Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-234/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağları, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona görə məhkəməyə verilmişdir ki, o, 13 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanının qarşısında sonuncunun ona olan borcunu vaxtında qaytarmamasını bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal olunmuş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaqla sonuncunun sol bud və döş qəfəsi nahiyələrindən vuraraq ona, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 4 ədəd və sol budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda deyil, özünü zərərçəkmiş şəxsə xəsarət yetirməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağları, nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Zərərçəkmiş şəxs onun xalası oğludur. Zərərçəkmiş şəxs barəsində satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama əməlini törətməsi ilə bağlı cinayət işinin istintaqı aparılmış, Zərərçəkmiş şəxs cinayət işinin həlli ilə bağlı ondan 3000 manat borc pul alaraq 1 ay ərzində geri qaytaracağını bildirmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində ailəsi ilə bağlı problemlər yarandığı üçün əsəblərini sakitləşdirmək məqsədi ilə Masallı rayonuna getməyi qərara almış, bu səbəbdən, Tərlana verdiyi pulu geri qaytarmasını xahiş etmişdir. Lakin, Tərlan müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu geri qaytarmaqdan yayınmış, o, qardaşlarını pulu almaları üçün Tərlanın yaşadığı ünvana göndərməsinə baxmayaraq, Tərlan aldığı pulu geri qaytarmamışdır. 13 oktyabr 2022-ci il tarixdə Tərlanla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışaraq verdiyi pulu geri qaytarmasını istəmiş, razılığa gələ bilmədikləri üçün aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Tərlan onu təhqir edərək pulu almaq üçün qardaşlarını göndərməməsini, özünün gəlməsini tələb etmişdir. O, Tərlanın sözlərindən əsəbləşdiyi üçün həmin gün, saat 19:45 radələrində özünə məxsus “Kia Optima” markalı avtomobilə əyləşərək Tərlanın yaşadığı ünvan 5 ünvanına getmiş, Tərlan mesaj yazaraq yaşadığı evin qarşısına çıxmasını bildirmişdir. Tərlan evdən çıxaraq ona məxsus avtomobilə əyləşmiş, o, həmin vaxt, Tərlanın şalvarının kəmər hissəsində bıçaq olduğunu görmüşdür. O, Tərlandan verdiyi pulu geri qaytarmasını tələb etmiş, Tərlan ona Sumqayıt şəhərinə gedərək orada yaşayan tanışından borc alaraq ona verməyini təklif etsə də, o, Tərlanın onu yenə aldatdığını düşündüyü üçün onunla razılaşmamış, aldığı pulu geri qaytarmasını bildirmişdir. Daha sonra onlar avtomobildən enərək mübahisə etməyə davam etmiş, Tərlan onunla kobud şəkildə danışaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Tərlanın şalvarının kəmərində bıçaq olduğunu gördüyü üçün özünə məxsus avtomobilə yaxınlaşaraq əvvəlcədən evdən aldığı mətbəx bıçağını götürərək Tərlana tərəf getmişdir. O, Tərlanı özündən uzaqlaşdırmaq məqsədi ilə əlində olan bıçağı sağa-sola hərəkət elətdirmiş, lakin, Tərlanın hansısa xəsarət almasını görməmiş və yaxud hiss etməmişdir. Tərlan qışqıraraq ona xəsarət yetirdiyini bildirərək, kəmərində olan bıçağı çıxarmış, o, həyəcanlandığı üçün qaçaraq oradan uzaqlaşmışdır. Bir qədər aralıda oturaraq sakitləşməyə çalışmış, daha sonra polis bölməsinə gedərək qohumunu bıçaqla vurduğunu bildirmiş, üzərində olan bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Hadisə zamanı ətrafda onlardan başqa heç kim olmamış, Tərlanın yoldaşı İzzətxanım küçəyə çıxmış, daha sonra, həyətə girmişdir. Aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, ətrafda onlardan başqa heç kəs olmamışdır. Törətdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Onun barəsində satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama əməlini törətməsi ilə bağlı cinayət işinin istintaqı aparılmış, borcları yarandığı üçün 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bir ay müddətinə 3000 manat borc pul almış, lakin, vəd etdiyi müddət bitməsinə baxmayaraq aldığı pulu geri qaytarmamış, Təqsirləndirilən şəxs pulunu geri qaytarması üçün ona zəng etdiyi zaman müxtəlif bənalər gətirərək yayınmağa çalışmışdır. 13 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq aldığı pulu geri qaytarmasını tələb etmiş, bununla bağlı aralarında sözlə mübahisə yaranmışdır. O, Əliyə pula götürmək üçün qardaşlarının deyil, özünün gəlməsini bildirmiş, Əli pulu götürməyə görə özünün gələcəyini bildirmişdir. Həmin gün, yəni, 13 oktyabr 2022-ci il tarixdə, saat 19:45 radələrində Təqsirləndirilən şəxs ona mesaj yazaraq yaşadığı evin qarşısında, küçədə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs fiziki cəhətdən ondan güclü olduğu üçün o, evin mətbəx otağından bıçaq götürərək şalvarın kəmərinə keçirib küçəyə çıxmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Əli ilə aralarında olan söhbət zamanı Əli ondan borclu olduğu pulu geri qaytarmasını bildirmiş, o, Əliyə Sumqayıt şəhərinə gedərək tanışından borc pul götürüb ona verməyi təklif etmiş, lakin, Əli onunla razılaşmayaraq təkidlə ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, bununla bağlı, aralarında mübahisə yaranmışdır. Onlar avtomobildən enərək küçəyə mübahisə etməyə davam etmiş, Əli ilə aqressiv şəkildə danışaraq, onu təhqir etmiş, Əli ilə aqressiv şəkildə danışdığı üçün Əli idarə etdiyi “Kia Optima” markalı avtomobildən bıçaq götürərək ona tərəf gəlmiş, onu təhqir edərək əlində olan bıçaqla ona müxtəlif bədən xəsarətləri yetirmişdir. O, Əlinin onu vurmaması üçün üzərində olan bıçağı çıxarmış, Əli onun əlində olan bıçağı görüb qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra yaşadığı evə geri qayıdaraq DİN-nin 102 xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermişdir. Aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, ətrafda onlardan başqa heç kəs olmamışdır. Hazırda təqsirləndirilənn şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı, təqsirləndirilən şəxs isə həyat yoldaşının qohumudur. Təqsirləndirilən şəxs bir neçə dəfə onun mobil nömrəsinə mesaj yazaraq ərinin ona 3000 manat borcu olduğunu bildirərək geri qaytarmasını tələb etmiş, o, Əlinin ona verdiyi pulu tələb etdiyini Tərlana bildirərək geri qaytarmasını xahiş etmişdir. 13 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs onun əri Tərlana mesaj yazaraq evlərinin qarşısında küçədə onu gözlədiyni bildirmiş, Tərlan evindən mətbəxindən bıçaq götürərək küçəyə çıxmışdır. O, Tərlandan bıçağı götürməsinin səbəbini qoruşduqda, Tərlan ona Təqsirləndirilən şəxs fiziki cəhətdən ondan güclü olduğu üçün özünü müdafiə məqsədi ilə bıçağı götürdüyünü bildirmişdir. Bir neçə dəqiqə sonra küçəyə çıxmış, Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşıdığını Tərlanın isə arxasınca getdiyini, daha sonra isə Tərlanın yerə yıxıldığını görmüşdür. O, dərhal Tərlana yaxınlaşmış, Tərlanın çiyin nahiyəsindən bıçaq xəsarətləri aldığını görərək ondan yaranmış xəsarətləri kimin yetirməsini soruşmuşdur. Tərlan həmin xəsarətləri ona bıçaqla Təqsirləndirilən şəxs yetirdiyni bildirmişdir. O, Əlinin bıçaqla Tərlana xəsarət yetirməsinin şahidi olmamış, küçəyə çıxdığı zaman ətrafda Tərlan ilə Əlidən başqa heç kim olmamışdır. Cinayət işinin 22-ci vərəqəsində olan 14 oktyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-67-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 866/2022 saylı, 15 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 68-ci vərəqəsində olan 17 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Arif Qarayev tərəfindən müvafiq olaraq Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinə qeyd edilən cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 13 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanının qarşısında baş vermiş xuliqanlıq hadisəsini bilavasitə görmüş şahidlərin əhatə dairəsinin müəyyən edilməsi tapşırılmışdır. Cinayət işinin 69-cu vərəqəsində olan Zərərçəkmiş şəxs 18 oktyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 83-cü vərəqəsində olan Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin müstəntiqinə ünvanlanmış 09 noyabr 2022-ci il tarixli, 2886 nömrəli məktubundan görünür ki, əməliyyat tapşırığında qeyd edilənlərin müəyyən edilməsinin mümkün olmamış, gələcəkdə müsbət nəticə əldə olunduğu halda rəsmi olaraq əlavə məlumat veriləcəkdir. Cinayət işinin 88-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 3/1585 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatı dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 94-97-ci vərəqəsində olan Azərbaycan Respublikası SN “Məhkəmə- Tibbi Ekspertiza və X2” X4 25 noyabr 2022-ci il tarixli, 2717 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 4 ədəd və sol budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi kənar şəxs tərəfindən bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən 13 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və hər biri ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 103-110-cu vərəqəsində olan 30 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 1001/2022 saylı, 10 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 234/2023 saylı, 15 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan 31 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSYyə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 07 iyun 2023-cü il tarixli məktubundan görünür ki, X1 31 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 01 iyun 2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahid ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlar təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunması üçün yetərli deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Məhkəmə qeyd edir ki, ittiham tərəfin irəli sürüdüyü dəlillərdən və cinayət işində mövcud olan sübutlardan yuxarıda qeyd edilən xuliqanlıq cinayətinə xas əlamətlər aşkar edilmir. Belə ki, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürüdüyü ittihamın əsas dəlilləri cinayət təqibində iştirak edən şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid) ifadələri və məhkəmə tibbi ekspertizasının rəyləridir. Məhkəmə qeyd edilən dəlilləri araşdıraraq müəyyən edir ki, ittihamın əsasını təşkil edən, əməlin xuliqanlıq kimi tövsif edilməsinə istiqamətlənən ittihamın ən tutarlı dəlilləri hesab edilən iş üzrə zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxsin ifadələri təqsirləndirilən şəxs əməlinin məhz xuliqanlıq kimi tövsif edilməsi üçün yetərli deyil. Çünki, əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin ətraflı şərhi verilmiş və göstərilmişdir ki, xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təqsirləndirilən şəxsin özünün, eləcə də zərərçəkmiş şəxsin məhkəmə iclasında etdiyi çıxışlardan ilk növbədə o hal müəyyən olunur ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında yaranan mübahisə və münaqişə təqsirləndirilən şəxs qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş verməmişdir. Bu hal təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin birinci instansiyası məhkəməsində vermiş olduqları ifadələri ilə bir daha təsdiq olunmuşdur. Həmiçinin həmin ifadələrə əsasən müəyyən olunur ki, hadisə zamanı təqsirləndirilən şəxs bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirdikdən sonra, hərəkətlərini davam etdirməyib getmişdir. 13 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində baş verən hadisənin davam etmə müddəti qısa çəkmiş və hadisə baş verən müddət ərzində ictimai qayda pozulmamışdır. Əməliyyat tapşırığı verilsə də, hadisənin şahidi olmuş hər hansı bir kənar şəxs müəyyən edilməmişdir. Beləliklə, ittihamın əsas tutarlı dəlilləri olan cinayət təqibində iştirak edən şəxslərin ifadələri təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsinə əsas vermir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Halbuki, təqsirləndirilən təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, təqsirləndirilən şəxsin əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, hadisənin baş verdiyi yerdə insanlar olmamış, mübahisə zamanı hər hansı bir iş rejimi pozulmamış, kənar şəxslərini diqqəti cədb edilməmiş, hadisəyə kiminsə müdaxiləsi olmamış, heç kimin müdaxiləsi olmadan hadisə 5-10 dəqiqə davam etməklə başa çatdırmışdır. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti bir başa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Hüquq ədəbiyyatından da, müəyyən olunduğu kimi xuliqanlıq cinayəti motivsiz cinayətdir, yəni, təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Göründüyü kimi bilavasitə qohumlar arasında mübahisənin yaranmasına səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən aldığı borc məbləğini geri verməməsi ilə bağlı olmuşdur. Başqa sözlə desək təqsirləndirilən şəxsin törətmiş olduğu ictimai təhlükəli əməl məhz zərərçəkmiş şəxsin ondan aldığı borcu pulu geri ödəmək istəməməsi nəticəsində baş vermişdir. Bu hal ibtidai istintaq orqanı tərəfindən də mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri, hətta onun gedişində zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Bundan başqa, hadisə zamanı ətrafda heç kimin olmaması özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki, cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanı kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisə ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Göründüyü kimi, təqsirləndirilən şəxsin hərəkətlərində ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Beləliklə, ittiham tərəfinin təqsirləndirilən şəxsin törətdiyi əməlin xuliqanlıq əməli kimi tövsif edilməsi ilə bağlı irəli sürdüyü dəlillərdən yalnız yuxarıda adı çəkilən ekspert rəyləri əsaslı sayılır və məhkəmə qeyd edir ki, həmin rəylər yalnız mövcud faktı təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsə bədən xəsarətləri yetirmişdir. Digər tərəfdən «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmçinin adı çəkilən Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər—təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər—təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bununla bağlı qeyd olunmalıdr ki, 13 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanının qarşısında baş vermiş hadisəni görmüş şəxslərin dairəsi tam müəyyənləşdirilməmiş, orada olması ehtimal edilən şəxslər iş üzrə şahid qismində dindirilməmiş, bununla da ictimai qaydanın pozulması hallarının baş verib-vermədiyini araşdırılmalı olduğu halda cinayət təqibini həyata keçirən orqanlar tərəfindən araşdırılmamış və təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ehtimallar və mülahizələr əsasında məsuliyyətə cəlb edilmişdir. Halbuki cinayət işinin materiallarında olan 17 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən müvafiq olaraq Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinə qeyd edilən cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 13 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanının qarşısında baş vermiş xuliqanlıq hadisəsini bilavasitə görmüş şahidlərin əhatə dairəsinin müəyyən edilməsi tapşırılmışdır. Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinin Bakı şəhəri Sabunçu RPİ-nin müstəntiqinə ünvanlanmış 09 noyabr 2022-ci il tarixli, 2886 nömrəli məktubunda, əməliyyat tapşırığında qeyd edilənlərin müəyyən edilməsinin mümkün olmadığı, həmin istiqamətdə əməliyyat tədbirlərinin davam etdirildiyi, gələcəkdə müsbət nəticə əldə olunduğu halda rəsmi olaraq əlavə məlumat veriləcəyi qeyd edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində “13 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində küçədən səs-küy səslərini gəldiyini eşidərək küçəyə çıxdığını, Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşıdığını Tərlanın isə arxasınca getdiyini, daha sonra isə Tərlanın yerə yıxıldığını gördüyünü, Tərlanın çiyin nahiyəsindən bıçaq xəsarətləri aldığını” qeyd etmiş və verilmiş suala cavab olaraq hadisə vaxtı ətrafda heç kim olmadığını bildirmişdir. Sadalanan hallar bir daha təsdiq edir ki, hadisə baş verən vaxt hadisə yeri olan ünvan 3 ünvanının qarşısında təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdən başqa kənar şəxslər olmamış, hətta zərərçəkmiş şəxsin arvadının orda olması qəbul edildiyi halda belə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması cəmiyyətə açıqca hörmətsizlik etməsi və ya ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə cəmiyyətə açıqca hörmətsizlik etmə və ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən, o cümlədən, bu pozuntunun nədə ifadə olunduğunu göstərən konkret hallar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara məhkum edilmiş şəxsə irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Məhkəmə eyni zamanda, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi cinayətin predmetinə münasibətdə qeyd edir ki, şəxsin ictimai təhlükəli əməli silah qismində istifadə etdiyi alətlə törətməsi, hətta zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda belə, qəsdinin obyektinə münasibətdə müəyyən olunmalıdır. Yəni başqa sözlə desək, təqsirkar şəxsin qəsdi ictimai qayda deyil, konkret şəxsin sağlamlığıdırsa, o zaman sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Əks təqdirdə sadalanan əlamətlərin mövcud olduğu bütün cinayət əməlləri, həmin əməldə xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasından asılı olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunardı. Göstərilənlər onu deməyə əsas verir ki, məhkum edilmiş təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv və obyektiv cəhətin zəruri elementləri müəyyən edilmədiyindən sonuncunun əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, məhkum edilmiş şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə sonuncu tərəfindən silah qismində bıçaqdan istifadə edilməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül zərər vurması onun özünün verdiyi etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxs cəza təyini məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, aşağıdakılara əsasən cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, məhkəmənin gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunması imperativ göstəriş olduğundan məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında zərər çəkmiş şəxs zərərçəkmiş şəxs məhkəməyə ünvanlanan ərizəsi mövcuddur ki, həmin ərizədə və məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Göründüyü kimi, cinayət qanunvericiliyinin adıçəkilən normasının qeyd hissəsində göstərilənlər imperativ xarakter daşıyır. Yəni istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı yuxarıda göstərilən hallar yaranarsa, cinayət prosesini həyata keçirən orqan cinayət təqibinə xitam verməli və şəxsi cinayət məsuliyyətindən azad etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən eyni Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-234/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-234/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver