Məhkəmə qərarları › İş №1(008)-23/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-23/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-23/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, əmlakçı-vasitəçi kimi fəaliyyət göstərən, Lənkəran rayonu, Kənarmeşə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evində videoçəkiliş apararkən, tanışı vasitəçi-əmlakçı Zərərçəkmiş şəxs çəkiliş aparmaq üçün həmin evə gəldiyini cüzi səbəb kimi bəhanə edərək, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını təsdiq etmək üçün Zərərçəkmiş şəxs ilə əsassız mübahisəyə başlamış, onu nalayiq söyüşlərlə təhqir edib saçından tutaraq, əli ilə sifət nahiyəsinə, başına bir neçə dəfə sillə vurub özünə nisbətdə qoca və köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs yerə yıxmış, zərbələrdən yaxa qurtarmaq məqsədilə evdən həyətə çıxıb oradan uzaqlaşmağa cəhd etməsinə baxmayaraq, arxası ilə onu təqib edib yerdən götürdüyü boya vurmaq üçün istifadə edilən və istintaqa məlum olmayan rolik-katokun təxmini 02 metr uzunluqda dəmir materialdan olan dəstəyini silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs baş, çiyin, sol qol və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək, Zərərçəkmiş şəxs darvazanı açaraq küçəyə çıxmasına baxmayaraq ictimai yerdə yəni, insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq normalarını kobud surətdə pozaraq, cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik göstərərək onun ünvanına yenidən nalayiq söyüşlər işlədərək ətrafdakı insanların yanında təhqir etmiş, hər iki əli ilə saçından tutaraq yolub zərərçəkmişdə ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının hematoması, sağ gözyuvasıaltı, sol almacıq, sağ çənə nahiyələrinin sıyrıqları, üst dodağın selikli qişa səthinə qansızma, sol said və sağ əl nahiyələrinin qançırları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, Zərərçəkmiş şəxs ərazidən uzaqlaşmaq üçün özünə məxsus “Mitsubishi” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilə minərkən Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirərək silah qismində istifadə etdiyi istintaqa məlum olmayan əşya ilə avtomobilin qabaq alın şüşəsinə, arxa xarici işıq cihazlarına, eləcə də banının və kuzovun müxtəlif hissələrinə zərbələr endirib yerdən iri daş paçasını götürərək avtomobilin sol yan qabaq şüşəsinə ataraq onu sındırıb ümumilikdə 1130 manat ziyan vurmaqla avtomobilin zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X2 uşaqlıqdan tanıyır. Zərərçəkmiş şəxs ilə münasibətləri əvvəllər yaxşı olsa da, lakin, sonradan o, ayrıca əmlak alqı-satqısı ilə məşğul olduğu üçün münasibətləri pozulmuşdur. O, ayrıca əmlak alqı-satqısı ilə məşğul olduğuna, əmlak alqı-satqı ilə bağlı aralarında rəqabət olmuş, əvvəllər Zərərçəkmiş şəxs tərəfindən döyülmüş, bununla bağlı, polisə müraciət etmiş, lakin, sonradan ona hədə-qorxu gəlindiyi üçün məcbur qalaraq şikayətini geri götürmüşdür. O, 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Şahid3 ilə birlikdə sifariş əsasında videoçəkiliş aparmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evinə getmiş, onlar evə daxil olduğu zaman orada heç kim olmamışdır. O, Şahid3 ilə birlikdə evin otaqlarına baxış keçirdiyi zaman Zərərçəkmiş şəxs məxsus avtomobilin oraya gəldiyini görmüş, Zərərçəkmiş şəxs köməkçisi Şahid2 onların yanına gələrək onlarla salamlaşmış, Şahid3 tələsik şəkildə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs həyətə daxil olduqdan sonra ilk öncə həyətin, daha sonra isə evə daxil olub evin qapısını bağlamış, o, evdə çəkiliş apardığı zaman heç bir səbəb göstərmədən onun üstünə hücum çəkib əlləri ilə onu boğaraq müxtəlif bədən xəsarətləri yetirmişdir. O, Zərərçəkmiş şəxs əlindən çıxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməsi ilə bağlı məlumat vermiş, daha sonra, qaçaraq həyətdən çıxmağa çalışmışdır. Zərərçəkmiş şəxs onun arxasınca gələrək evin həyətində onu döyməyə və təhqir etməyə davam etmiş, həyətdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs işçilərinin hər üçü Şahid1, Şahid5 və Şahid2 onun üstünə hücum edərək saçını yolmuş, ora toplaşan insanlara onun əxlaqsızlıqla məşğul olduğunu bildirmişlər. O, mübahisə zamanı Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, onun əlində hansısa küt əşya olmamışdır. O, qışqıraraq ətrafa toplaşan insanlardan köməklik istəmiş, onun halının pisləşdiyi görən Zərərçəkmiş şəxs və onun işçiləri onu buraxmışdır. Şahid5 mübahisə zamanı onun saçını yolduğu üçün əsəbləşərək Şahid5 avtomobildə əyləşdiyi istiqamətdə daş atmışdır. O, hadisədən sonra Sabunçu RPİ-nin 15-ci PB-yə geədərək hadisə ilə bağlı şikayət etmiş, ibtidai araşdırma aparan təhqiqatçı onları barışdıracağını bildirərək aldığı xəsarətlərlə bağlı ekspertizaya getməməsini bildirmişdir. İbtidai istintaq zamanı dindirilərkən ifadənin məzmunu müstəntiq tərəfindən yazılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, ev alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onu övladlarından ayırmamış, daima ona qayğı göstərmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər də, aralarında sözlə mübahisə olmuş, lakin, onlar heç bir zaman əlbəyaxa olmamışdır. Dəqiq xatırlamadığı tarixdə, Təqsirləndirilən şəxs birlikdə işlədiyi Şahid3 ilə dənizə gedərək orada çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə paylaşmış, Şahid3 həyat yoldaşı həmin şəkilləri görüdüyü üçün Təqsirləndirilən şəxs işlədiyi ofisə gələrək onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı onun Şahid3 həyat yoldaşına məlumat verdiyini əsas gətirərək, baş vermiş hadisədə onu günahkar bilmişdir. O, Şahid3 zəng edərək şəxsi məsələlərinə onu qatmamasını demişdir. 02 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evinin sahibi ona zəng edərək evdə videoçəkiliş aparmasını xahiş etmiş, 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində o, işçiləri Şahid1, Şahid2 və Şahid5 ilə birlikdə çəkiliş aparmaq məqsədi ilə qeyd olunan ünvana yollanmışdır. Şahid2 avtomobildən enərək həyətin giriş qapısını yoxlamış, daha sonra avtomobilə geri qayıdaraq ona qapının açıq olduğunu və evdə heç kəsin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs həmin evdə olmasından məlumatı olmamışdır. O, videoçəkiliş aparmamışdan öncə evdəki otaqların, mətbəxin, sanitar qovşağın yerini müəyyən etmək məqsədi ilə evə daxil olmuş, birinci mərtəbədəki otaqları gəzib ikinci mərtəbəyə qalxan pilləkənlərin qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs birlikdə işlədiyi Şahid3la münasibətinin olması barədə Şahid3 arvadına məlumat verdiyini əsas gətirərək, onu təhqir edərək öldürəcəyini bildirməklə üzərinə hücum edib saçından tutaraq onu yerə yıxıb vurmuş, daha sonra evin qapısını bağlamışdır. O, pilləkənlərdən tutaraq ayağa qalxıb, qaçaraq həyətə çıxıb qışqırıb köməklik istəmiş, lakin, hava küləkli olduğu üçün onun səsi yaxşı eşidilməmiş, Təqsirləndirilən şəxs cəld şəkildə qapını bağlamışdır. Təqsirləndirilən şəxs həyətdə olduqları zaman onun saçından tutaraq yerə yıxmış, həyətdə olan boya üçün istifadə olunan təxminən 2 metr uzunluğunda katoku götürərək ona bədən xəsarətləri yetirmişdir. O, Təqsirləndirilən şəxs əlindən çıxaraq küçəyə çıxmış, həmin vaxt, oraya 4-5 nəfər kişinin toplaşdığını görmüşdür. Təqsirləndirilən şəxs küçədə olduqları zaman əlində olan dəmir parçası ilə onu döyməyə davam etmiş, orada olan Namiq adlı şəxs Təqsirləndirilən şəxs irad tutaraq yaşlı qadını təhqir etməsinin və döyməsinin yanlış olduğunu bildirərək orada şəxslərlə birlikdə onları sakitləşdirməyə çalışmış, əlində olan dəmir parçasını almışdır. O, ibtidai istintaq zamanı həmin şəxslərin adlarını bildirmiş, lakin, həmin şəxslərin müstəntiq tərəfindən izahatları alınmamışdır. Onun Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü görən iş yoldaşları Şahid1 və Şahid2 avtomobildən enərək onlara tərəf gəlmiş, Təqsirləndirilən şəxs onu döyməsinə mane olaraq onu avtomobilə əyləşdirməyə çalışmışlar. Onlar avtomobil ilə oradan uzaqlaşmaq istəyərkən Təqsirləndirilən şəxs yerdən daş götürərək avtomobilin şüşələrinə, həmçinin, müxtəlif hissələrinə vurmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır və onlarla ədavət və ya düşmənçiliyi yoxdur. O, 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində ona məxsus avtomobil ilə Təqsirləndirilən şəxs ilə birlikdə videoçəkiliş aparmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evinə getmiş, onlar qeyd olunan ünvana çatdıqları zaman evdə başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs evdə videoçəkiliş aparmağa başlamış, həmin vaxt, ona telefon zəngi gəldiyi üçün və səsinin videoçəkilişə düşməməsinə görə oradan çıxmış, telefon danışığını bitirdikdən sonra saqqız almaq üçün yaxınlıqda yerləşən marketə getmişdir. O, evdən çıxdığı zaman Zərərçəkmiş şəxs məxsus avtomobili evin yaxınlığında görərək onlarında satış üçün çəkilişə gəldiyini düşünmüş, lakin, bununla bağlı Təqsirləndirilən şəxs məlumat verməmişdir. Təxminən 5-6 dəqiqə sonra səs-küy eşidərək həyət evinə doğru getmiş, küçədə, insanların toplaşdığını, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir-birinin ünvanına nalayiq ifadələr işlədərək mübahisə etdiyi görmüşdür. Həmin vaxt, Təqsirləndirilən şəxs əlində fırçalı süpürgə olmuş, Zərərçəkmiş şəxs ona yaxınlaşmamasını bildirmişdir. Zərərçəkmiş şəxs öz avtomobilinə, Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs əlində olan saplı süpürgə ilə kimisə vurmasını, həmçinin, Zərərçəkmiş şəxs məxsus avtomobilə zədə yetirməsini görməmişdir. Bundan əlavə, cinayət işinin ibtidai istintaqı zamanı ifadələrində ziddiyyət yarandığı üçün Şahid2 ilə üzləşdirilmiş, lakin, hazırda, ifadələrindəki ziddiyyətin nədən ibarət olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə çalışır. Təqsirləndirilən şəxs vasitəçi-əmlakçı kimi tanıyır və aralarında ədavət və ya düşmənçilik yoxdur. 03 dekabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid5 ilə birlikdə çəkiliş aparmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evinə getmiş, ora çatdıqları zaman avtomobildən enərək həyətə doğru getmiş, həyətin qapısının açıq olduğunu görərək həyətə daxil olmuş, evin işığının yandığını, evdə kiminsə olduğunu görərək geri qayıdıb bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş, özü avtomobildə ön oturacaqda əyləşmiş, həmin vaxt, Şahid1 bir qədər aralıda telefonla danışmışdır. Zərərçəkmiş şəxs avtomobildən enərək videoçəkiliş aparılmamışdan öncə evdəki otaqların, mətbəxin yerini müəyyən etmək məqsədi ilə evə daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra səs-küy eşidərək avtomobildən enmiş, Zərərçəkmiş şəxs həyətdən çıxaraq avtomobilə doğru qaçdığını, Təqsirləndirilən şəxs isə əlində döşəmə ağacı ilə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs arxasınca gəldiyini görümüşdür. Təqsirləndirilən şəxs küçədə olduqları zaman əlində olan döşəmə ağacı ilə Zərərçəkmiş şəxs 1 dəfə zərbə vurmuş, daha sonra əlində olan döşəmə ağacını ataraq Zərərçəkmiş şəxs saçını yolmuşdur. O, Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs avtomobilə əyləşdirməyə çalışmış, həmin vaxt, Təqsirləndirilən şəxs yerdən daş götürərək ilk öncə avtomobilin ön şüşəsinə vurmuş, daha sonra yerdən mişar daşının parçasını götürərək sürücü tərəfdən şüşəyə atmış, zərbənin təsirindən avtomobilin şüşəsi qırılaraq daş parçası içəri düşmüşdür. Daha sonra onlar hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə çalışır və işi satılacaq evlərin videoçəkilişinin aparılması, elan formasında yerləşdirilməsindən ibarətdir. Təqsirləndirilən şəxs vasitəçi-əmlakçı kimi tanımış, ilk vaxtlar münasibətləri normal olsa da, sonradan Təqsirləndirilən şəxs onu tanımadığı halda onun barəsində danışmış, gecə saatlarında onun mobil nömrəsinə zəng edərək onu təhqir etmişdir. O, Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı polisə müraciət etmişdir. 03 dekabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid5 ilə birlikdə çəkiliş aparmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evinə getmiş, ora çatdıqları zaman həyat yoldaşı ona zəng etdiyi üçün avtomobildən enərək bir qədər aralıda onunla danışmış, Zərərçəkmiş şəxs videoçəkiliş aparılmamışdan öncə evə daxil olmuşdur. O, telefon danışığını bitirərək çəkiliş aparılacaq evə doğru getdiyi zaman, Zərərçəkmiş şəxs qaçaraq həyətdən çıxmış, Təqsirləndirilən şəxs əlində boya üçün istifadə olunan katokla Zərərçəkmiş şəxs arxasınca gəlmiş, həmçinin, digər əlində olan telefonla DİN 102 xidmətinə zəng edərək dörd nəfər şəxs tərəfindən döyülməsi barədə yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs küçədə olduqları zaman əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs baş, kürək nahiyəsinə zərbələr endirmiş, daha sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birinin saçından tutaraq bir-birlərini təhqir etmişdir. O, hər iki şəxsin qolundan tutaraq onları ayırmağa çalışmış, Təqsirləndirilən şəxs sakitləşməsini xahiş etmişdir. Daha sonra ətrafda olan insanların köməkliyi ilə onları ayıraraq Zərərçəkmiş şəxs avtomobilə əyləşdirmiş, Təqsirləndirilən şəxs yerdən daş parçası götürərək 2 dəfə avtomobilə doğru atmış, atılan daşlardan biri sürücü tərəfdən avtomobilin şüşəsini sındıraraq içəri düşmüşdür. Daha sonra, Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na aparmış, orada ona ilkin tibbi yardım göstərildikdən sonra polisə müraciət etmişlər. Zərərçəkmiş şəxs evə daxil olduğu zaman, o, fərdi yaşayış evinin yaxınlığında telefonla danışıdığı üçün evin içərisində baş verənlərdən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə sürücü olaraq çalışır. Təqsirləndirilən şəxs vasitəçi-əmlakçı olaraq tanıyır və onunla ədavət və ya düşmənçiliyi yoxdur. 03 dekabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 ilə birlikdə çəkiliş aparmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evinə getmiş, qeyd olunan ünvana çatdıqdan sonra avtomobili evdən təxminən 6 metr aralıda saxlamışdır. Şahid2 avtomobildən enərək çəkiliş aparılacaq evin həyətinə daxil olmuş, daha sonra geri qayıdaraq Zərərçəkmiş şəxs evin boş olduğunu bildirmiş, Zərərçəkmiş şəxs avtomobildən enərək evə daxil olmuş, Şahid1 və Şahid2 avtomobildə əyləşmişdir. O, avtomobildə musiqi dinləmiş, bir müddət sonra səs-küy gəldiyini eşidərək Şahid1 və Şahid2 avtomobildən enmişdir. O, avtomobillə dönmə əməliyyatı edib geri qayıtdığı zaman çoxlu sayda insanın toplaşdığını, Zərərçəkmiş şəxs yerə yıxıldığını görmüş, lakin, avtomobildən enməmişdir. Daha sonra Zərərçəkmiş şəxs avtomobilə əyləşməsi üçün içəridən avtomobilin qapısını açmış, Zərərçəkmiş şəxs avtomobilə minməyə çalışmışdır. Həmin vaxt, Zərərçəkmiş şəxs sifət nahiyəsi qanlı olmuş, Təqsirləndirilən şəxs əlində olan boya vermək üçün istifadə olunan katokla Zərərçəkmiş şəxs, avtomobilə zərbələr vurmuşdur. Onlar avtomobilə minib oradan uzaqlaşmaq istədikləri zaman Təqsirləndirilən şəxs yerdən daş götürərək ilk öncə avtomobilin ön şüşəsinə vurmuş, daha sonra yerdən mişar daşının parçasını götürərək sürücü tərəfdən şüşəyə atmış, zərbənin təsirindən avtomobilin şüşəsi qırılaraq daş parçası içəri düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu, Y.Ə.Bayramlı kəndində qeydiyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs vasitəçi-əmlakçı olaraq tanımışdır. 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvana gedərkən küçədə səs-küy gəldiyini, insanların toplaşdığını görərək onlara tərəf yaxınlaşmış, orada Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs dalaşdığını, bir-birinin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin vaxt, mübahisə edən tərəflərdən heç birinin əlində və ya yerdə dəmir parçası olmamış, Zərərçəkmiş şəxs ağ rəngli avtomobil ilə, Təqsirləndirilən şəxs isə piyada oradan uzaqlaşmışdır. Cinayət işinin 38-40-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 12 dekabr 2022-ci il tarixli, 2816 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının hematoması, sağ gözyuvasıaltı, sol almacıq, sağ çənə nahiyələrinin sıyrıqları, üst dodağın selikli qişa səthinə qansızma, sol said və sağ əl nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmiş, müddəti qərarda göstərilən 03 dekabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakteri və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 49-cu vərəqəsində olan "xxxx" MMC-nin 16 yanvar 2023-cü il tarixli qüsur aktından görünür ki, “Mitsubishi” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilə 1130 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin 59-cu vərəqəsində olan 28 mart 2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Kərəmov tərəfindən müvafiq olaraq qeyd edilən cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermiş xuliqanlıq hadisəsini bilavasitə görmüş şahidlərin əhatə dairəsinin, istintaqa məlum olmayan silah qismində istifadə edilmiş rolik-katokun təxmini 02 metr uzunluqda dəmir materialdan olan dəstəyinin müəyyən edilməsi tapşırılmışdır. Cinayət işinin 104-105-ci vərəqəsində olan 17 aprel 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 157-159-cu vərəqələrində olan 19 aprel 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Kərəmovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 160-162-ci vərəqələrində olan 19 aprel 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 165-ci vərəqəsində olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin müstəntiqinə ünvanlanmış 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, əməliyyat tapşırığı üzrə zəruri tədbirlər görülməsinə baxmayaraq şahidlərin əhatə dairəsini müəyyən etmək, hadisənin baş verdiyi mənzil satıldığından, evin həyətində təmiz işləri aparıldığından silah qismində istifadə edilmiş predmetin tapılması mümkün olmamışdır. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 07 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, arxiv bazasında baş vermiş avtomatlaşdırılmış yenilənmə səbəbindən 2022-ci il üzrə müraciətlər haqqında məlumatların araşdırılması mümkün deyildir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin 16 oktyabr 2023-cü il tarixli, 3-13-49-4/2-12421 saylı məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 15-ci PB-yə şikayətlə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zeynəb adlı şəxsin onu döydüyünü bildirmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu RİH başçısının Zabrat qəsəbəsi inzibati ərazi dariəsi üzrə nümayəndi E.Y.Şiriyevin 30 oktyabr 2023-cü il tarixli, 5-18-10/2- 4777/2023 nömrəli məktubundan görünür ki, Şahid6 ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 06 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. ***-***-**-** saylı nömrə iki tərəfli bağlı olmuş, 16 dekabr 2018-ci il tarixdə yenidən satış üçün təyin edilmiş, lakin, "xxxx" şəbəkəsində hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin 07 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr sorğu edilən müddət ərzində “Azerfon” şəbəkəsində istifadə olunmamış, hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahid ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlar təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunması üçün yetərli deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Məhkəmə qeyd edir ki, ittiham tərəfin irəli sürüdüyü dəlillərdən və cinayət işində mövcud olan sübutlardan yuxarıda qeyd edilən xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyləridir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxsin ifadələri təqsirləndirilən şəxsin əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyil. Çünki, əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin ətraflı şərhi verilmiş və göstərilmişdir ki, xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təqsirləndirilən şəxsin özünün, eləcə də zərərçəkmiş şəxsin məhkəmə iclasında etdiyi çıxışlardan ilk növbədə o hal müəyyən olunur ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə və münaqişə təqsirləndirilən şəxs qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş verməmiş, Şahid2 evin işığının yanması, evdə kiminsə olduğunu görərək geri qayıdıb bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş, Zərərçəkmiş şəxs evdə başqa şəxsin olduğunu bildiyi halda, evə daxil olmuş, hadisə tərəflər arasında əmlak alqı-satqı ilə bağlı rəqabətə görə 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evində baş vermiş, hadisə zamanı, evdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa evdə heç kim olmamış və bununla əlaqədar ictima qayda pozulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, evdə baş vermiş mübahisənin həmin evin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllə ünvanında davam etməsi və təqsirləndirilən şəxsin daşla zərərçəkmiş şəxsin avtomobilinə zərər vurması da Təqsirləndirilən şəxs əməllərinin xuliqanlıq kimi tövsif edilməsinə əsas vermir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. «Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Halbuki, təqsirləndirilən təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, təqsirləndirilən şəxsin əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, hadisənin başlandığı yerdə insanlar olmamış, kənar şəxslərin diqqəti cəlb edilməmiş, təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməmiş və bu nəticələrin baş verməsini arzu etməmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti bir başa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Hüquq ədəbiyyatından da, müəyyən olunduğu kimi xuliqanlıq cinayəti motivsiz cinayətdir, yəni, təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Göründüyü kimi bilavasitə tanışlar arasında mübahisənin yaranmasına səbəb zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında əmlak alqı-satqısı ilə bağlı rəqabət olmuşdur. Başqa sözlə desək təqsirləndirilən şəxsin törətmiş olduğu ictimai təhlükəli əməl məhz zərərçəkmiş şəxsin onunla rəqabət aparması nəticəsində baş vermişdir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri, hətta onun gedişində zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə və avtomobilinə zərər vurulmasına səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun sağlamlığına və əmlakına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Beləliklə, ittiham tərəfinin təqsirləndirilən şəxsin törətdiyi əməlin xuliqanlıq əməli kimi tövsif edilməsi ilə bağlı irəli sürdüyü dəlillərdən yalnız yuxarıda adı çəkilən ekspert rəyi əsaslı sayılır və məhkəmə qeyd edir ki, həmin rəy yalnız mövcud faktı təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsə bədən xəsarətləri yetirmişdir. Digər tərəfdən «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmçinin adı çəkilən Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər—təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Bununla bağlı qeyd olunmalıdr ki, 28 mart 2023-cü il tarixli əməliyyat tapşırığına əsasən, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Samir Kərəmov tərəfindən müvafiq olaraq qeyd edilən cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermiş xuliqanlıq hadisəsini bilavasitə görmüş şahidlərin əhatə dairəsinin, istintaqa məlum olmayan silah qismində istifadə edilmiş rolik-katokun təxmini 02 metr uzunluqda dəmir materialdan olan dəstəyinin müəyyən edilməsi tapşırılmış, əməliyyat tapşırığı üzrə zəruri tədbirlər görülməsinə baxmayaraq şahidlərin əhatə dairəsini müəyyən etmək, hadisənin baş verdiyi mənzil satıldığından, evin həyətində təmiz işləri aparıldığından silah qismində istifadə edilmiş predmetin tapılması mümkün olmamışdır. Sadalanan hallar bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə və münaqişə təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş verməmiş, tərəflər arasında əmlak alqısatqı ilə bağlı rəqabətə görə 03 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod ərazisi, Yeni məhəllədə yerləşən satış üçün nəzərdə tutulmuş fərdi həyət evində mübahisə başlamış, hadisə zamanı, evdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa evdə heç kim olmamış və sonradan həmin mübahisə qeyd oluna evin yerləşdiyi küçədə davam etmiş, təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyəti olmamış onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməmiş və bu nəticələrin baş verməsini arzu etməmişdir. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi cinayətin predmetinə münasibətdə qeyd edir ki, şəxsin ictimai təhlükəli əməli silah qismində istifadə etdiyi alətlə törətməsi, hətta zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda belə, qəsdinin obyektinə münasibətdə müəyyən olunmalıdır. Yəni başqa sözlə desək, təqsirkar şəxsin qəsdi ictimai qayda deyil, konkret şəxsin sağlamlığıdırsa, o zaman sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Əks təqdirdə sadalanan əlamətlərin mövcud olduğu bütün cinayət əməlləri, həmin əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunardı. Göstərilənlər onu deməyə əsas verir ki, məhkum edilmiş təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətin zəruri elementləri müəyyən edilmədiyindən sonuncunun əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, məhkum edilmiş şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə sonuncu tərəfindən silah qismində rolikkatokdan istifadə edilməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurması onun cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını əməlində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə zərərçəkmiş şəxsə məxsus “Mitsubishi” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilə 1130 manat məbləğində ziyan vurulması xüsusatı ilə əlaqədar qeyd edir ki, həmin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsi həll edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (gün) gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs məxsus “Mitsubishi” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilə 1130 manat məbləğində ziyan vurulması xüsusatı ilə əlaqədar toplanmış materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyət məsələsi həll edilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-yə göndərilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vəya apellyasiya protesti verilməzsə, hökm qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar