, nə də sürücünün söyüş işlətmədiyini, ailəsi yanında olduğundan onun söyüş işlətməsinin real olmadığını, ibtidai istintaq zamanı komputer vasitəsi ilə yazılmış ifadələrini oxumadan imzaladığını, oxumasının zəif olduğunu və həmin ifadələri oxuması üçün ona ən azı 3 gün vaxt lazım olduğunu, müstəntiq tərəfindən dindirilən zaman yanında müdafiəçi olmadığını, hadisənin gecə saat 23:00-00:00 arasında baş verdiyini, həmin vaxt hadisənin restoranın həyətində deyil, restoranın həyətinin giriş qapısından çöldə baş verdiyini və hadisə yerində o, həyat yoldaşı, azyaşlı övladı və sonradan gələn qohumu Vüsaldan başqa kənar şəxsin olmadığını bildirmişdir. Göstərilən xüsusat, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz ünvan 2 ünvanda yerləşən “Durna Teli” şadlıq sarayının darvazasından çöl tərəfdə vurması, həmin vaxt hadisə yerində təqsirləndirilən şəxs, onun ailə üzvləri, qohumu Şahid və zərərçəkmiş şəxsdən başqa heç kəs olmamış, təqsirləndirilən şəxs zərərçəkmişi onun avtomobilində oturaq vəziyyətdə olduğu zaman bir dəfə sifət nahiyyəsindən vurması, hadisə zamanı tərəflərin bir-birinə qarşı söyüş işlətməməsi, səs-küyün olmaması, hadisə yerinə göstərilən şəxslərdən savayı hər hansı digər şəxsin gəlməməsi Zərərçəkmiş şəxs ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Ağayev X4 mübahisə edən zaman nə özünün, nə də Əvəzin ucadan danışmadığını, heç birinin söyüş işlətmədiyini, hadisə vaxtı hadisə yerində Əvəz, ailəsi və sonradan yaxınlaşan Vüsal adlı şəxsdən başqa şəxsin olmadığını, hadisənin restoranın həyətində deyil, restoranın giriş darvazasından çöldə baş verdiyini, Vüsalın onlara yaxınlaşan zaman Əvəzin onunla sadəcə söhbət etdiyini, hər hansı qışqırıq səslərinin olmadığını, Vüsalın sadəcə Əvəzin onunla danışdığını görərək onlara yaxınlaşdığını, Əvəzlə ilkin normal olaraq danışaraq bir-birlərini başa düşdüklərini, Vüsal yaxınlaşıb uşağı arxa tərəfdən avtomobilə əyləşdirmək istədikdə onun icazə vermədiyini və avtomobilin qapısını əlini arxa tərəfə edərək bağladığını və bu zaman Əvəzin əsəbləşərək onu vurduğunu bildirmişdir. Məhkəmə xüsusilə onu vurğulamağı zəruri hesab edir ki, hadisə baş verən vaxt hadisə yerində təqsirləndirilən şəxs, onun arvadı, azyaşlı övladı, qohumu və zərərçəkmiş şəxsdən başqa kənar şəxslər olmamış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması nə hadisə baş verən yerdə (şadlıq sarayının giriş darvazasından çöl tərəfdə) hər hansı qaydanın, nə də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Məhkəmə qeyd edir ki, Əgər Təqsirləndirilən şəxs niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxsi onun idarə etdiyi avtomobilin içərisində deyil, onu avtomobildən endirərək səs-küy salaraq digər şəxslərin diqqətini cəlb etməyə çalışaraq vurardı ki, bu hal isə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə məhkəmə istintaqı zamanı dindirilmiş cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində, sərxoş vəziyyətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 12 nömrəli ünvanda yerləşən “Durna Teli” şadlıq sarayındakı toy mərasimindən çıxarkən sarayın qarşısında dayanaraq sifariş verən başqa bir müştərini gözləyən vət. Zərərçəkmiş şəxs taksi kimi xidmət göstərdiyi “Toyota Prius” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq onu Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq sovxozuna aparmasını tələb etmiş, sonuncunun müştəri gözlədiyini deməsini cüzi səbəb kimi bəhanə edərək əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə ətrafdakıların gözü qarşısında gecə saatlarında, nalayiq ifadələr işlətməklə cəmiyyətdə, yəni insanlar arasında bərqərar olmuş əxlaq normalarını, davranış və etik qaydalarını kobud surətdə pozmuşdur. Məhkəmə hazırki məhkəmə istintaqının nəticəsində müəyyən edilmiş hallar əsasında istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi halların təkzib edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs verilmiş ittihamda Təqsirləndirilən şəxs öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə ətrafdakıların gözü qarşısında gecə saatlarında, nalayiq ifadələr işlətməklə cəmiyyətdə, yəni insanlar arasında bərqərar olmuş əxlaq normalarını, davranış və etik qaydalarını kobud surətdə pozması göstərilsə də, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələri ilə hadisə yerində təqsirləndirilən şəxsin ailə üzvləri və qohumu Şahid başqa kənar şəxslərin olmaması, bu şəxslərdən savayı heç kəsin hadisənin şahidi olmaması və mübahisə zamanı nə təqsirləndirilən, nə də zərərçəkmiş şəxsin ucadan danışmaması, söyüşdən istifadə etməmələri müəyyən edilmişdir ki, belə olan halda təqsirləndirilən öz şəxsiyyətini ailə üzvlərinin şəxsiyyətinin fövqündə qoyması, onlara öz üstünlüyünü nümayiş etdirməsi real və məntiqli olmamaqla məhkəmə istintaqı göstərillən xüsusatlarla ittihamda formal olaraq sadalanan halların öz təsdiqini tapmamasına dəlalət edir. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisə vaxtı hadisə yerində təqsirləndirilən şəxs, onun ailə üzvləri, bir nəfər qohumu və zərərçəkmiş şəxsdən başqa kənar hər hansı şəxsin olmaması, həmin hadisəni birbaşa görən şəxsin müəyyən edilməməsi, həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsin ifadələri ilə hadisə zamanı səs-küyün olmaması və nalayiq ifadələrin işlədilməməsinin müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, sadəcə özünün təxəyyülündə qurduğu hadisə mexanizminə uyğun ifadələri komputer vasitəsi ilə yazaraq cinayət prosesinin iştirakçılarına imzalatdırmaqla kifayətlənərək öz ehtimalları əsasında ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, sadəcə cinayət prosesinin iştirakçılarının ifadələrini “özünün lazım bildiyi” formada yazaraq həmin ifadələrə istinad etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs ictimai yerdə, kənar şəxslərin gözü qarşısında zərərçəkmiş şəxsə zor tətbiq etməklə, onun sifət nahiyyəsinə yumruqla vurmaqla ictimai qaydanı kobud şəkildə pozması qeyd olunduğu halda, müstəntiq həmin kənar insanlardan bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmiş, şadlıq evinin videokameralarında olan görüntülərə baxış keçirməmiş və formal mülahizələr əsasında ictimai qaydanın pozulması nəticəsinə gəlmişdir. Məhkəmə iclasında şahid X1 iştirakının təmin edilməsi mümkün olmasa da, məhkəmə şahidin istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsinin təhlil edilərək həmin ifadəyə qiymət verilməsini zəruri hesab edir. İstintaq orqanı tərəfindən komputer vasitəsi ilə yazılmış şahidin ifadəsində 24 iyun 2022-ci il tarixdə hadisə baş verən vaxt Təqsirləndirilən şəxs ucadan sürücü Zərərçəkmiş şəxs söydüyü, onun restorandan çıxan qohum və tanışlarının içərisində biyabır olacağından utanaraq tez Əvəzin üstünə qaçdığı, o, çatanadək Təqsirləndirilən şəxs sükan arxasında oturan sürücünün avtomaşınının açıq olan pəncərəsindən yumruqla sifət nahiyəsinə bir neçə zərbələr vurduğu göstərilsə də, məhkəmə iclasında iş materiallarında eyni qaydada (yəni komputer vasitəsilə) yazılmış təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin həqiqətdən kənar məzmunda və müstəntiqin öz qurduğu ssenariyə uyğun yazılaraq proses iştirakçılarına imzalatmasının müəyyən edilməsi Şahid istintaq zamanı verdiyi ifadəsində əməlin xuliqanlıq kimi tövsif edilməsinə səbəb olan ifadələrin həqiqəti əks etdirməməsi, digər proses iştirakçıları kimi sadəcə imzalaması qənaətinə gəlməyə imkan verir. Belə ki, zərərçəkmiş şəxsin də istintaq zamanı çap üsulu ilə yazılmış və məhkəmə istintaqı zamanı oxumadan imzaladığını bildirdiyi ifadəsində də Əvəzin onu ucadan söyməsi, onun açıq pəncərəsindən sanki boksda məşq edərək maçalkanı vururmuş kimi ardıcıl olaraq onu sifətinə zərbələr endirməsi, Əvəzin onu pis söyüşlərlə söyməyə davam etməsi, onun söyüş səslərinin hər yana yayılması, toydan çıxan qadın uşaqların vahimə içərisində olduqları, qorxularından insanların restoranın içərisinə qaçmağa başlamaları göstərilsə də, məhkəmə istintaqı zamanı o, müstəntiq tərəfindən təqdim edilmiş bütün sənədləri oxumadan imzaladığını, Əvəzin hadisə zamanı bir dəfə də olsun söyüşdən istifadə etmədiyini, Əvəzin onunla kənardan kiminsə eşidə biləcəyi dərəcədə ucadan danışmadığını, Əvəzin onun əvvəlcə onları taksi iə aparacağını deməsi, sonradan isə apara bilməcəyini deməsindən əsəbləşərək onun üz nahiyyəsində cəmi bir dəfə yumruqla vurduğunu bildirmişdir ki, bu da müstəntiqin mübaliğəli sözlərdən istifadə etməklə hadisələri öz beynində canlandırığı kimi tərəflərin ifadələrində əks etdirməsininin göstəricisidir. Məhkəmə təqsirləndirilən şəxsin, ən əsası isə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrin istintaq zamanı verilmiş ifadələr kimi iş materiallarına əlavə edilmiş ifadələrdən kəskin surətdə fərqləndiyini, onların hər ikisinin istintaq zamanı o məzmunda ifadə vermədiklərini və ifadələrinin müstəntiq tərəfindən yazılaraq onlar tərəfindən sadəcə imzalandığını bildirdiklərini, şahidin həmin ifadəsinin məhkəmə iclasında təhrif edilmiş ifadə kimi qiymətləndirilmiş zərərçəkmiş şəxsin istintaq zamanı verilmiş kimi göstərilmiş ifadələri eyni məzmunlu, sanki biri digərindən koplayanmış ifadələr olmasını, müstəntiqin “hadisə günü vahimə içərisində restoranın içərisinə qayıtması”nı göstərdiyi şahidlərdən birini belə dindirməməsini, hadisə yerinin videokameralarına baxış keçirilmədiyini nəzərə alaraq şahidin həmin ifadələrinin də həqiqəti əks etdirməməsi və yalnız həmin şahid ifadəsinin təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli olmaması qənaətinə gəlir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlər müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs iş materiallarında olan ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-213/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-213/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver