Məhkəmə qərarları › İş №1(008)-222/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-222/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-222/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş Bağları yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,515 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş Bağları yaşayış massivinədək daşımış, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə, saat 10:00-da həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisinə təmiz çəkisi 0,515 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin qablaşdırılmış bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, hadisə günü onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O, polis bölməsinə gətirildikdən sonra ona etirafedici ifadələr vermədiyi təqdirdə daha ağır maddə ilə ittiham olunacağı bildirilmiş və əlacsız qalaraq özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək videoçəkiliş zamanı üzərində metamfetamin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə bölmələrinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic Bağları yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ərazidə psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə «X1» Azərbaycan Respublikasının Qanununun 10,11,12- ci maddələrinin və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir, əməliyyat müvəkkili polis leytenantı Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic Bağları yaşayış massivinə yollanaraq məlumatda göstərilən Təqsirləndirilən şəxs orada müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək onu Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 42-ci PB-nin Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 4 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Natiq Babanlı müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, üzərində şəxsi aparılması üçün qadın əməkdaş Şahid3 dəvət olunmuşlar, sonuncuların və onların iştirakları ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasını etiraf edərək əlini əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə salaraq oradan bir ədəd içərisində ağ rəngli kristal dənəcikləri şəkilli kütlə olan gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Saxlanılan Təqsirləndirilən şəxs həmin bükümün içərisində «patı» və «şüşə» adlanan psixotrop maddə «metamfetamin»-in olmasını, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Şahidlər Şahid2 və Şahid3 Məmməd qızı məhkəmə iclasında iştirak etmədiklərindən onların istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, 06 sentyabr 2022-ci il tarixdə, saat 11:30-da başlayaraq saat 11:45-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal halında psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu psixotrop maddəni xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (i.v. 29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 6/4808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,515 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.34-38). “Maddi sübut kimi tanıma haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar olunaraq götürülməsini əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.77). “Maddi sübut kimi tanıma haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,515 qram olan psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin cinayət işi üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,465 qram metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.85). Məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 6920 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.101-102). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddənin olmadığını, ona psixoloji təzyiq göstərildiyindən etirafedici ifadələrə imza etdiyini, narkotik vasitələrin istifadəçisi olsa da, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 08 sentyabr 2022-ci il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis bölməsində psixoloji təzyiqlər göstərilərək özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyi təqdirdə ona qarşı daha ağır ittihamın irəli sürülməsi bildirildiyindən o, müvafiq psixotrop maddənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi 08 sentyabr 2022-ci il tarixdən bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək və ona göstərilmiş psixoloji təzyiqlər barədə məlumat vermək imkanı olmuşdur. Lakin hazırda Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq psixoloji təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü və sərbəst şəkildə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal halında psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardaraq könüllü təhvil vermiş, bu psixotrop maddəni xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 11:00-dan tutulmuş hesab edilmişdir (i.v.20). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.80-81). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83-84). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.93-94). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(008)-39/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 09 iyun 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlıqdan məheum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 7(008)-784/2022 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(008)-39/2022 saylı hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 29 gün hissəsi 11 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzaçəkmə müddətinin əvvəlinin 09 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl də AR CM-nin eyni maddəsi ilə cinayət törədərək ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, maddənin sanksiyasında nəzərdə tutumuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq həmin hökm üzrə təyin edilmiş cəzanın çəkildiyi dövrdə yenidən AR CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş 06 sentyabr 2022-ci il tarixdə, yəni onun barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törədilmişdir ki, bu da təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya əvvəlki hökmlə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin tam və ya qismən birləşdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), barəsində AR CM-nin 234.1-ci maddəsi ilə çıxarılmış hökmlə ona təyin edilmiş cəzanı çəkdiyi dövrdə yenidən AR CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və bu halın onun şəxsiyyətini mənfi xarakterizə edən hal olması, göstərilənlər diqqətə alındıqda onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı, AR CM-nin 67-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş cəzaya Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(008)- 39/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 7(008)-7842022 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. AR CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(008)-39/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 7(008)- 7842022 saylı qərarı ilə 11 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş cəzanın çəkilməmiş 09 ay 26 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 7(008)-7842022 saylı qərarına əsasən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,465 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar