Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-224/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Tovuz rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, sabunçu rayonu, balaxanı qəsəbəsi, Yeni Massiv, P.Hüseynov küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 aprel 2022-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onunla kobud danışaraq nə üçün küçədə uca səslə telefonla danışdığını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun qarın nahiyəsindən tutaraq divara çırpıb əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin qançırı ilə müşayiət olunan sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerini dəyişən qapalı sınığı, sol diz oynağı nahiyəsinin qançırı ilə müşayiət olunan sol diz qapağının yerini dəyişməyən qapalı, xətti sınığı, sağ ayağın, sağ dirsək oynağının, sol bel nahiyəsinin sıyrıqları, sağ kürək nahiyəsinin qançırı kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilən sosial binalarda santexnik işləmişdir. Hər gün səhər saatlarında işə getmiş, axşam saatlarında isə işləri yekunlaşdıqdan sonra yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsi, nömrəsiz fərdi evə getmişdir. 23 aprel 2022-ci il tarixində, səhər saatlarında yaşadığı evdən çıxaraq işə getmişdir. Orada işlərini görmüş və saat 23:30 radələrində işdən çıxaraq taksi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsinə gəlmişdir. 24 aprel 2022-ci il tarixdə, saat 00:10 radələrində küçənin girişinə çatmış və taksidən düşərək piyada yaşadığı evə doğru getməyə başlamışdır. Yolda olduğu zaman sinif yoldaşı Röyal ona zəng etmiş və onunla telefonda danışa-danışa yaşadığı evə doğru getmişdir. Yaşadığı evin yaxınlığına çatdığı zaman bir nəfər şəxsin yolun ortasında dayandığını görmüşdür. Ancaq həmin şəxsi tanımadığı üçün əhəmiyyət verməyərək yoluna davam etmiş və həmin şəxsin yanından keçdiyi zaman ona salam vermişdir. Sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə salam verərək yoluna davam etdiyi zaman Turan arxadan onu çağırmışdır. O, geri dönmüş və telefonla danışdığı Röyala zəng edəcəyini deyərək telefonu söndürmüşdür. Turana yaxınlaşaraq nə lazım olduğunu soruşmuş və Turan nə üçün qışqıra-qışqıra telefonla danışdığını ondan soruşmuşdur. O, Turandan kim olduğunu soruşaraq işi ilə məşğul olmasını bildirmiş və yenidən dönərək yoluna davam etmək istəmişdir. Bu zaman Turan arxadan ona yaxınlaşaraq köynəyindən tutaraq özünə doğru çəkmiş və o, məcburən geri dönmüşdür. Geri döndüyü zaman sol əlinin 5-ci barmağı Turanın ağzına girmiş və Turan dişləri ilə barmağını sıxmağa başlamışdır. Ağrıdan qışqıraraq barmağını buraxmasını tələb etmiş, ancaq Turan əhəmiyyət verməyərək barmağını daha da bərk formada sıxmağa başlamışdır. Turanın barmağını buraxmadığını görüb onun qarın nahiyəsindən qaldıraraq divara çırpmışdır. Zərbənin təsirindən o, yerə yıxılmış və bundan sonra o, dönərək evinə doğru getməyə başlamışdır. Bu zaman sol əlinin 5-ci barmağından qan gəldiyini görmüş və köynəyini cıraraq barmağını bağlamışdır. Barmağını bağladıqdan sonra yenidən Turanın yaşadığı evə doğru gəlmiş və qapını döyərək onu geri çağırmışdır. Bu zaman Turan yaşadığı evin həyətindən çıxaraq yerdən daş götürüb üzərinə gəlmişdir. Ancaq o, Turanın əlindən daşı alaraq yerə tullamışdır. Səs-küyə Turanın həyat yoldaşı həyətdən çıxmış və əlində olan su xortumunu ona tərəf atmışdır. Həmin vaxt onun da həyat yoldaşı Pərvanə ora gəlmiş və onu götürərək evə aparmışdır. Evə getdikdən sonra həyat yoldaşı Pərvanə barmağına ilkin tibbi yardım göstərmişdir. Bu hadisədən bir neçə gün sonra Sabunçu RPİ-in 12-ci PŞ-dən zəng gəlmiş və onu şöbəyə dəvət etmişlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən mülki iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixində, saat 00:10 radələrində yaşadığı evdə olduğu zaman küçədə bir nəfər şəxsin ucadan danışaraq nəlayiq ifadələr işlətdiyini eşitmişdir. Bu səbəbdən yaşadığı evdən çıxaraq sonradan qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyi ucadan danışan şəxsə öz iradını bildirərək qapının önündə ucadan danışaraq nəlayiq ifadələr işlətməməsini demişdir. Bu zaman Ramil düz etdiyini bildirərək, onun da ünvanına nəlayiq ifadələr işlətmişdir. Həmin şəxsin öz hərəkətlərinə davam etdiyini görüb problem yaranmaması üçün yaşadığı evə keçmiş, Ramil isə oradan çıxaraq getmişdir. Təxminən 20 dəqiqə sonra qapının döyüldüyünü eşitmişdir. O, qapıya baxmaq istədiyi zaman həyat yoldaşı Şəbinə saatın gec olduğunu bildirərək evdən çıxmamasını xahiş etmişdir. Ancaq qapının təkidlə döyüldüyünü görüb evdən çıxmışdır. Bu zaman qapını döyən şəxsin Ramil olduğunu, yanında isə tanımadığı başqa bir şəxs olduğunu görmüşdür. O, Ramil və yanında olan şəxsdən nə lazım olduğunu soruşduğu zaman Ramil və yanında olan şəxslər üzərinə gələrək əlləri ilə onu vuraraq xəsarət yetirmişlər. Onların zərbəsindən o yerə yıxılmış və yıxıldığı zaman çiyin nahiyyəsinin bərk ağradığını hiss etmişdir. Onun səsinə həyat yoldaşı həyətdən çıxmış və Ramillə yanında olan şəxsin onu döydüyünü görüb həyətdən su xortumunu götürərək onlara tərəf atmışdır. Bu zaman həmin şəxslərin həyat yoldaşları da onlara yaxınlaşmış və Ramillə onun yanında olan şəxsi onlardan ayıraraq aparmışlar. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə, saat 00:10 radələrində yaşadıqları evdə olduğu zaman küçədə bir nəfər şəxsin ucadan danışaraq nəlayiq ifadələr işlətdiyini eşitmişdir. Bu səbəbdən həyat yoldaşı Turan yaşadıqları evdən çıxaraq sonradan qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyi ucadan danışan şəxsə öz iradını bildirərək qapının önündə ucadan danışaraq nəlayiq ifadələr işlətməməsini demişdir. Bu zaman Ramil düz etdiyini bildirərək həyat yoldaşının ünvanına nəlayiq ifadələr işlətmişdir. Həmin şəxsin öz hərəkətlərinə davam etdiyini görüb problem yaranmaması üçün həyat yoldaşı Turan yaşadıqları evə keçmiş, Ramil isə oradan çıxaraq getmişdir. Təqribən 20 dəqiqə sonra qapının döyüldüyünü eşitmişdir. Həyat yoldaşı Turan qapıya baxmaq istədiyi zaman o, saatın gec olduğunu bildirərək evdən çıxmamasını xahiş etmişdir. İlk əvvəl həyat yoldaşı Turan onunla razılaşsa da, qapının təkidlə döyüldüyünü görüb evdən çıxmışdır. O, da həyat yoldaşı Turanın arxası ilə evdən çıxmış və həyətdə dayanaraq onlara qulaq asmışdır. Bu zaman həyat yoldaşı qapını döyən şəxslərdən nə lazım olduğunu soruşmuşdur. Həyat yoldaşı bu sualı verdiyi zaman Ramil və yanında olan tanımadığı şəxslə mübahisə yaranmışdır. Mübahisə yarandıqdan bir neçə saniyə sonra Turanın yüksək səslə qışqıraraq qolunun qırıldığını dediyini eşitmişdir. Dərhal çölə çıxmış və çıxdığı zaman Ramilin və yanında olan şəxsin Turanı döydüklərini görmüşdür. Qışqıraraq onlardan dayanmalarını tələb etsə də, həmin şəxslər ona əhəmiyyət verməyərək yerdə yıxılı vəziyyətdə olan Turanı vurmağa davam etmişlər. O, Ramilin və yanında olan şəxsin qarşısını ala bilmədiyini görüb həyətə keçmiş və həyətdə olan su xortumunu götürərək Ramil adlı şəxsin üstünə atmışdır. Bu zaman həmin şəxslər dayanmışlar və kənardan gələn, sonradan Ramilin və yanında olan şəxsin həyat yoldaşları olduqlarını bildiyi şəxslər onlara yaxınlaşmışlar. Onlar Ramili və yanında olan tanımadığı şəxsi kənara çəkmişlər. Bundan sonra onlar oradan çıxaraq getmişlər və o, həyat yoldaşı Turanı 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Xəstəxanada olduqları zaman isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixində, saat 00:20 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni massiv, P.Hüseynov küçəsi, nömrəsiz fərdi evdə olduğu zaman küçədən həyat yoldaşı Ramilin səsini eşitmişdir. Dərhal yaşadığı fərdi evdən çıxaraq təqribən 50-100 metr yol gəlmişdir. Bu zaman Ramilin bir nəfər şəxslə mübahisə etdiyini görmüş və ona yaxınlaşmışdır. Ramilə yaxınlaşdıqdan sonra onun mübahisə etdiyi şəxsin həyat yoldaşı Ramilə tərəf su xortumu atmışdır. Bundan sonra o, həyat yoldaşı Ramili oradan götürərək yaşadıqları evə doğru gəlmişdir. Evə çatdıqları zaman Ramilin barmağından kəskin qan gəldiyini görmüşdür. Ona ilkin tibbi yardım göstərmiş və sarğı qoymuşdur. Sarğı qoyduqdan sonra Ramildən nə üçün mübahisə etdiyini soruşmuşdur. Ramil isə baş verənləri ona danışmış və bildirmişdir ki, işdən çıxaraq taksi ilə evlərinə gəlmiş və 24 aprel 2022-ci il tarixində, saat 00:10 radələrində yaşadıqları küçənin girişinə çatmışdır. Orada taksidən düşərək piyada yaşadıqları evə doğru getməyə başlamışdır. Yolda olduğu zaman sinif yoldaşı Röyal ona zəng etmiş və onunla telefonda danışa-danışa yaşadıqları evə doğru getmişdir. Yaşadığı evin yaxınlığına çatdığı zaman bir nəfər şəxsin yolun ortasında dayandığını görmüşdür. Ancaq həmin şəxsi tanımadığı üçün əhəmiyyət verməyərək yoluna davam etmiş və həmin şəxsin yanından keçdiyi zaman ona salam vermişdir. Sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə salam verərək yoluna davam etdiyi zaman Turan arxadan onu çağırmışdır. O, geri dönmüş və telefonla danışdığı Röyala zəng edəcəyini deyərək telefonu söndürmüşdür. Turana yaxınlaşaraq nə lazım olduğunu soruşmuş və o, nə üçün qışqıra-qışqıra telefonla danışdığını ondan soruşmuşdur. Turandan kim olduğunu soruşaraq işi ilə məşğul olmasını bildirmiş və yenidən dönərək yoluna davam etmək istəmişdir. Bu zaman Turan arxadan ona yaxınlaşaraq köynəyindən tutaraq özünə doğru çəkmiş və o, məcburən geri dönmüşdür. Geri döndüyü zaman sol əlinin 5-ci barmağı Turanın ağzına girmiş və o, dişləri ilə barmağını sıxmağa başlamışdır. Ağrıdan qışqıraraq barmağını buraxmasını tələb etmiş, ancaq Turan əhəmiyyət verməyərək barmağını daha da bərk formada sıxmağa başlamışdır. Turanın barmağını buraxmadığını görüb onun qarın nahiyəsindən qaldıraraq divara çırpmışdır. Ramil bu söhbəti ona danışdıqdan sonra heç bir söz deməmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş 757 saylı, 11 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının və Pataloji Anatomiya Elmi Təcrübi və X2 X4 rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki,vət.Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin qançırı ilə müşayiət olunan sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerini dəyişən qapalı sınığı; sol diz oynağı nahiyəsinin qançırı ilə müşayiət olunan sol diz qapağının yerini dəyişməyən qapalı, xətti sınığı; sağ ayağın, sağ dirsək oynağının, sol bel nahiyəsinin sıyrıqları; sağ kürək nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən və şəxsin qeyd etdiyi 24 aprel 2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol bazu nahiyəsinin qançırı ilə müşayiət olunan sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerini dəyişən qapalı sınığı; sol diz oynağı nahiyəsinin qançırı ilə müşayiət olunan sol diz qapağının yerini dəyişməyən qapalı, xətti sınığı ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, sağ ayağın, sağ dirsək oynağının, sol bel nahiyəsinin sıyrıqları; sağ kürək nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 12 oktyabr 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 13 iyun 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma-iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Cinayət işinin materiallarında olan 04 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,63). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 93). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «islah işləri» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasəq islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Qasımov X1 Ramil Elxan oğluna qarşı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 aprel 2022-ci il tarixdə baş vermiş cinayət nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 7.480 manat və mənəvi ziyan 3.000 manat, cəmi 10.480 manat məbləğində pul vəsaitinin və mülki iddia ərizəsi üçün verilmiş 120 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən müalicə xərclərinin ödənilməsi üçün 1.474 manat məbləğində pulun ödənilməsi barədə ödəniş qəbzləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, mülki iddia qismən olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 1.474 manat məbləğində maddi ziyan, 300 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Ödənilmiş 120 manat dövlət rüsumunun 80 manatı Təqsirləndirilən şəxs, 40 manatı isə Zərərçəkmiş şəxs aid edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, «01»(bir) il, «03» (üç) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 1.474 manat məbləğində maddi ziyan, 300 manat məbləğində mənəvi ziyan tutulsun. Ödənilmiş 120 manat dövlət rüsumunun 80 manatı Təqsirləndirilən şəxs, 40 manatı isə Zərərçəkmiş şəxs aid edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-224/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-224/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver