Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-22/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,992 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, özünü şübhəli apardığına görə 15 fevral 2023-cü il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə, 1-ci mədən ərazisində Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-na gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,992 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayında polislər gəlməmişdən 15-20 dəqiqə əvvəl artıq orada olmuşlar. yolun kənarında dayandığını bu səbəbdən polislər gəldiyi zaman yolun qırağında görmüşdür. Həmin vaxt isə Elvinin narkotik vasitəni axtardığını bildirmişdir. Polislərin gəldiyini gördükdə qaçmamış, müqavimət göstərməmiş, olduğu yerdə dayanmışdır. Amma Elvin polislərin gəldiyini gördüyü zaman dərhal maşına əyləşmiş və oradan qarşıdan çıxış olmadığı üçün maşını geri döndərərək polislərin üzərinə sürərək yanlarından keçib getmişdir. Elvin polisin üzərinə doğru hərəkət etdikdə polis bir yuxarıya doğru və maşının təkərinə atəş açmış bu səbəbdən də maşının təkəri deşilmişdir. Daha sonra onu da polis maşınına mindirərək Elvinin arxasınca getmişlər. Onlardan bir az öndə Elvin yol nəqliyyat hadisəsi törətmiş, daha sonra hər ikisini polis şöbəsinə aparmışlar. Orada artıq birbirlərini görməmişlər. Polis şöbəsində olduğu müddətdə ona fiziki və psixi təzyiqlər olmuşdur. Polislərin üzərinə maşın sürdüklərinə görə buradan çıxmaqlarının mümkün olmadığını, ona görə də nə deyilsə etmək məcburiyyətində olduğunu bildirdiklərindən önünə oyulmuş sənədləri məcburən imzalamışdır. Əslində isə həmin vaxt üzərində narkotik vasitə olmadığını qeyd edərək özünün narkotik vasitə istifadə etdiyini, lakin aludəçisi olmadığını, ən son 2023-cü ildə istifadə etdiyini bildirmişdir. Döyülməyi ilə bağlı nə müdafiəçisinə nə də hər hansı orqana və ya quruma məlumat verməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı aşağıdakı məzmunda ifadə vermişdir: Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda qeyd olunan ünvanda ailəmlə birlikdə yaşayıram. Fərdi əməklə məşğul olub ailəmi dolandırıram. İzahatımın Azərbaycan dilində, latın qrafikası ilə, kompyuter vasitəsilə alınmasına etiraz etmirəm. Üzərimdən şəxsi axtarış keçirilən zaman narkotik vasitələrin aşkar edilməsi ilə bağlı bildirirəm ki, 2 ilə yaxındı ki, narkotik vasitə istifadə edirəm. xx.xx.2023-cü il tarixdə mən Yasamal rayonu Asan Xidmətin yaxınlığında üzdən tanıdığım adını bilmədiyim şəxsdən 15 manata bir büküm narkotik vasitə olan şüşə alaraq şəxsiq istifadə üçün üzərimdə saxladım. xx.xx.2023-cü il tarixdə mən Elvinlə söhbət etdim və o narkotik vasitə olan kakosu və patının İran vətəndaşı tərəfindən göndərildiyini bildirdi onunla birlikdə götürməyi təkif etdim. Mən onunla razılaşdım və o idarə etdiyi **-PV-*** nömrəli avtomobil ilə məni götürdü biz birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisinə getdik orada Elvin narkotik vasitələri götürdü və biz maşına əyləşmək istədikdə PPX-nın əməkdaşları bizə yaxınlaşdılar. Elvin dərhal avtomobilə əyləşmiş və uzaqlaşmış mən isə hər şeyin məlum olduğunu başa düşərək PPX-nın xidməti avtomobilinə əyləşdim. Bir qədər sonra PPX-nın əməkdaşları Elvini saxlayaraq 12-ci PŞ-nə dəvət etdilər. 12-ci PŞ-də inzibati otaqların birində mənə hüquq və vəzifələrim izah olunduqdan sonra üzərimə videogörüntü ilə baxış keçirildi. Baxışdan öncə üzərimdə dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyim təklif olundu. Bu səbəbdən mən göy rəngli şalvarımın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə həmin şalvarın sol yan cibindən isə bir ədəd “Xiaomi” markalı telefonu təqdim etdim. Üzərimdən aşkar edilən narkotik vasitə qablaşdırıldı və ekspertizaya göndərildi. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edildi, mən və iştirak edən digər şəxslər həmin protokolu imzaladıq. Üzərimdən aşkar edilərək götürülmüş narkotik vasitə olan şüşəni mən xx.xx.2023-cü il tarixdə Yasamal rayonunda 15 manata alaraq istifadə üçün üzərimdə saxlamışam. İfadəmi oxudum düzdür imza edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nın polis nəfəri vəzifəsində xidmət edən polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü il tarixdə Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə 1-ci mədən ərazisində iki nəfər şəxsin özünü şüphəli apardığını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşmaq istəyəndə onlardan biri idarə etdiyi “Khazar” markalı avtomobilə əyləşib oradan çıxmışdır. “Khazar” markalı avtomobildə olan şəxs onlardan uzaqlaşdıqdan sonra Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Təmizşəhər deyilən yerdə yol nəqliyyat hadisəsi törətmiş və onlar da hadisə baş verən əraziyə yaxınlaşaraq onu da saxlamış və hər iki şəxsi Sabunçu RPİ-nin 12–ci PŞ-nin inzibati binasına gətirmişlər. Şəxsin adını polis şöbəsində öyrənmişlər. Şəxsi axtarış zamanı şəxsin üzərindən narkotikə bənzər maddə aşkar olunmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq hadisənin hava qaraldıqdan sonra, saat təqribən 9-10 radələrində olmasını, ayın tarixini dəqiq xatırlamadığını, iki nəfər şəxsin daşlıq ərazidə daşların arasında nə isə axtardığını, onlar maşını saxlayan zaman onlardan birinin oturub qaçdığını, onlar Sübhanı saxladıqdan sonra maşında əyləşən şəxsin onların üzərinə maşını sürdükdən sonra onlarda şüphə yaranmış və həmin maşını izləmişlər. Həmin nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törətdikdən sonra sürücü onlardan qaçmağa çalışdıqda yerə yıxılmış və üzündə çapıq əmələ gəlmiş və başı şişmişdir. Daha sonra həmin şəxslər Polis Şöbəsinə dəvət olunmuşlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq hadisənin təxminən payız fəslində baş verdiyini, havanın artıq qaranlıq olduğunu, həmin şəxslərinin avtomobilinin “Xəzər” markalı ağ rəngdə olmasını, həmin vaxt qaranlıq olsa da küçə işıqlandırmaları olduğuna görə oraya işıq düşdüyünü, amma axtarış etdikləri zaman əllərində telefon fanarları olduğunu, onlar çatana kimi digər şəxsin maşına əyləşərək qaçdığını bildirmiş və hadisənin üzərindən iki ilə yaxın zaman keçdiyinə görə hər detalı tam xatırlamadığını bildirmişdir. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nın polis nəfəri vəzifəsində xidmət göstərən polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 ilə birlikdə inzibati ərazidə avtopatrul ilə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə 1ci mədən ərazisində iki nəfər şəxsin özlərini şübhəli apardığını görmüşlər. Belə ki, onları çox istifadə olunmayan dönən yolda küçə işıqlarının düşmədiyi yerdə, əllərində telefon işığı ilə saxladıqları avtomobildən 10-15 metr aralıqda axtarış apardıqları zaman, onlardan 20-30 metr aralıda olarkən aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşmaq istəyəndə onlardan biri idarə etdiyi ağ rəngli “Khazar” markalı avtomobilə əyləşib oradan çıxmış, Sübhan isə yerindən tərpənməmiş və daha sonra etiraz etməyərək avtopatrula əyləşmişdir. “Khazar” markalı avtomobildə olan şəxs onlardan uzaqlaşdıqdan sonra həmin maşını təxminən 15 dəqiqə təqib etmiş, maşının təkərinin deşilməsi ilə əlaqədar yaranmış nasazlığa görə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Təmizşəhər deyilən yerdə yol nəqliyyat hadisəsi törətmiş və Şahid1la bərabər hadisə baş verən əraziyə yaxınlaşıb onu da saxlayaraq hər iki şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirmişlər. Şəxsi axtarış zamanı şəxsin üzərindən narkotikə bənzər maddə aşkar olunmuşdur. Məhkəmə iclasında verilən suala cavab olaraq təqsirləndirilən şəxs şahid qismində dindirilən Şahid1 onu saxlayan polis əməkdaşı olduğunu amma ona təzyiq göstərmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ‘’Şübhəli şəxsin tutulması haqqında’’ 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29); “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində kristal formalı ağ rəngdə maddə, həmin şalvarının sol yan cibindən bir ədəd ‘’Xiaomi’’ markalı telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddə barədə soruşduqda həmin maddələrin narkotik vasitə “şüşə” olduğunu, həmin maddəni Yasamal rayonu, Asan xidmət yaxınlığından üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata istifadə üçün aldığını bildirmişdir. Götürülmüş maddə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 53-54); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 6/961 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 159” dairəvi möhür əksi olan, “..Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs – imza, imzalar, tərtib etdi: Əvəz Məmmədov – imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi -0,992 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 73-75); “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Vətəndaş Təqsirləndirilən şəxs qismində edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 128) “Qətimkan tədbiri seçilməsi haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. (i.v. 166-167) “Baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli Protokoldan görünür ki, 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ondan bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan telefon götürülmüş və həmin mobil telefonun daxilində olan və ***-***-**-** nömrə ilə qeydiyyata alınmış WhatsApp ani mesajlaşma mübadilə sisteminin qovluğuna daxil olduqda işin faktiki hallarına təsir edən hər hansı məlumat əldə edilməmişdir. (i.v. 193) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Quliyev X1 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il azadlıqdan məhrumetmə və 02 (iki) il sürücülük hüququndan məhrum edilmə cəzasına məhkum olunmuş, Xaçmaz Rayon Məhkəməsinin 11 noyabr 2011-ci il tarixli 17/73-433-7/11 nömrəli məktubuna əsasən cəza müddəti başa çatdığı üçün 16 aprel 2013-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Xətai Rayon polis idarəsində olan ********* nömrəli material üzrə barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 40.2-ci və CMnin 73.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 205) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 02 mart 2023-cü il tarixli 1219 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opoidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. ıı cild 17-18); “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X3 əməlinə obyektiv və hərtərəfli qiymət verilməsindən ötrü həmin məcəllənin 234.1-1-ci maddəsi ilə cinayət işinin ayrılması, ayrılmış cinayət işinə ********* nömrəsi verilməklə həmin faktın araşdırılmasına aid sənədlərin əsilləri əlavə olunaraq istintaq davam etdirilməsi qərara alınmışdır(i.v. İİ cild 29) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v. 41-43) “Könüllü gəlmə barədə” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nə könüllü olaraq gəlmişdir.(i.v. 45) “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* №li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.(i.v. 46-48) “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 tərəfindən cinayət işi üzrə 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmadığından həmin ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 234.4.3 və 307-ci maddələrinin əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,992 qram olan psixatrop maddə metamfetaminin maddi sübut kimi tanınması, aparılmış kimyəvi ekspertiza nəticəsində qalmış 0,912 qram qalığı təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri, Təqsirləndirilən şəxs ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş 01 ədəd CD disk, DC diskə baxış keçirilməsi haqqında protokol, Məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2023-cü il tarixli 6/9611 №-li və məhkəmənarkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 1219 №-li rəyləri sübut növü kimi qiymətləndirilməsi və videogörüntü olan CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan «Xiaomi Redmi» markalı mobil telefon cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, mobil telefonun Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, Azercell Telekom MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs kimi hesab edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin müəyyən edilmədiyinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması, məhkəmə iclaslarında vermiş olduğu birbirindən fərqlənən detallar barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ona fiziki və psixi təzyiq göstərildiyinə görə istintaq dövründə etirafedici ifadələr verdiyini bildirsə də, hansı şəraitdə və kim tərəfindən döyülməsi ilə bağlı dəqiq məlumat verməmiş bir-birinə uymayan ümumi sözlərlə ona şiddət göstərildiyini amma buna baxmayaraq üzərində xəsarət olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edərək onları dindirmişdir. İttiham tərəfinin şahidlərinin ifadələri təqsirləndirilən şəxsin tutulduğu yer və şərait ilə bağlı ümumilikdə həm bir-birinin ifadəsinə, həm də təqsirləndirilən şəxsin dediklərinə uyğun olsa da bəzi məqamlarla bağlı fərqli fikirlər səsləndirilmişdir. Amma bu detalların fərqli olması insanların hadisələri fərqli dərk etmələri, fərqli detallara diqqət etmələri və ya nələrəsə diqqət etməmələri, zaman keçməsi ilə əlaqədar bəzi məqamları unutmaları ilə əlaqədar ola biləcək qədər kiçik detallar olduğundan və şəxsin həmin fərqli fikirlərin səsləndirildiyi hissədə təqsirli bilinməməsi və bu halların onun təqsirliliyinə heç bir təsiri olmaması nəzərə alınmaqla ittiham tərəfinin şahidlərinin ifadələrinin mötəbərliyini şübhə altına almır. Təqsirləndirilən şəxs isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və Təqsirləndirilən şəxsun yalan ifadə verməyə görə məsuliyyət daşımamasını, özünü müdafiə etmək məqsədilə yuxarıda göstərilən məzmunda ifadə verə biləcəyini nəzərə alaraq Məhkəmə şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin Təqsirləndirilən şəxs onun polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü və bu barədə müdafiəçiəsinə məlumat vermədiyini bildirmişdir. Bundan başqa, şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyi, azadlıqda olduğu və kifayət qədər vaxtı olduğu halda heç bir orqana ona fiziki və ya psixoloji şiddət göstərilməsi ilə bağlı müraciət etməmiş və ya məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ümumilikdə 4 (dörd) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04(dörd) gün çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,912 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-22/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-22/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver