Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-222/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Maxta kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,951 qram psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 08 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi fərdi evin yaxınlığında özünü şübhəli apardığına görə ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 1,951 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yaşayış massivi, 2-ci sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub zirzəmidən dikti sındırmaqla evə qanunsuz olaraq daxil olub evin yataq otağında olan xalçanın altından 840 manat nağd pul vəsaitini, həmin otaqda döşəyin altından 200 manat dəyərində “Redmi Note 8” markalı mobil telefon aparatını, evin dəhlizindən 50 manat dəyərində qadın qol saatını, 100 manat dəyərində “Powerbank” aparatını və mətbəxdəki soyuducudan 100 manat dəyərində ət məhsullarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1290 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin, hal-hazırda narkotik vasitə istifadə etmir.Onun üzərində narkotik vasitə olmamışdır. Bölmədə ona zor tətbiq edildiyindən psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Oğlurluq hadisəsi ilə bağlı bildirir ki, Zərərçəkmiş şəxs tanıyır. Onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yaşayış massivi, 2-ci sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində hörgü və suvaq işlərini görmüşdür. Həmin evdə təmir işləri gördüyündən evə gizli yolla necə daxil olmağın yolunu bildiyi üçün həmin evə oğurluq etmək niyyətilə daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə 15 oktyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində Zərərçəkmiş şəxs məxsus sözügedən ünvanda yerləşən fərdi evə daxil olmuşdur. Həyətə hasardan aşmaqla daxil olduqdan sonra evin zirzəmisinə daxil olmuş və zirzəmidən evin içərisinə açıq vəziyyətdə olan qapını əli ilə itələyib açmaqla daxil olmuşdur. Evin içərisinə daxil olduqdan sonra evin yataq otağına daxil olmuş və otaqdakı xalçanın altından 750 manat məbləğində nağd pulu götürmüşdür. Bundan sonra elə həmin otaqda çarpayının üzərindəki döşəyin altından Redmi Note 8 markalı mobil telefonu götürmüşdür. Sonra elə gəldiyi yolla, yəni evin zirzəmisinə enib həyətə çıxmış və hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı 750 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. X1 8 markalı mobil telefonun üzərinə isə özünə məxsus ***-***- **-** saylı mobil nömrəni daxil edib istifadə etməyə başlamışdır. Qısa müddət işlətdikdən sonra mobil telefonu Sabunçu bazarında 70 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu özünə xərcləmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 08 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata psixotrop maddə metamfetamin alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 19 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada hərəkət edən zaman iki nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmışdır. Lakin, polis əməkdaşları ondan şübhələnmişlər və onu 12-ci polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində inzibati otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları və vəzifələri izah edildikdən sonra ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təqdim edilmişdir. Üzərində narkotik maddə olduğundan istəməmişdir ki, müdafiəçi bunu öz gözü ilə görsün, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Ona görə də vəkilin iştirakı olmadan şəxsi axtarış aparılması barədə təhqiqatçıya müraciət etmiş, təhqiqatçı ərizəsini çap etmiş və o, imzalamışdır. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Polis şöbəsinə gətirilərək üzərinə axtarış aparılana kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən müşahidə altında saxlanılmışdır. Şəxsi axtarış aparılmazdan qabaq təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə, əşya və ya predmet olduğu halda təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddə “patı” nı çıxardıb təqdim etmişdir. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən şəxslər protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini 08 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmin psixotrop maddəni satmaq niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddədən başqa narkotik vasitə və psixotrop maddə saxlamır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs usta kimi tanımışdır. Belə ki, 14 oktyabr 2023cü il tarixdə usta qismində onun yaşadığı evə gəlib görüləsi təmir işlərinə baxmış və həmin vaxt ona əlində təxminən 700 manat pulunun olduğunu demişdir. Qonşuların deməsinə görə son zamanlar evinin yanında çox görünmüşdür. 15 oktyabr 2023-cü il tarixdə saat 06:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yaşayış massivi, 2-ci sahə, nömrəsiz fərdi yaşayış evinin qapısını bağlayaraq getmişdir. Həmin tarixdə saat 21:30 radələrində yaşadığı evə qayıtmış və evə daxil olduqda yataq otağındakı xalçanın altından 840 manat nağd pul vəsaiti, həmin otaqda döşəyin altından ona məxsus, 200 manat dəyərində üzərində GSM nömrəsi olmayan, **********26852 və **********26860 İMEİ kodlu 01 ədəd Redmi Note 8 markalı mobil telefon aparatının, evin dəhlizində ona məxsus 100 manat dəyərində 01 ədəd “Powerbank”, mətbəxdən isə özünə məxsus 50 manat dəyərində 01 ədəd qadın qol saatını, mətbəxdəki soyuducuda 100 manat dəyərində ət məhsullarının yerində olmadığını görüb evində oğurluq hadisəsi baş verdiyini aşkar etmişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan qonşuların deməsinə görə həmin gün Təqsirləndirilən şəxs onun qapısına gəlmiş, qapını bir neçə dəfə döymüş, hasardan boylanıb baxmış, sonra çıxıb getmişdir. Bundan sonra evindəki oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şübhələnmişdir. Hadisə 15 oktyabr 2023-cü il tarixdə yuxarıda qeyd etdiyi vaxt aralığında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yaşayış massivi, 2-ci Sahə, nömrəsiz fərdi yaşayış evində baş vermişdir. Oğurluq hadisəsi evin zirzəmisinə, oradan isə yerə vurulmuş taxtanın sındırılması yolu ilə mənzilə daxil olaraq törədilmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizəsində bildirdikləri ilə bağlı ziddiyyət barədə göstərmişdir ki, əvvəl evə səthi baxış keçirdiyi üçün ona məxsus qol saatının və mətbəxdəki soyuducudan ət məhsullarının oğurlanmasını aşkar etməmişdir. Sonradan evin bütün otaqlarına baxış keçirdikdə qol saatının və soyuducadakı ət məhsullarının da oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1290 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 Suliddin oğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində xidmətdə olan zaman, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs özünü şübhəli apardığını müəyyən edib ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini bildirmişlər. Saxlanılan şəxs sənədlərinin üzərində olmadığını bildirib onlardan yayınmağa çalışmışdır. Onun özünü şübhəli apadığını, verdikləri suallardan yayınmağa çalışdığını görüb üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən hər hansı maddə və ya predmet olduğundan şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Saxlanılan şəxs heç bir etiraz etmədən onlarla birlikdə 12-ci PŞ-nə gəlmişdir. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş və ona hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olub-olmaması barədə soruşduqda o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş ağ rəngdə kristal şəkilli maddəni çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin sellofan bükümün içərisindən ağ rəngli kristal formalı metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddənin patı olduğunu, Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Lakin, onun üzərində başqa qanunsuz maddə və ya predmet aşkar edilməmişdir. Tərtib edilmiş protokolla tanış olduqdan sonra imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən, həmçinin polis şöbəsində olarkən hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 Suliddin oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir (i.v.150-151). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yaşayış massivi, 2-ci sahə, nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.04-07); Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 11/2-12965/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Ramana qəsəbəsi, ünvan 3 ünvanında vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Şərur RPŞ-dən daxil olan) xx.xx.1986-cı ildə Şərur rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir(i.v.23- 25); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:20 radələrində CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və saat 12:20 dəqiqədə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.61-62); şübhəli şəxsin tutulması haqqında 08 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.88); şəxsi axtarış və götürmə aparılması haqqında 08 oktyabr 2023-cü il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə “patı” olduğunu, Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmiş, əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir ( i.v.99-100); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5255 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan,“Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə; Saxlanılan şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,951 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 106-109); Diskə baxış keçirilməsi barədə 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, çəkilişin xidməti otaqda təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin sellofan bükümün içərisindən ağ rəngli kristal formalı metamfetaminə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin psixotrop maddə metamfetamin olduğunu, Sabunçu qəsəbəsi, Ramana qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadə məqsədilə əldə etdiyini və üzərində saxladığını, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan psixotrop maddə aşkar olunan şəxsin özü olduğunu bildirmişdir (i.v.122); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.123-124); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v. 141-143); qətimkan tədbirinin seçilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.144-146); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.153); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2023-cü il tarixli 7722 nömrəli ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.185-186); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-870/2023 saylı qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.193- 194); Sübutların qiymətləndirilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,951 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,901 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntünün qeyd olunduğu 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs əl-barmaq izləri əks olunmuş daktilolent olan 01 ədəd zərf maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.200-211); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 08 oktyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 yuxarıda qeyd edilən ifadəsində şəxsi axtarış və götürmə protokolunda qeyd edilənlərə uyğun ifadə verərək həmin halları təsdiqləmişdir. Həmçinin, iş üzrə digər Şahid2 Suliddin oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü oğurluq hadisəsində, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımada tam təqsirli bilərək oğurluq hadisəsi və psixotrop maddə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,951 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 08 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 1,951 qram, tədqiqatdan sonra qalıq qalan 1,901 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD” formatlı disk və Təqsirləndirilən şəxs əl-barmaq izləri əks olunmuş daktilolent olan 01 ədəd zərf iş materiallarında saxlanılmalı(CPM-132), 89 (səksən doqquz) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02(iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 08 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 1,951 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,901 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskinvə Təqsirləndirilən şəxs əl-barmaq izləri əks olunmuş daktilolent olan 01 ədəd zərfin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-222/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-222/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver