Məhkəmə qərarları › İş №1(008)-217/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-217/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-217/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx xxxxxx 2020-ci il saat 16 radələrində özgənin əmlakını talama məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Ticarət Mərkəzi” istiqamətində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan 55 saylı xətt marşrutu ilə hərəkət edən avtobusa sərnişin qismində minmiş və avtobus Sabunçu rayon ərazisində hərəkətdə olarkən digər sərnişin Zərərçəkmiş şəxs1 əlindəki çantadan içərisində 450 manat və 2 manat qiymətində ictimai nəqliyyatda getməkdən ötrü gediş haqqını ödəmək üçün istifadə edilən “Bakı kartı” olan 15 manat dəyərində pul kisəsini çıxararaq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 467 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. İttiham aktına əsasən o, təkrarən, xx xxxxxx 2020-ci il saat 18 radələrində özgənin əmlakını talama məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər metrosunun yaxınlığında olan dayanacaqdan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kaspi” litseyi istiqamətində gedən 81 saylı marşrut ilə hərəkət edən avtobusa sərnişin qismində minmiş və avtobus Sabunçu rayon ərazisində hərəkətdə olarkən digər sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarının sol yan cibindən 220 manatı çıxararaq gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər cibgirlik törətməyə görə və narkotik vasitə istifadə edərək üzərində daşımağına görə cinayət məsuliyyətinə cəlb edilmiş, həmçinin sonuncu dəfə Nizami rayon ərazisində xırda talama əməllərinə görə inzibati məsuliyyətə cəlb edilərək inzibati həbsdən xx.xx.2020-ci il tarixində azadlığa buraxılmışdır. O, heç yerdə işləmədiyindən və maddi vəziyyəti pis olduğu üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün o, xx.xx.2020-ci il saat 16 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında 55 saylı xətt avtobusuna minmişdir. Həmin vaxt avtobusda sərnişin az olmuş və çiynində əl çantası olan bir nəfər qadının avtobusda ayaq üstə dayanaraq telefon ilə danışdığını görmüş, qadına yaxınlaşaraq əl çantasından tünd göy rəngli, üzərində qaşlar olan pul kisəsini götürmüşdür. Həmin qadın və avtobusada olan digər sərnişlər onun pul kisəsini oğurlamağını görməmişdir. Daha sonra, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dayanacaqda avtobusdan düşüb həmin yerdən uzaqlaşmışdır. Həmin ərazidən uzaqlaşdıqdan sonra pul kisəsini açmış və pul kisəsinin içərisindən 450 (dörd yüz əlli) manat pul, iki ədəd şəxsiyyət vəsiqəsi və kartlar görmüşdür. Pul kisəsinin içərisindən 450 (dörd yüz əlli) manat pulu götürmüş, kartı və iki ədəd şəxsiyyət vəsiqəsini pul kisəsi ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində xatırlamadığı yerdə tullamış, pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən səmimi peşmandır. Eyni zamanda, Təqsirləndirilən şəxs bildirmişdir ki, ona ittiham elan edilmiş digər epizod üzrə yəni, xx xxxxxx 2020-ci il tarixdə 81 saylı marşurut ilə hərəkət edən avtobusa sərnişin qismində minmiş Zərərçəkmiş şəxs2 məxsus 220 manat pulun gizli olaraq talanmasında özünü təqsirili bilmir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə 62 saylı marşrut ilə hərəkət edən avtobusun sərnişini Bəynisə Əliyevaya məxsus 4 manat pulu oğurladığı üçün Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə inzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 01 (bir) ay müddətinə barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, inzibati qaydada həbs olunanların müvəqqti saxlama yerində saxlanılmış və xx xxxxxx 2020-ci ildə oğurluq edə bilməzdi. Qeyd olunan epizod üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il saat təxminən 18 radələrində Neftçilər metrosunun yaxınlığından 81 saylı marşurt avtobusuna minib Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Kaspi litseyinin qarşısına gəlmişdir. Avtobusdan düşdükdən sonra şalvarının sol yan cibindən olan 200 manat pulunun cibində olmadığını aşkar etmişdir. Bundan sonra, bütün ciblərini axtarsa da, pulunu tapa bilməmiş və baş verənlər ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin zaman avtobusda çox saylı adamlar olmuşdur. O, avtobusdan düşməmişdən əvvəl arxa tərəfində bir nəfər orta yaşlı şəxsin dayandığını görmüş, lakin həmin şəxsi tanımamış və təqsirləndirilən şəxsə oxşatmır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il saat 16:30 radələrində Qaraçuxur qəsəbəsində 103 saylı marşrut avtobusundan düşmüş və pul kisəsindən gediş haqqını çıxararaq sürücüyə verdikdən sonra yenidən avtobus gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getmək üçün 55 saylı, **-LF-*** dövlət qeydiyyat nişanlı marşrut avtobusuna minmişdir. Avtobusda əyləşməyə yer olmadığı üçün orta qapının qarşısında ayaq üstə dayanmış və çantası çiynində olmuşdur. Yol boyu bir-neçə dəqiqə mobil telefonla danışmış, avtobusda sərnişin sıxlığı olmamışdır. Bir-neçə dəqiqə sonra oturacaqların birində əyləşmişdir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Bakıxanov” ticarət mərkəzinin qarşısında olarkən avtobusdan düşmək istəmiş, gediş haqqını ödəmək üçün pul kisəsini axtardıqda çantasında tapa bilməmişdir. Avtobusun salonuna baxsa da, yenə də tapa bilməmişdir. Pul kisəsi 15 manat dəyərində tünd göy rəngli olmuş, üzərində qaşlar olmuşdur. Pul kisəsinin içərisində 450 manat pul, özünə və qızı X3 aid şəxsiyyət vəsiqəsi, 2 manat dəyərində “Bakıkart” nəqliyyat kartı olmuşdur. O, ayaq üstə dayanan zaman arxasında bir nəfər orta yaşlı şəxs olmuşdur. Ona ümumilikdə 467 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 72-73-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şəxsin tanınma üçün fotoşəkillə təqdim edilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X1 tanınma üçün 4 ədəd kişi cinsindən olan şəxsin fotoşəkili təqdim edilmiş, fotoşəkillər fotocədvələ ardıcıl olaraq yapışdırılaraq ardıcıl olaraq 1-2-3-4 nömrələri ilə nömrələnmişdir. X2 tanınmaya təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirmiş, onun pul kisəsini 2-ci fotoşəkildə olan şəxsin oğurladığını bildirmişdir. Fotocədvəldə olan şəkillərdən görünür ki, 2-ci şəkil Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 74-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə ittiham elan edilmiş və o, təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin 94-96-cı vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 137/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X4 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2, 66.1 və 66.3-cü maddələri təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 66.1 və 66.3-cü maddələri xaric edilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 254/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi irəli sürülmüş ittiham üzrə cinayət hadisəsinin onun tərəfindən törədilməsi sübuta yetmir. İstintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirərək ittiham etməkdə düzgün nəticəyə gəlməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edirlir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); Həmin Məcəllənin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 346.1.1-346.1.4-cü maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilmədiyi; cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib yetirilmədiyi. Məhkəmə hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar «Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il saat 18 radələrində özgənin əmlakını talama məqsədi ilə 81 saylı marşrut ilə hərəkət edən avtobusa sərnişin Zərərçəkmiş şəxs2 əynində olan şalvarının sol yan cibindən 220 manatı çıxararaq gizli olaraq talayıb zərərçəkmişə maddi ziyan vurmaqla oğurluq etməsi» təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış məhkəmə istintaqı zamanı əldə edilmiş yeni və mötəbər sübutlar da həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Belə ki, xx xxxxxx 2020-ci il saat 18 radələrində Zərərçəkmiş şəxs2 əynində olan şalvarının sol yan cibindən 220 manat pulun oğurlanması baş verən zaman Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin qərarı əsasında inzibati qaydada saxlanılma məntəqəsində saxlanılan zaman baş vermiş və onun tərəfindən törədilə bilməzdi. Bu epizod məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla sübuta yetmədiyindən onun barəsində həmin epizod üzrə bəraət hökmü çıxarılmalıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs bəraət verilmiş hissədə cinayət törətmiş şəxs müəyyən edilmədiyindən həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin həmin hissəyə dair materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Təqsirləndirilən şəxs izah edilməlidir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib və iş materiallarını hərtərəfli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə elan olunmuş ittihamdan Təqsirləndirilən şəxs sonrakı talama faktına aidiyyəti olmaması səbəbi ilə təkrarlıq ilə bağlı epizod, yəni xx xxxxxx 2020-ci il saat 18 radələrində özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs2 əynində olan şalvarının sol yan cibindən 220 manatı çıxararaq gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etməsi hissəsinə bəraət verilməklə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 16 radələrində özgənin əmlakını talama məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Ticarət Mərkəzi” istiqamətində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan 55 saylı xətt marşrutu ilə hərəkət edən avtobusa sərnişin qismində minmiş və avtobus Sabunçu rayon ərazisində hərəkətdə olarkən digər sərnişin Zərərçəkmiş şəxs1 əlindəki çantadan içərisində 450 manat və 2 manat qiymətində ictimai nəqliyyatda getməkdən ötrü gediş haqqını ödəmək üçün istifadə edilən “Bakı kartı” olan 15 manat dəyərində pul kisəsini çıxardaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 467 manat dəyərində ziyan vuraraq oğurluq etməsi faktı məhkəmə iclasında araşdırılmış sübutların müqayisəli məcmusu, özünün, zərərçəkmiş şəxsin ifadəsi, tanınma protokolu və digər subatlarla sübuta yetirildiyindən onun əməli Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən, cinayətlərin resedivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2, 66.1 və 66.3-cü maddələri təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkəmənin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 66.1 və 66.3-cü maddələri xaric edilərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş və hazırki əməli törədən vaxt qanunvericiliklə müəyyən edilmiş müddət ötməmişdir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi recimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 117.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.3, 61, 62, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə «xx xxxxxx 2020-ci il saat 18 radələrində özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs2 əynində olan şalvarının sol yan cibindən 220 manat pulu çıxararaq gizli olaraq talayıb zərərçəkmişə maddi ziyan vurmaqla oğurluq etməsi» hissəsinə onun Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən həmin epizod üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs bəraət verilmiş epizod üzrə cinayət törətmiş şəxs müəyyən edilmədiyindən, həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin həmin hissəyə dair materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs izah edilsin ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar