Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-216/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a kirayə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 00:01 radələrində ünvan 3 ünvanında olan zaman göstərdiyi taksi xidmət haqqı kimi hesabına köçürmə yolu ilə ödəniş etmiş Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartının 4098- 5844-6059- 5133 saylı nömrəsini, kartın bitmə tarixini və cvv kodunu mobil telefonunda olan “m 10” mobil tətbiqində özünə məxsus olan +**********65 nömrəli m10 hesabının yaddaşında qalmasından istifadə edərək xx.xx.2024-cü il tarixdə saat 00:06- da 355, manat saat 00:07-də 80 manat pul vəsaitini gizli olaraq qeyd edilən hesabına köçürməklə vahid niyyətlə əhatə edilən qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs 435 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 aya yaxındır ki, taksiçilik fəaliyyəti ilə məşğul olmuşdur. Sentyabr ayının 21-i 2024-cü il tarixdə özünün istifadəsində olan **-YB- *** nömrəli dövlət qeydiyyat nişanı olan avtomobillə “Bolt” tətbiqi vasitəsilə müştəri qəbul etmişdir. Həmin günü saat 23:30 radələrində Xətai rayonu, Viktoriya restoranına yaxın ərazidən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə sifariş qəbul etmişdir. Avtomobilə orta yaşlı qadın əyləşmişdir. Həmin şəxsi o, mənzil başına çatdırmışdır. Təxminən saat 00:00 radələri olardı. Sifarişin qiyməti təxminən 5 manat etmişdir. Qadın ona üzərində nəğd pulunun olmadığını kart vasitəsilə ödəniş edəcəyini demişdir. Xanıma özünə məxsus olan “m10” hesabına pul göndərə biləcəyini demişdir. Xanım razılaşmışdır. Xanımdan kartının məlumatlarını istəmişdir. Xanım ona kartının üzərində olan 16 rəqəmi şifahi demişdir. Xanımın dediyi 16 rəqəmi “m 10" tətbiqində köçürülmələr bölməsində qeyd etmişdir. Xanımdan kartın bitiş tarixi və cvv kodunu istəyəndə o telefonda özü yazacağım demişdir. İstifadəsində olduğu mobil telefonu xanıma vermişdir. Xanım kart məlumatlarını “m10” tətbiqində yazdıqdan sonra xanımın mobil telefonuna təsdiq mesajı gəlmişdir. Xanım telefonunda mesajı təsdiq etmişdir. Lakin onun kartından pul çıxılmamışdır. Xanım maşından düşərək həyətdə olan mühafizəçiyə yaxınlaşmışdır. Həmin vaxt “m10” hesabında təsdiq kodunun göndərilməsi ilə bağlı mesaj gəlmişdir. O, maşından düşərək xanıma təsdiq mesajının gəldiyini bildirmişdir. Xanım mesajı təsdiq etmişdir. “M10” hesabına 5 manat yüklənmişdir. Xanım blokun giriş qapısından binaya daxil olmuşdur. Xanımın kart məlumatları özünə məxsus olan +**********65 nömrəli “m 10" hesabında qalmışdır. O. dərhal həmin kart məlumatlarını Mosbet mərc oyunu platformasında qeydiyyatdan keçirərək öz hesabında pul köçürülmər bölməsinə daxil olaraq xanımın kartından pul çıxarmaq qərarına gəlmişdir. Birinci olaraq 355 rəqəmini yazaraq balansı artırmışdır. Tətbiqdəki hesabına pul yükləndiyini görmüşdür. Yenə də ardınca 80 rəqəmini yazmışdır. Baxanda hesabının balansının artdığını görmüşdür. Ümumi olaraq xanımın kartından 435 manat pulu oğurlayaraq öz hesabına köçürmüşdür. Həmin pul vəsaitlərini mərc oyununun tətbiqində xərcləmişdir. Zərərçəkmiş şəxs məxsus 4098-5844-6059-5133 nömrəli kartdan öz hesabına pul köçürərkən xanımı düşürdüyü binanın qarşısı yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 34G nömrəli binanın qarşısında olmuşdur. Hazırda əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:40 radələrində “Bolt” tətbiqi vasitəsilə yaşadığı mənzilə Sabunçu rayonu, ünvan 4 ünvanına sifariş vermişdir. Sifariş üçün avtomobil olduğu yerə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində yaşadığı ünvana çatmışdır. “Bolt” tətbiqində sifarişin təxminən 5 manat olduğunu görmüşdür. Taksi sürücüsünə üzərində nəğd pulun olmadığını və ödənişin kartdan karta ödəyə biləcəyini demişdir. Qarşı tərəf isə “m10” hesabının olduğunu və pulu ora göndərə biləcəyini demişdir. Həmin vaxt o, özündən kartın üzərində olan 16 rəqəmi istəmişdir.O, kartın 4098-5844-6059-5133 nömrəli “Leo bank” kartının 16 rəqəmini dedikdən sonra qarşı tərəf kartın bitiş tarixi və cvv kodu istəmişdir. Ona məlumat olaraq verməmişdir. Onun mobil telefonunda “m10” mobil tətbiqində kartın cvv kodu və bitiş tarixini qeyd etmişdir. Özünün mobil telefonuna təsdiq kodu gəlmişdi və o, kodu öz telefonunda təsdiq etmişdir. Lakin kartdan pul çıxmamışdır. Daha sonra binanın mühafizəçisinə yaxınlaşaraq ondan nəğd 5 manat pul istəmişdir. Mühafizəçi pulu verən zaman taksi sürücüsü dərhal maşından düşərək ona tərəf gəlmişdir. O, yenidən təsdiq kodunu gəldiyini və təsdiqləməyi təkid etmişdir. Kodu telefonda təsdiqləmişdir. “Leobank" tətbiqindən 5 manat çıxıldığını görmüşdür. O, blokun giriş qapısından binaya daxil olaraq lift vasitəsilə mənzilinə qalxmışdır. Təxminin 10 dəqiqə sonra evdə olan zaman telefonun bank tətbiqində görmüşdür ki, 355 manat xidmət haqqı 7 manat 10 qəpik və 80 manat xidmət haqqı 1 manat 60 qəpik olmaqla ümumi olaraq 443 manat 70 qəpik pul vəsaiti onun hesabından çıxılmışdır. Dərhal "xxxx"ın qaynar xəttinə zəng edərək kartı bağlatmışdır. Taksi sürücüsünün mobil nömrəsinə zəng edərək çıxardığı pul vəsaitini geri verməsini istəmişdir. Taksi sürücüsü səhv nömrəyə yığdığını demişdir. Ardınca DİN-nin 102 çağrı-zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ümumilikdə 443 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank çıxarışından görünür ki, 4098-5844-6059-5133 nömrəli plastik kart hesabından xx.xx.2024-cü il saat 00:05:46-da 355 manat xidmət haqqı 7 manat 10 qəpik olmaqla, saat 00:07:01-də 80 manat, xidmət haqqı 1 manat 60 qəpik olmaqla pul vəsaiti “M10 TOP UP” adlı ödəniş hesabına köçürülmüşdür.(i.v. 11-15) 22.09.2024- "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, NQPPO- LEG/1802/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il saat 00:06-da 355 manat və 00:07-də 80 manat pul vəsaiti ümumilikdə 435 manat 409858******5133 nömrəli “Unibank” bank kart hesabından +**********65 nömrəli “m10” hesabına sorğu edilən vəsaitin köçürülməsi müəyyənləşdirilmişdir. +**********65 nömrəli “m10” hesabın 24 fevral 2024-ci il tarixdə xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçirilməsi aşkar edilmişdir. (i.v. 29-35) İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai RPİ-də Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmuş, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibinə xitam verilmişdir. Məhkumluğu yoxdur.(i.v. 100-101) Axtarışda olan şəxsin tutulması haqqında 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 radələrində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil üçün 13-cü PŞ-nin əməkdaşlarına verilmişdir. (i.v. 57); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatət təmin edilməyərək dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v.94-96); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v. 97); Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı övladı vardır; Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddia və tələbi yoxdur; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Zərərçəkmiş şəxs və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1 -ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1 -ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3- cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2a çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsməhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 yaşadığı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 26, mənzil 23 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət X1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-216/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-216/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver