Məhkəmə qərarları › İş №1(008)-233/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-233/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-233/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlamaqla yanaşı, onların daşınmasını da həyata keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1,530 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 02 iyun 2024-cü il tarixdə saat 05:00-da Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Şəhər Şossesi, “MS OİL” X2 yaxınlığında olan zaman özünü şübhəli apardığı üçün saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,530 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli hesab etmir və həmin maddə ilə irəli sürülmüş ittihamı qəbul etmir. O yalnız özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs bəyan etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, o cümlədən onların satış məqsədilə əldə olunması, saxlanması, daşınması və yayılması ilə heç bir əlaqəsi yoxdur. O, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşının qeyd etdiyi hallar ilə razılaşdığını bildirmiş, həmin şəxsin dediklərinin doğru olduğunu təsdiqləmişdir. Ona qarşı istintaq və məhkəmə prosesi zamanı hər hansı təzyiq və ya təsir göstərilməmiş, ifadəsini tam sərbəst şəkildə vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq materiallarında qeyd olunan 070 *** ** ** nömrəsi ona məxsusdur və onun istifadəsində olmuşdur. Qeyd olunan mobil nömrədən başqa istifadəsində mobil nömrə olmamışdır. Təqribən 7-8 ay əvvəl, yəni 2024-cü ilin oktyabr-noyabr aylarında Kamil adlı tanışı üzərində 070 *** ** ** GSM nömrəsi olan mobil telefonunu götürüb qaçmışdır. Amma həmin tarixədək qeyd olunan mobil nömrə yalnız onun istifadəsində olmuşdur. 2024-cü ilin noyabr ayına qədər mobil nömrə onun istifadəsində olsa da, o yazıb oxuya bilmir, buna görə də elan olunan smslər onun tərəfindən yazılmamışdır. Bəlkə də kimsə onun xəbəri olmadan onun nömrəsindən sms yazmışdır. Yazıb oxuya bilmədiyindən yalnız səsli mesajla və ya zəng vasitəsilə tanışları ilə əlaqə yaratmışdır. "Düzəlmədi, guya sənə arxayın idim, bu da boş çıxdı" məzmunlu qısa mesajla əlaqədar bildirmişdir ki, narkomanlar arasında bu cür mesajlar ola bilər. Bir-birlərindən narkotik vasitələr olubolmaması ilə bağlı maraqlana bilərlər. Amma bu mesajın konkret nə məqsədlə yazıldığını xatırlamır. Eyni zamanda, Vüsal adlı şəxsi yalnız gül satan şəxs kimi tanımış və onunla gül almaq məqsədilə əlaqə saxlamışdır. Belə ki, əvvəllər Vüsal adlı şəxslə Koroğlu metrosu yaxınlığında birlikdə gül satmışlar. Vüsaldan 8 martla əlaqədar gül almaq üçün yazmışdır. Onun qeyd olunan mobil nömrəsinə göndərilmiş "GELEM SİZE BİR AZ VER BU HECNEDİ DOLAMİSAN MEN BİLMİREM" məzmunlu mesajla əlaqədar isə bildirmişdir ki, tanışları ondan metadon suyu istəyirdilər, mesaj yazan burada metadon suyunu nəzərdə tutmuşdur. Belə ki, dövlət tərəfindən onun sağlamlıq vəziyyətinə uyğun olaraq müalicə məqsədilə ona metadon məhlulu təyin edilmiş, habelə bu məhlulun gündəlik dozası 55 qram təşkil etmişdir. Ağır xəstə olduğu üçün iki üç günlük dozanı evə aparmağa da icazə verilmişdir. Metadon məhlulunu yalnız ağrıkəsici dərman vasitəsi kimi qəbul etmiş və onu şəxsi istifadəsi üçün istifadə etmişdir. Amma tanışlarından kiminsə ağrıları olduğu zaman ona metadon suyu vermişdir. Metadon suyuna əlavə su qatdığına görə ağrılarına təsir etməmiş, buna görə də tanışı "GELEM SİZE BİR AZ VER BU HECNEDİ DOLAMİSAN MEN BİLMİREM" məzmununda mesaj yazmışdır. Həmin mesajın gəldiyi nömrənin kimə məxsus olduğunu xatırlamır. Dövlət tibb müəssisəsi tərəfindən ona evə aparmaq məqsədilə təqdim olunmuş iki-üç günlük əlavə dozanı şəxsi ehtiyacları üçün qəbul etmiş və onun satışı ilə məşğul olmamışdır. Ondan metadon məhlulundan istəyən şəxslərə isə ağrıları olduğu üçün vermiş, lakin bu hərəkətlərin satış məqsədi daşımadığını, yalnız insani münasibətlər çərçivəsində pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilir və ona həmin maddənin sansksiyasında nəzərdə tutulmuş aşağı hədd cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 02 iyun 2024-cü il tarixdə saat 05:00-da Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Şəhər Şossesi, “MS OİL” X2 yaxınlığında xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis Şöbəsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 12-ci Polis Şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 01 ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisində narkotik maddə heroin olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən üzdən tanıdığı, lakin, adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtiai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 02 iyun 2024-cü il tarixdə saat 05:00-da Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi, “MS OİL” yanacaqdoldurma məntəqəsi yaxınlığında xidmət zamanı bir nəfər şəxsin şübhəli davranışını müşahidə etmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini təqdim etdikdən sonra onun şəxsiyyətini və ərazidə olma səbəbini müəyyən etmək məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq suallar vermişlər. Həmin şəxs suallara qeyri-adekvat cavablar vermiş, həyəcanlı davranış nümayiş etdirmiş və ərazidən uzaqlaşmağa cəhd etmişdir. Şəxsin üzərində qanunla qadağan olunmuş əşyaların olmasına dair əsaslı şübhələr formalaşdığından, o, izahat almaq məqsədilə könüllü qaydada 12-ci Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə şəxsiyyətin müəyyənləşdirilməsi məqsədilə müvafiq portal sistemi vasitəsilə aparılan yoxlama nəticəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunmuş, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsində yerləşən fərdi yaşayış evində faktiki yaşayan, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bu barədə dərhal aidiyyəti üzrə raport tərtib edilmiş, təhqiqatçının iştirakı təmin edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqları izah edilmiş və o, müdafiəçi ilə təmin olunmuşdur. Hüquqları ikinci dəfə də elan edildikdən sonra, videoçəkilişin müşayiəti ilə üzərinə şəxsi axtarışın aparılması qərara alınmışdır. Axtarışın aparılmasından əvvəl Təqsirləndirilən şəxs yazılı ərizə ilə müraciət edərək, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarışın həyata keçirilməsini xahiş etmişdir. Axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş və ya iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı bir əşya və ya sənədin olub-olmadığı, əgər varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş, tünd qəhvəyi rəngə malik, spesifik iyə və quruluşa sahib maddə olan bağlamanı və sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu çıxararaq polis əməkdaşlarının qarşısındakı masanın üzərinə qoymuşdur. Maddəyə baxış keçirilərkən onun narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı bildirib ki, həmin maddə "kakos" adlandırılan heroin maddəsidir və o, onu şəxsi istifadəsi məqsədilə Balaxanı qəsəbəsində tanımadığı bir şəxsdən əldə etmişdir. Həmin şəxs 10 ilə yaxın müddətdir narkotik vasitələrdən istifadə etdiyini də əlavə etmişdir. Bundan sonra üzərinə tam şəxsi axtarış həyata keçirilmiş və əlavə qanunazidd əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş maddə prosessual qaydada, videoçəkiliş və müvafiq şəxslərin iştirakı ilə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Maddə maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli maddə və şalvarın sol yan cibindən 01 ədəd mobil telefon aşkar olunaraq götürülmüş, sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 31-32). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. (i.v.39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 3-16-16/2-6/3072 nömrəli, 02 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,530 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,430 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (i.v.40-41). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefon aparatının işləmədiyi müəyyən edilmişdir (i.v.90). “Videogörüntüyə baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə tünd qəhvəyi rəngli maddə və 01 ədəd mobil telefon çıxararaq təqdim etmişdir. Təqdim edilmiş büküm açıldıqda içərisindən spesifik iyə və görünüşə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. (i.v.91). “CD diskə baxış keçirilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim olunan AZF\LGL-06\25 nömrəli müşaiyət məktubuna əsasən, 1 ədəd CD diskə baxış keçirilmiş, xx.xx.2024-cü il tarixində 070 *** ** ** nömrəsindən 070 *** ** ** nömrəsinə göndərilən "Duzelmedi yetim guya sene arxayiniydim buda bele boş cixdi" məzmunlu, xx.xx.2024-cü il tarixində 070 *** ** ** nömrəsindən 070 *** ** ** nömrəsinə göndərilən "Qaras 10 Das Alinar?" məzmunlu, xx.xx.2024-cü il tarixində 070 *** ** ** nömrəsindən 070 *** ** ** nömrəsinə göndərilən "Kola var yığ meni kera" məzmunlu, xx.xx.2024-cü il tarixində 070 *** ** ** nömrəsindən göndərilən "Vüsal 50 X7 X8" məzmunlu, xx.xx.2024-cü il tarixində 051 *** ** ** nömrəsindən 070 *** ** ** nömrəsinə göndərilən "GELEM SİZE BİR AZ VER BU HECNEDİ DOLAMİSAN MEN BİLMİREM" məzmunlu, xx.xx.2024-cü il tarixində 070 *** ** ** nömrəsindən 070 *** ** ** nömrəsinə göndərilən "X9 35 X6 Yanva Tekem?" və 070 *** ** ** nömrəsindən 070 *** ** ** nömrəsinə göndərilən "Qaqaş 20 alar olmaz bir şey var kola" məzmunlu smslər müəyyən edilmişdir. (i.v.112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 27 noyabr 2024-cü il tarixli, 7515 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.115-116). "Sübutların qiymətləndirilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,430 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC tərəfindən təqdim olunan AZF\LGL-06\25 nömrəli müşaiyət məktubuna əlavə edilmiş 01 ədəd CD maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon aparatı özünə qaytarılmışdır (i.v. 123- 131). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq (tam təqsirli bilmişdir) və məhkəmə istintaqı zamanı (qismən təqsirli bilmişdir) verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərara əsasən, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bildirsə də, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək üzərindən narkotik vasitə çıxmasını inkar etməmiş, ilkin ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirsə də, 29 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə vermis və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilərək narkotik vasitələrin satışını həyata keçirdiyini, ona təqdim olunmuş narkotik vasitələrin alışı və satışı ilə bağlı danışıqları, sms mətnləri özünün yazdığını etiraf etmiş, ona saxlanılarkən, polis şöbəsinə gətirilərkən, izahat verərkən hər hansı bir fiziki və ya psixi təsir olmadığını bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində qeyd etdiyi ***-***-**-** nömrəsinin 2024-cü ilin oktyabr-noyabr aylarında oğurlandığını bildirsə də, qeydolunan tarixədək həmin nömrənin onun öz istifadəsində olduğunu bildirmişdir. Cinayət işi materiallarında əks olunmuş smslər 2024-cü ilin yanvar və fevral aylarına aid olduğundan Təqsirləndirilən şəxs həmin dövrdə mobil nömrənin onun istifadəinsə olduğunu qəbul etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və göndərilən SMS mətnləri səsləndirildikdə təqsirləndirilən şəxs ona SMS yazan şəxsləri tanımadığını, yaxud xatırlamadığını bildirsə də, SMS-lərin mətnlərindən yazan şəxslərin sms mətnlərində başqa bir adam adı çəkmədikləri, onu məhz narkotik vasitələri satan şəxs kimi tanımaları və ona bu formada müraciət etmələri, ondan nəsə tələb etmələri açıq-aydın görünməkdədir. Belə ki, baxış zamanı aşkar edilən SMS mətnləri narkotik maddələrin alışı, satışı və dövriyyəsi ilə bağlı şübhəli fəaliyyətlərə işarə etməklə yanaşı, SMS mətnləri və əlaqəli fəaliyyətlər narkotik maddələrin qanunsuz dövriyyəsi və satışını əks etdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq müddəalar təqdim edir. Bu maddə, narkotik maddələrin satışını, əldə edilməsini və saxlanmasını qanunsuz hesab edir və bu cür fəaliyyətlərə qarşı ciddi cəza tədbirləri tətbiq edir. Aşağıda göstərilən SMS mətnləri narkotik maddələrin alışı, satışı və dövriyyəsi ilə əlaqəli şübhəli fəaliyyətləri əks etdirir: Təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə göndərilmiş mesaj - "Duzelmedi yetim guya sene arxayiniydim buda bele boş cixdi" (xx.xx.2024) Bu mesajda narkotiklərlə əlaqədar birbaşa ifadələr olmasa da, əlaqəli tərəflərin şübhəli münasibətləri və etibarın pozulması barədə qeyri-şəffaf danışıq yer alır. Bu kimi qeyri-şəffaf ifadələr, tərəflər arasında narkotik maddələrin alışı və ya satışı ilə əlaqəli olan qeyri-rəsmi əlaqələrin mövcud olduğunu göstərə bilər. Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş mesaj - “Qaras 10 Das Alinar?" (xx.xx.2024) Burada "10 daş" ifadəsi narkotik maddə ilə əlaqəli bir termin olaraq istifadə oluna bilər. Narkotik maddələrin qeyri-rəsmi adları (məsələn, "daş", "kola" və s.) çox zaman cinayətkar şəbəkələrdə istifadə edilir. Bu, birbaşa narkotik maddələrin alışı və satışı ilə bağlı bir müzakirə olduğunu göstərir. Təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə göndərilmiş mesaj - "Kola var ylg meni kera" (xx.xx.2024) "Kola" burada narkotik maddələrin bir növünün qeyri-rəsmi adı olaraq istifadə olunmuşdur. Bu cür ifadələr narkotik maddə dövriyyəsi ilə əlaqəli şübhəli fəaliyyəti göstərir və bu fəaliyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələrinə ziddir. Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş mesaj - "Vüsal 50 X7 X8" (xx.xx.2024) Pul miqdarı ilə bağlı məlumat, narkotik maddələrin alışı və ya satışı üçün istifadə olunan bir vasitədir. Bu mesajda "50 manat" ifadəsinin keçirilməsi, narkotik maddələrin qiymətləndirilməsi və əldə edilməsi ilə bağlı müzakirələri göstərir. Təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə göndərilmiş mesaj - "GELEM SİZE BİR AZ VER BU HECNEDİ DOLAMİSAN MEN BİLMİREM" (xx.xx.2024) Burada verilən "bu hec nedi dolamisan" ifadəsi, narkotik maddə alışı və satışı ilə əlaqədar məlumatları təqdim edir. Belə bir danışıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyatların şübhəli təbiətini göstərir. Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş mesaj - "X9 35 X6 Yanva Tekem?" (xx.xx.2024) Təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə göndərilmiş mesaj - "Qaqaş 20 alar olmaz bir şey var kola" (xx.xx.2024) Bu mesajlarda həm "35 manat" ifadəsi, həm də "kola" adı ilə narkotik maddələrin alışı və satışı müzakirə olunur. "20 alar olmaz" ifadəsi, müəyyən miqdarda narkotik maddə alınmasını nəzərdə tutur. Həmçinin, burada istifadə olunan "kola" qeyri-rəsmi narkotik adı olaraq qiymətləndirilir. Hər bir SMS mətnində istifadə olunan ifadələr, narkotik maddə alışı və satışı ilə bağlı potensial cinayət əməllərini göstərir. Baxış zamanı əldə edilmiş SMS mətnləri, narkotik maddələrin alışı və satışı ilə bağlı şübhəli fəaliyyətləri əks etdirir və bu fəaliyyətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddələrinə uyğun olaraq cinayət əməlləri təşkil edir. Təqdim olunan SMS mətnləri, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tənzimlənən narkotik maddələrin qanunsuz dövriyyəsi, satışı və alışı ilə əlaqəli şübhəli fəaliyyətləri əks etdirir. Hər bir SMS mətnində istifadə olunan ifadələr, narkotik maddələrin əldə edilməsi, satılması və dövriyyəsi ilə bağlı müzakirələri göstərir və bu fəaliyyətlər qanunla qadağandır. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadədə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, daha sonra özünü təqzib edərək ona əlavə doza şəklində verilən metadon məhlulunu dost-tanışa pulsuz verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin mobil nömrəsinə göndərilmiş "GELEM SİZE BİR AZ VER BU HECNEDİ DOLAMİSAN MEN BİLMİREM" sms mətninin də metadon məhluluna su qatıb verdiyi tanışı tərəfindən yazıldığını bildirsə də, təmənnasız narkotik vasitə əldə etmiş bir şəxsin bu cür əmiranə və tələbkar şəkildə metadon məhlulu tələb etməsi inandırıcı deyildir. Bundan başqa sms mətnlər elan edilərkən təqsirləndirilən şəxs ilk öncə səsləndirilmiş sms mətnlərin məzmunu ilə bağlı izahlar vermis, sonrakı sms-lərdə artıq yazıb oxuya bilmədiyini qeyd etmiş və ola bilsin ki, həmin sms-lərin başqa bir şəxs tərəfindən onun telefonundan yazıldığını bildirmişdir. Lakin sms mətnlərinin heç birində kimsə özünü təqdim etməmiş və başqa şəxsin telefonundan mesaj yazdığına dair məlumat verməmişdir. Beləliklə Təqsirləndirilən şəxs gah yazıb oxuya bilmədiyini və həmin smslərin ona aid olmadığını qeyd etmiş, gah da səsləndirilən sms mətnləri ilə bağlı izahlar vermişdir. Bundan başqa, "Vüsal 50 X7 X8" sms-i ilə bağlı Vüsaldan 8 marta görə gül almaq üçün yazdığını bildirsə də, sms təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrədən 08 fevral 2024-cü il tarixdə, 08 mart qadınlar bayramından 01 ay əvvəl göndərilmişdir. Qısa müddətdə solan güllərin bayramdan 01 ay əvvəl alınması inandırıcı olmamaqla yanaşı ağlabatan deyildir. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşlarının ona təzyiq göstərdiklərini, bu səbəbdən şəxsi axtarış və götürmə zamanı bükümün ona məxsus olmasını, eləcə də ifadələrində narkotik vasitələrin satışını həyata keçirdiyini bildirdiyini göstərsə də, məhkəmə iclasında verilmiş suallara cavab olaraq onun hər hansı xəsarət izinin olmadığını, təzyiqə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, bunun səbəbi kimi isə qorxduğunu göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi təzyiq edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, bədənində hər hansı xəsarətin olmadığını bildirmiş və ümumi polis əməkdaşı tərəfindən təsirə məruz qaldığını iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, şahid ifadələrini, onun istifadəsində olan mobil nömrəyə daxil olan və göndərilən SMS mətnlərini nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3- cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1- ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə, saat 05:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.20). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina haqqında” 03 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Murad Mustafayevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.69-71). “Tutulmuş şəxsin X3 azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 iyun 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.72). “Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-225/2025 nömrəli, 31 yanvar 2023cü il tarixli” hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.98- 108). “Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 iyun 2024-cü il tarixli” tələbnamədən görünür ki, Yasamal Rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 dekabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o Yasamal Rayon Məhkəməsinin 01 avqust 2013-cü il tarixli hökmü ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qərarına əsasən barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəza müddəti 06 (altı) ay azaldılaraq barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 29 noyabr 2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Xəzər Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2- ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 02 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə (saatlarla hesablanma nəzərə alınmaqla) bərabər tutulmaqla onun cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən, yəni, 02 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 02 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1,430 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar