Məhkəmə qərarları › İş №1(008)-214/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-214/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-214/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 19 noyabr 2022-ci il tarixdə, saat 09.45 radələrində Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, 1 May küçəsində yerləşən “Lazer studio” qadın salonunun qarşısında şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və ayaqları ilə qəsdən vuraraq ona sol təpə-gicgah-ənsə nahyəsinin dərialtı hematoması, boyun, sol bazu, hər iki diz oynağı və sağ bud nahiyələrinin qançırları ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş «qəsdən sağlamlığa yüngül zərər vurma»ya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və bildirmişdir ki, o, Zərərçəkmiş şəxs vurduğunu danmır. Lakin buna səbəb zərərçəkmiş şəxsin onu daşla vurması, onun və ailə üzvlərini təhqir etməsi, onların ünvanına söyüş söyməsi olmuşdur. Belə ki, hadisə günü o, qonşusu ilə birlikdə evinin yaxınlığında küçə ilə gedərkən keçmiş arvadı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və ailəsinin ünvanına nalayiq sözlər işlədərək onu daşla vurmuşdur. Bu zaman o, Samirənin ondan əl çəkmədiyini gördükdə onun saçından tutaraq dizi üstə yerə yıxmış və öz dizi ilə onu vuraraq “bəsdi” demişdir. O, zərərçəkmiş şəxsi vursa da, zərərçəkmiş şəxs də onu vurmuş, lakin o ekspertizaya getmədiyindən bunu sübut edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə, saat 09:40 radələrində bacısı oğlu X4 oğlu ilə birlikdə Zabrat qəsəbəsi, 1 May küçəsində yerləşən işlədiyi “Lazer studio” gözəllik salonuna gedən zaman salona az qalmış keçmiş əri Təqsirləndirilən şəxs da həmin vaxt yoldan ötürmüş. Təqsirləndirilən şəxs onu görüb heç bir səbəb olmadan təhqir etməyə başlamış və üstünə hücum etmişdir. Təqsirləndirilən şəxs onun saçlarından tutub dartmış, qarnına bir təpik vurub yerə yıxdıqda dizlərindən də xəsarətlər almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, 1 May küçəsində yolun kənarında yerləşən “Lazer Studio” gözəllik salonunun qarşısında baş vermişdir (i.v.19-21). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X3 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 2693 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə-gicgah-ənsə nahyəsinin dərialtı hematoması, boyun, sol bazu, hər iki diz oynağı və sağ bud nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid edilir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.29-31). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.67). “Sübutların qiymətləndirilməsi haqqında” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 70-72). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş diskdəki görüntülərə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tələsik və əsəbi vəziyyətdə Təqsirləndirilən şəxs tərəf gələrkən Təqsirləndirilən şəxs cəld formada Zərərçəkmiş şəxs tərəf qaçır, çatar-çatmaz ona zərbələr endirir, saçından tutaraq yerə yıxır, bundan sonra kənar şəxslər yaxınlaşaraq onları ayırırlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan şahid X1 ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməsə də, məhkəmə onun özünün müdafiəsi üçün göstərdiyi xüsusatların real olmaması qənaətindədir. Belə ki, Təqsirləndirilən şəxs hadisə günü Zərərçəkmiş şəxs onu daşla vurduğunu və bu zaman özünü müdafiə etmək üçün Samirənin sadəcə saçından tutaraq yerə yıxdığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün irəli sürdüyü dəlilin iş materiallarında olan videodakı görüntülərlə tamamilə təkzib olunduğunu və təsdiqini tapmadığını vurğulayır. Bununla yanaşı, zərərçəkmiş şəxsin hadisə ilə əlaqədar təfərrüatlı ifadələri və iş materiallarında olan şahid ifadəsi, müvafiq ekspert rəyi də təqsirləndirilən şəxsin müdafiəsi üçün qeyd etdiyi xüsusatların həqiqəti əks etdirmədiyini bir daha təsdiq edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs üzərinə daşla gəlməsi və onu qıcıqlandırması nəticəsində Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün zərərçəkmişin saçından tutaraq yerə yıxdığını qeyd edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, müdafiəçi iş materiallarında olan digər sübutları ümumiyyətlə yox sayaraq, məhkəmə iclasında izlənilmiş videodakı görüntləri nəzərə almadan yalnız təqsirləndirilən şəxsin məhkəmədə göstərdiyi xüsusatlara əsaslanmaqla təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş videodakı görüntülərdə müdafiəyə ehtiyacı olan tərəf Təqsirləndirilən şəxs deyil, əksinə Zərərçəkmiş şəxs olmuşdur ki, bu da müdafiəçinin formal mülahizələr əsasında yalnız təqsirləndirilən şəxsin ifadəsi əsasında müdafiə taktikası qurmasının göstəricisidir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, hətta zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qıcıqlandırması öz təsdiqini tapmış olsa idi belə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi qıcıqlandırması onun zərərçəkmişi vuraraq onun sağlamlığına zərər vurması üçün əsas olmamaqla şəxs barəsində bu əsasla bəraət hökmünün çıxarılmasını istisna edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar