Məhkəmə qərarları › İş №1(008)-236/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-236/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-236/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ermənistan SSRdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X4 Elşən Məhərrəmli küçəsi döngə 9, ev 4də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyul 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X4 Elşən Məhərrəmli küçəsində yerləşən Şahid məxsus nömrəsiz həyət evinə daş hasarı aşıb qanunsuz daxil olub evin dəhlizində və mətbəxində olan həmin evdə usta işləyən X2 məxsus 160 manat dəyərində böyük ölçüdə bir ədəd “Bosch” markalı laqondanı, 100 manat dəyərində kiçik ölçüdə bir ədəd “Bosch” markalı laqondanı, 40 manat dəyərində bir ədəd dreli, 100 manat dəyərində bir ədəd perforatoru, cəmi 250 manat dəyərində iki yüz metr uzunluqda 6 mm-lik elektrik kabelini və 50 manat dəyərində bir ədəd su kranını gizli olaraq talayıb Rəşad Niyətova ümumilikdə 690 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X6 Məhərrəmli küçəsi döngə 9 ev 4-də qeydiyyatda olmaqla yaşamışdır. Maddi imkansızlıq ucbatından o, atasının evi ilə qonşu olan və təmir edilən Elnur adlı şəxsin evinə 26 iyul 2023-cü il tarixdə saat 04 radələrində daş hasarı aşmaqla daxil olmuşdur. O, evin giriş qapısının olmamasından istifadə edib içəriyə daxil olmuş, dəhlizdə və mətbəxdə olan iki ədəd «Bosch» markalı laqondanı, bir ədəd dreli, bir ədəd perforatoru, iki top 6-lıq elektrik kabelini və su kranını götürüb küçəyə çıxaraq əşyaları yol kənarına daşımışdır. Bundan sonra o, əşyaları markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə Sabunçu vağzalının yanında olan bazara aparmışdır. O, oğurladığı əşyaları həmin bazarda tanımadığı şəxsə 90 manata satmışdır. O, əldə etdiyi pulu maddi ehtiyaclarına xərcləmişdir. Hazırda onun tərəfindən vurulmuş ziyan zərərçəkmiş şəxslərə ödənilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidin iş materiallarında olan ifadələri və digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş X1 ifadəsindən görünür ki, o, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası küçəsi ev 15-də qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin ünvanda yaşamışdır. O, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu kimi tanınan ərazidə Şahid adlı şəxs üçün verdiyi vəsait hesabına sonuncuya məxsus olan üç sot torpaq sahəsində bir mərtəbəli evi tikmiş və həmin evin təmir işlərini etmişdir. 25 iyul 2023-cü il tarixdə o, özünə məxsus əşyaları evin otaqlarından birinə qoymuş, toy mərasimində iştirak etmək üçün onunla birlikdə işləmiş qardaşları Xalid, Babaxan və əmisi oğlu Elşənlə birlikdə Şamaxı şəhərinə getmişlər. 27 iyul 2023-cü il tarixdə o, təmir işləri gördüyü evə qayıtmış, həmin vaxt evin daş hasarını aşmaqla həyətə, sonra isə giriş qapısı olmayan evə daxil olan şəxs evin mətbəxində və zalında olan ona məxsus iki ədəd «Bosch» markalı böyük ölçüdə olanı 150 manat dəyərində, kiçik ölçüdə olan 100 manat dəyərində laqondanı, 40 manat dəyərində bir ədəd dreli, 100 manat dəyərində bir ədəd perforatoru, 250 manat dəyərində iki top bir topu 100 metr olan 6-lıq elektrik kabeli, 50 manat dəyərində su kranını gizli olaraq talanaraq ona 690 manat məbləğində maddi ziyan vurulduğunu aşkar etmişdir. O, oğurlanmış əşyalara görə şübhələndiyi şəxs olmadığı üçün DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisədən sonra polis əməkdaşları onu 12-ci polis şöbəsinə dəvət edərək oğurluq edən şəxsin tutulduğunu demişlər. O, həmin şəxsi polis şöbəsinin dəhlizində görərkən tanımış, həmin şəxs onun işlədiyi evin qonşuluğunda yaşamışdır. Həmin şəxs Təqsirləndirilən şəxs olmuş, o, sonuncudan onun əşyalarını nə səbəbə oğurladığını və haraya satdığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona əşyaları tanımadığı şəxsə 90 manata satdığını demişdir. Zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, bununla əlaqədar ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, o, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evini tikdirmək üçün X2 müraciət etmiş, Rəşad onun evində təmir tikinti işlərinə başlamışdır. Bundan sonra Rəşad ona 26 iyul 2023-cü il tarixdə zəng edib evdən 150 manat dəyərində böyük ölçüdə bir ədəd “Bosch” markalı laqondanı, 100 manat dəyərində kiçik ölçüdə bir ədəd “Bosch” markalı laqondanı, 40 manat dəyərində bir ədəd dreli, 100 manat dəyərində bir ədəd perforatoru, cəmi 250 manat dəyərində iki yüz metr uzunluqda 6 mm-lik elektrik kabelini və 50 manat dəyərində bir ədəd su kranını naməlum şəxslərin oğurlaması, nəticədə 690 manat məbləğində ziyan dəyməsi barədə məlumat vermişdir. O Rəşada polisə şikayət etməsini demiş və bir müddət sonra məlum olmuş ki, qonşuluqda yaşayan Orxan adlı şəxs həmin əşyaları oğurlamışdır. Baş vermiş hadisə zamanı ziyan Rəşada dəymişdir. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 avqust 2023-cü il tarixli, 3- 13-11/2-9638/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 28 iyul 2023-cü il tarixli məktubu ilə ünvan 2 ünvanında X1 usta kimi işlədiyi təmir gedən evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri həmin idarəyə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Sabunçu RPİ, İHOSM və BİTİHMdən daxil olmuş) xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və sağ əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan 21 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-67-ci vərəqəsində olan 23 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 69-70-ci vərəqəsində olan 23 avqust 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-95-ci vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı hadisə yerində götürülərək qablaşdırılmış şəffaf lent kəsiyində dörd ədəd əl izlərindən iki ədədi Təqsirləndirilən şəxs sol əlinin böyük və sağ əlinin ovuc əksləri ilə eynilik təşkil etdiyindən həmin əl izləri cinayət təqibi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin əl izləri bir ədəd zərfdə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-236/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-3499/2024 nömrəli, 17 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 may 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, ona qarşı şikayəti və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən, onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 21 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək, 15 may 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 (üç) ay 09 (doqquz) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 18 (on səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut - istintaq zamanı hadisə yerində götürülərək qablaşdırılmış şəffaf lent kəsiyində dörd ədəd əl izlərindən iki ədədi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 03 (üç) ay 09 (doqquz) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 06 (altı) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut, oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs sol əlinin böyük və sağ əlinin ovuc əksləri ilə eynilik təşkil edən iki ədəd əl izləri bir ədəd zərfdə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar