Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-216/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yardımlı rayonunun Ləzran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu, Ləzran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il saat 03:30 radələrində ünvan 1 ünvanında, Sabunçu bazarı yaxınlığında yerləşən “Mor-Mor” kafesinə gələrək içəridə kafenin işçisi Zərərçəkmiş şəxs ilə mübahisəyə başlamış və mübahisə zamanı içtimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq normalarını kobud surətdə pozaraq, cəmiyyətin üzvünə qarşı açıqca hörmətsizlik göstərərək onu nəlayiq söyüşlərlə təhqir etmiş və qəsdən yumruğu ilə boyun nahiyyəsinə zərbə endirmiş, kafedə olan bokal və kül qabını silah qismində istifadə edərək ona atmış, sonra isə cibindən bıçaq çıxararaq üzərinə hücum çəkmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxa qurtarmaq üçün kafedən çıxaraq qaçanda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs təqib edib kafedən təxminən 200 metr məsafədə, Ə.Məmmədəliyev küçəsi 9 ünvanın qarşısında ona çatanda özündə olan silah qismində istifadə etdiyi bıçaqla onun sol qol nahiyyəsindən vuraraq ona sol bazu oynağı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli olaraq xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusu olaraq tanımış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. İlqargilin işlədiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu bazarının yaxınlığında yerləşən “Mor-Mor” kafesinə gedibgəlmiş, bəzən İlqarın atası Qəzənfər Abbasova kafenin işlərində köməklik etmişdir. Hadisə günü kafedə olarkən Qəzənfər Abbasov ona kafe üçün kartof-soğan almasını tapşırmış, o, kafeyə kartof və soğan alıb gətirmişdir. Daha sonra, Q.Abbasov ona qab şampunu almasını bildirmiş, o, bundan imtina etmişdir. xx xxxxxx 2019-cu il təxminən saat 04:30 radələrində yaşadığı evdə olan zaman tanımadığı nömrədən istifadə etdiyi mobil telefonuna zəng gəlmiş, ona zəng vuran nömrəni tanımadığı üçün əvvəlcə telefonu açmamış, lakin həmin nömrədən təkrarən bir-neçə dəfə zəng gəldiyi üçün sonradan telefonu açmışdır. Zəng vuran şəxs özünü ona Zaur kimi təqdim edərək harada olduğunu soruşmuş, o, həmin şəxsə evdə olduğunu bildirmişdir. Daha sonra, Zaur adlı şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu bazarının yaxınlığında yerləşən “Mor-Mor” kafesində işləyən İlqarın xalası oğlu olduğunu deyərək onu həmin kafeyə dəvət etmişdir. O, gec olduğu üçün Zaur adlı şəxsdən nəyə görə onu çağırmasının səbəbini soruşmuş, Zaur ona bildirmişdir ki, “sən kafedə işləyən şəxslərə hörmətsizlik etmisən, gəl məsələni aydınlaşdıraq görək nəyə görə hörmətsizilik etmisən”. O, gec olduğu üçün Zaura səhər gəlib söhbət edəcəyini bildirsə də, Zaur ondan əl çəkməyərək kafeyə təcili gəlməli olduğunu demişdir. Bundan sonra, o, yaşadığı evdən çıxaraq “Mor-Mor” kafesinə getmiş, orada kafedə işləyən İlqarı və bir nəfər tanımadığı şəxsin masada əyləşdiyini görmüş və onlara yaxınlaşmışdır. Həmin vaxt tanımadığı şəxs özünü ona Zaur kimi təqdim edərək masada əyləşməsini bildirmişdir. O, masada əyləşmiş və Zaurdan nəyə görə onu çağırmasının səbəbini soruşmuşdur. Bundan sonra, Zaur ona bildirmişdir ki, “sən kimsən ki, bu kafedə hörmətsizlik edirsən”. O, Zaurdan kimə hörmərtszilik etməsini soruşduqda, Zaur ona cavab verərək bildirmişdir ki, “sən nəyə görə lotuluq edib, kafedən qız işçini aparırsan”. Həmin vaxt İlqarda orada olmuş, o, İlqaradan kafedə kimə hörmətsizlik etdiyini soruşmuş, İlqar ona demişdir ki, “atam səni dükana göndərdiyi zaman, sən atama hörməsizlik edib bir dəfə getdin, ikinci dəfə getmədin”. O, İlqara bildirmişdir ki, “mən getmədimsə oğlu sənsən, sən gedərdin”. Bundan sonra, İlqar ona demişdir ki, “sən kafedəki qızı nəyə görə işləməyə qoymadın, anandır, yoxsa bacındır”. Həmin vaxt onların arasında sözlü mübahisə başlamış, mübahisə zamanı o, İlqarın köynəyinin yaxasından tutaraq ona ağıllı olmasını bildirmiş, həmin vaxt Zaur ona yaxınlaşaraq qollarından tutaraq İlqardan onu ayırmışdır. İlqar kafedən çıxaraq qaçmış və kafenin qarşı hissəsində dayanıb onu təhqir etməyə başlamışdır. Həmin vaxt o, kafedən çıxaraq İlqara arxasınca getmiş, kafedən bir qədər aralıda yenidən aralarında mübahisə yaranmış, İlqar onun üstünə gəldiyi üçün İlqarı qorxutmaq məqsədi ilə əlindəki alışqanın arxa hissəsi ilə onun sol qol nahiyyəsinə xəsarət yetirmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Özünü xuliqanlıqda yox, Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməkdə təqsirli bilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. ünvan 1 ünvanında, Sabunçu bazarı yaxınlığında yerləşən “Mor-Mor” kafesində işləyir, həmin kafeni atası X1 adlı şəxsdən icarəyə götürüb işlədir. Təqsirləndirilən şəxs mütəmadi olaraq onların işlətdiyi “Mor-Mor” kafesinə gələrək orada ofisiant işləyən qızı özü ilə apararaq kafenin iş rejimini pozmuşdur. O, bu barədə öz aralarında söhbət zamanı qardaşı Xəyala məlumat vermişdir. xx xxxxxx 2019-cu il təxminən saat 03:00 radələrində kafedə olduğu zaman tanıdığı Zaur adlı şəxs kafeyə gələrək bir bokal pivə içib getmişdir. O, da kafeni bağlayıb yaşadığı evə getmək istəyən zaman Zaur adlı şəxsin yenidən kafeyə qayıtdığını görmüşdür. O, Zaura “sən bir az əvəl getmişdin, nəyə görə qayıtdın” demiş, Zaur ona Sabunçu qəsəbəsində yaşayan Pərvizi onu incitdiyinə görə kafeyə çağırdığını bildirmişdir. Həmin vaxt o, Zaura ondan belə bir şey xahiş etmədiyini bildirmiş və Pərvizi çağırmasını ona irad tutmuşdur. Bir müddət sonra Pərviz içəri daxil olmuş və masada əyləşmişdir. Pərviz onu çağıraraq ona yanında oturmasını bildirmiş, o, Pərvizə onu kafeyə Zaurun çağırdığını bildirərək Zaurla öz aralarında məsələlərini həll etmələrini demişdir. Həmin vaxt Pərviz ona barəsində Zaura şikayət etdiyi üçün Zaurun onu kafeyə çağırdığını deyərək, ona nə hörmətsizlik etdiyini soruşmuşdur. O, Pərvizə onun barəsində heç kimə şikayət etmədiyini bildirsə də, Pərviz ona inanmamış, onunla yüksək səslə danışmağa başlamışdır. O da, aralarında mübahisə yaranmaması üçün kafenin mətbəxinə tərəf getmişdir. Bir qədər sonra o, yenidən Pərviz və Zaura tərəf yaxınlaşıb kafeni bağlayıb evə getmək istədiyini bildirmiş, xahiş etmişdir ki, kafedən çıxsınlar. Lakin, Pərviz yenə ona demişdir ki, “sənə nə hörmətsizlik etmişəm”. O, Pərvizə mütəmadi olaraq iş vaxtı kafeyə gələrək ofisiant qızı aparmaqla kafenin iş rejimi pozduğunu bildirmiş və ondan belə hallara yol verməməsini xahiş etmişdir. Həmin vaxt Pərviz onunla mübahisə etməyə başlamış, mübahisə zamanı onu təhqir etmiş və üstünə hücum çəkərək yumruğu ilə boyun nahiyyəsinə zərbə endirmişdir. Bu vaxt Zaur onlara yaxınlaşaraq Pərvizi ondan ayırmışdır. Pərviz heç nəyə məhəl verməyərək stolun üzərində olan üç ədəd pivə bokalını və kül qabını onun üzərinə ataraq ünvanına nəlayiq sözlər işlətmişdir. O, əlinə stul götürmüşdür ki, Pərvizin atdığı bokal və kül qabı ona dəyməsin. Bundan sonra, Pərviz cibindən qara dəstəyi olan bıçaq çıxararaq onun üzərinə hücum çəkmiş, o, da bıçağı görüb həyacanlanmış və kafedən çıxaraq qaçmağa başlamışdır. Qaçarkən qorxduğu üçün baş verənlər barədə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Kafedən təxminən 200 metr aralı məsafədə Ə.Məmmədəliyev küçəsi 9 ünvanın qarşısında Pərviz onun arxası ilə gəlib ona çatmış və o, Pərvizdə bıçaq olmasını görüb dizi üstə çöküb yalvarmışdır ki, onu vurmasın. Lakin, Pərviz əlində qara dəstəyi olan bıçaqla onun sol qol nahiyyəsinə zərbə vurmuşdur. Bütün bu hadisələr yüksək səs-küylə müşahidə olunmuşdur. Pərviz onu vurduqdan sonra hadisə yerinə Zaur gəlmiş, ondan nə baş verməsini soruşmuş, o isə «mənə olan oldu» demişdir. Bundan sonra, Pərviz ona onunla getməsini bildirmiş, o, Pərviz ona köməklik etmək istədiyini düşünsə də, lakin Pərviz ona heç-bir köməklik göstərməmişdir. Daha sonra, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerinə polis əməkdaşlarının gəldiyini görən Pərviz qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il təxminən saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu bazarı yaxınlığında yerləşən “Mor-Mor” kafesinə gəlmiş və bir bokal pivə sifariş vermiş, kafedə pivə içən zaman kafedə işləyən İlqarın, qardaşı Xəyalla rastlaşmışdır. Aralarında söhbət zamanı bildirmişdir ki, onun da, tanıdığı Pərviz adlı şəxs mütamadi olaraq iş vaxtı kafedə işləyən qızı aparmaqla kafenin iş rejimini pozur. O, Xəyalı tanıdığı və Pərvizlə tanışlığı olduğu üçün demişdir ki, “narahat olma, mən Pərvizlə danışaram, kafenin iş rejimini pozmaz”. Bundan sonra, o, tanışı Pərvizin istifadə etdiyi mobil telefona zəng vurmuş, lakin, Pərvizin telefonu bağlı olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. Bir müddət sonra mobil telefonuna tanışı Pərvizin nömrəsinin aktiv olması barədə mesaj gəlmiş, o, yenidən Pərvizin mobil nömrəsinə zəng vurmuş, Pərviz onun zənginə cavab verən zaman ona “Mor-Mor” kafesində olduğunu və ora gəlməsini bildirmişdir. Bir qədər sonra Pərviz kafeyə gəlmiş və onun oturduğu masaya əyləşmişdir. İlqar onlara çay gətirmək üçün mətbəxə keçmiş, o isə Pərvizlə söhbət etmişdir. Söhbət əsnasında Pərvizdən İlqargilə kafeni işlətməkdə maneəçilik törətməməsini xahiş etmişdir. Pərvizlə söhbət edən zaman İlqar mətbəxtdən çıxaraq onların yanına gəlmiş, Pərviz İlqara onların oturduqları masada əyləşməsini demiş və bildirmişdir ki, “mən sənə nə hörmətsizlik etmişəm ki, Zaur məni bura çağırıb”. Lakin, İlqar onların oturduqları masada əyləşməmiş və Pərvizə demişdir ki, “mən Zaura deməmişəm ki, səni bura çağırsın”. Bundan sonra, Pərviz yumruğunu stola vuraraq İlqara onların oturduqları masada əyləşməsini bildirmiş, İlqar onların oturduqları masada əyləşmiş və Pərvizə bildirmişdir ki, kafedə işləyən ofisiant qızı aparmaqla onların işlərinə maneəçilik törədir. İlqarın sözlərindən Pərviz əsəbləşmiş və onlar arasında mübahisə yaranmışdır. Həmin vaxt o, onların arasına girib biribirilərindən ayırmışdır. Bundan sonra, İlqar kafedən çıxaraq qaçmağa başlamış, Pərvizdə İlqarın arxasınca getmişdir. O da, kafedən çölə çıxmış, lakin İlqargilə yaxınlaşmamışdır. Pərviz uca səslə İlqarla danışdığı üçün bildirmişdir ki, bir az yavaş danışın, gecə vaxtıdır, sakinləri narahat etməyin. Həmin vaxt İlqar demişdir ki, “mənə olan oldu”. O, İlqarın dediyi sözdən heçnə başa düşməmişdir. Bundan sonra, Pərvizlə İlqar çıxıb getmişlər, o da yaşadığı evə getmişdir. Növbəti gün onu PB-nə aparmışlar, orada Pərvizin İlqarı bıçaqla vuraraq xəsarət yetirdiyini bilmişdir. Hadisə vaxtı ətrafda onlardan başqa heç kim olmamış və o, Pərvizin əlində bıçaq görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Cinayət işinin 32-33-cü vərəqəsində olan Azərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 18 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu oynağı nahiyyəsinin deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın təsirindən törənmişdir, şəxsin qeyd etdiyi və qərarda göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 42-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 104-107-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 41/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanılmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 20-21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs sol qol nahiyyəsinə bıçaqla deyil, özündə olan alışqanın arxa hissəsi ilə xəsarət yetirdiyini” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri, protokolları ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması, zərərçəkmiş şəxs, şahid ifadələri və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsinin tərkibi vardır və əməli düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını istisna edən hallar, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud deyil. Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirlidir və bu səbəbdən qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, müsbət xarakterizə olduğunu cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzanın sonu ilə azad edilmiş və hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-216/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-216/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver