Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-231/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Ağcabədi rayonu Ağabəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Mərzili ərazi dairəsi, Mərzili kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Məmmədli qəsəbəsi yeni yaşayış massivi «Nail» marketlə üzbəüz nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində X2 mülkiyyətində olan, etibarnamə əsasında və “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «BMV 530 minik» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, Məmmədli- Zabrat yolu ilə Zabrat dairəsi istiqamətində maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə edib, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib «Araz» market tərəfə yolu sağdan sola keçən piyada X4 ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə Şəmistan Salahovun baş beyinin əzilməsi, baş beyin maddəsinə, qişalarına və mədəciklərinə qansızma, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sol təpə, ənsə, sol bud nahiyələrinin əzilmiş yaraları, sağ baldırın sıyrığı ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlərin almasına və sonuncunun ənsə sümüyünün kəllə əsasına keçən sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızmadan ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsini 06 mart 2021-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Sumqayıt Regional X8 Baxış Şöbəsi tərəfindən verilmişdir. 3-cü dərəcəli gözdən əlildir. Sağlamlıq haqqında arayış alarkən gözlərinə eynək təyin etmişdirlər. Sürücülük vəsiqəsini eynəklə almış, ona eynəklə avtomobili idarə etmək tapşırılmışdır. Sonradan eynəklə özünü narahat hiss etdiyi üçün eynəkdən istifadə etməmiş, piyadanı vurarkən də, eynək taxmamışdır. «BMW 530 minik» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil X2 adına qeydiyyatdadır. Abşeron rayonu, Məmmədli qəsəbəsində bərbər saç ustası kimi fəaliyyət göstərir. 14 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində işdən çıxmış, evə getmək üçün idarə etdiyi avtomobilə əyləşmişdir. Yolda avtomobilə yanacaq vurmaq üçün Zabrat-Məmmədli yolu ilə Zabrat qəsəbəsi istiqamətinə tərəf hərəkət etmişdir. 7 gözəl yaşayış binalarının qarşısına çatıb işıqforun yaşıl işığında hərəkətini davam etdirmişdir. Avtomobili zolağın sol tərəfi ilə, qoşa xəttə yaxın hissədə idarə etmişdir. Yolda hər hansı piyadanı görməmişdir. Anidən küt səs eşitmiş, qaraltının avtomobilin qabaq sol tərəfinə dəydiyini görmüş, həmin qaraltı zərbədən sonra avtomobilindən sol zolağa atılmışdır. Avtomobili 10 metr idarə etmiş, geriyə dönmüş, hadisə yerinə çatdıqda təxmini 25-30 nəfərə yaxın şəxsin yolun kənarına toplaşdığını, bir nəfər piyadanın isə səkinin üzərində uzandığını görmüşdür. Ətrafdakı şəxslər həmin şəxsin üzünə su vuraraq köməklik göstərmişlər. Həmin şəxslərin köməkliyi ilə piyadanı avtomobilinə qoyub, həmçinin piyadanın 2 və ya 3 nəfər dostu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Yolda olarkən, avtomobildə olan şəxslərdən biri avtomobili bərk idarə etməyini, artıq piyadanın nəbzinin vurmadığını söyləmişdir. Yol nəqliyyat hadisəsi hərəkətdə olduğu zolaqda baş vermişdir. Həmin yol 2 tərəfli hər tərəfdə 1 zolaqlı yol olsa da, yolun hər iki tərəfində yan-yana 2 nəqliyyat vasitəsi rahatlıqla hərəkət edə bilir. Hadisə zamanı idarə etdiyi «BMW 530 minik» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemində, eləcə də digər qurğu və mexanizmlərində hər hansı nasazlıq olmamış, tormozdan istifadə etməmiş, çünki, piyadanı görməmişdir. Avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərdi ki, 27 mart 1994-cü ildə Bakı şəhərində anadan olmuş X6 onun oğlu olub. 2021-ci ildə X9 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından bir azyaşlı oğlan övladları var. 14 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində adını xatırlamadığı Şəmistanın tanışı və baş vermiş yol-nəqliyyat hadisəsinin şahidi olmuş şəxs ona zəng edib 14 sentyabr 2024-cü il tarixdə saat 21:30-da Bakı şəhəri Sabunçu rayonu Məmmədli qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan «BMW 530 minik» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yolu keçmək istəyən oğlu Şəmistanı vurduğunu, Şəmistanın xəstəxanaya aparıldığını demişdir. Bu barədə eşidib dərhal Şəmistanın olduğu 3 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. Orada ona məlum olmuşdur ki, Şəmistan aldığı xəsarətlərdən ölmüşdür. Həmçinin sonradan ona məlum olmuşdur ki, «BMW 530 minik» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında ədavət və düşmənçilik olmamış və yoxdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, X6 onun dostu olmuşdur. 14 sentyabr 2024-cü il tarixdə saat 19-20 radələrində Şəmistan Salahov, digər dostu Şahid2la birlikdə Məmmədli-Zabrat yolunun kənarında fəaliyyət göstərən «Zəngin süfrə» kafesinə gedib orada oturub çörək yeyib, təxminən 21 radələrində kafedən çıxıb evə getmişlər. Kafedə spirtli içki qəbul etməmişlər. Şəmistan və Tural ayıq olmuşdurlar. Kafedən çıxdıqdan sonra piyada Məmmədli-Zabrat yolunun kənarı ilə piyadalar üçün ayrılmış sahə ilə işıqfor istiqamətində gedirdilər ki, nəqliyyat vasitələri üçün işıqforun qırmızı işığı yandıqda yolu keçə bilsinlər. İşıqfor təxminən onlardan 20 metr qarşıda, Məmmədli qəsəbəsi istiqamətində idi. Şəmistan onunla Turalın arxasında gəlirdi. Həmin vaxtı Məmmədli- Zabrat yolu ilə Zabrat dairəsi istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri üçün işıqforun yaşıl işığı yanırdı. Ani bir zamanda arxaya çevrilib baxdıqda görmüşdür ki, Şəmistan qarşısında, yəni yolun əks hissəsində yerləşən «Araz» market istiqamətində asta addımlarla yolu keçməyə başlayıb. Həmin vaxtı nəqliyyat vasitələri intensiv hərəkət edirdilər. Ani bir zamanda Məmmədli-Zabrat yolu ilə Zabrat dairəsi istiqamətində sol zolaqla təxminən saatda 60-70 km surətlə hərəkətdə olan olan «BMW 530 minik» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil artıq Şəmistan yolun əks hissəsini keçdiyi və qoşa xəttə az qalmış ön hissəsi ilə Şəmistanı vurub qoşa xəttə doğru atmışdır. Sürücü dərhal avtomobili saxlamış və Şəmistana yaxınlaşmışdır. O və Tural da Şəmistana yaxınlaşdıqda artıq Şəmistanın başından qan gəldiyini və huşsuz olduğunu görmüşdür. Şəmistanı vuran avtomobilin sürücüsü, əvvəllər tanımadığı, ədavət və düşmənçiliyi olmadağı istintaq dövründə adını bildiyi Təqsirləndirilən şəxs onların köməkliyi ilə Şəmistanı öz avtomobilinə əyləşdirib, o və Tural ilə birlikdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Həkimlər Şəmistanı müayinə edib artıq öldüyünü demişdirlər. Xəstəxanadan Şəmistanın valideynlərinə zəng edilib hadisə barədə məlumat verildikdən sonra valideynləri və qohumları da xəstəxanaya gəlmişdirlər. Avtomobilin sürücüsü İmran da xəstəxanada olmuş və o, Şəmistanın valideynləri və qohumları ilə görüşmüşdür. Hadisə baş verən zaman «BMW 530 minik» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (i.v.108-110); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Məmmədli-Zabrat yolu ilə Zabrat dairəsi istiqamətində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.05-13); 14 sentyabr 2024-cü il tarixli, 1/975 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.21); Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı BD 005746 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.22); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz 3-cü dərəcəli əlillik müəyyən edilmişdir (i.v.23); xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «BMW 530 minik» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 xüsusi mülkiyyətindədir (i.v.24); DİN-nin DYP portal çıxarışından görünür ki, «BMW 530 minik» markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (i.v.25); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 005746 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v.30); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 30 yanvar 2025-ci il tarixli, 8/2974- 4/1737 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd diskə yazılmış videoyazılar ekran surəti olduğundan və videoyazılarda yazı qurğusuna məxsus zaman sayğacının göstəriciləri qeydə alınmadığından iki vizual hadisə arasında keçən real zamanı, videoyazıların keyfiyyəti tədqiqatı tələb olunan hadisənin iştirakçısı olan obyektlərin konturlarının aydın görünməsinə və hərəkətlərinin izlənməsinə imkan vermədiyindən isə obyektin iki müxtəlif vəziyyətləri arasındakı məsafəni müəyyən etmək mümkün olmadı. 2-5. İsintaq tərəfindən verilən məlumatlara əsasən: «BMW 530 minik» markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur (i.v.36-39); 11 fevral 2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.62); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X13 Sabunçu rayon şöbəsinin 14 sentyabr 2024-cü il tarixli, 208 saylı ekspert rəyindən görünür ki, 1. X1 meyitində baş beyinin əzilməsi, baş beyin maddəsinə, qişalarına və mədəciklərinə qansızma, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sol təpə, ənsə, sol bud nahiyələrinin əzilmiş yaraları, sağ baldırın sıyrığı xəsarətləri aşkar edilmiş, qeyd edilən xəsarətlər həyati olmuş, mərhumun ölümündən az əvvəl olmaqla bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 14 sentyabr 2024-cü il tarixdə və şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin ön qabarıq hissələrinin təsirindən törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. 2.X3 ölümünə səbəb ənsə sümüyünün kəllə əsasın keçən sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir.3. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı, nəticəsində metil, etil, propil, butil və amil spirtləri barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.72-76); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.96-98); Qətimkan tədbirinin seçilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.99-100); DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirildikdə görüntüdə nəqliyyat vəsitələrinin hərəkət etdikləri, havanın qaranlıq saatları olduğu, 16-cı saniyədə markası və dövlət qeydiyyat nişanı görsənməyən nəqliyyat vasitəsinin piyadanı vurması, piyadanın zərbədən asfalt örtüyü üzərinə yıxılması və hərəkətsiz qalması əks olunmuşdur. «20240920_102008» adlı qovluq açıldıqda 22 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmiş, baxış keçirildikdə görüntüdə nəqliyyat vəsilələrinin hərəkət etdikləri, havanın qaranlıq saatları olduğu, 2 qadının yol kənarında dayandıqları 6-cı saniyədə piyadanın asfalt örtüyü üzərinə düşərək hərəkətsiz qalması, yoldan keçən şəxslərin həmin piyadanın ətrafına toplaşması əks olunmuşdur. «20240920_110423» adlı qovluq açıldıqda 01 dəqiqə 24 saniyə davam edən videogörüntünün olduğu müəyyən edilmiş, baxış keçirildikdə görüntüdə nəqliyyat vasitələrinin intensiv hərəkət etdikləri, havanın qaranlıq saatları olduğu, iş üçün əhəmiyyət kəsb edə biləcək görüntünü aşkar olunmamışdır (i.v.103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.117); Sübutların qiymətləndirilməsi haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilərkən hadisə yerinin yaxınlığında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış, özündə hadisə anını əks etdirən 01 ədəd DVD-ə köçürülmüş yaddaş daşıyıcısı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.119-127); Zərərçəkmiş şəxsin hüquqi varisi X7 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü və xx.xx.2023-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə istintaqı zamanı DVD diskə baxış keçirilmiş, diskdə olan görüntülər 20 sentyabr 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM-59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM- 59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək tutulduğu 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), maddi sübut-01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-231/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-231/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver