Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-217/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, «Ekol» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Ağdam rayonu, Xındırıstan kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərli qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xındırıstan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsi, ev 58 B-də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Toyota Prius (HİBRİD)» markalı, «az ** XE ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi ilə Kürdəxanı qəsəbəsi istiqamətində yolun sağ tərəfdən 2-ci hərəkət zolağında 65 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, eləcə də, yaşayış məntəqələri daxilində saatda 60 km-dən çox olmayan sürətlə hərəkət etdirməməli olduğu halda bunlara əməl etməyərək, hərəkətini sağa istiqamətlənməklə davam etdirib həmin şossedə sol tərəfdə olan dairədən sağ tərəfə keçən piyada X2 tərəfdən 1-ci hərəkət zolağında avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan ona baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən açıq xətti sınığı, İ-İİ boyun fəqərələrinin qapalı sınıqları, sağ bazu sümüyünün qapalı sınıqları, sağ ağciyərin və sağ böyrəyin əzilməsi, başın, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yarası, qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər yetirmiş və zərərçəkmiş şəxs X4 təpə-ənsə sümüyünün kəllə əsasına keçən açıq, xətti və İ-İİ boyun fəqərələrinin qapalı sınıqları ilə əlaqədar baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində idarə etdiyi «Toyota Prius (HİBRİD) minik» markalı, «az ** XE ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin şossedə dairəyə çatmamış, işıqforda qırmızı işıqda gözləmiş, işıqforun yaşıl işığında hərəkətə başlamış və şossedə dairəyə çatmışdır. Yolun orta hərəkət zolağı ilə hərəkətdə olmuş, dairəyə çatdıqda dairə tərəfdən, yəni yolun sol tərəfindən bir nəfər şəxs ondan sol zolaqda eyni istiqamətdə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanını görmədiyi bir minik avtomobilinin qarşısından qaçaraq yola və sonra da onun hərəkətdə olduğu zolağa daxil olmuşdur. O, dərhal avtomobili sağa istiqamətləndiriş, yolun sağ tərəfdən birinci hərəkət zolağına çıxmış və piyada da həmin zolağa daxil olmuşdur. Hadisənin qarşısını ala bilməmiş və piyadanı avtomobilinin qabaq sol tərəfi ilə vurmuşdur. Hadisədən dərhal sonra avtomobildən düşmüş və vurduğu piyadanı hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə yerdən qaldırıb avtomobilinə əyləşdirməklə oradan birbaşa Sabunçu tibb mərkəzinə gətirmişdir. Törətdiyi əməli ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X.S.Namazov onun doğma atasıdır. Təxminən on ildir ki, atası X.S.Namazov Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində, dəqiq ünvanını bilmədiyi evdə kirayədə yaşayırdı. 18 iyul 2022-ci il tarixdə, saat 22:00 radələrində o, yaşadığı evdə olan zaman mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş və danışan şəxs bildirmişdir ki, həmin gün saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı atası X.S.Namazov xəsarət almış və aldığı xəsarətlərdən ölmüşdür. Maraqlandıqda ona məlum olmuşdur ki, həqiqətən 18 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində atası X.S.Namazov Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində yolun bir tərəfindən digər tərəfinə keçən zaman sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, «az ** XE ***» dövlət qeydiyyat nişanlı avtomobillə atasını vurmuş və atası aldığı xəsarətlərdən ölmüşdür. Həmçinin, sonradan ona baş vermiş yol nəqliyyat hadisəsini törətmiş sürücü Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra atasını idarə etdiyi avtomobillə Sabunçu xəstəxanasına aparsa da, orada həkimlər atasını müayinə etdikdən sonra onun artıq öldüyünü bildirmişlər. İş üzrə keçirilmiş, məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 174 saylı, 19 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mərhum X.S.Namazovun meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə, onurğa beyninin boyun şöbəsinə qansızma. Sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən açıq xətti sınığı. İ-İİ boyun fəqərələrinin qapalı sınıqları. Sağ bazu sümüyünün qapalı sınıqları. Sağ ağciyərin və sağ böyrəyin əzilməsi. Başın, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş yarası, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18 iyul 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb təpə-ənsə sümüyünün kəllə əsasına keçən açıq, xətti və İ-İİ boyun fəqərələrinin qapalı sınıqları ilə əlaqədar baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-14 saat əvvəllə uyğun gəlir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələrinin hallarının tədqiqi ekspertizasının 8/2648 saylı, 18 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, «Toyota Prius» markalı, «az ** XE ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən, yəni 65 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 03 sentyabr 2022-ci tarixdə doldurulmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Ələmdər oğlu əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs AE 926304 seriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələb yoxdur. İş materiallarına əlavə edilmiş AZ-İİ №285973 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 iyul 2022-ci il tarixdə baş beynin travması nəticəsində ölmüşdür. İnsan Hüquqlarının və X8 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadə və göstərdikləri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini, əvvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 17 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,79). Cinayət işinin materiallarında olan 17 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,102). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əələmdar oğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-217/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-217/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver