Məhkəmə qərarları › İş №1(008)-215/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-215/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-215/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,691 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən “Al market” dükanının qarşısınadək daşımış, həmin ünvanın qarşısında özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 15 avqust 2022-ci il tarixdə, saat 17:00-da saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən içərisinə təmiz çəkisi 0,691 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin qablaşdırılmış bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir il olar ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. 15 avqust 2022-ci il tarixdə, günorta saatlarında heç vaxt üzünü görmədiyi, üvvanını və anket məlumatlarını dəqiq bilmədiyi, internet üzərindən tanış olaraq yalnız telefon vasitəsi ilə danışdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, adını belə bildirməyən, əvəllər də bir neçə dəfə anoloji üsulla narkotik vasitə aldığı şəxslə telefonla danışıb öz istifadəsi üçün yarım qram çəkidə narkotik vasitə heroin sifariş vermiş, həmin şəxsin ona SMS-lə göndərdiyi bank hesabına Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən «Milliön» elektron ödəmə terminalı vasitəsi ilə 15 manat məbləğində pul köçürmüş, pul hesabına oturduqdan sonra həmin şəxs ona narkotik vasitəni atdığı məkanın şəklini və koordinatlarını göndərmiş, həmin şəkil və koordinatlar əsasında yaxınlıqdakı «Yaşıl Market» adlanan dükanın yanındakı zibil qutularının yanından yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə heroini götürüb cibinə qoyaraq oradan uzaqlaşmaqla yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisinə gəlmiş, S.Cabbarov küçəsində yerləşən «Aİ Market» dükanın qarşısından keçərkən onu polis əməkdaşları saxlayaraq şübhələndiklərini və bununla əlaqədar onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Bölməsinə gedərək üzərinə baxış keçirmək lazım olduğunu bildirmişlər. Vəziyyətin nə yerdə olduğunu başa düşərək etiraz etməmiş və polislərlə birlikdə Polis Bölməsinə getmiş, orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə «heroin» olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin «kakos» adlanan narkotik vasitə «heroin» olmasını təsdiq etmiş, üzərindən aşkar olunmuş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, son vaxtlar xidmət apardıqları inzibati ərazidə əmlak oğurluqlarının sayının kəskin surətdə artması ilə əlaqədar iş yoldaşları Ceyhun Əliyev və Şahid2 ilə birlikdə 15 avqist 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar, saat 17 radələrində qəsəbəki S.Cabbarov küçəsində yerləşən “Al market” dükanının qarşısında diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla deyirmiş. Sorğu-sual zamanı onun danışdıqca sanki üzərində olan nə isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 13-cü PB-nin ünvan 4 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan təhqiqatçı Azər Əhmədov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakları ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Ramil Həsənov üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan şəffaf sellofandan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə «heroin»-in olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlanılmazdan bir qədər əvvəl İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı naməlum şəxsin bank hesabına «Milliön» elektron ödəmə terminalı vasitəsi ilə 15 manat məbləğində pul köçürərək həmin şəxsin ona şəklini və koordinatlarını göndərdiyi məkandan, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən «Yaşıl Market» adlanan dükanın yanındakı zibil qutularının yanından yerdən götürərək üzərində daşıdığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Şahid Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2022-ci il tarixdə, saat 18:00-da başlayaraq saat 18:30-da bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan qəhvəyi rəngli maddəni təqdim etmiş, həmin maddənin narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlanılmazdan bir qədər əvvəl İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı naməlum şəxsin bank hesabına «Milliön» elektron ödəmə terminalı vasitəsi ilə 15 manat məbləğində pul köçürərək həmin şəxsin ona şəklini və koordinatlarını göndərdiyi məkandan, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən «Yaşıl Market» adlanan dükanın yanındakı zibil qutularının yanından yerdən götürərək üzərində daşıdığını bildirmişdir. Aşkar olunmuş sellofan büküm bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli, 6/4354 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,691 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir (i.v.30-34). “Maddi sübut kimi tanıma haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,691 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin cinayət işi üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.62). “Maddi sübut kimi tanıma haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunaraq götürülməsini əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.65). “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş bir ədəd “Samsung Galaxy A52” markalı mobil telefon cihazının yaddaşında olan bütün video və foto fayllara, Whatsapp və SMS yazışmalarına baxış keçirilmiş, baxış zamanı telefonda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat müəyyən edilməmişdir (i.v.66). Məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 7072 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.100-101). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmişdir (i.v.15). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.69-70). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.72-73). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 17 may 2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.92-93). Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(012)-370/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 27 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.93a-93g). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 21-1/3-16034/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-370/2022 syalı, 02 sentyabr 2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair məhkəmə hökmü və onun icrası barədə göstəriş 12 oktyabr 2022-ci il tarixdə icraata daxil olmuş, məhkum Probasiya İdarəsində qeydiyyatdan keçmədiyindən ona təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(008)- 215/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 3-16-17/40/2-3253/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Bakı Şəhəri Surxanı Rayon Polis İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan görünür ki, AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olduğunu (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi üzrə istintaq getdiyi dövrdə yenidən AR CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə törədilmiş AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(012)- 370/2022 saylı hökmündən əvvəl, yəni 15 avqust 2022-cil il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), barəsində AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş başqa cinayət işi üzrə istintaqın getdiyi dövrdə yenidən AR CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və bu halın onun şəxsiyyətini mənfi xarakterizə edən hal olması, göstərilənlər diqqətə alındıqda onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(012)-370/2022 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, onun hazırki və əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 1(012)-370/2022 saylı hökmü ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazrıki iş üzrə istintaq müddəti zamanı 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, əvvəlki cinayət işi üzrə 27 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, cəmi 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 04 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,641 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 280 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar